Alən DETEX: Avropaya sürətlə inteqrasiya edən Azərbaycan bizim üçün çox önəmlidir

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri avqustun 31-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşlər.
AzərTAc xəbər verir ki, Avropa Parlamenti nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirən Əli Həsənov Azərbaycanın müstəqillik illərinin əvvəlində qarşılaşdığı problemlər, əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, onun yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın işğal etdiyi torpaqları azad etməsi barədə qərar və qətnamələr qəbul etmişdir. Rəsmi Bakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır və bu siyasəti dəyişməz olaraq qalır. Lakin terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.
Azərbaycanın qazandığı uğurlardan söz açan Baş nazirin müavini demişdir ki, ölkəmizin 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi onun dünyada artan nüfuzunun göstəricisidir.
Əli Həsənov Avropa Parlamenti deputatlarının ölkəmizə səfərinin və bugünkü görüşün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, ümumilikdə Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirmişdir.
Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri, Belçika Parlamentinin üzvü Alən Detex Azərbaycana gəlməkdən məmnun olduqlarını qeyd etmiş, burada gördükləri sürətli, dinamik inkişafın, Bakının, İçəri şəhərin gözəlliyinin onları heyran etdiyini bildirmişdir. Bu cür görüşlərin davamlı olmasının zəruriliyini vurğulayan qonaq demişdir: "Avropaya sürətlə inteqrasiya edən Azərbaycan bizim üçün çox önəmlidir. Azərbaycanın təkcə regionda deyil, bütün dünyada oynadığı rol və artan nüfuzu təqdirəlayiqdir. Səfərimizin əsas məqsədi həm Azərbaycan, həm də bütövlükdə region haqqında, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat toplamaqdır. Biz Azərbaycanın bölgələrinə də gedəcəyik, məcburi köçkünlərin vəziyyəti ilə tanış olacağıq".
Sonra çıxış edən digər avropalı deputatlar Azərbaycanın Avropaya inteqrasiyasını və regiondakı rolunu, dünyada artan nüfuzunu yüksək qiymətləndirmiş, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli həllinin vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, regionda sülhün bərqərar olması təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına müsbət təsir göstərəcəkdir.
Sonda nümayəndə heyətinin üzvlərinə Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmin diski, jurnal və hədiyyə təqdim olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında