Şriftin ölçüsü:
08.09.2012 02:41 | Oxunma sayı: 554
Bakıda MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası öz işinə başlamışdır
Müstəqil Dövlət Birliyi məkanında transmilli mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə və bütövlükdə kriminal hallara qarşı mübarizədə vahid cəbhənin yaradılması Birliyə üzv ölkələrin hamısının səylərinin birləşdirilməsini tələb edir.
AzərTAc xəbər verir ki, bu fikirlər Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) sentyabrın 7-də Bakıda keçirilən növbəti iclasında səslənmişdir.
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri açaraq respublikamızda uğurla həyata keçirilən islahatlardan, o cümlədən daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və terrorizmə qarşı mübarizə sahəsində görülən işlərdən, əldə olunmuş uğurlardan danışmışdır.
R.Usubov bildirmişdir ki, MDB DİNŞ-nin formatında əməkdaşlıq daim möhkəmlənir, iştirakçı dövlətlərin mənafelərinə xidmət edən yeni konkret məzmun alır. Əminəm ki, bu proses eyni dərəcədə uğurla davam edəcəkdir. Bu formatda əməkdaşlıq müasir çağırışlara və təhlükələrə layiqli cavabdır. Beynəlxalq terrorizmlə və mütəşəkkil millətlərarası cinayətkarlıqla mübarizədə müvəffəqiyyət birlikdə, qarşılıqlı anlaşmada və insanların dinc həyatının müdafiəsi üçün birgə fədakar səylərin tarazlığındadır.
MDB ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın başqa təhlükəli növləri ilə mübarizə üzrə Əlaqələndirmə Bürosunun rəhbəri Nikolay Ovçinnikov iclasın gündəliyi, eləcə də ötən iclasdan sonra görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, iki gün davam edəcək iclasda transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlığın prioritet istiqamətlərinə, ictimai təhlükəsizliyin təmin olunması sahəsində birgə razılaşdırılmış tədbirlərin səmərəliliyinin artırılması məsələlərinə baxılması nəzərdə tutulmuşdur.
N.Ovçinnikov MDB DİNŞ-nin sədrliyinin Azərbaycana keçdiyini elan etmişdir.
İclasda iştirak edən Baş naziri Artur Rəsizadə qonaqları öz adından və Azərbaycan Hökuməti adından salamlamışdır.
Baş nazir demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çətinliklərə baxmayaraq, çox böyük inkişaf yolu keçmişdir. Son on ildə ümumi daxili məhsul istehsalı 3 dəfə, dövlət büdcəsi 13 dəfə artmışdır. Yoxsulluğun, işsizliyin səviyyəsi bir neçə dəfə azalmışdır. Ölkənin valyuta ehtiyatları 44 milyard ABŞ dollarını keçmişdir. Bütün bunlara ölkədə ictimai siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində nail olmuşuq. İndi Azərbaycanda çox əlverişli investisiya mühiti vardır.
A.Rəsizadə bildirmişdir ki, dövlətlərarası əməkdaşlığın yaxşılaşdırılması zəmanəmizin təhdid və çağırışlarına müasir və adekvat münasibətin, ictimai asayişin və cinayətkarlıqla birgə mübarizənin prioritet istiqamətlərindən biridir. Ötən illər ərzində MDB məkanında ekstremizmin, beynəlxalq terrorizmin və transmilli mütəşəkkil cinayətkarlığın artmasının qarşısını almaq üçün səmərəli iş görülmüşdür. Xüsusi əməliyyatlar zamanı birgə səylər nəticəsində ağır cinayətlərin üstü açılmış, dövlətlərarası və beynəlxalq axtarışda olan minlərlə şəxs saxlanılmışdır. Birgə, razılaşdırılmış səylərlə aparılan operativ istintaq tədbirləri nəticəsində yüzlərlə cinayətkar birlik ifşa edilmişdir. Baş nazir vurğulamışdır ki, DİNŞ-in fəaliyyəti bir çox təşəbbüslərə təkan verir, kriminal vəziyyətə nəzarəti təmin etmək üçün müasir tədbirlər görməyə şərait yaradır.
Tədbirdə çıxış edən MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedev demişdir ki, MDB ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsi ölkələrin müdafiə səviyyəsindən birbaşa asılıdır. Buradan belə nəticə çıxarmaq olar ki, Birlik ölkələrinin hüquq mühafizə sahəsində əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsinə birgə yanaşmaya ehtiyac vardır. Cinayətkarlıq və terrorizm ilə mübarizənin MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən olduğunu vurğulayan S.Lebedev bildirmişdir ki, MDB Hökumət Başçıları Şurasının sentyabrın 27-də Yaltada keçiriləcək iclasının 19 bənddən ibarət gündəliyinə təhlükəsizlik məsələləri də daxil edilmişdir.
Təhlükəsizlik sahəsində əməkdaşlığa dair bir sıra sənədlərin MDB Dövlət Başçıları Şurasının noyabrın 1-2-də Aşqabadda keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir.
İnterpolun Baş katibi Ronald Noubl demişdir ki, Beynəlxalq Kriminal Polis Təşkilatı MDB DİNŞ-nın fəaliyyətinə böyük önəm verir və birgə əməkdaşlıqda maraqlıdır.
Tədbirdə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.