Lənkəranda Türkiyə Respublikasının fəxri konsulluğu fəaliyyətə başlamışdır

Sentyabrın 8-də Lənkəran şəhərində Türkiyə Respublikasının fəxri konsulluğunun açılışı olmuşdur.Fəxri konsulluq cənub bölgəsinin 7 rayonunun əhalisinə hüquqi və konsulluq xidməti göstərəcəkdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Türkiyə Böyük Millət Məclisinin üzvləri Ahmet Arslan və Adnan Yılmaz, qardaş ölkənin Azərbaycandakı səfiri Hülusi Kılıc, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, sənaye və energetika naziri Natiq Əliyev, polis general-mayoru Həzi Aslanov, Milli Məclisin deputatı Cavanşir Paşazadə, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov iştirak etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran torpağında salamlayaraq bildirmişdir ki, bu gün Azərbaycanın, o cümlədən cənub bölgəsinin tarixində əlamətdar bir gündür, Lənkəran şəhərində Türkiyə Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayır.
Ötən ilin oktyabr ayında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıçın cənub bölgəsinə səfəri zamanı Lənkəranda Türkiyənin fəxri konsulluğu açılması barədə söhbət getdiyini, bu ideyanın bu gün reallığa çevrildiyini vurğulayan T.Qaraşov Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu, qardaşlıq və dostluq prinsiplərinə əsaslanan bu münasibətlərin strateji xarakter aldığını diqqətə çatdırmışdır.
Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Arslan çıxışında ümummilli lider Heydər Əliyevin söylədiyi "Biz bir millət, iki dövlətik" kəlamını xatırladaraq bunun Türkiyə parlamentində bir daha şahidi olduğunu, bütün millət vəkillərinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olmaq istədiklərini bildirmişdir.
Qardaş ölkənin millət vəkili Adnan Yılmaz bildirmişdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə məhz Türkiyə olmuşdur.
Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini yada salan türkiyəli millət vəkili, Azərbaycanın 20 illik qısa zamanda dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırmışdır. O, Azərbaycan və Türkiyə dostluğuna həsr etdiyi şeirini oxumuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında qeyd etmişdir ki, Lənkəranda, mənim üçün doğma və müqəddəs olan torpaqda Türkiyə Respublikasının fəxri konsulluğunun açılması çox sevindiricidir. Bu, iki ölkə arasında dostluğun və qardaşlığın rəmzidir.
Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç bildirmişdir ki, bu gün Lənkəranın tarixində çox əlamətdar bir gündür.
"Türkiyə üçün Azərbaycan bir candır. Azərbaycanın ayağına dəyən daş Türkiyənin ürəyinə dəymiş kimidir", - deyən diplomat, Azərbaycanda ermənilər tərəfindən 1918-ci ildə törədilən soyqırımından söhbət açmış, ermənilərə qarşı savaşda 8 minlik Osmanlı ordusunun iştirak etdiyini, Azərbaycanın müxtəlif bölgələrində türk şəhidlərinin məzarlarının, Birinci Dünya müharibəsində Çanaqqala savaşında azərbaycanlı qardaşların şəhid olduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizinin işğalına etiraz əlaməti olaraq 1992-ci ildə Ermənistan ilə Türkiyə arasında olan bütün sərhədlər bağlanmışdır. Azərbaycanın zəbt olunmuş torpaqları işğaldan azad edilməyənə qədər Türkiyənin Ermənistanla sərhədləri bağlı qalacaqdır.
Sonra Lənkəran şəhərində Türkiyə Respublikasının fəxri konsulluğunun rəmzi açılışını bildirən lent kəsilmişdir.
Qonaqlar fəxri konsulluğun yerləşdiyi binada işçilər üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında