Qulu NOVRUZOV: İctimai Palata adlı qurumun təhsil sahəsi ilə bağlı səsləndirdiyi tənqidlərin heç bir əsası yoxdur

"Bu yaxınlarda İctimai Palata adlı qurum ölkəmizdə təhsil sahəsində vəziyyəti müzakirə edib. Bu müzakirələrdə səslənən tənqidlərin heç bir əsası yoxdur. Həmin tədbirdə özlərini "universal" ekspertlər hesab edən adamlar "təhsil ekspertliyini" də öz üzərlərində sınaqdan keçiriblər". Bu fikirləri yap.org.az saytına açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib.
Q.Novruzov bildirib ki, İctimai Palatanın tədbirində Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı haqqında da cəfəng fikirlər səslənib. Onun sözlərinə görə, xüsusilə Qubad İbadoğlu bu məsələyə toxunaraq özünün bu sahədə nə qədər "bilikli olduğunu" nümayiş etdirməyə cəhd göstərib: "Bu şəxs Dövlət Neft Fondundan bu sahəyə kifayət qədər vəsait ayrıldığını bildirir və iddia edir ki, proqram üzrə təhsil alanların əksəriyyəti eyni regionun, eyni zümrənin təmsilçiləridirlər ki, onların da böyük əksəriyyəti Azərbaycana qayıtmırlar. Nə dərəcədə məsuliyyətsiz olmalısan ki, belə fikirlər səsləndirəsən. İnsan bilmədiyi məsələdən danışmamalıdır.
Çox maraqlıdır ki, Q. İbadoğlu dövlət proqramı ilə yaxından tanış olduğunu desə də, nə qədər məntiqsiz, məsuliyyətsiz bəyanat səsləndirir. Bu adam əvvəllər də dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların yüksək vəzifəli məmur övladları olduğunu deyib. Mən bir daha qeyd edirəm ki, o, proqram çərçivəsində xaricdə ali təhsil almağa göndərilən 1200 nəfər tələbədən 12 nəfər məmur uşağının adını açıqlayarsa, mən onun haqlı olduğunu iddia edərəm. Amma məsələ burasındadır ki, bu proqramda sıravi vətəndaşların övladları iştirak edir. Yəni, sadə peşə sahiblərinin, təqaüdçülərin, müəllimlərin, işsiz və s. sadə ailələrin övladları proqram çərçivəsində xaricdə təhsil almağa göndərilirlər".
Q.Novruzov bununla bağlı nazirliyin hər cür araşdırma aparmağa hazır olduğunu bəyan edib. Müxalifətçilərə belə məsuliyyətsiz bəyanatlar səsləndirməməyi tövsiyə edən Q.Novruzov dövlət proqramı çərçivəsində oxuyan azəbaycanlı gənclərin sonradan xaricdə qaldıqları barədə iddiaları da təkzib edib. Onun sözlərinə görə, bu faktlar mövcud deyil: "Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların sosial bazası ilə bağlı xüsusi araşdırmalar, təhlillər aparırıq və xaricə göndərilən gənclərin 98 faizi sadə ailələrin üzvlədiridir. Bəzi şəxslərin isə bilmədikləri məsələlər, proqramın təqaüdçüləri barədə belə qarayaxmalar danışması təəssüf doğurur.
Ən acınacaqlısı odur ki, həmin "ekspertlər" bu sahə ilə yaxından tanış olduqlarını iddia edirlər. Onların diqqətinə bir məsələni çatdırmaq istəyirəm ki, Təhsil Nazirliyi dövlət proqramının təqaüdçülərinin seçimini aparmır. Nazirlik xarici dövlətlərin ali məktəbləri tərəfindən dəvət almış, onların qəbul şərtlərini ödəmiş və dövlət proqramının təqaüdünə müraciət etmiş namizədlərin uyğunluğunu yoxlayaraq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edir. Burada seçim belədir ki, namizəd müraciət edərkən TQDK-nın balları əlində olur. Bu bal onlara uyğunluğun seçilməsində mühüm bir kriteriyadır. Bu o deməkdir ki, artıq seçimin birinci mərhələsi TQDK tərəfindən, ikinci mərhələsi isə xarici ali məktəblər tərəfindən aparılır.
Təhsil Nazirliyi yalnız namizədlərin proqramın şərtlərinə uyğunluğunu yoxlayıb onları Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edir. Bu Komissiya tərəfindən namizədliklər təsdiq olunqduqdan sonra tələbələrin təhsil yerlərinə göndərilmələri və təhsillərinin maliyyələşdirilməsi ilə bağlı prosedurlar həyata keçirilir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında