Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri sentyabrın 14-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında toplaşaraq "Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" adlı sənədi müzakirə etmişlər.
AzərTAc xəbər verir ki, YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, Macarıstan məhkəməsinin Ramil Səfərovu ömürlük həbsə məhkum etməsi olduqca sərt və ədalətsiz qərar idi. Onun Azərbaycana ekstradisiyasından sonra isə Azərbaycan Prezidentinin əfv sərəncamı xalq tərəfindən böyük sevinc və razılıqla qarşılanmışdır. Ramil Səfərovun Azərbaycana ekstradisiyası beynəlxalq qanunlara uyğun olaraq həyata keçirilmişdir. Ona görə də Avropa Parlamentinin bununla bağlı Azərbaycana qarşı qəbul etdiyi qərar qərəzlidir və obyektivliyi əks etdirmir.
Müzakirələr zamanı Ana Vətən, Ədalət, Böyük Quruluş, Müsavat, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Liberal Partiyası, Vətəndaş və İnkişaf, Azərbaycan Sosial Rifah, Xalq partiyalarının nümayəndələri çıxış edərək Avropa Parlamentinin ədalətsiz qərarına münasibət bildirmişlər. Qeyd olunmuşdur ki, Ermənistan rəhbərlərinin minlərlə günahsız insanın qətlində təqsirli bilinən beynəlxalq miqyaslı terrorçuları əfv etməsinə göz yuman Avropa Parlamentinin Ramil Səfərovun milli qanunvericiliyə uyğun olaraq bağışlanılmasına qarşı nümayiş etdirdikləri mövqe ədalətsizlikdən başqa bir şey deyildir.
Müzakirələrin sonunda Azərbaycanın aparıcı siyasi partiyaları adından Avropa Parlamentinə müraciət qəbul olunmuşdur.
Müraciətdə deyilir: "Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin xarici siyasətində Avratlantik məkana inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuşdur. Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə və Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə assosiativ sazişə sadiqliyini bəyan edir.
Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycan ilə bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul etmişdir. Qəbul edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem - Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, obyektiv fikirlər də özünə yer tapmışdır. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul etmişlər. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır.
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyası və dövlət başçısı tərəfindən əfv olunması məsələsi ilə bağlı qəbul edilmiş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir.
Avropa dövlətlərinin qoşulduğu və beynəlxalq miqyasda hamının qəbul etdiyi konvensiyalar və digər hüquqi sənədlər məhbusların ekstradisiyası və əfv olunması məsələlərini tənzimləyir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun da ekstradisiyası və əfv edilməsi "Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvensiya"nın 12-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə istinad olunaraq həyata keçirilmişdir. Təəssüf ki, Avropa strukturlarının bir sıra qurumlarında bu məsələ ilə əlaqədar obyektivlikdən uzaq bəyanatlar və sənədlər yayılmışdır.
Xatırlatmaq istərdik ki, Ramil Səfərov erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulmuş və Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi gedişində onun bir çox yaxınları, qohumları öldürülmüş, ailəsi isə məcburi köçkün olmuşdur. Ramil Səfərov 2004-cü ildə Budapeştdə ingilis dili kurslarında iştirak edərkən onunla birlikdə bu kursda olan erməni zabiti Qurgen Markaryan tərəfindən təhqirlərə məruz qalmış və buna cavab olaraq affekt vəziyyətdə ona qarşı ən son vasitəyə əl atmışdır. Ramil Səfərovla bağlı Budapeştdə aparılan məhkəmə prosesi zamanı Ermənistanın və erməni lobbi təşkilatlarının təzyiqləri nəticəsində bu hadisə ilə əlaqədar çox sərt və humanizm prinsipləri ilə uzlaşmayan hökm verilmişdir. Halbuki, Avropa ölkələrinin məhkəmələrində belə sərtlik özünü büruzə vermir. Son misal kimi, Norveçdə Breyvik ilə bağlı məhkəmə və onun çıxardığı qərarı göstərə bilərik. Qeyd etmək istərdik ki, Ramil Səfərov onun üçün müəyyən olunmuş cəzanın 9 ilini həbsxanada keçirmişdir.
Hazırda erməni lobbi təşkilatları və Ermənistanı himayə edən dairələr tərəfindən Ramil Səfərov məsələsi ətrafında qaldırılan hay-küy kampaniyası, əslində Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək bir milyona yaxın insanı qaçqın və məcburi köçkünə çevirən təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana gətirərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktı Azərbaycan ictimai rəyində hiddət və təəssüf doğurmuşdu. Halbuki, bu terrorçular Ermənistana ekstradisiya edildikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törətmişlər. Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan münaqişənin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atsaydılar, daha məqsədəuyğun olardı.
Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv və ikili standartların növbəti təzahürü hesab edirik".
Sonda toplantıda iştirak edən siyasi partiyaların nümayəndələri müraciəti imzalamışlar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.