Ermənistanda öldürülmüş əsgər anaları etiraz aksiyası keçirirlər

Ermənistanda siyasi, iqtisadi və sosial sahələrdəki tənəzzül artıq son mərhələyə çatmaqdadır. Ölkədə vəziyyətin gündən-günə ağırlaşması, ordudakı özbaşınalıq, işsizlik, aclıq və səfalət yerli sakinlərin xarci ölkələrə köçməsini daha da kütləviləşdirib. Artıq dövlət rəsmiləri də ermənilərin öz ölkələrini tərk etmələrini gizlətmirlər. Çünki bu hal o qədər açıq şəkildə baş verir ki, bunun gizlədilməsi qeyri - mümkündür. Xarici ölkələrdəki erməni lobbisinin maliyyə dəstəyi ilə nəşr olunan kütləvi informasiya vasitələri də bu barədə geniş məqalələr dərc edir, ermənilərin öz ölkələrini kütləvi şəkildə tərk etmələrinin qarşısını almaq üçün həyəcan təbili çalırlar.
Ölkəni tərk edənlər arasında əsasən gənclər və hərbi xidmət zamanı öldürülmüş əsgərlərin anaları çoxluq təşkil edir. Yerli kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlara görə, Ermənistan ordusundakı özbaşınalıq, aclıq və yoluxucu xəstəliklərin baş alıb getməsi valideynlərin hiddətinə səbəb olub. Artıq bu ölkədə gənclər hərbi xidmətə getməkdən açıq şəkildə imtina edirlər və onların valideynləri isə övladlarını ordu sıralarına qoymamaq üçün xarici ölkələrə köçürlər. "Aravot" qəzetinin yazdığına görə, Ermənistandakı bu ədalətsizliyə və özbaşınalığa etiraz edən gənclər "Biz susmayacağıq" adlı gənclər hərəkatı da yaradıblar. Artıq son həddə çatmış miqrasiya və onun səbəbləri haqqında sosial videoçarx da hazırlanmışdır.Gənclər və onların anaları ordu sıralarındakı özbaşınalıqlara, əsgərlərin bir qrup varlı adamların həyətlərində qul kimi işlədilmələrinə və döyülərək öldürülmələrinə ciddi etirazlarını bildirir və Serj Sarkisyan hakimiyyətinin tezliklə istefa verməsini, ölkədə baş alıb gedən diktatorluğa son qoyulmasını tələb edirlər. Bu yaxınlarda çoxlu sayda əsgər anası üsyan edərək Ermənistan Müdafiə Nazirliyinin binasına daxil olmağa çalışmışdır. Anaların üsyanını müşahidə edən yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin yaydıqları bəyanatda bildirilir ki, Müdafiə Nazirliyinin binasına daxil olmaq istəyən qadınlar ordu sıralarında öldürülmüş əsgərlərin anaları olub. Onlar övladlarının döyülərək və işgəncə verilərək öldürülüdüyünü bildirərək günahkarların cəzalandırılmasını tələb ediblər. Bəzi əsgərlərin isə acından və yoluxucu xəstəliklərdən öldüyü barədə məlumat verilir. Əsgər anaları tələb etmişlər ki, əsgərlərin qətlə yetirilməsi ilə əlaqədar qaldırılan cinayət işləri obyektiv aparılsın və günahkarların kimlər olması barədə ictimaiyyətə düzgün məlumat verilsin. Üsyançı əsgər anaları deyiblər ki, indiyə kimi orduda əsgərlərin qətlə yetirilməsinə görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb.
"Aravot" qəzeti yazır ki,oğlu hərbi xidmətdə müəmmalı şəkildə həlak olmuş əsgər anası Nana Muradyan bildirmişdir ki, onun oğlunu qətlə yetiriblər. Hadisənin şahidi olan digər əsgərlər V.Muradyanın zabitlər tərəfindən döyülərək öldürüldüyünü bildirmişlər. Lakin işi aparan müstəntiq şahidlərdən izahat almaq əvəzinə onlara hədə - qorxu gəlmiş, ağızlarını yummasalar, aqibətlərinin pis olacağını demişdir. Cinayət işini bağlayan müstəntiq əsgərin özünə qəsd etdiyi barədə qərar qəbul etmişdir. Qəzet yazır ki, halbuki, məhkəmə-tibbi ekspertizası da cəsədin üzərində zorakılıq əlamətlərinin olduğunu təsdiq etmişdir.
Valideynlər ölkə prezidentinə müraciət edərək ondan orduda baş verən neqativ hadisələri araşdırmağı tələb etmişlər. Lakin bunun da bir nəticəsi olmamışdır. Öldürülmüş əsgərlərin anaları bildirmişlər ki, orduda baş verən bütün hadisələrdən ölkə prezidenti xəbərdardır. Ancaq o, buna göz yumur. Çünki ölkəni idarə edə bilmir. Öldürülmüş əsgərlərin hamısına isə yalnız bir ad qoyublar: guya Ermənistan müharibə şəraitində yaşayır və belə bir şəraitdə əsgər ölümü labüddür. Halbuki, yerli sakinlər də təsdiqləyirlər ki, müharibəni edən elə Ermənistanın özüdür.
Müdafiə Nazirliyinin binası qarşısında əsgər analarının getdikcə çoxalmasından təlaş keçirən rəsmi dairələr izdihamın yaranacağından qorxaraq aksiya iştirakçılarının binanın ətrafından uzaqlaşdırılması haqqında göstəriş vermişdir. Nazirliyin mühafizəçiləri aksiya iştirakçılarını vəhşicəsinə dağıtmış, əsgər analarına qarşı amansızlıq etmişlər. Bu zaman bir neçə qadının ürəyi getmişdir. Lakin buna baxmayaraq, polis və nazirliyin mühafizəçiləri əsgər analarını binanın ətrafından qovmuşlar. Əlacları hər yerdən kəsilən valideynlər son çıxış yolunu ölkəni tərk etməkdə görüblər.
Ermənistan ordusunda vəziyyətin ildən-ilə pisləşməsi, müəmmalı əsgər ölümü, hərbiçilər arasında yoluxucu xəstəliklərin kütləvi hal alması və insan hüquqlarının mütəmadi pozulması barədə işğalçı dövlətdə fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyası da bəyanatla çıxış etmişdir. Onu da qeyd edək ki, Helsinki Vətəndaş Assambleyası ordudakı acınacaqlı vəziyyət barəsində əvvəllər də bir neçə dəfə bəyanat yaymışdır. Təşkilatın budəfəki bəyanatı əvvəlkilərdən bir qədər fərqlənir. Budəfəki bəyanatda əsasən xəstə gənclərin ordu sıralarına çağırılması ös əksini tapıb. Təşkilat tərəfindən aparılan monitorinqdən sonra məlum olmuşdur ki, prezidentin gənclərin orduya çağırılması haqqındakı sərəncamı ilə silahlı qüvvələrin şəxsi heyətini formalaşdıra bilməyən hərbi komissarlıqlar xəstə və hərbi xidmətə tam yararsız olan çağırışçıları zorla hərbi xidmətə göndərmək məcburiyyətində qalmışlar.
Helsinki Vətəndaş Assambleyasının əməkdaşları Ermənistanın müxtəlif ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olduqdan sonra mətbuat nümayəndələrinə bildirmişlər ki, çoxlu sayda xəstə gənc ordu sıralarında xidmət etməyə cəlb olunmuş və bununla da onların vəziyyətləri daha da ağırlaşmışdır. Bəyanatda həmçinin bildirilir ki, orduda xəstələnən əsgər və zabitlər müalicə olunmaq imkanından məhrumdurlar. Hərbi xəstəxanaların yoxluğu və dərman çatışmazlığı ucbatından xəstələnən əsgər və zabitlər əzabla dünyalarını dəyişirlər. Bütün bunlara dözə bilməyən ermənilər öz səadətlərini xarici ölkələrdə axtarırlar.
Qeyd etdiyimiz kimi, artıq dövlət rəsmiləri də ermənilərin öz ölkələrini kütləvi şəkildə tərk etmələrindən həyəcanlarını gizlədə bilmirlər. Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, qurumun sessiyalarında hər dəfə Azərbaycana qarşı qərəzli və böhtan dolu çıxışları ilə tanınan Naira Zöhrabyan ermənilərin doğma vətənlərini tərk etmələri barədə narahatçılığını ört - basdır edə bilməmiş, Parisdə güclü erməni lobbisinin maliyyə dəstəyi ilə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" ("Les Nouvelles d'Armenie") jurnalının sonuncu - iyul nömrəsində bu barədə məqalə də dərc etdirmişdir. "Ermənilərin doğma vətənlərindən qaçışı barədə həyəcan siqnalı" sərlövhəli məqalədə erməni deputatı ermənilərin doğma vətənlərini kütləvi şəkildə tərk etmələrini və xarici ölkələrə üz tutmalarını təsdiqləmək məcburiyyətində qalmışdır. N. Zöhrabyan bildirmişdir ki, Ermənistan hər gün kiçik bir kəndini və yaxud 400 nəfərini itirir. O, həyəcanla bildirib ki, 1992-ci ildən bəri 1,7 milyon erməni doğma vətənini və Qarabağı tərk etmişdir. Deputat yazıb ki, belə getsə, biz tezliklə Artsaxı, Ermənistanı və erməni xalqını həmişəlik itirə bilərik. N. Zöhrabyan bunun Ermənistan üçün çox acı nəticələr verəcəyini bildirib və dövlət rəsmilərinin bu barədə ciddi düşünmələrinin vacibliyini vurğulayıb.
Ermənistanlı diplomatın məqaləsində öz ölkəsini tərk edən ermənilərin "öz ölkəsindən qaçışı" yazması heç də təsadüfi deyil. Bu etiraf ilk növbədə Ermənistan hökumətinin vətəndaşların ölkəni tərk etmələrinə mane olmaq üçün göstərdiyi cidd-cəhdlərinə, sərt tədbirlərinə baxmayaraq, aclıq, rəzalət və rüşvətxorluğun baş alıb getməsi ilə əlaqədardır. Artıq ölkədə baş alıb gedən haqsızlıq və ədalətsizlikdən cana doymuş sadə ermənilər çıxış yolunu ölkədən qaçmaqda görürlər.
Ermənilərin öz ölkələrindən qaçaraq digər dövlətlərdən sığınacaq istəmələri və ya gizli yollarla xarici ölkələrdə məskunlaşmaları Belçikada nəşr olunan qəzetlərin birində də öz əksini tapıb.
Qəzet yazır ki, Ermənistandakı ağır iqtisadi və siyasi vəziyyət erməniləri xaricdə məskunlaşmağa vadar etmişdir. Qeyd olunur ki, bu ilin iyun ayında Belçikanın qaçqın və vətəndaşlığı olmayan şəxslər üzrə Ali Komissarlığına sığınacaq üçün müraciət edənlərin siyahısında ermənilər daha çox olmuşdur. Ötən ay Ermənistanın 22 vətəndaşı bu Avropa ölkəsinə sığınacaq üçün müraciət etmişdir. Məqalədə bildirilir ki, cari ilin ilk 6 ayı ərzində isə 215 erməni sığınacaq üçün Belçikaya üz tutmuşdur. Ümumiyyətlə, Ermənistan vətəndaşları müraciətin çoxluğuna görə hətta Afrikanın kasıb ölkələrini də geridə qoymuşlar.
Qanunsuz yaşadığı üçün saxlanılaraq vətənə göndərilən ermənilərin də sayı az deyildir. Ötən ay 33 erməni Belçika Krallığından deportasiya edilsələr də, onlar müxtəlif yollarla yenidən geri qayıtmış, yaşamaq üçün yenidən Belçikanı seçmişlər. Sığınacaq üçün müraciət edən Ermənistan vətəndaşlarının dəlilləri də dəyişməz qalmışdır. Onlar əsasən səfalət və siyasi əqidəsinə görə təqib olunmaqdan, işsizlikdən, ölkədə baş alıb gedən ədalətsizlikdən və diktatorluqdan şikayət edirlər. Qəzet yazır ki, 2009-cu ildə 1100, 2010-cu ildə 986, 2011-ci ildə isə 691 erməni sığınacaq üçün Belçika Krallığına müraciət etmişdir. Avropa ölkələrinə qanunsuz yolla qaçan və gizli şəraitdə yaşayan ermənilərin sayı qanuni gələnlərdən qat-qat çoxdur. Artıq onların sayını da dəqiqləşdirmək mümkün deyil.
Ermənistanın dövlət rəsmiləri isə beynəlxalq ictimaiyyəti aldadaraq, ölkənin inkişaf etdiyi, əhalinin həyat səviyyəsinin yaxşılaşdığı, demokratik ab - hava yaradılması barədə yalan məlumatlar yayırlar. Həm ermənistanlı deputatın fikirləri, həm də Belçikada dərc olunan məqalədəki açıq etiraf işğalçı dövlətdə olan acınacaqlı vəziyyət haqqında tam təsəvvür yaradır. Ermənistan hakimiyyəti məqalələrdəki faktları inkar edə bilmir. Çünki bu faktlar barəsində özlərinin dedikləri kimi, Ermənistanı istəməyən qüvvələr deyil, məhz erməni deputatı və Belçikanın qaçqın və vətəndaşlığı olmayan şəxslər üzrə Ali Komissarlığı məlumat verir.
Artıq xarici ölkələrdəki güclü erməni lobbisi də Ermənistanın dövlət başçısına ciddi mesajlar göndərərək bu barədə düşünməyin vaxtının çatdığını bildiriblər. Öldürülmüş əsgər analarının qiyamı Ermənistandakı acınacaqlı vəziyyətin yaratdığı həyəcanı daha da dərinləşdirmiş və erməni lobbilərini Serj Sarkisyan hakimiyyətinə qarşı qaldırmışdır.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında