Aprelin 2-də Milli Məclisin növbəti iclası keçirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, Azərbaycanın Kəlbəcər rayonunun işğalından 17 il ötür. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 822 nömrəli qətnamə qəbul etmişdir. Sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının dərhal, qeyd-şərtsiz azad olunması tələb edilir. Təəssüf ki, işğalçı Ermənistan hələ də bu qətnaməni yerinə yetirmir.
Milli Məclisin sədri Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliyini bildirmişdir.
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Sonra cari məsələlərə baxılmış, Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir.
İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilmişdir.
Məruzədə ölkəmizdə 2009-cu ildə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, qiymətləndirilməsi, insan hüquqları ilə bağlı vacib problemlərin vəziyyətinin təhlil edilməsi, pozulmuş insan hüquqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması üzrə müvəkkil tərəfindən aparılmış işlər və həyata keçirilmiş tədbirlər haqqında məlumat verilmişdir.
Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi, 2009-cu ildə insan hüquqları ilə bağlı vacib problemlərin təhlili, pozulmuş insan hüquqlarının bərpası, hüquqpozma hallarının qarşısının alınması, habelə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi üzrə müvəkkil tərəfindən görülmüş işlər, həyata keçirilmiş tədbirlər sənəddə öz əksini tapmışdır.
Ombudsman Elmira Süleymanova demişdir ki, illik məruzə ərizələrin, təkliflərin, şikayətlərin, müvəkkil və aparatın əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, uşaq evlərinə, internatlara, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrə, qəsəbələrə, habelə səhiyyə, əhalinin sosial müdafiəsi obyektlərinə baxışları, kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlili əsasında hazırlanmışdır.
Müvəkkil ötən dövrdə insan hüquqlarının məhkəmədənkənar müdafiəsi və pozulmuş hüquqların bərpası məqsədi ilə bir çox əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
Digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən, mövcud hüquq müdafiə vasitələrini tamamlayan müvəkkil bu müddət ərzində öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında qurmuş, səlahiyyətləri daxilində tədbirlər görməklə bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olmuşdur.
Bütün fəaliyyəti dövründə ombudsman istər dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti təsisatları, o cümlədən qeyri-hökumət təşkilatları, habelə kütləvi informasiya vasitələri, həmçinin beynəlxalq qurumlar və xaricdəki həmkarları ilə konstruktiv əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Müvəkkil həm paytaxtda, həm də regionlarda əhali ilə müntəzəm görüşlər və qəbullar, ictimai dinləmələr keçirmiş, öz məsləhətləri, məsələlərə bilavasitə müdaxiləsi və aydınlıq gətirməsi, habelə yerli icra strukturlarını pozulmuş hüquqların bərpası işinə cəlb etməklə bu hüquqların müdafiəsinə, bununla da dövlətçiliyin möhkəmlənməsinə xidmət etmişdir.
E.Süleymanova bildirmişdir ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 51 min 60, o cümlədən 2009-cu ildə 8 min 800 müraciət daxil olmuşdur. Bu müraciətlərin 83,7 faizi şikayətlərdən, 16,2 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən ibarət olmuşdur.
Ombudsman Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonimlik, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən şikayətlərin 48,9 faizinin baxılmasından imtina etmişdir.
Şikayətlərin 51,1 faizi baxılmaq üçün icraata qəbul edilmiş, bunlardan 44,7 faizi təmin olunmuşdur ki, bu da təxminən Avropa və postsovet məkanında mövcud olan göstəricilər səviyyəsindədir.
Bundan başqa, müvəkkil təsisatı ölkəmizdə həyata keçirilən bir sıra dövlət proqramlarının icrası, monitorinqi prosesində iştirak edərək rəy və tövsiyələrini vermiş, onları insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından dəyərləndirmişdir.
Müvəkkil beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirmiş, bir sıra beynəlxalq tədbirlərdə iştirak etmiş, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər, demokratik inkişaf, əldə olunmuş nailiyyətlər, habelə ölkəmizin üzləşdiyi problemlər barədə məlumat vermiş, həmçinin qabaqcıl beynəlxalq təcrübə öyrənilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Deputatlar müvəkkilin hesabatı ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Çıxış edənlər məruzədə məhkəmə, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı bəzi aktların da qeyd edilməsinin zəruriliyini vurğulamışlar.
Sonda illik məruzə nəzərə alınmışdır.
Axşam iclasında Milli Məclis "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunun tələblərinə uyğun olaraq Milli Məclisin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul etmişdir.
İclasda "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavələr və dəyişikliklər olunmuşdur. Qanunlara təklif edilən əlavələrə görə, yaşayış binaları, o cümlədən mənzillər elektrik və qaz xətlərinə, su təchizatı sisteminə tam qoşulduqdan sonra istismara qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim edilə bilər.
Sonra "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə Kredit Sazişi"nin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirə olunmuşdur. Bildirilmişdir ki, layihə çərçivəsində Bakı şəhərinin Bibiheybət zonasında yerləşən "20-ci sahə" adlanan yaşayış massivinin və ona bitişik ərazilərdəki yaşayış sahələrində su təchizatı və kanalizasiya xidmətlərinin beynəlxalq standartlara uyğun şəkildə təmin edilməsi planlaşdırılır. Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında imzalanan kredit sazişi çərçivəsində bu layihənin maliyyələşdirilməsi üçün 93 milyon 750 min Səudiyyə rialı (təxminən 25 milyon ABŞ dolları) vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Sazişin şərtlərinə əsasən, su təchizatı sistemlərinin yenidən qurulmasına xərclənəcək kredit vəsaiti 5 il güzəşt dövrü daxil olmaqla, 20 il müddətinə 2 faiz dərəcəsi ilə təqdim ediləcəkdir. Qanun layihəsi səs çoxluğu ilə təsdiq olunmuşdur.
Daha sonra iclasda Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında qanun qəbul olunmuşdur.
İclasda həmçinin, "Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanuna dəyişiklik edilmişdir. Dəyişiklikdə deyilir ki, qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə "Qaçqınların statusu haqqında" 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir.
İş gününün sonunda "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlara əlavələr və dəyişikliklər olunmuşdur.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.