Ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi möhtəşəm nailiyyətlər beynəlxalq aləmdəki nüfuzumuzu gündən-günə daha da artırır, mövqelərimizi xeyli möhkəmləndirir. Dünyanın qüdrətli dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları Cənubi Qafqazın şəriksiz lideri olan Azərbaycanla işbirliyi qurmağa, əməkdaşlığı genişləndirməyə çalışırlar.
Rəsmi Bakı özünün milli maraqlarını daim ön planda tutaraq müxtəlif səviyyələrdəki əməkdaşlıq təkliflərini dəyərləndirir, mənafeyimizi yaxın qonşularımız olan region dövlətlərinin ümumi mənafeyi ilə uyğunlaşdıraraq əsaslı addımlar atır. Əminliklə demək olar ki, Azərbaycanın elmi əsaslara söykənən tarazlı xarici siyasəti respublikamızın qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsinə səbəb olmuşdur. Respublikamız hüquqi, demokratik və dünyəvi dövlət kimi müasir dövrün çağrışları çərçivəsində hazırlanan Konstitusiyamızın tələblərini yerinə yetirərək hərbi bloklara qoşulmamış, ərazimizdə heç bir xarici hərbi bazanın yaradılmasına imkan verməmiş, eyni zamanda, bizim mövqeyimizi paylaşan ölkələrlə qarşılıqlı faydalı münasibətləri genişləndirmişdir. Bu mənada, Azərbaycanın son zamanlar mühüm beynəlxalq birlik kimi nüfuzu durmadan artan Qoşulmama Hərəkatına üzv olması və bu təşkilat çərçivəsində fəal əməkdaşlıq münasibətləri qurması, yeni təşəbbüslərlə çıxış edərək hərəkatı istiqamətləndirməsi və üzv dövlətlərin ciddi dəstəyini qazanması xarici siyasət kursumuzun növbəti böyük uğurlarından biri hesab olunmalıdır.
Xüsusi qeyd edilməlidir ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayırlar. Bu ölkələr hər gün dünya neft bazarlarına 35 milyon barrel xam neft ixrac edirlər. Yəni dünyaya gündəlik neft ixracının 57 faizi Qoşulmama Hərəkatına üzv olan ölkələrin payına düşür. Bu isə o deməkdir ki, hərəkat üzvləri müasir dövr üçün böyük əhəmiyyət daşıyan misilsiz təzyiq rıçaqlarına malikdirlər və təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi hər bir üzv ölkənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edə bilər. Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında, regional təhlükəsizlikdən sosial-iqtisadi inkişafa kimi geniş spektrli məsələlərin həllində mühüm rol oynayır. Bitərəf dövlətlərin (Non-Aligned Movement - NAM) qurduğu bu hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandonq konfransında (İndoneziyada baş tutub) irəli sürülüb. Bu ideyanın əsas müəllifləri keçmiş Yuqoslaviya Prezidenti İosif Broz Tito, Misir Prezidenti Camal Əbdül Nasir və Hindistanın Baş naziri Cəvahirləl Nehru idi. Reallıq bu idi ki, Şimali Atlantika Alyansı ilə Varşava Müqaviləsi ölkələri arasında kəskin qarşıdurmanın mövcud olduğu həmin dövrdə baş verə biləcək toqquşmalardan özünü kənarda saxlamağın ən məqbul yolu bu təşkilatda təmsil olunmaq idi.
Qoşulmama Hərəkatı faktiki olaraq 1961-ci ildə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda yaradıldı. Dünyada ikiqütblülüyün mövcud olduğu zaman "Bloklara qoşulmayanlar hərəkatı"nın kifayət qədər nüfuzu var idi. Asiya, Afrika, Cənubi Amerika kimi regionların ən güclü dövlətlərinin burada təmsil olunması, buna bariz nümunə idi. Hazırda bu hərəkatın üzvü olan 53 ölkə Afrika qitəsində , 38-i Asiyada, 26-sı Latın Amerikasında və 1-i Avropada yerləşir. MDB ölkələrindən Belarus, Türkmənistan, Özbəkistan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ukrayna təşkilatda müşahidəçi statusuna malikdir. Əvvəllər Azərbaycan da müşahidəçi statusunda hərəkatda təmsil olunurdu. Ancaq 2011-ci ildə bu təşkilata tamhüquqlu üzv qəbul olundu. Bu barədə qərar mayın 25-dən 27-nə kimi hərəkatın İndoneziyada keçirilən 16-cı Nazirlər Konfransında və Yubiley Görüşündə verildi. Həmin tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyünə verilən dəstəyə görə təşkilatın bütün üzvlərinə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan hər zaman müxtəlif din, etnik qrup və fəlsəfələrin birgə yaşayış və tolerantlıq məkanı olub. Mədəniyyətlər arasında körpü və Sivilizasiyalar Alyansının Dostluq qrupunun fəal üzvü kimi ölkəmiz qarşılıqlı hörmət və anlayışa əsaslanan dinlər və mədəniyyətlər arası dialoqu təşviq etmək məsuliyyətini hiss edir. Bu mənada, soyuq müharibənin bitməsi heç də bugünədək heç bir hərbi bloka üzv olmayan ölkələrin siyasi əlaqələndirici mexanizmi kimi fəaliyyət göstərən Qoşulmama Hərəkatının rolunu zəiflətməyib.
Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Biz hərəkata üzv ölkələrlə ikitərəfli əlaqələrimizi genişləndirmişik. Azərbaycan bu hərəkata üzv bir sıra ölkələrin köməyi ilə artıq bir neçə layihənin həyata keçirilməsinə başlayıb. Biz bu fəaliyyəti gələcəkdə genişləndirməyi nəzərdə tuturuq. Azərbaycan tərəfi belə hesab edir ki, sürətlə dəyişən beynəlxalq mühitlə fəal üzləşmək iqtidarında ola biləcək daha yaxşı əlaqələndirilən və effektiv bir hərəkatı reallaşdırmaq üçün yeni yollar və vasitələr araşdırılmalıdır. Bu, həm mövcud mexanizmlərin, o cümlədən Əlaqələndirici Büro, İşçi və ya digər qrupların gücləndirilməsi, həm də beynəlxalq təşkilatların ali orqanlarına üzvlüklə bağlı bir-birimizin namizədliklərimizin dəstəklənməsi və bu orqanlarda fəaliyyətlərimizin və qərarlarımızın əlaqələndirilməsi kimi yeni yolların araşdırılması ola bilər.
Ölkəmizin Qoşulmama Hərəkatına üzv olması özünün müsbət nəticəsini göstərdi. Belə ki, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasının Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Avropanın 3 dövlətindən - Macarıstan, Sloveniya və Azərbaycandan biri seçilməli idi. Birinci raundda Macarıstan az səs toplayaraq kənarda qaldı. Səsvermənin digər raundlarında Azərbaycan tədricən Sloveniyanı üstələdi və tam 9 raundun nəticəsinə görə Azərbaycan 113, Sloveniya isə 77 səs topladı. Göründüyü kimi, fərq o qədər də kiçik deyildi. 2011-ci il oktyabrın 24-də növbəti səsvermənin nəticəsinə görə, Azərbaycan tarixində ilk dəfə möhtəşəm bir uğura imza ataraq quruma üzv seçildi. Növbəti seçkilərdə keçirilən səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs verdi. Bu mötəbər quruma üzvlüyə keçirilən səsvermədə namizəd olan ölkəmizə Qoşulmama Hərəkatının Asiyadan olan 53 üzv dövləti, Afrikadan 38 üzv dövləti və Latın Amerikasından 26 üzv dövləti səs vermişdi. Nəticə etibariylə Azərbaycan seçkilərdə hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilmişdir. Bu, həm də o demək idi ki, rəsmi Bakının regionda və beynəlxalq aləmdə yürütdüyü siyasət dünya ölkələri, o cümlədən Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən rəğbətlə qarşılanır, BMT-yə üzv olan 193 ölkənin 155-i tərəfindən tam şəkildə dəstəklənir.
Digər tərəfdən, ölkəmiz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan sülh danışıqlarında və torpaqlarımızın işğaldan azad olunması tələbinin qəti şəkildə irəli sürülməsi məsələsində də Qoşulmama Hərəkatına üzv dövlətlərin və birbaşa təşkilatın dəstəyini qazanmışdır. Bu il may ayının 5-də Misir Ərəb Respublikasının Şarm Əş-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilmiş iclasında qəbul olunan yekun sənəd də belə deməyə əsas verir. Həmin sənədin 382-ci bəndində Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi xusisi vurğulanmış, hərəkata üzv olan dövlətlər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll edilməsinin vacibliyini nəzərə çarpdırmışlar.
Sənəddə deyilir ki, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə təhdid törətməkdə davam etməsindən təəssüflənirlər. Onlar BMT-nin Nizamnaməsində əksini tapmış güc tətbiq etməmək prinsipinin vacibliyini bir daha təsdiq etmiş və tərəfləri münaqişəni danışıqlar yolu ilə, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri çərçivəsində, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllini tapmasını tələb etmişlər. Göründüyü kimi, Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən növbəti dəfə tanınmış və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq arenada dəstəkləndiyi vurğulanmışdır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda öz mövqelərini gücləndirməkdə davam edir. Bu sənədin yekdilliklə qəbul olunması və burada Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin əks olunması isə birmənalı şəkildə ölkəmizin növbəti diplomatik uğurudur.
Azərbaycan işğal faktının ortadan qaldırılması məsələsində beynəlxalq birliyin daha fəal müdaxiləsi üçün ciddi əsaslar olduğuna inanır. Bunlar arasında təbii ki, həm də BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğala son qoymasına dair 4 qətnaməsi xüsusilə qeyd olunmalıdır. BMT TŞ-nin 2011-ci ildə Liviyada cərəyan edən hadisələrlə bağlı haqlı olaraq qətnamə qəbul etməsi və məlum qərarının operativ icrası, beynəlxalq birliyin Qəddafinin nəzarətində olan silahlı qüvvələrə qarşı dərhal hərbi əməliyyatlara başlaması, bu prosesə NATO-nun qoşulması bir sıra məntiqi sualların ortaya çıxmasına da səbəb olur. Liviyada diktatora qarşı BMT TŞ-nin çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, bu mötəbər qurumun Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində ikili standartların mövcudluğundan xəbər verir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icra edilə bilərdi. Təcrübə göstərir ki, BMT-nin qətnamə qəbul edərək kənarda durması, qərarın yerinə yetirilməsi ilə bağlı məcburetmə tədbirləri görməməsi son nəticədə qətnamənin icrasız qalmasına şərait yaradır. Ermənistandan BMT qətnamələrinin tələblərini özxoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur.
Əlbəttə, Liviyada mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi vacib məsələ idi. Lakin belə tədbirlər qətlə yetirilmiş minlərlə azərbaycanlıya, milyondan artıq qaçqın və məcburi köçkünə də şamil olunmalıdır. Liviya diktatorunun əməlləri Xocalı, Qaradağlı, Quşçular, Bağanıs Ayrım və Azərbaycanın digər yaşayış məntəqələrində ermənilərin törətdikləri soyqırım və vəhşiliklərdən daha qəddar və faciəli deyil. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən həlak olan azərbaycanlıların sayı Liviyada üsyançılarla Qəddafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından on dəfələrlə çoxdur. Serbiyada bosniyalı müsəlmanların soyqırımından sonra BMT TŞ keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunal yaratdı. Nəyə görə Xocalı və Qaradağlı hadisələrini törədənlər Beynəlxalq Tribunala cəlb olunmamalıdır? ATƏT-in Minsk qrupunun çoxillik fəaliyyətinin heç bir nəticə verməməsi və onun işğalçı Ermənistana təzyiq etmək istəməməsini nəzərə alaraq, beynəlxalq birlik Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də Liviyada olduğu kimi, çevik münasibət göstərməli və BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin etməlidir. Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT TŞ qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır. Qoşulmama Hərəkatının əsas prinsiplərindən biri də budur.
Avqustun 25-də İran İslam Respublikasında öz işinə başlayan Qoşulmama Hərəkatının 16-cı zirvə toplantısında da BMT TŞ-nin bu kimi fəaliyyətləri tənqid atəşinə tutulub. Toplantıda çıxış edən İran İslam Respublikasının dini lideri Ayətullah Seyyid Əli Xamneyi Qərb ölkələrinin siyasətini BMT Təhlükəsizlik Surasının quruluşunu və fəaliyyətini tənqid edib. Bildirib ki, "Qosulmama Hərəkatının təməlini qoyanlar ölkələrini başqa dövlətlərin təsirindən və müdaxiləsindən qorumaq üçün bu addımı atıblar. Elə bu məqsədlə bu gün hərəkat ayaqdadır. İslam dini bizə öyrədib ki, irq fərqi olmadan bütün insanlar bərabərdir. Dinimiz bizi paklığa, ədalətə, xeyirxahlığa və başqalarının dərdinə şərik olmaga cağırır". Toplantıdakı digər çıxışlarda da dünya birliyi və bəzi beynəlxalq təşkilatlar bir daha ədalətli mövqeyə dəvət olunub.
Sonda qeyd edək ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması o demək deyil ki, ölkəmiz indiyə qədər aparılan Qərbə inteqrasiya siyasətindən imtina edib. Biz Avroatlantik məkana inteqrasiya prosesini başlamışıq və bu prosesi davam etdirəcəyik. Xarici siyasət sahəsində əldə olunan uğurlar ölkəmizin Avropa və dünya birliyi ilə əməkdaşlığını genişləndirməyə şərait yaradıb. Bu illər ərzində dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq etmişik, həmin qurumlara üzv olmuşuq. 2007-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Konsepsiyasında göstərilir ki, ölkəmizin strateji hədəfi Avroatlantik məkana inteqrasiyadır. Avroatlantik məkanın əsas institutu da NATO-dur. 2010-cu ildə qəbul edilən hərbi doktrinada da NATO - Azərbaycan münasibətləri diqqətdən kənarda qalmayıb. Ancaq bu, o demək deyil ki, biz gələcəkdə bu quruma üzv olacağıq. Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla və burada fəal iş aparmaqla bütün dünyanı sülhə, təhlükəsizliyə, həmrəyliyə, əməkdaşlığa və inkişafa səsləyir.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.