Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri Milli Məclisdə olmuşdur

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı (SƏK) Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyx iyunun 17-də Milli Məclisə gəlmişdir.
Səudiyyə Ərəbistanı parlamentinin sədri Milli Məclisin iclas salonuna baxmış, Heydər Əliyev Xatirə zalında olmuşdur. Burada qonağa ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin, dövlət və hökumət üzvlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyev ilə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkə parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri barədə məlumat verilmişdir.
Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyx Xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə SƏK Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyx arasında görüş olmuşdur.
Milli Məclisin sədri Oqtay Əsədov onun dəvətini qəbul edib Azərbaycana səfərə gəldiyinə görə qonağa minnətdarlıq etmişdir. O.Əsədov ölkələrimiz arasında əlaqələrin qədim tarixindən danışmış, müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirmiş və bunu müsbət dəyərləndirmişdir. Milli Məclisin sədri demişdir ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri vardır. 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin, 2005-ci ildə isə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri münasibətlərimizin inkişafında yeni səhifə açmışdır. Dövlət başçılarının keçirdikləri səmərəli görüşlər, imzalanmış çoxsaylı sənədlər hər iki tərəfə fayda gətirmiş, əməkdaşlığın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
O.Əsədov ikitərəfli əlaqələrin inkişafında parlamentlərin də rolunu qeyd etmiş, dostluq qruplarının qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycanda həyata keçirilən hüquqi, demokratik, iqtisadi islahatların müsbət nəticələri barədə ətraflı məlumat verən O.Əsədov demişdir ki, Ermənistanın hərbi təcavüzünün davam etməsi bu inkişafa ciddi əngəl törədir. Biz bu münaqişənin həllində nümayiş etdirdiyi həmrəyliyə, qaçqın və məcburi köçkünlərə etdiyi humanitar yardımlara, Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü daim dəstəklədiyinə görə, Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə və xalqına minnətdarlığımızı bildiririk. SƏK-in bu günədək Ermənistanla diplomatik əlaqələr qurmamasını da yüksək qiymətləndiririk.
Milli Məclisin sədri SƏK-in Azərbaycandakı keçmiş səfirinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirmiş və demişdir ki, səfirin Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunması onun əməyinə verilmiş yüksək qiymətin bariz nümunəsidir.
Dəvətə və Azərbaycanda göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyx demişdir ki, Şura Məclisinin sədri seçildikdən sonra 20-dən çox ölkəyə dəvət almışdır. Şura Məclisinin sədri kimi 4-cü xarici səfərimi Azərbaycana etdim və bundan çox məmnunam. İnanıram ki, bizim səfərlərimiz parlamentlərarası əlaqələrin, eləcə də digər sahələrdə münasibətlərimizin daha da genişlənməsində mühüm rol oynayacaqdır. SƏK Şura Məclisinin sədri qanunverici orqanların əməkdaşlığını, xüsusilə də dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirmiş, Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında