Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilmişdir

İyunun 18-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilmişdir.
İclasda "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun layihəsi üçüncü oxunuşda qəbul edilmişdir. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirmişdir ki, qanun layihəsi Milli Məclisdə iki oxunuşda müzakirə olunmuşdur. İşçi qrupu həmin müzakirələr zamanı səslənmiş rəy və təklifləri, eləcə də inkişaf etmiş ölkələrin qanunvericilik bazasını və beynəlxalq təcrübəni diqqətlə öyrənmişdir. Komitə sədri demişdir ki, bu qanun normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcəkdir. Bu layihəyə Azərbaycan parlamenti ilə Tvinniq Proqramı çərçivəsində əməkdaşlıq edən Litva ekspertləri və Avropa Şurasının Venesiya Komissiyası müsbət rəy vermişlər.
Qanun layihəsi geniş müzakirə edildikdən sonra səs çoxluğu ilə qəbul olunmuşdur.
Sonra "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi "Büdcə sistemi haqqında" Qanuna uyğun hazırlanmışdır. O demişdir ki, büdcəyə dəyişiklikləri zəruri edən amil dünya bazarında neftin qiymətinin 70-75 dollar arasında olmasıdır. 2010-cu ilin 4 ayının nəticələrinə əsasən, Azərbaycanın iqtisadi vəziyyəti uğurlu olmuşdur.
Komitə sədrinin sözlərinə görə, son ayların iqtisadi göstəriciləri, ölkədə aparılan islahatlar, dünya bazarında neftin qiymətinin artması, büdcəyə əlavə vəsaitlərin daxil olması, dünyada baş verən təbii fəlakətlərin Azərbaycandan da yan keçməməsi və digər belə amillər büdcə haqqında qanuna dəyişikliklər zərurətini yaratmışdır.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirmidir ki, 2010-cu il dövlət büdcəsi gəlirlərinin 1 milyard 490 milyon manat və ya təsdiq olunmuş dövlət büdcə gəlirlərinə nisbətən 14,9 faiz artırılaraq 11 milyard 505 milyon manata çatdırılması, büdcə xərclərinin 1 milyard 11 milyon manat və ya təsdiq olunmuş büdcə xərclərinə nisbətən 9 faiz artırılaraq 12 milyard 275 milyon manata çatdırılması nəzərdə tutulmuşdur. Artımdan sonra gəlirlərin 3 milyard 620 milyon manatı qeyri-neft sektoru, 7 milyard 885 milyon manatı isə neft sektorunun payına düşəcəkdir. Əsaslı xərclərin artımı üçün nəzərdə tutulmuş 608,5 milyon manat vəsaitin 400 milyon manatı və yaxud 65,7 faizi ölkənin müdafiə qabiliyyətinin artırılması və təhlükəsizlik xərclərinə, 205,8 milyon manatı və ya 33,8 faizi elm, təhsil, səhiyyə, sosial xərclərə, müxtəlif layihələrin icrasına yönəldiləcəkdir.
Qanun layihəsi səsə qoyulmuş və təsdiq edilmişdir.
İclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə, eləcə də "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Notariat haqqında", "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" qanunlara əlavələr və dəyişikliklər edilmişdir.
Sessiyanın iclasında Azərbaycan Respublikasının Seçki Məcəlləsinə də dəyişikliklər edilmişdir.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov demişdir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə təmsil olunan deputatları Azərbaycanın seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə layihə hazırlayaraq parlamentin rəhbərliyinə təqdim etmişlər. Məcəlləyə təklif olunan birinci dəyişiklik seçkilərin elan edilməsi müddətinin azaldılması ilə bağlıdır. Təklif olunan variantda seçkilərin elan edilməsi müddəti 75 gündən 60 günə endirilir. Dairə seçki komissiyalarının təşkili maddəsinə təklif olunan dəyişikliyə görə DSK-lar seçkilərdən əvvəl yaradıldıqda səsvermə gününə azı 50 gün qalmış təşkil olunmalıdır. Bununla yanaşı, layihədə seçki siyahılarının məntəqə seçki komissiyaları tərəfindən səsverməyə azı 20 gün qalmış dəqiqləşdirilməsi, namizədlərin qeydə alınması üçün sənədlərin seçki komissiyalarına səsvermə gününə azı 30 gün qalmış təqdim edilməsi, seçkiqabağı təşviqatın səsvermə gününə 23 gün qalmış başlayaraq, səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılması və s. nəzərdə tutulmuşdur.
Məcəlləyə təklif olunan əsas dəyişikliklərdən biri seçkilərin maliyyələşdirilməsi ilə əlaqədardır.
Müzakirələr zamanı çıxış edən deputatlar Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərin mahiyyətindən danışmış, bu dəyişikliklərin Azərbaycanın seçki praktikasını daha da təkmilləşdirəcəyini vurğulamışlar.
Sonda qanun layihəsi qəbul olunmuşdur.
Bununla da növbədənkənar sessiyanın növbəti iclası başa çatmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında