Azərbaycan diplomatiyasının coğrafiyası durmadan genişlənir

Bizim düşünülmüş strategiyamız vardır və taktiki addımlarımız da çox uğurludur. Azərbaycan nə xarici, nə daxili siyasətdə, nə də icra etdiyi proqramlarda bir dəfə də olsun səhv etməmişdir. Hesab edirəm ki, bunun nəticəsində bu gün ölkəmizin dünyadakı hörməti böyük dərəcədə artmışdır. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, bizim sözümüzə inanırlar. Bizimlə əməkdaşlıq və dostluq etmək istəyən ölkələrin sayı artmaqdadır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}


Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən dövrdə yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. Ötən illər ərzində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdəki nüfuzumuzu xeyli artırdı və ölkəmizi dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşdu. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın dünya birliyinə və Avropaya inteqrasiyasını daha da sürətləndirdi. Bu illər ərzində BMT, Avropa Şurası, Avropa Birliyi, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, GUAM, Türkdilli Dövlətlər Birliyi kimi nüfuzlu beynəlxalq qurumlar ilə fəal əməkdaşlıq quruldu, dünyanın aparıcı dövlətləri ilə münasibətlər daha da möhkəmləndirildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdi, diplomatiymızın coğrafiyasını xeyli genişləndirdi. Nəticədə, ölkəmiz BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq mötəbər qurumun Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçildi. Bu, Azərbaycanın dünya dövlətləri ilə diplomatik münasibətlərini genişləndirməsinin və ümumilikdə, ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurların miqyasını göstərən əsaslı faktlardandır.
Azərbaycanın həyata keçirdiyi xarici siyasətin istənilən istiqamətdə müvəffəqiyyətlə nəticələnməsinin bir sıra səbəbləri var. Təbii ki, bu səbəblər sırasında ölkəmizin bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi məkanda yerləşməsi və zəngin təbii sərvətlərə malik olması ilə yanaşı müəyyən edilmiş xarici siyasi kursunun elmi şəkildə əsaslandırılması, yerli, regional və beynəlxalq reallıqların nəzərə alınması, dünyada gedən ictimai-siyasi proseslərin dərindən öyrənilməsi də əsas yerlərdən birini tutur. Türk dünyasının tarixi şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyev bu amilləri böyük ustalıqla, peşəkarcasına nəzərə almış, xarici və daxili siyasəti son dərəcə dəqiqliklə müəyyənləşdirmişdir. 1993-cü ildə xalqın təkidli xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz səriştəsiz sələflərindən diplomatiya sahəsində ardıcıl məğlubiyyətlərə uğramış, yaxın qonşularla və mühüm dövlətlərlə münasibətləri pozulmuş, lazımsız yerə özünə düşmənlər qazanmış Azərbaycanı miras götürmüşdü. Heydər Əliyev siyasətinin müdrikliyi, onun atdığı taktiki və strateji addımların sayəsində Azərbaycan üçün həyati əhəmiyyəti olan bu mənfi təzahürlər qısa müddət ərzində aradan qaldırıldı, Azərbaycan Respublikası bölgədə və dünyada özünə layiq yer tutdu, diplomatiya sahəsində qələbələr əldə edildi, qonşu dövlətlərlə dostluq və əməkdaşlıq münasibətləri quruldu, Xəzərin statusu ilə bağlı ziddiyyətlər həllini tapdı. 2003-cü ilədək Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqə qurdu. Vyana Konvensiyasının iştirakçısı olan bütün ölkələrlə respublikamız arasında konsulluq münasibətləri yaradıldı. Azərbaycanda 82 xarici dövlətin səfirliyi açıldı. Bunların 26-sı bilavasitə Bakıda, 56-sı isə həmin dövlətlərin qonşu ölkələrdəki səfirliklərində akkreditə olundular. Öz növbəsində Azərbaycanın 29 xarici ölkədə səfirlik, baş konsulluq və daimi nümayəndəlikləri fəaliyyət göstərməyə başladı.
Ulu öndər Heydər Əliyevin xarici və daxili siyasətini qlobal çağırışların tələbləri çərçivəsində yeni, qabaqcıl meyarlarla zənginləşdirirək davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha böyük uğurlara imza atdı. Bütün sahələr üzrə sürətlə inkişaf edən Azərbaycan ötən dövr ərzində Cənubi Qafqazın lider dövlətinə çevrildi. Tarixdə ilk dəfə olaraq bu il Azərbaycanın dövlət büdcəsi 20 milyard dolları keçdi. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, onda biz əyani şəkildə görərik ki, son 7-8 il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür. Ölkəmizin ümumi daxili məhsulu 3 dəfə artmışdır. Sənaye istehsalı da təxminən 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 5 dəfə azalmışdır və bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz təşkil edir. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox ciddi addımlar atılmışdır və beləliklə, ölkəmizin iqtisadiyyatı artıq dayanıqlı iqtisadiyyatdır. Azərbaycanın bütün sahələrdə inkişafı ölkəmizin beynəlxalq aləmdəki imicinə çox müsbət təsir göstərmiş, nüfuzlu beynəlxalq maliyyə qurumları ölkəmizin iqtisadi inkişafına yüksək qiymət vermişdir. Bu isə bir sıra nüfuzlu dövlətlərin diqqətini ölkəmizə yönəltmiş, etibarlı tərəfdaş hesab olunan rəsmi Bakı ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayının daha da artmasına rəvac vermişdir.
Aparılan məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənmiş, regional və qlobal müstəvidə cərəyan edən proseslərə təsir imkanları artmışdır. Ölkəmiz tərəfindən regional əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi nəticəsində bölgədə çox gözəl əməkdaşlıq iqlimi yaranmışdır. Ulu öndər Heydər Əliyevin neft strategiyası çərçivəsində irəli sürdüyümüz təşəbbüslər gözəl nəticələrini vermişdir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın və ümumilikdə, Cənubi Qafqaz regionunun əhəmiyyətini artırmış, Avropa və qlobal enerji təhlükəsizliyinə töhfə vermiş, Qərb ölkələri üçün yeni, həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli iştirakçı olaraq imkanları getdikcə artır.
Son illər Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə əlaqələri daha da möhkəmlənmişdir. ABŞ-la strateji tərəfdaşlığı daha da möhkəmlənmiş, münasibətlər yeni çağırışlar çərçivəsində genişlənmişdir. Bu ilin iyun ayında Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Hillari Klintonun ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Gürcüstan və Ermənistanda söyləmədiyi bir ifadəni dilə gətirərək xüsusi olaraq, "Azərbaycan regionda mühüm rola malik ölkədir"-deməsi də rəsmi Vaşinqtonun "Odlar yurdu"na verdiyi əhəmiyyətin ifadəsidir. Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətləri də yüksək səviyyədə intensiv dialoq, ticarət-iqtisadi əlaqələrin artan tempi fonunda inkişaf edir, humanitar və başqa sahələrdə aktiv qarşılıqlı əməkdaşlıq davam etdirilir. Birgə səylər nəticəsində hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapılmış, dövlət sərhədi haqqında müqavilə imzalanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla bağlı vəziyyət nizamlanmışdır. Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır. Bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensus əldə olunmasını təmin edə bilər. Qətiyyətlə demək olar ki, qarşılıqlı əməkdaşlığımız bütün sahələri əhatə edir və bu gün Qafqaz regionunda ümumi vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə ilə bağlı məsələlər sərhədyanı əməkdaşlıq əlaqələrimizin vacib tərkib hissəsi olaraq qalır.
Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın ən etibarlı strateji tərəfdarı olaraq, qlobal enerji-nəqliyyat layihələri, dünya siyasətinin və iqtisadiyyatının aktual məsələlər üzrə ölkəmiz ilə eyni mövqedən çıxış edir. Azərbaycanın Türkiyə və Gürcüstanla birgə reallaşdırdığı geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryol xətti, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketinin və Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilənin imzalanması regional əməkdaşlığın sürətləndirilməsi və gücləndirilməsi üçün vacib addım hesab edilir. Bundan başqa, ölkəmizin Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Belçika, Latviya, Litva, Macarıstan, Polşa, Rumıniya və digər Avropa dövlətləri ilə də əlaqələri yüksək səviyyədə davam etdirilir, iqtisadi əməkdaşlıq və siyasi dialoq intensiv şəkildə inkişaf etdirilir. İnkişaf etmiş demokratik dövlətlərlə ikitərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli rəsmi dövlət səfərləri, beynəlxalq konfranslar və dünya forumlarında fəal iştirak etmək Azərbaycanın gündəlik diplomatik həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Mərkəzi Asiya ölkələri ilə olan ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz Azərbaycan Prezidentinin 2004-cü ildə Qazaxıstana, 2005-ci ildə isə Özbəkistana rəsmi səfərləri zamanı bir daha nümayiş olunmuşdur. Bu gün qarşılıqlı münasibətlərin səviyyəsi müstəqillik tariximizin ən yüksək həddinə çatmışdır. Azərbaycanın İran ilə də əlaqələri də inkişaf edir. İki ölkənin ən yüksək rəsmi şəxsləri səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasında olan münasibətlər yeni mərhələyə qaldırılmış, ikitərəfli əlaqələrimizin inkişafına təkan verilmişdir. Çin, Yaponiya və Cənubi Koreya ilə siyasi, iqtisadi, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Bu ölkələrlə bir sıra yüksək səviyyəli səfərlər təşkil olunmuş, çoxsaylı sənədlər imzalanmışdır. Azərbaycan ilə Səudiyyə Ərəbistanı, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və Oman arasında əlaqələr bu günlər özünün inkişaf dövrünü yaşayır, İndoneziya, Pakistan, Malayziya və Bruney ilə əlaqələr genişlənir, onların inkişafı istiqamətində konkret addımlar atılır.
Azərbaycan Avropa ilə yanaşı Asiya, Afrika ölkələrini, eləcə də Latın Amerikası dövlətlərini də diqqətdə saxlayır. Azərbaycan ilə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlara malik olan Latın Amerikası bölgəsi arasında əlaqələr ötən müddət ərzində genişlənmiş, təkmilləşdirilən müqavilə-hüquq bazası münasibətlərin inkişafına əlverişli şərait yaratmışdır. Latın Amerikası ölkələrinin rəsmi şəxslərinin Azərbaycana səfərləri, o cümlədən nümayəndə heyətlərimizin bu ölkələrə səfərləri davamlı xarakter almışdır. Xüsusilə, son vaxtlar Latın Amerikası ölkələrində, Kolumbiya və Meksikanın parlamentlərində Xocalı soyqırımı ilə əlaqədar qərarlar qəbul olunmuşdur ki, bu da xarici siyasətimizin növbəti uğuru kimi qiymətləndirilməlidir. Bu mənada, Argentina və Braziliya ilə də əlaqələrin gücləndirilməsi istiqamətində siyasi-diplomatik fəaliyyət davam etdirilir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir.
Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu məqamda xatırladaq ki, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilmişdir. Azərbaycanın bu quruma üzvlüyü təşkilata üzv dövlətlərlə səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət etmişdir. Ölkəmizin hərəkatın beynəlxalq münasibətlər sistemindəki konstruktiv rolunun artırılmasında öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə edən qurumun 118 üzvü həmin gündən birtərəfli qaydada Azərbaycana dəstək nümayiş etdirmişlər. Düşünülmüş şəkildə atılan bu addım qısa zamanda özünün müsbət nəticəsini göstərdi. Bir daha Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsini xatırladaraq deyə bilərik ki, bu mötəbər quruma üzvlüyə keçirilən səsvermədə namizəd olan ölkəmizə Qoşulmama Hərəkatının Asiyadan olan 53 üzv dövləti, Afrikadan 38 üzv dövləti və Latın Amerikasından 26 üzv dövləti səs vermişdir. Nəticə etibariylə Azərbaycan seçkilərdə hərəkata üzv olan ölkələrin yekdil dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın xarici siyasət kursu, məqsəd və vəzifələri daha da təkmilləşdirilmiş, çevik xarici siyasətin həyata keçirilməsi mövqelərimizin möhkəmlənməsinə, əlaqələrimizin genişlənməsinə rəvac vermişdir. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə yüksək səviyyəli iqtisadi əməkdaşlıq əlaqələri qurub. Hazırda ölkəmizin dünyadakı daimi və diplomatik nümayəndəliklərinin sayı da artmaqdadır. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, 2003-cü ilədək Azərbaycanın 29 xarici ölkədə səfirlik, baş konsulluq və daimi nümayəndəlikləri fəaliyyət göstərdiyi halda bu gün artıq onların sayı 70-i ötmüşdür. Bu, əlbəttə ki, ilk növbədə Azərbaycan dövlətinin qüdrətini göstərir. Bu, həm də onu göstərir ki, biz bütün dünya ilə əməkdaşlıq edirik və dünya miqyasında demək olar, elə vacib ölkə qalmayıb ki, orada səfirliyimiz olmasın.
Bu gün bizim qarşımızda duran ən ağrılı problem, şübhəsiz, Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələdə beynəlxalq hüquq normaları tam şəkildə bizim mövqeyimizi müdafiə edir. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bir neçə bəyanatda daim Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında açıq-aydın göstərilir ki, ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Beləliklə, hüquqi cəhətdən də mövqeyimiz güclüdür. Lakin əfsuslar olsun ki, uzun illər danışıqların aparılmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkməməsi səbəbindən bu məsələ həllini tapmır. Bu gün Azərbaycanın atdığı uğurlu diplomatik addımlar nəticəsində dünyanın bütün aparıcı dövlətləri - ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, İran, İtaliya, Rumıniya, Polşa kimi ölkələr birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanı işğalçı dövlət kimi qəbul edir. Bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatların qəbul etdiyi müvafiq qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü bir daha tanınır, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılması tələb edilir.
Son illər bizi ruhlandıran vacib amillərdən biri də odur ki, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlərin başçıları, həmçinin beynəlxalq təşkilatlar birmənalı şəkildə bildirirlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə təbii ki, torpaqlarımızın işğal altından çıxmasını tələb edir.
Bütün bunlar göstərir ki, dünya birliyi Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyir. Dövlətimizin başçısı münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərini yeganə variant hesab edir. Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib: "Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır".
Azərbaycanın uğurlu diplomatiyası bu gün Ermənistanın işğala haqq qazandırmağa çalışan bütün tezislərini darmadağın edib. Onlar iddia edirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyin etməlidirlər. Əgər məsələyə bu məntiqlə yanaşılsa, onda belə çıxır ki, ermənilər, məsələn, Amerikanın Los-Anceles ştatında, Fransanın Marsel vilayətində, Rusiyanın Krasnodar vilayətində, Gürcüstanda erməni dövləti yaratmalıdırlar. Bu, mümkün olan şey deyil. Onda nə üçün burada Azərbaycan istisna olmalıdır? Nə üçün ikinci erməni dövləti də məhz Azərbaycan ərazisində yaradılmalıdır? Digər tərəfdən, tarixi baxımdan da Dağlıq Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Yəqin, ermənilər onu da yaxşı bilir ki, İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti - Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır.
Məhz bu həqiqətlərin dünya birliyinə çatdırılmasında Azərbaycan diplomatları ilə yanaşı xarici ölkələrdəki diaspor təşkilatlarımız da fəal iş aparmalıdırlar. Səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha güclü, daha da məqsədyönlü olmalıdır. Çünki dünyada Azərbaycan əleyhinə işləyən güclü erməni lobbi təşkilatları var. Hansı ki, gündəlik fəaliyyətində Azərbaycana qarşı yalan, böhtan kampaniyası aparırlar. Bəzi hallarda müxtəlif xarici mətbuat orqanlarında Azərbaycana qarşı qərəzli məqalələrin arxasında da məhz erməni lobbisi dayanır. Biz bunu bilirik, öz mübarizəmizi aparmalıyıq və daha fəal olmalıyıq. Ona görə Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizim xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız bu məsələdə çox fəal olmalıdırlar. İşlədikləri ölkələrin müxtəlif qurumları ilə, təkcə dövlət qurumları ilə yox, parlament üzvləri ilə, qeyri-hökumət təşkilatları ilə, mətbuatla, geniş şəkildə ictimaiyyətlə təmasda olmalıdırlar ki, Azərbaycan haqqında reallıqlar dünya birliyinə olduğu kimi çatdırılsın. Bu, bizim beynəlxalq aləmdəki mövqelərimizi daha da möhkəmləndirəcəkdir.
Sevindirici haldır ki, bu gün dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Ötən illər ərzində böyük işlər görülmüş, xarici ölkələrdəki təşkilatlarımızın sayı artmışdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər. Bu təşkilatlar arasında koordinasiya işlərinin aparılması əlbəttə ki, onların fəaliyyətini daha da gücləndirir. Birmənalı şəkildə demək olar ki, dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsulluq xidmətlərinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil edir.
Bu gün hər kəs tərəfindən qəbul edilən bir reallıq var: Azərbaycan artıq dünyada gedən proseslərin fəal iştirakçısıdır. Bir çox hallarda bölgə və Avropa üçün önəmli tədbirlərin təşəbbüskarıdır. Bölgədə Azərbaycanın mövqeyindən artıq çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan Cənubi Qafqaz regionunda heç bir layihə, - nə siyasi, nə iqtisadi, nə nəqliyyat, nə də başqa, - həyata keçirilə bilməz. Bununla bərabər, xarici siyasətin uğurlu olması və daxili siyasətlə uzlaşması, şübhəsiz ki, ölkəmizin beynəlxalq aləmdəki mövqelərini bundan belə də möhkəmləndirəcəkdir. Azərbaycan diplomatiyasının coğrafiyasını durmadan genişləndirməsi isə dünyanın bütün qütblərində Azərbaycan həqiqətlərinin eşidilməsinə zəmin yaradır.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında