Şriftin ölçüsü:
25.08.2012 11:32 | Oxunma sayı: 642
Meydanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır
Avqustun 22-də Mexiko şəhərinin Tarixi Mərkəz rayonu ərazisində Tlakskoake-Xocalı meydanının və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir.
Təntənəli açılış mərasimində Meksikada rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Qeyd edək ki, Tlakskoake-Xocalı meydanının yerləşdiyi Tarixi Mərkəz rayonu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Tlakskoake-Xocalı meydanında Azərbaycan hökuməti tərəfindən təmir-bərpa və abadlıq işləri aparılmışdır.
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov mərasimdə çıxış edərək iki il bundan əvvəl Mexiko şəhərinin Tarixi Mərkəz rayonunda Tlakskoake-Xocalı meydanının təmir-bərpa işlərinin və burada Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımına həsr edilmiş abidənin ucaldılması ilə bağlı layihənin uğurla başa çatdığını bildirmişdir. Diplomat, həmçinin meydanın ərazisindəki orta əsrlərə aid tarixi kilsənin də təmir olunduğunu və bu məbədə kilsə zənglərinin hədiyyə edildiyini diqqətə çatdırmışdır.
Xocalıda erməni vandalların törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verən İ.Muxtarov qeyd etmişdir ki, bu soyqırımının beynəlxalq miqyasda tanınması prosesində 2011-ci ildə Meksika Senatı və Deputatlar Palatasında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsi müzakirə edilmiş və müvafiq qətnamələr qəbul olunmuşdur.
Mexikonun şəhərsalma və inkişaf naziri Felipe Leal, Tarixi Mərkəz rayonunun, habelə Meksika Katolik Kilsəsinin rəhbər nümayəndələri çıxış edərək Azərbaycan hökumətinə şəhərin rəhbərliyi və sakinləri adından minnətdarlıqlarını bildirmişlər. Onlar da Xocalı soyqırımı barədə iştirakçılara məlumat verərək Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə, cinayətkarların cəzalarına çatacaqlarına əmin olduqlarını vurğulamışlar.
Nazir F.Leal meydanın və buradakı abidənin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı soyqırımına həsr olunduğunu bildirərək Mexiko şəhər hökumətinin bu addımının Azərbaycan ilə daha sıx əməkdaşlıq etmək niyyətinin göstəricisi olduğunu söyləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və xalqımızın salamlarını mərasim iştirakçılarına çatdıran Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan və Meksika xalqları son iki əsrdə keçdikləri tarixi yolu, müstəqillik əldə etmək uğrunda apardıqları mübarizəni, qədim adət-ənənələrini, mədəniyyətlərini və bir çox digər ümumi dəyərlərini bölüşürlər. Bu isə öz növbəsində ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına zəmin yaradır.
Əli Həsənov ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını və bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləmişdir.
Ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı barədə mərasim iştirakçılarına məlumat verən Əli Həsənov vurğulamışdır ki, faciə zamanı yüzlərlə insan, o cümlədən qoca, uşaq və qadınlar amansızcasına qətlə yetirilmişlər. Bu, insanlığa qarşı böyük bir cinayətdir və heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəkdir.
Əli Həsənov qeyd etmişdir ki, Xocalı faciəsinə həsr olunmuş bu abidənin Azərbaycandan çox uzaqlarda - Meksika torpağında ucaldılması, Mexiko şəhərinin tarixi mərkəzində yer ayrılması, Meksika xalqının ədalətli, sülhsevər və demokratik bir cəmiyyət olduğunun bariz nümunəsidir. Biz bu ehtirama görə Mexiko şəhərinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Ötən il Meksika Konqresində Xocalı faciəsi ilə bağlı məsələnin müzakirə edilməsi və Deputatlar Palatası tərəfindən bu cinayətin soyqırımı kimi tanınmasına toxunan Əli Həsənov öz demokratikliyini və ədalət prinsiplərinə sədaqətini nümayiş etdirmiş Meksika Konqresinin üzvlərinə dərin hörmət və ehtiramını çatdırmışdır.
Sonda Əli Həsənov məmnunluqla qeyd etmişdir ki, bu meydan Mexiko şəhərinin sakinlərinin istirahət və Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmə yerinə çevriləcəkdir.
Daha sonra tədbirdə Mexiko şəhərinin meri Marselo Ebrard çıxış edərək bildirmişdir ki, Tlakskoake-Xocalı meydanının şəhərin Tarixi Mərkəz rayonu ərazisində, bir çox digər ölkə və beynəlxalq əhəmiyyətli tarixi abidələr və muzeylərlə bir arada yerləşməsi, buranın gələcəkdə şəhərin sakinləri və qonaqlarının sevimli gəzinti yerinə çevriləcəyinə zəmin yaradır.
Tlakskoake-Xocalı meydanının Mexikonun ən möhtəşəm istirahət məkanı olduğunu qeyd edən mer M.Ebrard demişdir ki, şəhərdə ilk dəfə olaraq burada 20 metr hündürlüyündə proqramlaşdırılmış musiqili və rəngli fontan qurğusu yaradılmışdır. M.Ebrard bildirmişdir ki, bu meydan ölkələrimiz arasında qarşılıqlı hörmət, gələcəkdə daha sıx və geniş əməkdaşlıq yaratmaq niyyətlərindən xəbər verir.
Təntənəli açılış mərasimindən sonra Tlakskoake-Xocalı meydanında Mexiko şəhərinin simfonik orkestri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert verilmişdir.
{nl}
Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.