Avropa Şurası Ramil Səfərovun azad edilməsinə deyil, Azərbaycan torpaqlarının işğal altında qalmasına görə narahat olmalıdır

Sentyabrın 6-da Avropa Şurasının Paris qərargahında Parlament Assambleyasının payız sessiyası ərəfəsində son iclasını keçirən hüquqi işlər və insan haqları komitəsi bir sıra mühüm məsələlərin və məruzələrin müzakirəsi ilə yanaşı, Ramil Səfərovla əlaqədar diskussiyanı da gündəliyə daxil etmişdi.
Komitə sədri Kristofer Çop çıxış edərək Ramil Səfərovla bağlı məsələnin gündəliyə AŞPA bürosunun qərarı ilə salındığını bildirmiş və Azərbaycana ekstradisiya edilmiş zabitin əfv olunmasının qanun çərçivəsində reallaşmasını etiraf etməklə yanaşı, bu əfvin belə tez baş verməsinin narahatlıq doğurduğunu söyləmişdir. Müzakirələrdə ilk söz alan ermənistanlı deputat Armen Rustamyan məhkum olunmuş şəxslərin təhvil verilməsi ilə bağlı konvensiyaya yenidən baxılması təklifini irəli sürmüşdür.
Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Ramil Səfərovun Macarıstan dövləti tərəfindən Azərbaycana təhvil verilməsinin məlum konvensiyanın tələbləri çərçivəsində həyata keçirildiyini, bu zaman əsla pozuntulara yol verilmədiyini bildirmişdir. O bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə minlərlə insan həlak olsa da, bu barədə susulur, amma bir nəfərin qətlinə görə artıq 8 ildən də uzun bir müddətdə həbsdə olaraq cəzasını çəkmiş şəxsin haqqında belə qızğın müzakirələr aparılır.
R.Səfərovun ekstradisiyası və əfv edilməsinin nə dərəcədə qanunauyğun olması ətrafında gedən diskussiyalarda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış etmişdir. Azərbaycanlı deputat çıxışında ayrı-ayrı komitə üzvlərinin, o cümlədən ermənistanlı deputat A.Rustamyanın əsassız iddialarına kəskin cavab vermişdir. Rafael Hüseynov aparılan müzakirələr və məsələnin mahiyyəti ilə bağlı demişdir: "Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla əlaqədar məsələnin hüquqi işlər və insan haqları komitəsində müzakirə edilməsini müsbət qiymətləndirirəm. Çünki bu problem Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan ərazilərinin 20 faizinin zəbt edilməsi, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi, minlərlə insanın həyatını itirməsi, ömürlük şikəst olması ilə nəticələnən və 20 ildən artıq müddətdə davam edən işğalçı müharibə ilə bilavasitə bağlıdır. Ramil Səfərov məsələsindən hər dəfə bəhs edərkən mütləq bu münaqişənin təfərrüatlarını da dilə gətirməliyik. Apardığınız müzakirələr hər dəfə bizə bu məsələni bir daha diqqətə çatdırmağa imkan verəcəkdir. Ramil Səfərov hadisəsi həmin işğalçı müharibə ilə birbaşa bağlıdır, həmin münaqişənin fəsadlarından biri kimi qavranılmalıdır və heç vəchlə ayrıca deyil, məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılmalıdır. Çünki Ramil Səfərov özü də hazırda erməni işğalı altında olan Azərbaycan rayonundandır, onun qohum-əqrəbası, ailəsi illərdir ki, qaçqın həyatı yaşamağa məcburdur, erməni silahlı birləşmələri Ramil Səfərovun gənc qohumunu işğal zamanı qətlə yetirmişlər və bu hadisələrin içərisində olan cavan zabitin ruhi vəziyyətini anlamaq lazımdır. Həm də Azərbaycan zabiti bu hadisəni mülki situasiyada deyil, hərbi şəraitdə, Macarıstanda təlimlər keçərkən törətmişdir. Durduğu yerdə də deyil, Ermənistandan olan həmkarının Azərbaycanının, Azərbaycan bayrağının, Ramil Səfərovun ailəsinin ünvanına ardıcıl təhqirlərindən sonra emosional gərginlik vəziyyətində törətmişdir. Təbii ki, hər bir ölüm faciədir və biz bu qətli təqdir etmirik. Lakin hadisənin hansı şəraitdə törədildiyi də gərək nəzərdən qaçırılmasın. Hər cinayət əməlinə görə cəzanın da təbii hüdudu vardır. Təəssüf ki, Macarıstan məhkəməsi xeyli dərəcədə erməni lobbisinin təzyiqləri və yaratdığı beynəlxalq ajiotaj sayəsində Ramil Səfərova həddən artıq ağır cəza - ömürlük həbs müəyyən etmişdi. 2011-ci il iyulun 22-də Osloda ikiqat terror törədərək 77 nəfəri qətlə yetirmiş Norveç vətəndaşı Anders Breyvikə lap bu yaxınlarda cəmi 21 il həbs cəzası verildi, Ramil Səfərov isə affekt halında törətdiyi əmələ görə ömürlük həbsə məhkum olundu. Əlbəttə ki, ədalətsiz yanaşmadır. Ramil Səfərovun Azərbaycana təhvil verilməsinə gəlincə bu "Məhkum olunmuş şəxslərin ekstrasdisiyası haqqında Avropa Konvensiyası"na tam uyğun olaraq gerçəkləşdirilmiş, Azərbaycan Prezidentinin onun əfv edilməsi haqqında Sərəncamı da ölkə Konstitusiyası və qanunvericiliyinə dəqiqliklə əməl edilməklə həyata keçirilmişdir. Yəni hər şey tam qanun çərçivəsindədir və bu addımlara qarşı istənilən etirazlar hissiyyatdan başqa bir şey deyildir və heç bir nəticə verməyəcəkdir. Avropa Konvensiyasında hansısa boşluqlar görürsünüzsə, bu istiqamətdə müzakirələr aparıla, hətta gələcəkdə Konvensiyada hansısa dəyişikliklər də edilə bilər. Lakin bunun Ramil Səfərova heç bir aidiyyəti olmayacaqdır. Çünki qanunun geriyə gücü yoxdur, qanun geriyə işləmir. Ermənistan tərəfin Ramil Səfərovun dərhal əfv edilməsinə qarşı etirazlı hay-küylərinə gəlincə, diqqətinizə çatdırmaq istərdim ki, bu sahədə təşəbbüskarlıq elə Ermənistanın özünə məxsusdur. Dünya terror şəbəkəsinin ən qəddar qatillərindən biri kimi məşhur olan erməni Monte Melkonyan vaxtilə törətdiyi cinayətlərə görə Parisdə mühakimə edilmiş və sonra Fransa hökuməti tərəfindən Ermənistana ekstradisiya edilmişdi. Ermənistanın onu dərhal əfv etməsi bir yana, bu qatı terrorçuya rəsmən prezident fərmanı ilə milli qəhrəman adı vermişdi.
Azərbaycan Prezidentinin Ramil Səfərovu əfv etmək qərarı isə həm də Azərbaycan cəmiyyətindən gələn sifarişdir, Ramil Səfərov kimi 1 milyon qaçqını olan ölkənin istəyidir. Ermənistan tərəfi məsələyə konstruktiv yanaşsa, əksinə, görər ki, belə bir qərarın verilməsi münasibətləri kəskinləşdirməyə deyil, tarım çəkilmiş hissləri sakitləşdirməyə yönəlib. Məgər Avropa Şurasının istədiyi də elə bu deyilmi?!
Hüquqi müstəvidə belə müzakirələr aparılmağına etiraz yoxdur və bəlkə də soyuq başla aparılan bu qəbil nəzəri diskussiyalar əhəmiyyətlidir. İndiki halda narahatlıq doğuran başqa məqam, Ermənistan dövlətinin son dərəcə təcavüzkar mövqeyidir. Ermənistan parlamentinin üzvü, Ermənistanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Artaşes Geqoamyan müsahibələr dərc etdirərək, bəyanatlar verərək ermənilərin XX əsrdə Azərbaycan və türkiyəli diplomatlara, dövlət adamlarına, siyasi xadimlərə qarşı törətdiyi terror aktlarından bəhs etmiş, bir-bir onların adlarını sadalamış və açıqca hədələmişdir ki, indi həmin hərəkətlər Azərbaycanın dövlət xadimləri və siyasətçilərinə tətbiq ediləcəkdir. Bu bəyanatın ardınca Azərbaycanın müxtəlif xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, səfirliklərinə Ermənistan dövləti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən erməni terror təşkilatlarından ölüm hədəli məktublar daxil olmuşdur. Biz bunları yolverilməz sayır, qətiyyətlə rədd edirik. Avropa Şurasını dəvət edirik ki, Ermənistanı belə qanunazidd addımlar atmaq, belə məsuliyyətsiz bəyanatlar verməkdən çəkindirsin.
Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsi və Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi hüququn, qanunçuluğun tələblərinə tam riayət etməklə yerinə yetirilmiş və artıq bitmiş olan məsələdir, tarixin arxada qalan səhifəsidir. Bütün isterikalara baxmayaraq, burada nəsə dəyişiklik etmək artıq mümkün deyildir. Qarşılıqlı ittihamlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir.
Ramil Səfərovun azad edilməsindən narahatlıqlarını ifadə edən şəxslər və təşkilatlar Azərbaycan torpaqlarının niyə 20 il ərzində işğaldan azad olunmamasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllinin niyə belə uzanmasından narahatlıq keçirsələr, daha yaxşı olardı".
Deputat Rafael Hüseynovun çıxışı maraqla qarşılanmış, hüquqi işlər və insan haqları komitəsinin üzvləri Diaz Tejera, Anton Belyakov, Mövlud Çavuşoğlu və digərləri söz alaraq məsələ ilə bağlı fikirlərini bildirmiş, R.Hüseynovun mövqeyini dəstəkləmişlər.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında