Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Media forum" saytına müsahibəsi
- Macarıstanda həbsdə saxlanan Azərbaycan ordusunun zabiti Ramil Səfərov Azərbaycana verildiyinə və vətəndə əfv olunduğuna görə Ermənistan və erməni lobbisi Azərbaycana qarşı kampaniyaya başlayıb. Beynəlxalq qurumlar, bir neçə dövlət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr bunu pisləyən bəyanatlar verir, bu hadisəni Qarabağ münaqişəsinin həllinə zərbə vuran addım kimi qiymətləndirir. Sizcə, bu proses Bakının Dağlıq Qarabağla bağlı mövqeyinə mənfi təsir edə bilərmi?
- Ermənistan və erməni lobbisi ciddi şəkildə çalışır ki, Ramil Səfərovun azad olunması məsələsindən Azərbaycanın əleyhinə istifadə etsinlər. Azərbaycanı sivil danışıqlardan, Dağlıq Qarabağ münaqişəsinin həllindən boyun qaçıran, konstruktiv mövqedən qaçan, qəddarlığı təbliğ edən ölkə kimi təqdim etmək istəyirlər. Amma biz də müvafiq olaraq cavab veririk.
Ramil Səfərovun əfv olunması məsələsində biz birmənalı şəkildə beynəlxalq hüquq normalarından və Azərbaycan qanunvericiliyindən çıxış etmişik. Öncə onu deyim ki, Macarıstanın Ramil Səfərovu Azərbaycana verməsi tam qanuna uyğundur. Bu proses Avropa Şurasının qəbul etdiyi quruma üzv dövlətlər arasında məhkumların bir-birinə verilməsi haqqında konvensiyaya əsaslanır. Macarıstan hakimiyyəti də bilirdi ki, Ramil Səfərov Azərbaycanda əfv oluna bilər. Konvensiyanın şərtlərində də bu göstərilib. Macar hakimiyyəti Ramil Səfərovu təhvil verəndə şərt qoymuşdu ki, məhkəmə yolu ilə onun məsələsinə yenidən baxıla və 25 ildən tez azadlığa buraxıla bilməz, cəzası bu müddətdən tez bitməməlidir. Amma bununla yanaşı onlara o da bəlli idi ki, parlamentin qəbul etdiyi amnistiya aktı var, prezidentin əfv institutu var, bu yolla Ramil Səfərov əfv oluna bilər. Xüsusən onu da bilirdilər ki, Ramil Səfərovun aldığı cəza onun törətdiyi əmələ adekvat deyil. Azərbaycanda onun əfvinə olan ciddi ictimai maraq, fəal münasibət də Ramil Səfərovun törətdiyi əməllə aldığı cəza arasında böyük uyğunsuzluğun olması ilə bağlı idi. Biz bunu dəfələrlə bəyan etmişdik.
Azərbaycan hüquq məkanında, ümumiyyətlə keçmiş sovet, Şərqi Avropa və dünya hüquq məkanında bir şəxsi qətlə yetirən adama ömürlük həbs cəzası vermirlər. Bundan ağır qətllər törədən, onlarla adamı daha amansızlıqla qətlə yetirmiş şəxslər 20-25 il cəza alırlar. Xüsusən də onun əlində əsas var idi, Ramil Səfərovla münaqişəyə girən adam onun xalqını, qohumlarını qətlə yetirən ordunun nümayəndəsi olub, onun bayrağını, xalqını, millətini, dövlət rəmzlərini təhqir edib, hissiyyatı ilə oynayıb. Bu qədər yüngülləşdirici halı nəzərə almadan ona bu qədər ağır cəza verilməsi Azərbaycanda Ramil Səfərovun əfvinə ictimai marağın yaranmasına səbəb olmuşdu.
Nəzərə alsaq ki, Ramil Səfərovun əməli maksimum 15 illik həbs cəzası ilə cəzalandırılmalıydı, bu cəzanın da yarıdan çoxunu çəkmişdi, həbsxanada özünü nümunəvi şəkildə aparmışdı, deməli, əfv olunması onun haqqı idi. Bu izahatları dünya ictimaiyyətinin diqqətinə çatdırırıq və izah edirik ki, Ramil Səfərovun əfvi ermənilərin təqdim etdiyi qədər ciddi sensasiyalı hadisə deyil. Ermənilər bundan qat-qat ağır cinayət törətmiş insanları dəfələrlə əfv ediblər. Hətta Ermənistan vətəndaşı olmaya-olmaya Fransadan ora göndərilən, əli 11 nəfərin qanına batmış ermənini əfv ediblər. Bu cür hadisələr ABŞ və digər ölkələrdə də baş verib. İndi bundan bizim əleyhimizə istifadə etmək istəkləri var, buna çalışırlar, amma o demək deyil ki, istifadə edə biləcəklər. Biz öz növbəmizdə lazımi qurumlara, dünya mətbuatına, həmin təşkilatlara müvafiq izahatlar veririk.
Hesab edirəm ki, bu məsələ Dağlıq Qarabağ probleminin həllinə heç bir mənfi təsir göstərməyəcək. Onsuz da ermənilər münaqişənin həllində qeyri-konstruktiv mövqelərindən bir addım da geri çəkilməyiblər və çəkilmək də istəmirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir irəliləyişə nail ola bilməyiblər, onların fəaliyyəti nəticə verməyib. Minsk qrupunun nəticəsiz diplomatiyası erməniləri indi tutduqları mövqeni davam etdirməyə ruhlandırır. Ramil Səfərov məsələsi olsa da, olmasa da, beləydi. Biz düşünmürük ki, bu məsələ Dağlıq Qarabağ probleminin həllinə ciddi mənfi təsir göstərəcək və beynəlxalq aləmdə antiazərbaycan meyllərinin yaranmasına təkan verəcək.
- İndiki vəziyyət necədir, dünya hansı tərəfin dediyinə daha çox inanır?
- Dünya bu məsələni anlayışla qarşılayır. Beynəlxalq aləmdə yaranan səs-küyün arxasında erməni dövləti, erməni lobbisi dayanıb. Bəzi xarici təşkilatların vaxtından əvvəl, emosional vəziyyətdə verilmiş bəyanatlarının da məqsədi erməni lobbisini sakitləşdirməkdir. Çünki erməni lobbisi beynəlxalq qurumlara təzyiq göstərir. Düşünürəm ki, dünya dövlətləri bu məsələdə Azərbaycanı, prezident İlham Əliyevin atdığı addımı, Macarıstan-Azərbaycan hakimiyyətləri arasında aparılan danışıqların qanuna uyğunluğunu, konvensiyaya uyğunluğunu və digər məsələləri anlayırlar, bilirlər, anlayışla yanaşırlar.
- Azərbaycanın Macarıstan qarşısında hansısa öhdəliyi vardımı və öhdəlik nədən ibarət idi?
- Söhbət yalnız Macarıstana göstərilən təzyiqin qarşısında bu ölkə hökumətinin necə davranmasından, iradəsini hansı formada göstərməsindən, bu günlərdəki vəziyyətdən necə çıxmasından gedirdi. Ramil Səfərovun məhkəməsi olan zaman da ermənilər, erməni diasporu və onların təsir altında olan beynəlxalq dairələr Macarıstan hökumətinə həddindən artıq təsir göstərdi və Ramil Səfərova qeyri-adekvat cəzanın verilməsinə nail oldular. Bu hadisədə də onlar eyni metoddan istifadə etdilər, bəlkə də daha da artıq təzyiqlər göstərdilər. Bütün bunlar Macarıstan hökumətinin Azərbaycana qarşı nota, bəyanatlar verməsi ilə nəticələndi. Amma Macarıstan hakimiyyəti də çox yaxşı başa düşürdü ki, Ramil Səfərova qeyri-adekvat cəza verilib və Azərbaycana gələndən sonra onun cəzasının yüngülləşdirilməsi ətrafında müəyyən işlər gedəcək. Yeganə öhdəlik o idi ki, Azərbaycan hökuməti Ramil Səfərovun cəzasına məhkəmə yolu ilə yenidən baxmayacaq və onu məhkəmə vasitəsilə vaxtından əvvəl azadlığa buraxmayacaq. Öhdəlik bu idi. Amma Macarıstan hakimiyyəti bilirdi ki, Azərbaycanda əfv institutu, parlamentin amnistiya aktı var, prezidentin əfv hüququ var və Azərbaycan qeyri-adekvat bir cəzaya ictimaiyyətin tələbi və digər məsələləri nəzərə alaraq baxa bilər. Bunu bilirdilər.
- Ramil Səfərov Azərbaycana gətirilən və əfv olunan gün ictimaiyyət bunu alqışladı, tədbirlər, ziyarətlər oldu. Eyni zamanda bir yanaşma da var ki, bunu kampaniyaya çevirməyə, reklam etməyə ehtiyac yox idi. Zaman keçdikcə bu fikirdə olanların sayı artır. Siz necə düşünürsünüz, bunu kampaniya formasında etmək məsələnin daha çox böyüyüb Azərbaycan əleyhinə çevrilməsinə təkan verən amillərdən biri oldumu?
- Hər şeydən əvvəl onu deyim ki, Azərbaycan Ramil Səfərovdan qəhrəman düzəltmədi. Nə hakimiyyət orqanları, nə də rəsmi qurumlar Ramil Səfərovun törətdiyi qətli təqdir etdi. Buna görə ona qəhrəmanlıq vermədilər, onu qəhrəman elan etmədilər. Azərbaycanda bu hadisə haqqında 8 il yarım idi ki, ictimai müzakirələr gedirdi. Müzakirənin əsas şərtlərindən biri ondan ibarət idi ki, Macarıstanın məhkəmələri, hakimiyyəti beynəlxalq təzyiqlər, o cümlədən erməni diasporunun təzyiqləri altında Ramil Səfərova qeyri-adekvat cəza vermişdi. Ona görə də Azərbaycanda əfv olunması onun tam haqqı idi. O, artıq 8 il yarım cəza çəkmişdi, həbsdə nümunəvi davranış nümayiş etdirmişdi. Sübut etmişdi ki, bundan sonra o heç bir ictimai, eləcə də beynəlxalq təhlükə kəsb etmir. Azərbaycanda ondan qəhrəman düzəltmək cəhdi olmadı. Sadəcə olaraq ictimai maraq o qədər yüksək idi ki, həmin gün bu məsələyə bütün ictimai-siyasi dairələr, mətbuat orqanları, ictimaiyyət nümayəndələri, deputatlar münasibət bildirdilər. Bu münasibətlərin çoxunu ermənilərin məsələyə həddən artıq emosional yanaşması şərtləndirdi. Ermənilər dərhal Təhlükəsizlik Şurasının iclasını çağırdılar, az qala Azərbaycana müharibə elan etmək, qisas almaq, digər dövlətlərə nota vermək, dünya səfirlərini yığmaq, Macarıstan səfirliyini bağlamaq məsələlərini qaldırdılar, Azərbaycan hakimiyyəti, ictimaiyyəti də buna adekvat reaksiya verdi. Azərbaycanın hakimiyyət nümayəndələri lazımi izahatı verdilər, məsələnin necə olduğunu, Ramil Səfərovun qaytarılması və əfv edilməsinin qanuni əsaslarını göstərdilər. Düşünürəm ki, biz bununla bağlı emosional hallar keçirmədik, bayram etmədik, Ramil Səfərovu qəhrəman elan etmədik. Sadəcə olaraq ictimai maraq idi və bunu tənzimləmək qeyri-mümkün idi. Bu, mətbuata da, ictimaiyyətə də öz-özünə çıxmağa başlamışdı.
- Azərbaycanın xaricdə səfirlikləri, diaspor qurumları, vətəndaşları var. Erməni terror təşkilatı olan ASALA Azərbaycanı hədələyən bəyanat yayıb. Azərbaycan diplomatlarının və xaricdəki digər vətəndaşların, diaspor nümayəndələrinin təhlükəsizliyi üçün hansı addımlar atılır? Xaricdəki azərbaycanlılara hansısa tapşırıqlar verilibmi?
- Heç kim terrordan sığortalanmayıb. Ən qabaqcıl formada, müasir texnologiyalarla mühafizə olunan, küçələrində hər yüz metrdən bir kameralar quraşdırılan ölkələrdə də kiməsə qarşı terror aktı həyata keçirilə bilər, keçirilib də. Bunların çoxu da həmin o erməni terrorçu təşkilatlarının əli ilə olub. Konkret faktlar var, biz bunları bilirik. Biz bu məsələdə nə edə bilərik? Əlbəttə, bütün təhlükəsizlik tədbirlərini, önləyici tədbirləri həyata keçirə bilərik. Xaricdə olan, terrora daha asan məruz qala biləcək azərbaycanlıları xəbərdar etmişik, mühafizəni gücləndiririk. Bilirsiniz ki, Ermənistan bu terroru dövlət səviyyəsində həyata keçirir, onun dövlət orqanlarında çağırışlar olub ki, qisas alınacaq, Ramil Səfərov və onun əfvində iştirak etmiş insanlar cəzalandırılacaq. Bu, onların çağırışıdır. Biz də önləyici tədbirlər həyata keçiririk. Heç kim sui-qəsdlərdən sığortalanmayıb, Azərbaycan vətəndaşları da həmçinin.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.