Türklər dünyanın həm tarixi, siyasi, mədəni, həm də coğrafi baxımdan ən böyük xalqlarından biridir. Sayları təqribən üç yüz milyona yaxın olan bu toplumun yayılma arealı uzaq Kamçatkadan, Çindən, Balkan yarımadasına qədər uzanmaqdadır. Eyni dilə,dinə, tarixi köklərə və mədəni dəyərlərə malik türk xalqları bu gün bütün sahələrdə əlaqələrin genişdəndirilməsi yönündə ciddi səylər göstərirlər.
Türk dünyasının yenidən ortaq dəyərlərə sahib olmaları üçün bir sıra problemlər vardır ki, bu da onların bərabər inkişafına maneçilik törədir. Ortaq dilin və ortaq əlifbanın olmaması,vahid bayrağın, himnin, valyutanın, bank sisteminin və bir sözlə, tam şəkildə iqtisadi və siyasi həmrəyliyin hələ də gerçəkləşməməsi, dünyanın blokları ilə rəqabətdə Türk dövlətlərinin həlli vacib olan bir çox problemlərin həllini yubadır. Lakin bütün bunlarla yanaşı, Türk Birliyinə mane olan bir çox qüvvələrin olmasına baxmayaraq, bu proses gedir və qarşısıalınmaz prosesə çevrilməkdədir. Artıq Türk dövlətləri başçılarının zirvə toplantıları, Türkdilli ölkələrin Parlament Assambleyası, Dünya Türk Gəncləri Birliyi fəaliyyət göstərir və vahidliyin əsas meyarı olan bu tipli qurumların və görüşlərin sayı artmaqdadır.
Vaxtilə bizə xülya kimi görünən Türk xalqlarının birliyi indi öz inkişaf dövrünü yaşayır. 70 il sovet dövründə türkizm elementlərinə qarşı mübarizə xalqlarımızın milli şüuruna ciddi zərbələr vursa da onu tamamilə aradan qaldıra bilmədi. Müstəqillik əldə etdikdən sonra isə birləşmə prosesi olduqca ləng getsə də öz prinsipiallığını hər dəfə nümayiş etdirməkdə davam edir. Bu dəfə də bu prinsipiallıq bütün gücü ilə özünü göstərdi. Bu yaxınlarda Bişkekdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin zirvə toplantısında vahid bayraq qəbul edildi. Bu hadisənin möhtəşəmliyi ondan ibarətdir ki, ortaq bayraq bütün türk xalqlarını əhatə edir. Dünyaya böyük imperiyalar, dövlətlər bəxş edən türklərin tarixin heç bir dövründə vahid bayrağı olmamışdı. Ya bir imperiyanın bayrağı altında digərləri kimi yaşamış, ya da bu xalq tarix səhnəsində eyni vaxtda bir neçə imperiya ilə təmsil olunmuşdur ki, onların da hər birinin öz bayrağı vardı. Məsələn, üç qitədə hökmranlıq edən Osmanlı imperiyası dövründə Şərqin ən güclü dövlətlərindən olan Səfəvilər də mövcud idi. Eyni zamanda bütün Hindistanı və Əfqanıstanı nəzarət altına almış Baburilər (Moğollar) hakimiyyətdə idi. Yəni hər üçü etnik baxımdan türk xalqlarına mənsub olsa da hər birinin ayrı-ayrılıqda bayrağı, marşları və digər dövlətçilik atributları mövcud olmuşdur. Odur ki, bu gün türk dövlətlərinin vahid bayraq qəbul etməsinə təsadüfü və ya biganə yanaşmaq olmaz. Bu, həm də Azərbaycan dövlətinin uğurudur ki, öz xarici siyasətini türk dövlətləri ilə qarşılıqlı inteqrasiya müstəvisində qurub və bu dəsti-xətt öz bəhrəsini verməkdədir. Dili, tarixi və mədəniyyəti eyni olan xalqların yaxınlaşması əvvəlcə çar Rusiyası, daha sonra isə sovet imperiyası tərəfindən bir-birindən uzaq düşmüş milli təfəkkürümüzün yenidən canlanmasını təmin edir. Bu baxımdan, vahid bayrağın qəbulu müstəsna əhəmiyyət kəsb edir. Zirvə toplantısında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sözlərinə görə, vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: "Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazağıstanın bayrağındandır. Biz birlikdə böyük uğurlar qazana bilərik. Yeni bayrağımız Avropa Birliyinin bayrağına bənzəyəcək və bütün respublikalar üçün milli bayraqlarla yanaşı məcburi olacaq." Əhməd Davudoğulunun maraqlı fikirlərində ən vacib amil sonuncu fikirlər oldu. Vahid bayrağın respublikaların milli bayraqları ilə yanaşı məcburi tətbiq olunması bu tədbirin mahiyyətini və çəkisini artırır. Bayrağın məcburi olması ona qarşı ciddiliyin təminatçısına çevriləcək və hər bir türk toplumunda ona qarşı olan ehtiramı gerçəkləşdirəcək. Hər bir türk toplumu vahid bayrağımızı görəndə qardaşlığı, mehribanlığı, bölünməzliyi xatırlayacaq və hər bir fərddə belə milli şüurun ümumtürk səviyyəsində inkişafına təkan verəcəkdir.
Bişkek sammitində bayrağın qəbul edilməsi nə qədər sevindirici olsa da, təəsüfləndirici hallarla da yadda qalmışdır. Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyənin qatıldığı sammitdə Özbəkistan və Türkmənistanın iştirak etməməsi də diqqətdən yayınmadı. Hərçənd ki, bu sıraya Şimali Kipr Türk Respublikasını da əlavə edə bilərik. Lakin hamıya məlumdur ki, Şimali Kipr hələ də BMT tərəfindən müstəqil dövlət kimi tanınmamışdır. Amma Türkmənistan və Özbəkistanın bu məsələlərdə laqeydlik göstərməsi anlaşılan deyildir. Təəssüflər olsun ki, ümumtürk tarixinin müxtəlif dövrlərində də belə hallar baş vermiş və türk xalqlarının siyasi məsələlərdə ortaq məxrəcə gəlməsində çox zaman problemlər yaranmışdır. Burada iki tarixi faktı misal çəkmək kifayətdir: "Biz mülki, Turan əmiri Türküstanıq, millətlərin ən qədimi və ən ulusu Türkün baş buğuyuq" deyən məğlubedilməz sərkərdə Əmir Teymurun məqsədi böyük idi. O, dünyanı tutmaq və Türk cahan hakimiyyəti yaratmaq istəyirdi. Eyni zamanda, Qərbdə Osmanlı dövləti sürətlə güclənir və o zaman Konstantinopol adlandırılan indiki İstanbul şəhərini mühasirəyə almışdı. Osmanlı dövlətinin hökmdarı İldırım Bəyazid də Avropa səlib yürüşlərini məğlub etməklə dünyada şan-şöhrət qazanmışdı. Lakin bu iki türk hökmdarı Avropa dövlətlərinin, Roma papasının araqızışdırıcı məktubları ilə bir-birinə düşmən oldular. Nəticədə Əmir Teymur Sultan Bəyazidi 1405-ci ildə Ankara vuruşmasında məğlub etdi və bu iki böyük orduya sahib olan qüdrətli Türk dövlətləri zəiflədi.
Bundan əlavə, 1514-cü ildə Şah İsmayıl Xətai ilə Sultan Səlim arasında baş verən Çaldıran döyüşü ilə tarixə düşmüş qardaş qırğını yenə də iki qüdrətli türk dövlətini zəiflətmiş, xeyli insan həlak olmuş, beynəlxalq münasibətlərdə istər Osmanlının, istərsə də Səfəvilərin nüfuzu xeyli aşağı düşmüşdü. Burda da əsas amil tarixi mənbələrdən də məlumdur ki, Avropa dövlətlərinin iki qardaş dövlət arasında ixtilaf yaratmaq cəhdləri olmuşdu.
Göründüyü kimi, tarixdə baş vermiş bu hadisələr türk dünyasının birləşməsinə, siyasi məsələlərdə eyni mövqedən çıxış etməsinə əngəl olmuşdur. Bu gün yaxınlaşma, bütövləşmə siyasəti yürüdən bir sıra Türk dövlətləri, xüsusilə Azərbaycan və Türkiyə tarixdə baş vermiş bu hadisələrdən nəticə çıxarmaq və gələcəkdə analoji hadisələrin təkrarlanmaması üçün xeyli əmək sərf edirlər. Bunun nəticəsi olaraq bir vaxtlar heç kimin inanmadığı, şübhə və kinayə ilə baxdığı vahidləşmə prosesi sürətlə getməkdədir. Konkret olaraq vahid bayrağın təsis olunması bu sahədə bir çox cavab tapılmayan məsələlərə aydınlıq gətirdi. Bu, həm də Türk dünyasına düşmən münasibət sərgiləyən bir çox xarici qüvvələrə, xüsusilə Ermənistana bir mesaj idi.
Hazırkı vəziyyətdə hər hansısa qlobal problemlərin həllində ayrı- ayrılıqda siyasət yürütmək, nüfuz sahibi olmaq və nəticə əldə etmək çox çətin, bəlkə də mümkün olmayan bir prosesdir.
Beləliklə, bir çox siyasi və iqtisadi məsələlərin həllində ideoloji bazis əhəmiyyəti daşıyan vahid bayrağa, türk xalqlarının "çətiri" rolunu oynayacaq desək, yanılmarıq. Biz inanırıq ki, bu uğur gələcəkdə xalqlarımızın vizit vərəqinə və ya kimlik vəsiqəsinə çevriləcək və vahid bayraq gününü təntənə ilə keçirməyimiz üçün başlanğıc olacaqdır.
{nl}
Anar TURAN, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.