Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşğun yüksəliş illəri görkəmli filosof, akademik Ramiz Mehdiyevin təbirincə desək, əsl "Milli intibah dövrü" olmuşdur. Bu dövrün hər iki mərhələsi (1969-1982 və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənsə də, ümummilli liderin Xalqa, Vətənə xidməti və hakimiyyətin hər iki mərhələsində qazandığı böyük uğurlar baxımından olduqca oxşardırlar. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir.
Ümummilli lider Heydər Əliyev özünün çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi ilə Azərbaycanın davamlı inkişafının üzunömürlüyünü təmin edən təkmil bir elmi-nəzəri irs, dövlətçilik xətti və siyasi məktəb yaratmışdır. Bu irsin ən görkəmli nümayəndəsi Prezident İlham Əliyevdir. 2003-cü ildə Prezident seçkilərindən sonra "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm",- deyən cənab İlham Əliyevin bu bəyanatı da məhz ulu öndərimiz Heydər Əliyevin ideallarına sadiqlikdən irəli gəlmişdir. Prezident İlham Əliyevin daxili və xarici siyasəti Heydər Əliyev siyasi kursunun davamıdır, onun özünəməxsus novatorluqla, dinamizmlə inkişafı və zənginləşdirilməsi nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 9 il ərzində milli intibahın növbəti şərəfli mərhələsini yaşayır. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərçiyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artıralacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
2008-ci ildə xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində ikinci dəfə prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi.
Son 9 ildə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır. Faktların və arqumentlərin dili ilə desək, bu illər ərzində ölkə iqtisadiyyatı 300%, sənaye istehsalı da 300% artmışdır. Həmin müddətdə 1 milyondan artıq iş yeri açılmışdır. İşsizliyin səviyyəsi təqribən 5,4%-ə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bir sıra inkişaf etmiş dövlətlərdə bu göstərici 15-20% səviyyəsindədir. Yoxsulluq 5 dəfə-500% azalmışdır və hazırda 7,6 % təşkil edir. Büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 44 milyard dollara çatmışdır. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 32 milyard dollara bərabərdir. Xarici borcumuz ümumi daxili məhsulun təxminən 7%-ni təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir. Təkcə 2011-ci ildə ölkə iqtisadiyyatına 21 milyard dollardan artıq investisiya qoyulmuşdur ki, bunun da təxminən 30%-i xarici sərmayələrdir. 2012-ci il iyulun 11-də Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev giriş nitqində qeyd etmişdir ki, ölkəmiz üçün xarakterik olan iqtisadi inkişaf bu ilin 6 ayı ərzində də qorunub saxlanılmış, ÜDM 1,5% artmışdır. Dövlətimizin başçısı vurğulamışdır ki, bu rəqəm əvvəlki dövrlərlə müqayisədə o qədər də böyük rəqəm deyildir. Ancaq ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri vardır. İqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. Ölkəmizdə son 6 ayda infilyasiyanın səviyyəsi cəmisi 2,2 % təşkil etmişdir. Əhalinin pul gəlirləri isə 14,2 % təşkil etmişdir. Başqa sözlə, əhalinin pul gəlirləri infilyasiyanı 12% üstələmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Belə Dövlət Proqramlarından "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)"), "Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", "Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2011-2013-cü illər)", "Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" və s. qeyd etmək olar. Ümumən, Azərbaycanda belə məqsədyönlü proqramların sayı təqribən 50-yə yaxındır.
Aparılan düzgün siyasətin nəticəsində Azərbaycan hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərindən asılı olmayan regional lider dövlət səviyyəsinə yüksəlmişdir. Akademik Ramiz Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı fundamental tədqiqatında qeyd olunduğu kimi, bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizini və demoqrafiyasının 65 faizini təmsil edən modernləşdirilmiş Azərbaycan tədricən Avropa geoiqtisadiyyatının və regional geosiyasətin intellektual və informasiya mərkəzinə, onun mühüm tərkib hissəsinə transformasiya olunur. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə dünyada 55-ci, MDB məkanında isə birinci ölkə olaraq təqdim olunmuşdur. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hazırlığına görə də MDB məkanında birinci mövqedədir. BMT-nin hesabatına görə, insan inkişafı indeksinə görə də ən böyük sıçrayışı məhz Azərbaycan etmişdir. Böyük Britaniyanın nüfuzlu HSBC bankının "2050-ci ildə dünyanın ən böyük 100 iqtisadiyyatı" adlı proqnozuna əsasən, 2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatları siyahısına indiki MDB-dən yalnız 7 ölkə düşə biləcəkdir. Bu, Rusiya (15-ci yer), Ukrayna (40), Özbəkistan (50), Qazaxıstan (53), Azərbaycan (65), Belarus (75) və Türkmənistandır (86). Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan isə bu siyahıya düşməmişdir.
Azərbaycan rəhbərliyi ölkəni artıq 2021-ci ilə-müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümünə qədər vətəndaşların yaşayışı üçün daha firavan məkana çevirməyi qarşısına məqsəd qoymuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, "ölkəmizin daha yaxşı olması, insanların daha yaxşı yaşaması, Azərbaycanın şöhrətinin artması" üçün ediləcəkdir.
Ölkəmizin qeyd olunan iqtisadi uğurlarının əldə edilməsində, heç şübhəsiz, düzgün enerji siyasətinin aparılması müstəsna rola malikdir.
Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 mlrd. tondan artıq neft və 2,6 trln. kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində 2006-cı ildə Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyiyyət kəsb etmişdir. BTC sutkada 1 mln. barrel, ildə 50 mln ton neftin ixracını həyata keçirir. BTƏ boru kəməri ilə isə ildə 25 mlrd kubmetr qaz ixrac edilir. Təkcə "Şahdəniz" yatağında təsdiqlənmiş qaz yaraqları 1,2 trln. kubmetr təşkil edir. Təxminən, "Ümid" yatağında 200 milyard kubmetr, "Babək" yatağında 400 milyard kubmetr, "Abşeron" blokunda aşkar edilmiş yeni böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Hazırda neft-qaz sektoruna qoyulan investisiyalar 50 milyard dollar səviyyəsindədir. Bütövlükdə 1995-ci ildən ölkə iqtisadiyyatına 120 milyard dollar investisiya qoyulmuşdur. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında ya yeni qaz bazarlarına çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi durur. Elə bu vəzifədən irəli gələrək 2011-ci ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub" nəqliyyat dəhlizi haqqında bəyannamə imzalanmışdır. Qeyd edilən istiqamətdə növbəti mühüm addım olaraq bu il oktyabrın 25-də İzmirdə ARDNŞ, bp-Azərbaycan və Türkiyənin "BOTAŞ" şirkəti "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunan qazın Avropa bazarlarına çıxışını təmin edəcək sazişlər paketi imzalamışdır. Paketə 25 sənəd, o cümlədən "Şahdəniz-2" mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz tədarükünün həcmi, Türkiyə ərazisindən nəql olunacaq Azərbaycan qazının tranzit sazişi və digər razılaşmalar daxildir. Bununla da uzun illərdir Avropanın enerji siyasətində ciddi müzakirə olunan Azərbaycan qazının dünya bazarlarını çıxışı istiqamətində olduqca əhəmiyyətli addım atılmışdır. Görülən bu işlərin məntiqi nəticəsi olaraq cari ilin iyun ayında TANAP layihəsinə start verilmişdir. Prezident İlham Əliyev yuxarıda qeyd olunan Nazirlər Kabinetinin iclasındakı yekun nitqində bu layihəni öz əhəmiyyətinə görə tarixi layihə kimi dəyərləndirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, ən azı son yeddi il ərzində bu məsələ ilə bağlı müzakirələr gedir, ancaq nəticə yox idi. Belə olan halda biz qərara gəldik ki, bu sahədə də Azərbaycan liderliyi üzərinə götürməlidir. Necə ki, 1990-cı illərin ortalarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası ilə bağlı liderliyi, bütün məsuliyyəti və öhdəlikləri öz üzərinə götürmüşdür. Biz gördük ki, əgər bu sahədə də liderliyi üzərimizə götürməsək, bu danışıqlar hələ bəlkə bir on il də heç bir nəticəsiz davam edəcəkdir. Qısa müddət ərzində türkiyəli tərəfdaşlarımızla bu məsələ ilə bağlı müzakirələr, danışıqlar aparıldı. Layihəyə ad verildi - TANAP, Trans-Anadolu Qaz Kəməri. Bütün məsələlər həllini tapdıqdan sonra keçən ay İstanbul şəhərində gözəl mərasim keçirildi və TANAP ilə bağlı bütün sənədlər imzalandı. Yəni, bu layihəyə start verildi. Bir daha vurğulamaq istəyirəm ki, bu layihə sırf Azərbaycan-Türkiyə layihəsidir. Pay bölgüsü 80 faiz Azərbaycan, 20 faiz Türkiyə tərəfinə çatacaqdır. Pay bölgüsü bu əsasda aparılmışdır. Bu pay bölgüsü, eyni zamanda, maliyyə öhdəliyini göstərir. Yəni, biz hazırıq ki, layihənin 80 faizinin maliyyəsini özümüz təmin edək. Eyni zamanda, mən bunu elan etmişəm, bu gün də demək istəyirəm ki, bu layihə tərəfdaşlar üçün, bizim üçün dost olan şirkətlər, Azərbaycanda uzun illər fəaliyyət göstərən şirkətlər üçün də açıqdır. Əgər hər hansı bir şirkət bu layihədə səhmdar, investor kimi iştirak etmək istəyərsə, biz buna müsbət baxacağıq. Əlbəttə, biz qərar verəcəyik ki, hansı şirkətlər bu layihədə iştirak edə bilər.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi "yeni neft diplomatiyası"nın möhtəşəm nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.
Azərbaycan Avropa ölkələri ilə inkişaf edən enerji siyasəti digər dövlətlərə qarşı yönəlməmişdir. Ölkəmiz bu istiqamətdə həm Rusiya, həm də İranla əməkdaşlıq kursunu həyata keçirir. Bu siyasət respublikamızın enerji nəqlində prioritet verdiyi diversifikasiya (şaxələndirmə) xəttindən qaynaqlanır.
Məhz belə praqmatik siyasətin nəticəsində dünyada Azərbaycanın dostlarının sayı artmışdır. Bu uğurun əldə edilməsində ölkəmizin xarici ölkələrdəki səfirlik və diaspor təşkilatlarının da böyük töhfəsi vardır. Əgər 2006-cı ildə Azərbaycan beynəlxalq aləmdə 46 səfirlik və konsulluqla təmsil olunurdusa, 2011-ci ildə bu göstərici 65-ə çatmışdır. Bu isə öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, təsir imkan və rıçaqlarının daha da genişlənməsi deməkdir. Bu prosesdə həlledici həlqələrdən birini də məhz dünyadakı diaspor təşkilatlarımız təşkil edir. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünyada yaşayan azərbaycanlılarla koordinasiya olunmuş dövlət siyasətini həyata keçirmək üçün 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarala İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanan qurum 10 illik fəaliyyəti ərzində dünyadakı diaspor təşkilatlarımızın möhkəmlənməsi və onların yaşadıqları ölkələrin siyasi həyatının mühüm elementinə çevrilməsi istiqamətində kifayət qədər səmərəli fəaliyyət göstərməkdədir. Təsadüfi deyildir ki, Dünya azərbaycanlılarının III qurultayında "Dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşmışdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatmışdır",-deyən Prezident İlham Əliyev xaricdə fəliyyət göstərən diaspor təşkilatlarımızın yaşadıqları ölkənin daxili siyasətinin amilinə çevrilməsi vəzifəsini irəli sürmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı çıxışında vurğulamışdır ki, soydaşlarımız-azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında, qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da bir o qədər inamla müdafiə olunacaqdır. Azərbaycan nə qədər güclü olsa, soydaşlarımız özlərini bir o qədər də əmin, rahat hiss edəcəklər.
Heç şübhəsiz, dövlət idarəçiliyi və onun müxtəlif istiqamətləri üzrə əldə edilən bu uğurlar Ermənistanın ölkəmizə qarşı xarici havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti olmasaydı daha böyük miqyas ala bilərdi. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi vardır və bu mövqe həm tarixi həqiqətə, həm də beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə start verdiyi "Praqa prosesinə" sadiqdir. Bu proses çərçivəsində münaqişənin "mərhələli həll" yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı "Madrid prinsipləri"ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüş və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunmuşdur. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) "5+2" formatında, yəni əvvəlcə 5 rayonun, 5 ildən sonra isə daha 2 rayonun azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Yalnız növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks olunmuşdur. Konfidensial xarakterli "Madrid prinsipləri"ndən geniş ictimaiyyət üçün məlum müddəlar bunlardan ibarətdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti olmayıb və heç zaman da olmayacaqdır. Danışıqlar prosesində konkret nəticə olmasa da, son zamanlar beynəlxalq vasitəçilərin münaqişə ətrafında formalaşmış status-kvonun dəyişdirilməsinin vacibliyi ilə bağlı davamlı bəyanatlar səsləndirməsi təqdirəlayiq haldır. Münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və münaqişənin həlli yolu yalnız bundan keçir. Cənab Prezidentin təbirincə desək, iqtisadi artım, iqtisadi potensial, demoqrafik durum və əlbəttə, hərbi güc münaqişənin tezliklə həll olunması üçün öz rolunu oynayır və oynayacaqdır.
Hərbi güc məsələsinə toxunarkən onu da xüsusi olaraq qeyd edək ki, bu gün ölkəmizin hərbi xərcləri 3,6 milyard dollara bərabərdir. Bu, yoxsulluq içərisində yaşayan Ermənistanın dövlət büdcəsindən 50% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ölkəmizin hərbi büdcəsi cəmisi 160 milyon dollar təşkil etmişdir.
Beləliklə, bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik olan dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT TŞ-ya 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir.
155 ölkənin Azərbaycanın lehinə səs verməsi əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır. Bu tarixi qələbəyə ən yüksək qiyməti də elə Prezident İlham Əliyev vermişdir. Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibətilə verdiyi bəyanatda qeyd etmişdir ki, "Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür. 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçib. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcək".
Bu tarixi zəfər BMT TŞ çərçivəsində son dərəcə gərgin mübarizə nəticəsində əldə olunmuşdur. Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə ayrılmış yeganə yer uğrunda mübarizə aparırdı. Ermənistan mötəbər quruma üzvlük xülyasına düşsə də, miskin vəziyyətini dəyərləndirib, mübarizədən dərhal kənarlaşmışdı. Müqayisə üçün qeyd edək ki, Afrika və Asiya-Sakit okean regionundan beş ölkə təşkilata öz namizədliyini irəli sürmüşdü. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo idi. Bu dövlətlər 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriyanın tərk edəcəyi yerlər uğrunda mübarizə aparırdılar. Braziliyanın tərk edəcəyi yerə isə yalnız bir ölkə - Qvatemala öz namizədliyini irəli sürmüşdü. Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, digər namizəd ölkələr artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olmuşdular.
Reqlamentə əsasən qeyri-daimi üzvlüyə gizli keçirilən seçkilərdə Azərbaycanın hər iki rəqibi kifayət qədər güclü idi. Hər iki Avropa dövləti həm NATO-nun, həm də Avropa İttifaqının üzvü idi. Macarıstan elə ilk turdan az səs topladığından mübarizəni dayandırmalı oldu. Mübarizənin tərəfləri qismində Azərbaycan və Sloveniya çıxış edirdi. Onu da qeyd edək ki, Sloveniya 1998-1999-cu illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olmuşdur. Səsvermənin 4-cü və 5-ci raundlarında Azərbaycanla Sloveniya arasındakı səs fərqi təxminən bərabər idi: Azərbaycanın xeyrinə 93, Sloveniyanın xeyrinə isə 96 səs verilmişdi. Artıq 6-cı raund səsvermədə Azərbaycan Sloveniyanı 1 səs üstələyə bilmişdir. Növbəti 7-ci raundda isə Azərbaycan 9 səs fərqi ilə Sloveniyanı geridə qoymuşdur. Səsvermənin 9-cu raundundan sonra isə bu fərq 36-ya çatmışdır. Yalnız gizli səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya nümayəndəsi seçkidə məğlubiyyətin qaçılmaz olduğunun fərqinə vararaq, ölkəsinin namizədliyini geri götürməyə məcbur olmuşdur. Beləliklə, gərgin mübarizədə rəqiblərini yarı yolda qoyan Azərbaycanın möhtəşəm qələbəsi təmin olunmuşdur.
Məlumat üçün qeyd edək ki, keçmiş sovet respublikalarından indiyədək yalnız Ukrayna (2000-2001-ci illərdə) BMT TŞ-nin üzvü olmuşdur. Ümumən, BMT-nin üzvü olan 193 ölkədən indiyədək 110-dan çoxu ayrı-ayrı vaxtlarda sözügedən təşkilatın qeyri-daimi üzvü seçilmişdir.
BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, BMT-nin Baş Məclisi Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və müdafiəsi işinə verdiyi konkret töhfələrə xüsusi əhəmiyyət verir. Məsələyə bu kontekstdə yanaşdıqda Azərbaycanın BMT TŞ-ya 2 il müddətinə qeyri-daimi üzv seçilməsi tamamilə məntiqi olub, ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrə tam adekvat idi. Fikrimizi əsaslandırmağa çalışaq. Əvvəla, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi hücum taktikasına hesablanan çevik xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə müsbət imicini formalaşdırmış, respublikamızı etibarlı tərəfdaşa çevirmiş, dostlarımızın sayını xeyli artırmışdır. Azərbaycan diplomatiyasının seçkiqabağı dövrdə apardığı məqsədyönlü və çoxşaxəli fəaliyyət öz müsbət nəticəsini vermişdir. Bakıda BMT Baş Məclisinin üzvü olan dövlətlərin səfirləri ilə keçirilən görüşlər seçkinin nəticələrinə təsirsiz qalmamışdır. İkincisi, Azərbaycan Kosovada, Əfqanıstanda və İraqda beynəlxalq sülhyaratma prosesinə və beynəlxalq terrorizmə qarşı qlobal mübarizə işinə əsaslı və ciddi dəstəyi ilə beynəlxalq birliyin etimadını qazana bilmişdir. Üçüncüsü, Azərbaycanın BMT-nin donor ölkələr kateqoriyası çərçivəsində Somalidə aclığın aradan qaldırılması məqsədilə bu ölkəyə 100 min ABŞ dolları civarında göstərdiyi humanitar yardımlar da beynəlxalq birliyin nəzərindən yayınmamışdır. Dördüncüsü, Azərbaycanın dünyanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyində xüsusi mövqeyə malik olması da seçki prosesinin məlum nəticəsinin əldə edilməsində əsaslı rol oynamışdır. Beşincisi, aparılan məqsədyönlü və səmərəli işin nəticəsi olaraq, ölkəmizin 2011-ci il mayın 26-da İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçililməsi ilə bu kateqoriyadan olan dövlətlərin də seçkilərdə loyal mövqeyini qazana bilmişdir.
Altıncısı, Azərbaycanın ötən ildə YUNESKO-nun 36-cı sessiyası zamanı təşkilatın bir neçə vəzifə və alt-qurumlarına üzv seçilməyə nail olması, xüsusilə də tədbir çərçivəsində ölkəmizin yekdilliklə Baş Konfransın vitse-presidentlərindən biri seçilməsi BMT TŞ-ya üzvlüyə səsvermə prosesində qazandığımız uğurun təminatında vacib rol oynamışdır.
Bir sözlə, sadalanan və digər amillərin ümumi məcmusu kontekstində məsələyə qiymət versək, bir daha əmin olmaq olar ki, bu qələbə təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən son dərəcə gərgin və məqsədyönlü fəaliyyətin nəticəsində əldə olunmuşdur.
Bu il may ayının 1-dən etibarən Azərbaycan BMT TŞ-da sədrlik etməyə başlamışdır. Ölkəmiz estafeti aprelin 1-dən TŞ-ya sədrlik edən ABŞ-dan almışdır. Hazırda BMT çərçivəsində yeni statusu ilə bağlı Azərbaycan diplomatiyası qarşısında duran ən vacib məsələ ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması ilə bağlıdır. Xatırladaq ki, BMT TŞ hələ 1993-cü ildə Dağlıq Qarabağa dair qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrlə Azərbaycan ərazilərinin işğalı faktını pisləmiş və erməni silahlı qüvvələrini zəbt etdikləri torpaqlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırmışdır. Təəssüf ki, bu qətnamələr hələ də real işlək mexanizmlərinə malik deyildir. Heç şübhəsiz, Azərbaycan BMT TŞ-yə üzvlük statusundan istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü, o cümlədən Ermənistan tərəfindən məlum qətnamələrin tələblərinin yerinə yetirilməməsi məsələsini qurumun gündəliyinə çıxarmaq imkanına malikdir. Məlum olduğu kimi, BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi icbari xarakter daşıyır. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və işğalçı tərəfə qarşı məcburetmə mexanizmlərinin tətbiq edilməsi üçün əlavə imkanlar əldə etmişdir.
Belə imkanların təsdiqi kimi, onu da qeyd edək ki, mayın 4-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr olunan iclası keçirilmişdir. İclasda BMT Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri kimi Azərbaycanın təklif etdiyi bəyanat qəbul edilmişdir.
BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında çıxış edən Prezident İlham Əliyev münaqişələrin münbit şərait yaratdığı beynəlxalq terrorçuluqla mübarizəyə BMT çərçivəsində sistematik və razılaşdırılmış yanaşmanın vacibliyini qeyd etmişdir. Dövlət başçısının sözlərinə görə, ölkələr arasında həll olunmamış münaqişələr, təcavüzkar separatçılıq meylləri terror fəaliyyətinin genişlənməsinə şərait yaradır. Beynəlxalq ictimaiyyət münaqişələrin beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan norma və prinsipləri əsasında həllinə çalışmalı, ölkələrə öz ərazilərində suverenliklərinin bərpasında yardım etməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev BMT kürsüsündə çıxışı zamanı Ermənistanın dövlət terrorizmi siyasətini ifşa etmiş və onun nəticələri haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırmışdır: "Ermənistan Respublikası Azərbaycan Respublikasının mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktları törədibdir. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı öz həyatını itiribdir. Ermənistan öz güc strukturlarının bilavasitə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törədibdir. Dağlıq Qarabağ münaqişəsinin aktiv fazasında Ermənistan etnik təmizlənməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə edibdir. Bu vəhşilik Xocalı sakinlərinin məhv edilməsi ilə kuliminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan-qadın, uşaq və qoca öz həyatlarını itiriblər. 100-dən artıq qadın, 63 uşaq qətlə yetirilibdir".
Prezident İlham Əliyevin BMT TŞ-da xüsusi iclasa sədrlik etməsi və bu mühüm beynəlxalq kürsüdən Azərbaycan həqiqətlərini dünyaya çatdırması bir daha sübut edir ki, ölkəmiz bu mötəbər qurumun imkanlarından maksimim faydalanmaq üçün bütün qüvvələrini səfərbər etmişdir və belə olan təqdirdə diplomatiyamızın növbəti daha böyük qələbələrə imza atacağı labüd görünür.
Beləliklə, Azərbaycanın 2 il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsi əslində dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Bu tarixi uğur banisi ümummilli lider Heydər Əliyevin olduğu və Prezident İlham Əliyev tərəfindən novatorcasına və dinamik şəkildə davam etdirilən daxili və xarici siyasət kursunun təntənəsidir.
{nl}
Elman NƏSİROV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.