Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilmişdir

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilmişdir.
Sessiyada 2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, muxtar respublikanın 2011-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisin qəbul etdiyi bir sıra qanunlara dəyişikliklər və digər məsələlər müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyaya yekun vuraraq demişdir: "Cari ilin ötən dövrlərində əldə olunan nəticələr həyata keçirilən quruculuq siyasətinin və islahatların əhəmiyyətini daha da artırır. Azərbaycan dövlətinin başçısı tərəfindən göstərilən yüksək diqqət və qayğı da muxtar respublika əhalisinin qurub-yaratmaq əzmini artırmışdır".
Sessiyada aidiyyəti dövlət orqanlarına konkret tapşırıqlar verən Ali Məclisin sədri Vasif Talıbov demişdir ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı üçün ayrılmış maliyyə vəsaitinin həcminin ildən-ilə artması nəzərə alınaraq Maliyyə Nazirliyi bu vəsaitin təyinatına uyğun və səmərəli istifadəsinə nəzarəti gücləndirməli, limitdən kənar istifadəyə yol verilməməli, büdcə və təsərrüfat hesablı müəssisələr tərəfindən alınan bütün növ mal-materialların qiyməti diqqət mərkəzində saxlanmalıdır.
Ali Məclisin sədri demişdir: "Yerli istehsalı inkişaf etdirmədən daxili bazarın idxaldan asılılığını aradan qaldırmaq və onu xarici amillərin təsirindən qorumaq mümkün deyil. Artıq son illər istifadəyə verilən bir sıra istehsal müəssisələri hesabına əksər məhsullara olan tələbat daxili imkanlar hesabına ödənilir. Yerli xammaldan istifadə əsasında fəaliyyət göstərən və satış bazarı olan yeni emal müəssisələrinin yaradılması işi İqtisadi İnkişaf Nazirliyi tərəfindən bundan sonra da diqqət mərkəzində saxlanmalı, daxili bazarda süni qiymət artımının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin təsirliliyi artırılmalıdır.
Özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyası tələbata uyğun genişləndirilməli, onların çoxsahəli və səmərəli olması təmin edilməli, kreditlərin verilməsində daha münasib faiz dərəcələrinin tətbiqi və verilmiş kreditlərin vaxtında qaytarılması diqqət mərkəzində saxlanmalıdır".
Ali Məclisin sədri qeyd etmişdir ki, əhalinin ərzaq və qida məhsullarına tələbatının ödənilməsində kənd təsərrüfatının rolu və əhəmiyyəti böyükdür. Buna görə də aqrar sahənin inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, bu sahə ilə bağlı hər il müşavirələr keçirilir, qəbul olunmuş dövlət proqramlarında kənd təsərrüfatının inkişafı üçün tədbirlər nəzərdə tutulur. Belə tədbirlərin davamı kimi 2012-ci il fevralın 14-də "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" qəbul olunmuşdur. Proqramda nəzərdə tutulan tədbirlərin icrası muxtar respublikada qədim ənənələrə malik olan meyvəçilik və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar açır, bu sahəyə marağın artmasına, tələbatın daha dolğun şəkildə ödənilməsinə şərait yaradır. Hazırda kənd təsərrüfatı məhsullarının kütləvi yığım dövrüdür. Əldə olunan nəticələr cari ildə də kənd təsərrüfatı məhsulları istehsalında bolluğun təmin olunmasına zəmanət verir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçiliklə yanaşı, heyvandarlığın da inkişafının mühüm əhəmiyyət daşıdığını vurğulayan Ali Məclisin sədri bildirmişdir ki, əhalinin sağlam və keyfiyyətli heyvan mənşəli qida məhsulları ilə təchiz olunması üçün son illər muxtar respublikada baytarlıq təbabətinin inkişafı hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Bu qayğıya cavab olaraq Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları yaradılmış şəraitdən düzgün istifadə etməli, profilaktiki tədbirləri gücləndirməli, heyvanlar arasında xəstəliklərin qarşısının alınması, onların cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməlidir.
Muxtar respublikada istehlakçıların enerji daşıyıcıları ilə fasiləsiz təchiz olunmasını təmin etmək məqsədilə görülən tədbirlərin cari ildə də davam etdirilməsinin vacibliyini bildirən Ali Məclisin sədri demişdir ki, Dövlət Energetika Agentliyi və "Naxçıvanqaz" İstehsalat Birliyi enerji daşıyıcılarından qanunsuz istifadənin qarşısını almalı, elektrik enerjisi və təbii qazın ötürülməsi zamanı yol verilən itkinin minimuma endirilməsi üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdır ki, İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə xalq dekorativ- tətbiqi və təsviri sənət nümunələrinin, suvenirlərin istehsalı ilə məşğul olan sənətkarların əl işlərinin və milli mətbəx nümunələrinin nümayişi və satışı üçün sərgilərin təşkilini, eləcə də beynəlxalq sərgilərdə muxtar respublika sənətkarlarının iştirakını və əl işlərinin nümayişini təmin etsin, milli mətbəx təşkil olunsun. Həmçinin milli dəyərlərimizin zəngin tərkib hissəsi olan folklorumuzun, milli rəqslərimizin və muğamlarımızın təbliği və gələcək nəsillərə çatdırılması, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıq və qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Təhsil, Gənclər və İdman nazirlikləri ilə birlikdə yerlərdə uşaq və yeniyetmələr arasında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsini diqqət mərkəzində saxlamalıdır.
Muxtar respublikada potensialından tam istifadə olunmayan sahələrdən birinin də turizm olduğunu bildirən Ali Məclisin sədri demişdir ki, bu sahənin imkanlarından geniş istifadə edilməlidir.
Ali Məclisin sədri muxtar respublikada təhsilin və elmin inkişafı ilə bağlı bütün infrastrukturların mövcud olduğunu bildirərək demişdir: "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, ali təhsil müəssisələri bunlardan məqsədyönlü istifadə etməli, elmi araşdırmalar nəticəli olmalı, onların praktikada tətbiqi işinə diqqət artırılmalı, muxtar respublikanın tarixi, arxeologiyası, təbii sərvətləri və onlardan istifadə imkanları barədə tədqiqatlar davam etdirilməli, fundamental nəşrlər hazırlanmalıdır".
Sessiyada Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə də konkret tapşırıqlar verilmişdir. Qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyi aidiyyəti qurumlarla birlikdə ictimai-iaşə obyektlərində və satış bazarlarında sanitar-gigiyena qaydalarının tətbiqinə nəzarəti gücləndirməlidir.
Qeyd olunmuşdur ki, Gənclər və İdman Nazirliyi gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsinə diqqəti artırmalıdır. Ölkəmizdə "İdman ili" elan olunan 2012-ci ildə gənc və yeniyetmələrin idman federasiyalarına cəlbi ilə bağlı səylər artırılmalı, keçirilən idman yarışlarının kütləviliyi təmin edilməli, muxtar respublika idmançılarının respublika və beynəlxalq əhəmiyyətli turnirlərdə daha çox iştirakı və yüksək nəticələr əldə etməsi üçün ardıcıl tədbirlər görülməlidir.
Ali Məclisin sədri demişdir: "Muxtar respublikanın iqtisadi inkişafı hamını düşündürməlidir. Biz daim irəli getməli, hər bir sahədə məsuliyyət hissini artırmalı və daha səylə çalışmalıyıq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Mən şübhə etmirəm ki, növbəti illərdə də Naxçıvan Muxtar Respublikasının qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. Bütün infrastruktur, sosial, iqtisadi və sənaye layihələri, proqramları icra ediləcək, Naxçıvan daha da gözəl, daha da güclü olacaqdır".
Bununla da, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında