Türkiyə Respublikasının Gəncədəki baş konsulluğunun yeni binası istifadəyə verilmişdir

Türkiyə Respublikasının Gəncədəki baş konsulluğunun yeni binası istifadəyə verilmişdir. AzərTAc xəbər verir ki, sentyabrın 9-da bu münasibətlə təşkil olunmuş mərasimi Türkiyə Respublikasının Gəncədəki baş konsulu Haluk Ağca açıq elan etdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ölkəmizin ikinci mədəniyyət mərkəzi olan Gəncədə baş konsulluğun fəaliyyətə başlamasını Azərbaycan- Türkiyə qardaşlığı və dostluğunun möhkəmləndirilməsində növbəti addım olduğunu vurğulamışdır. O, Türkiyənin bu yeni konsulluğunun hər iki dövlət arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyini bildirmişdir. Böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini diqqətə çatdıran Elmar Vəliyev çıxışını dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı ilə bitirmişdir.
Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç demişdir: "Bu gün Azərbaycanın bütün bölgələri kimi, Gəncə də çiçəklənmə dövrünü yaşayır. Bu, bizi bir qardaş ölkə olaraq çox sevindirir". Azərbaycan ilə Türkiyə arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu bildirən türkiyəli diplomat onu da əlavə etmişdir ki, bu əlaqələr dostluq və qardaşlıq prinsipləri üzərində qurulmuşdur. Türkiyə ilə Azərbaycan bir candır. Azərbaycanın ayağına dəyən daş Türkiyənin ürəyinə dəyən daşdır. Ona görə də Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə bundan sonra da qardaş ölkənin mövqeyini müdafiə edəcəkdir".
Hulusi Kılıç bildirmişdir ki, bu gün Gəncədə tarixi bir gün yaşanır. Türkiyə-Azərbaycan əlaqələrinin genişləndirilməsində bölgələrin də iştirakı çox önəmlidir. Türkiyənin Gəncədəki baş konsulluğunun fəaliyyəti respublikanın qərb bölgəsinin 22 şəhər və rayonunda yeni iqtisadi və mədəni əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır.
Sonra Türkiyə və Azərbaycan parlamentləri deputatlarının və iş adamlarının iştirakı ilə baş konsulluğun yeni binasının rəmzi açılışını bildirən lent kəsilmiş, iştirakçılar konsulluğun binasında işçilər üçün yaradılan şəraitlə tanış olmuşlar.
Açılış mərasimindən sonra "RAMADA Plaza" otelində baş konsulluğun yeni binasının açılışı münasibətilə ziyafət təşkil edilmişdir. Ziyafət zamanı Türkiyə-Azərbaycan əlaqələrinin genişlənməsindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında