Sovet dövründə televiziyadakı "Beynəlxalq panoram" ilə əsas xəbərlər proqramı olan "Vremya" ("Zaman") bizlər üçün beynəlxalq siyasət aləminə açılmış bir pəncərə idi. İdeoloji mülahizələrdən onlar faktları təhrif etməkdə püxtələşmişdilər. Biz, "oktyabryat-pioner-komsomol-kommunist" məktəbini keçmiş insanlar, SovİKP MK Siyasi Bürosunun nifrət etdiklərinə nifrət edir, dost saydıqlarını özümüzə dost sayırdıq.
{nl}
Bu səbəbdən də Luis Korvalan, Anjela Devis, Fidel Kastro, Yasir Ərəfat və başqalarının dedikləri bizim üçün xüsusi maraq kəsb edirdi. Dünyanın qaynar nöqtələrində - Fələstin, Anqola, Əfqanıstan, Vyetnam və Nikaraquada Sovet İttifaqının maraqlarını öz şəxsi marağımız kimi qəbul edirdik. Əgər hər hansı bir ölkədə avantüristlər çevriliş edərkən desəydilər ki, onlar sosializm yolu ilə gedəcəklər, biz sevinirdik.
Artıq dünya dəyişib. İndi biz əvvəlki Sovet İttifaqının daxilindəki qaynar nöqtələri seyr edirik. Dünənin oktyabryat və pionerləri, komsomolçu və kommunistləri bu gün bir-birlərinə güllə atırlar. Münaqişə ocaqlarından biri də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağdadır. Bu gün bizi daha çox Qarabağ haqqında edilən çıxışlar və bəyanatlar maraqlandırır. Son 20 ildə dünyada fövqəldövlətlərin və nüfuzlu təşkilatların başçıları dəyişdikcə, onlardan hər biri Qarabağ haqqında nə isə deyir və münaqişənin dinc yolla həll olunmasında maraqlı olduğunu söyləyir. Artıq 2012-ci ildir və gözümüz önündə münaqişənin çözülməsi prosesinə az-çox aidiyyəti olan başqa simalar durubdur. Bu qəbildən olan simaların söylədikləri bizim üçün müəyyən maraq kəsb etdiyinə görə onların bəzilərini nəzərdən keçirək.
9 iyulda ATƏT Parlament Assambleyasının plenar yığıncağında erməni nümayəndə heyətinin başçısı, təlxək çıxışlarına görə Ermənistanda "Jirinovski" ləqəbini qazanmış, Serj Sarkisyanın isə "baraban" adlandırdığı Artaşes Qeqamyan da çıxış etdi.
Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərovun "Minsk qrupu - ölü təşkilatdır" ifadəsinə A.Qeqamyanın şizofrenik cavabı erməni siyasi düşüncəsinin "şedevridir": "təşkilat ölüdürsə - bəyanat yeraltı Aid şahlığından gəlib - ancaq ölülər oradan danışa bilər - prezidentlər ölü hesab edildi - bununla Rusiya, ABŞ və Fransa təhqir olundu".
Əgər cənab Ziyafət Əsgərov sabah desə ki, mövcud olmayan erməni soyqırımının bütün dünyada qəbul edilməsi üçün Ermənistanın apardığı təbliğat kampaniyası ölü cəhddir, onda Artaşes Qeqamyan öz məntiqinə sadiq qalaraq deməlidir ki, Z.Əsgərov dünyadakı bütün erməniləri ölü adlandırıb. Çünki Qeqamyanın məntiqi ilə görülən tədbirlər ölüdürsə, tədbiri keçirən insanlar ölüdür - tədbiri erməni xalqı həyata keçirir - deməli, Azərbaycanın vitse-spikeri bütün erməni xalqını ölü hesab edib.
Absurddur başdan-ayağacan! Azərbaycana qarşı bu cür təpkinin bir adı vardır: ermənilərin üç böyük dövlətə ucuz və pərdələnməmiş yaltaqlığı.
NovostNK.ru: "Sonda Artaşes Qeqamyan Azərbaycanın özünü belə aparmasının səbəblərindən birini də göstərdi - "Bakı kürəyi arxasında Türkiyəni hiss edir..." ( "belə aparması" deyərkən, Azərbaycanın onu qane etməyən təklifləri rədd etməsi və ermənilərə cəbhə xəttində kifayət qədər sərt cavab verilməsi nəzərdə tutulur - E.T.).
Bəli, Azərbaycan öz yanında təmənnasız dostunun çiynini hiss edir. Ermənistan hər üç həmsədr dövləti özünün siyasi sponsorlarına çevirdiyi halda, yenə də tarixi çirkinliyindən əl çəkmir. "Balaca boyu"na baxmayaraq, Ermənistan aralarında dərin siyasi uçurum olan iki "pərəstişkarına" kələk gəlmək istəyir: biri ona pulsuz cangüdənlik etməli, digəri isə onu saxlamalıdır.
Erməni nümayəndə heyətinin başçısı Artaşes Qeqamyana bir tarixi faktı da xatırlatmaq lazımdır ki, Qarabağ müharibəsinin sonuncu fazasında - azərbaycanlıların Əsgəran şəhərinə çatmış olduqları vaxt Ermənistan bizə qarşı "rinqə" ikilikdə daxil oldu. Buna görə də Ermənistan Cənubi Qafqazda "ən müzəffər" ölkə haqqında sayıqlamaqdansa, yaxşı olardı ki, öz dostunun "sapoq"unu divara asıb, hər gün ona sitayiş etsin!
Ermənistan Ulu Yaradanı necə qəzəbləndirməliydi ki, Qərb üçün strateji əhəmiyyəti olan bütün iri regional lahiyələrdən "müzəffərcəsinə" qıraqda qalsın, özünün mühüm iqtisadi obyektlərilə "müzəffərcəsinə" vidalaşsın, ermənilər tərəfindən "müzəffərcəsinə" tərk edilsin və dağlarla sıxılmış dar Ararat dərəsində qiyamət gününə qədər "müzəffərcəsinə" sürünsün.
Rusiya Diplomatları Assosiasiyasının birinci müavini, səfir Vladimir Kazimirov keçən illər olduğu kimi, bu il də erməni mətbu orqanlarına verdiyi müsahibələrində Azərbaycan, onun siyasəti və siyasətçilərinə qarşı ifrat dərəcədə yolverilməz sözlər işlətməyə davam etmişdir. Bu il o, bütün abır-həya hədlərini keçərək, erməni mətbuatında Azərbaycan və onun rəhbərliyi haqqında yolverilməz ifadələr işlətməklə özünü Rusiya diplomatiyasının patriarxlarından biri və əsl Rusiya intelligensiyasının nümayəndəsi kimi deyil, son dərəcə tərbiyəsiz bir insan kimi aparmışdır. V.Kazimirovun bu cür çıxışlarından belə bir qənaətə gəlmək olar ki, onun ailə tərbiyəsində qüsurlar olmuşdur. Viperson. ru saytından şübhələrimizə cavab gəldikdə hər şey öz yerini tutdu: "Atası ailəsini atanda Vladimirin üç yaşı var idi. Anası mətbəədə "nakladçitsa" idi. Özünün sözlərinə görə, uşaqlıqdan başlı-başına buraxılmışdı, birtəhər oxuyurdu və əxlaqı pis olduğu üçün anasını tez-tez direktorun yanına çağırırdılar. Dözülməz davranışına görə onu bir məktəbdən o biri məktəbə atırdılar".
İnsan təbiətin qanunlarına qarşı getməyə və özünü tərbiyəli göstərməyə nə qədər cəhd etsə də, ailə tərbiyəsinin olmaması mütləq özünü büruzə verir. Nahaq yerə yaponlar demirlər ki, uşaqlar beş yaşınacan tərbiyə olunur.
{nl}
Elxan TAĞIYEV, müstəqil ekspert
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.