Azərbaycan və Belarus arasında münasibətlər zamanın sınağından çıxmış, real əməkdaşlıqda sınanmışdır. Bu gün mənə xüsusilə xoşdur ki, Siz məni Belarus Respublikasının yüksək dövlət ordeni - "Xalqlar dostluğu" ordeni ilə təltif etməyi mümkün saymısınız. İnanın ki, mən ölkələrimizi və xalqlarımızı bir-birinə daha çox yaxınlaşdırmaq üçün gələcəkdə də əlimdən gələni edəcəyəm.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Əməkdaşlığımızın bünövrəsini vaxtilə biz Heydər Əliyev ilə birlikdə yaratmışıq. Lakin o vaxt mənim heç fikrimə də gəlməzdi ki, bizim ümumi evimizin, Azərbaycan ilə Belarusun qarşılıqlı münasibətlərinin yaranmasında bu qədər irəliləyə biləcəyik. Son illərdə Sizinlə birlikdə nə etmişiksə, əməkdaşlığımızın bu və ya digər istiqamətləri üzrə Sizin dəstəyiniz sayəsində mümkün olmuşdur.
Aleksandr LUKAŞENKO Belarus Respublikasının Prezidenti
{nl}
{nl}
Azərbaycan dövlət müstəqilliyini qorumağı bacardıqdan sonra beynəlxaq aləmə inteqrasiya olunmaq üçün ilk növbədə dünya dövlətləri ilə əməkdaşlığa böyük üstünlük verildi. Nüfuzlu beynəlxalq təşkilatlarla və inkişaf etmiş dövlətlərlə əlaqələri möhkəmləndirmək ölkəmizin müstəqil dövlət kimi inkişafına təkan verəcəkdi. Müstəqil Dövlətlər Birliyinin üzvləri ilə əməkdaşlığı davam etdirmək də prioritet vəzifələrdən idi. Ölkəmizin ikitərəfli münasibətlər qurduğu MDB üzvlərindən biri də Belarus idi.
İki ölkə arasında əməkdaşlığın təməli Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun fəaliyyəti sayəsində qoyulmuşdur.1998-ci və 2000-ci ilin avqust aylarında Azərbaycan Prezidenti Heydər Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında MDB dövlət başçıları Şurasının iclasları zamanı Yaltada, 2000-ci ildə Minskdə və Davosda Dünya İqtisadi Forumundakı görüşləri xüsusi qeyd etmək lazımdır. Bütün bunlara baxmayaraq, Azərbaycan - Belarus əməkdaşlığında ciddi dönüş 2001-ci ilə təsadüf edir. Həmin ilin avqust ayında Belarusun Baş naziri V.Yermaşov bizim ölkə rəhbərləri ilə çoxsaylı görüşlər keçirmiş və danışıqların yekunu olaraq hökumətlərarası sazişlər imzalanmışdır. 2004-cü ilin aprelində isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin Belarus Respublikasında səfirliyi təsis edilmişdir. Budan sonra iki ölkə arasında əməkdaşlıq daha da intensivləşmişdir. Azərbaycanın Baş naziri Artur Rasizadənin başçılığı ilə nümayəndə heyətinin Belarusa rəsmi səfəri zamanı iki ölkə arasında ticarət - iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri müəyyənləşdirilmişdir. Bundan sonra da iki ölkənin hökumət başçıları mütəmadi görüşlər keçirmiş və əmədaşlığın genişləndirilməsi istiqamətində sənədlər imzalamışlar.
Bir neçə il əvvəl isə Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın VI iclası keçirilmişdir. İclasda iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunmuşdur.
Belarusun Azərbaycanın strateji tərəfdaşı olduğunu, iclasın dost ölkənin dövlət başçısı Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ərəfəsinə təsadüf etdiyini xatırladan Baş nazirin birinci müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Yaqub Eyyubov son zamanlar respublikamızın iqtisadiyyatında əldə olunan uğurlar barədə məlumat vermişdir. Böyük iqtisadi potensiala malik respublikamızın sürətlə inkişaf etdiyini deyən Baş nazirin birinci müavini Azərbaycan ilə Belarus arasında mədəniyyət və humanitar sahələrlə yanaşı, ticarət və iqtisadi əməkdaşlıq istiqamətində də ildən-ilə irəliləyişlərin nəzərə çarpdığını söyləmişdir. 2009-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 1,5 dəfə artdığı xüsusi qeyd edilmişdir. Ölkələrimizin qarşılıqlı əlaqələrinin inkişafında prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko arasında möhkəm dostluq münasibətlərinin böyük rolu olduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərindən sonra ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 800 milyon ABŞ dolları həcmində müqavilə və kontraktlar imzalanaraq icrasına başlanılmışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu imkandan səmərəli istifadə etməklə əməkdaşlığı yeni inkişaf səviyyəsinə çatdırmaq mümkündür.
Azərbaycan-Belarus münasibətlərinin ciddi yüksəliş mərhələsində olduğunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç də yüksək qiymətləndirərək demişdir: "Bizim əməkdaşlığımız qardaş xalqların münasibətləri, qarşılıqlı anlaşma və hörmət əsasında qurulur. Əməkdaşlıq dövlətlərimizin strateji maraqlarına cavab verir. Azərbaycan bir dövlət kimi ildən-ilə daha da möhkəmlənir.Mənə elə gəlir ki, bizim əməkdaşlığımızın etibarlı və xoş gələcəyi var".
Belarus və Azərbaycanın əməkdaşlığı iqtisadi sahədə dinamik inkişaf edir. Yüksək səviyyədə aktiv dövlətlərarası dialoq hesabına ticari-iqtisadi əməkdaşlıq sahəsində bir sıra konkret layihələrin praktikada reallaşdırılması mümkün olub ki, bunun da əsasını 2006-cı ilin oktyabrında iki ölkə prezidentlərinin imzaladıqları 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında dövlətlərarası müqavilə təşkil edir. Son beş il ərzində Belarus məhsullarının Azərbaycana ixracı dörd dəfə artıb. 2010-cu ildə Azərbaycanla Belarus arasında mal dövriyyəsi 146,2 milyon ABŞ dolları (artım tempi 117,3 faiz) təşkil edib.
Göründüyü kimi, Azərbaycan - Belarus əməkdaşlığı sabit tempdə inkişaf etmişdir. Sonrakı illərdə hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı münasibətlər daha da inkişaf etmiş, bir sıra mühüm əhəmiyyətli sənədlər imzalanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Belarusa rəsmi səfəri böyük maraq doğurmuşdur. Çünki Belarusun ağır iqtisadi duruma düşdüyü bir zamanda ölkəmiz tərəfindən təmannasız yardım edilmiş, bu yardım hesabına Belarus böhrandan qismən də olsa, qurtula bilmişdir.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında da Azərbaycanın köməyini xüsusi vurğulayaraq dedi:"Bu gün biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə həm məhdud, həm də geniş tərkibdə çox səmərəli danışıqlar apardıq. Biz dəfələrlə demişik ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu görüşlərdə biz, ilk növbədə, səfərlərimiz zamanı - bizim nümayəndə heyətinin Bakıya, Azərbaycan nümayəndə heyətinin Minskə səfərləri zamanı - qəbul etdiyimiz qərarların icrasına nəzarət edirik. Bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir. Özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq".
Belarus Prezidenti hər zaman Azərbaycana arxa - dayaq olduqlarını diqqətə çatdıraraq bidirdi ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də Siz bizə ümid bəsləyə bilərsiniz. Əgər Sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, Siz həmişə Belarusa arxalana bilərsiniz.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun sərəncamı ilə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdur. Prezident A.Lukaşenko bunu yüksək qiymətləndirərək dedi: "Biz bu ordeni Belarus dövlətinin inkişafına, bizim qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfə vermiş az sayda siyasətçilərə təqdim edirik. Bu tarixi təltif, İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına hörmət əlamətidir".
İki ölkə əməkdaşlığın bünövrəsinni vaxtilə Heydər Əliyev ilə birlikdə yaratdığını vurğulayan Belarus Prezidenti A. Lukaşenko əminliklə bildirmişdir ki, hər iki ölkə strateji tərəfdaşlığı inkişaf etdirməklə münasibətləri daha yüksək səviyyəyə çatdırmaq iqtidarındadır. O, hazırda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi və münasibətlərin bu səviyyəyədə olmasına görə Azətbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirərək dedi: "Lakin o vaxt mənim heç fikrimə də gəlməzdi ki, bizim ümumi evimizin, Azərbaycan ilə Belarusun qarşılıqlı münasibətlərinin yaranmasında bu qədər irəliləyə biləcəyik. Son illərdə Sizinlə birlikdə nə etmişiksə, əməkdaşlığımızın bu və ya digər istiqamətləri üzrə Sizin dəstəyiniz sayəsində mümkün olmuşdur. On il ərzində Sizinlə biz çox iş görmüşük, heç bir başqa ölkə bu qədər iş görməmişdir. Bir daha vurğulayıram, mütəxəssislərimiz, Belarus və Azərbaycan nümayəndə heyətlərinin üzvləri, sözün yaxşı mənasında, bu əməkdaşlığı inkişaf etdirmək sahəsində bizim ideyalara qoşulmuşlar. Yeni layihələrin, təşəbbüslərin yaranması ona dəlalət edir ki, biz Azərbaycan ilə Belarus arasında əməkdaşlığın həcmini iki, bəlkə də üç dəfə artıra bilərik. Mən artıq demişəm, - əməkdaşlığın bu yeni istiqamətlərini burada sadalamayacağam, - qida məhsulları istehsalından tutmuş dava-dərmana, tikintidən tutmuş istehsalatın modernləşdirilməsinə, hərbi-texniki əməkdaşlığa qədər, bir sözlə, ən geniş spektr vardır. Burada heç bir qapalı mövzu yoxdur".
Azərbaycan Prezidenti də öz növbəsində iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırdı. Prezident ölkələr arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini dövlət başçılarının dostluq münasibətləri ilə əlaqələndirdi və bunun birgə işin nəticəsi olduğunu vurğuladı. Dövlətimizin başçısı dedi: "Ölkələrimiz arasında əməkdaşlığın mövcud səviyyəsi bizim birgə işimizin nəticəsidir. Düzgün qeyd etdiniz ki, ölkələrimiz arasında münasibətlərin əsasını mənim atam Heydər Əliyev və Siz qoymusunuz. Lakin son illərdə bu münasibətlər, Sizin tamamilə düzgün səciyyələndirdiyiniz kimi, strateji tərəfdaşlar arasında münasibətlərə transformasiya etmişdir. Prezident İlham Əliyev bildirdi ki, hər iki ölkə çox geniş məsələlər spektri üzrə əməkdaşlıq edir: "Bu əməkdaşlığın dərinləşdirilməsinə aid konkret məsələləri həll edirik, beynəlxalq təşkilatlarda bir-birimizi çox fəal dəstəkləyirik. Keçən ilin payızında BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı Azərbaycanın namizədliyini fəal dəstəklədiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz bu məsələdə Belarusun dəstəyini çox yüksək qiymətləndiririk. Biz başqa beynəlxalq təşkilatlarda da həmişə əməkdaşlıq edirik və həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Ümumiyyətlə, əsl dostluq elə budur - biz həmişə bir-birimizi dəstəkləməyə, imkan olduqda, gücümüz çatan yerdə bir-birimizə səmimi, təmənnasız, dostcasına dəstək göstərməyə çalışırıq. Strateji tərəfdaşlığın mahiyyəti də elə bundan ibarətdir".
Azərbaycan Prezidentinin budəfəki səfəri uğurlu əməkdaşlıq üçün yeni ideyalar yaradır. Qeyd olunmuşdur ki, Azərbaycan nümayəndə heyətinin üzvləri yeni ideyalar irəli sürmək üçün olduqca nikbin və təşəbbüskardırlar. Hətta prezidentlərin Minskdəki geniş tərkibdə görüşü çərçivəsində yeni təşəbbüslər irəli sürüldü və bu təşəbbüslərin tezliklə reallaşdırılacağı bildirilmişdir.
Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirərək dedi:"Bizim münasibətlər səmimilik, qarşılıqlı hörmət və qarşılıqlı dəstəklə səciyyəvidir. Bundan əlavə, bir daha deməliyəm ki, biz əməkdaşlığımızın konkret nəticələrini görəndə bu, bizi daha da ruhlandırır və biz öz münasibətlərimizin daha yeni sahələrini tapmağa çalışırıq. Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır, əksinə, onlar bir-birini qarşılıqlı tamamlayır. Humanitar sahədə əməkdaşlıq xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanda Belarus xalqına böyük rəğbət, Sizin ənənələrinizə, mədəniyyətinizə böyük maraq vardır. Biz Belarusu özümüz üçün artıq çoxdan kəşf etmişik. Hesab edirik ki, Sizin ölkənizi tanıyırıq".
Azərbaycan Prezidentinin Belarusa səfəri zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişafı ilə əlaqədar "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi, əlverişli hüquqi-iqtisadi şəraitin yaradılması haqqında", "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığa dair", "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqında", "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Belarus Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Belarus Respublikası Səhiyyə Nazirliyi arasında dərman vasitələrinin keyfiyyətinə nəzarət və qeydiyyatdan keçirilməsi sahəsində əməkdaşlıq haqında" və "Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında" sazişlər imzalandı. İmzalanan sənədlər gələcəkdə iki ölkə arasında əməkdaşlığa daha böyük töhfələr verəcək. Bütövlükdə isə Prezident İlham Əliyevin Minsk səfəri ölkələrimiz arasındakı hərtərəfli əməkdaşlığın inkişafında yeni mərhələ kimi qiymətləndirilir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.