Mübariz QURBANLI: Suriyada baş verən hadisələr sabitliyin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir

"Suriyada baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Çünki bu bölgədə döyüşlər, qarşıdurmalar daha geniş xarakter alıb. Həm hökumət qoşunları, həm də müxalifətin silahlı birləşmələri döyüşlərdə heç nəyə baxmadan, böyük dağıntılar, insan qırğınları törədirlər. Bütün bunlar dünyadakı mövcud qayda-qanunlar, humanizm baxımından yaxşı hadisələr deyil, əksinə pis nümunələr yaradır". Bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı demişdir.
M.Qurbanlı bildirmişdir ki, bu hadisələr bütövlükdə bölgə üçün böyük təhlükə mənbəyinə çevrilmişdir. Onun sözlərinə görə, Suriyaya hansısa xarici müdaxilənin olmasının bölgədə müharibəyə gətirib çıxaracağı aydın şəkildə özünü göstərir: "Ona görə də, ölkə daxilindəki qırğınların qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi mandat üzrə xüsusi nümayəndələr çalışırlar. Amma bu nümayəndələrin fəaliyyəti istənilən nəticəni vermir. Döyüşlər dayanmayıb, əksinə daha geniş xarakter almaqdadır. Hər iki tərəf ağır texnikadan, artilleriyadan, aviasiyadan istifadə edir. Hətta kimyəvi silahların işə düşəcəyi ehtimalı var. Bütövlükdə, bu hadisələr onu göstərir ki, dünya çapında yeni bir mərhələ başlanıb".
YAP icra katibinin müavini qeyd etmişdir ki, dünyada geopolitik mübarizə və bu mübarizədə istifadə olunan üsullar dəyişmişdir. Bu gün açıq-aşkar kütləvi olaraq silahlardan istifadə edildiyini deyən M.Qurbanlının fikrincə, ərəb ölkələrində baş verən hadisələrin gedişatı göstərir ki, bütün bunların arxasında heç də demokratik dəyişikliklər, xeyirxah məqsədlər, uzun müddət hakimiyyətdə olan qüvvəni devirmək yox, sırf geopolitik maraqlar dayanır. Xüsusilə dünyanın coğrafi baxımdan, əlverişli məntəqələrinə nəzarət və bu fonda enerji yataqlarına nəzarət, bunun sayəsində isə dünya çapında hegemon ölkələrin öz maraqlarını ifadə etməsi dayanır.
"Kənardan belə görünür ki, hakimiyyət uğrunda mübarizə aparan qüvvələr ölkəyə yeni bir dövr, yeni sistem gətirmək istəyirlər. Amma biz görürük ki, bu yeni sistem uğrunda mübarizə deyil. Xaricdən Suriya hakimiyyətinə qarşı qüvvələri dəstəkləyənlər doğrudan da, insan hüquqlarının pozulmasına qarşı çıxış edirlərsə, onda nə üçün işğalçılıq nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın taleyinə laqeydlik göstərirlər. Yəni bu proseslərdə heç də məqsəd demokratik sistemi ərəb ölkələrinə gətirmək deyil. Burada alt qatda başqa məqsədlər dayanır. Bu məqsədlər geopolitik, enerji yataqlarına nəzarət, həmçinin, dünyanın coğrafiyasında gedən mübarizədə öz sözünü deməkdir. Bir məqamı da qeyd etmək lazımdır ki, bu dağıntıları görəndə sabitliyin nə qədər böyük əhəmiyyət kəsb etdiyi bir daha təsdiqlənir. Sabitliyi qoruyub saxlamaq daha vacibdir, nəinki hansısa şüarlar altında ölkəni xaotik vəziyyətə yuvarlamaq. Bu xaos böyük faciələrə gətirib çıxarır. İraq, Liviya, Tunis və başqa ölkələr hələ də xaosdan qurtula bilməyib. Burada əvvəlki hakimiyyətlərə bəraət qazandırmaqdan söhbət getmir. Söhbət ondan gedir ki, qarşı-qarşıya dayanan qüvvələr öz maraqları naminə xalqların adından istifadə edirlər. Əslində isə, bu cür qarşıdurmalardan müəyyən xarici qüvvələr istifadə edir və vəziyyət o həddə çatdırılır ki, həmin ölkələrdə uzun illər qeyri-sabitlik hökm sürür" - deyə, YAP icra katibinin müavini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında