Dünya Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın ərazisində keçirilən seçki şousunu pisləyir

Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Respublikası bölgədə sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edərək, Cənubi Qafqazda sabitliyə nail olmaq üçün böyük səylər göstərir. Buna baxmayaraq, ərazimizin 20 faizini işğal edən Ermənistan daim qeyri-konstruktivlik nümayiş etdirir, danışıqlar prosesini pozmaq üçün əsassız iddialar ortaya qoyur, təxribatlara əl atır. Ermənilərin danışıqlar zamanı əvvəllər razılaşdırılmış məsələləri yenidən gündəmə gətirmək cəhdləri, Xankəndində hava limanının inşası, son olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın ərazisində keçirilən seçki şousu sülh prosesinə zərbə vurmaq niyyətlərindən irəli gəlir.  
Son vaxtlar Ermənistanın təxribat xarakterli addımlarına beynəlxalq ictimaiyyətin kəskin reaksiya verməsi, belə deməyə əsas verir ki, sürətli inkişafı ilə diqqəti üzərinə cəlb edən Azərbaycanın artan nüfuzu kontekstində bu gün dünya həqiqətləri daha yaxşı anlayır. İstər nüfuzlu beynəlxalq qurumların, istərsə də ayrı-ayrı aparıcı dövlətlərin bu il iyulun 19-da Dağlıq Qarabağın ərazisində keçirilən "prezident seçkiləri" ni pisləyən bəyanatlarla çıxış etməsi və Azərbaycanın mövqeyinin qəti şəkildə dəstəklənməsi bir daha dediklərimizi sübut edir. Təbii ki, bu məsələdə münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun reaksiyası əhəmiyyət kəsb edir. Qondarma seçkilərə öz etirazını bildirən ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və Jak For (Fransa) tərəfindən verilən bəyanatda qeyd olunan məqamlar erməniləri pərt vəziyyətinə saldı, desək, yanılmarıq. Bəyanatda deyilir ki, nə üç həmsədr ölkə, nə də başqa bir dövlət Dağlıq Qarabağı suveren və müstəqil dövlət kimi tanımır. Bu il iyulun 19-da həyata keçirilən bu prosedur Dağlıq Qarabağın yekun hüquqi statusunu və münaqişənin sülh yolu ilə həllinə dair cari danışıqların nəticəsini həll etmir. Regionun qüdrətli dövlətlərindən biri, həmsədr ölkələrdən Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviçin bəyanatı da erməniləri məyus etdi. O bildirib ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımır. Rusiya bu münaqişənin nizamlanmasında vasitəçilik səyləri göstərir və münaqişənin BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.
Ermənilərin işğal olunmuş ərazilərdəki separatçı hərbi quldur rejimin üzərinə pərdə çəkmək cəhdlərinə Qərbdən də ciddi zərbə vuruldu. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun verdiyi bəyanatda deyilir ki, Avropa İttifaqı seçkilərin konstitusion və hüquqi çərçivələrini tanımır. Bu "seçkilər" münaqişənin sülh yolu ilə nizamlanması barədə danışıqların əsas çərçivəsinin gedişində Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə zərər yetirməməlidir. Bəyanatda Ketrin Eşton ATƏT-in Minsk qrupunu və həmsədrlərin münaqişənin dinc yolla həll olunması üçün göstərdikləri səyləri bir daha dəstəkləyir. Dünyanın nüfuzlu hərbi-siyasi qurumu olan və tərkibində onlarla inkişaf etmiş dövləti birləşdirən Şimali Atlantika Alyansı - NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay isə bildirib ki, digər beynəlxalq təşkilatlar kimi NATO da Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır. O qeyd edib ki, bu cür "seçkilərin" keçirilməsi nizamlanma prosesinə maneçilik törədir və sülh danışıqları ilə ziddiyət təşkil edir.
Məsələyə ayrı-ayrı Qərb ölkələri də münasibətlərini açıqlayıblar. Latviya Xarici İşlər Nazirliyi iyulun 19-da Dağlıq Qarabağda keçirilmiş "prezident seçkiləri"ni tanımadığını bəyan edib. Buna paralel olaraq, Latviya dövləti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş olmamasından və danışıqlar prosesinin getdiyi bir vaxtda bu cür xoşagəlməz halların baş verməsindən narahatdır. Litva Xarici İşlər Nazirliyi də Avropa Birliyinin bu məsələdə tutduğu mövqeyi dəstəkləyərək bəyan edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin qondarma "prezident seçkiləri" keçirilməsinin konstitusiya və hüquq çərçivələrini tanımır.
Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ona arxa-dayaq olan qardaş Türkiyə regionda sülh və sabitliyin təmin olunması istiqamətində yürütdüyü missiyaya sadiq qalaraq bəyan edib ki, Dağlıq Qarabağın ərazisində keçirilən "seçkilər" BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır və Dağlıq Qarabağdakı qeyri-hüquqi mövcud durumu legitimləşdirmə cəhdinin yeni bir təzahürüdür. Qardaş ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada qətiyyətlə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasının qarşısında əngəl olmağa davam etməkdə və bölgə ölkələri arasında mehriban qonşuluq, əməkdaşlıq üçün şəraitin formalaşması qarşısında əngələ çevrilməkdədir. Problemin həllinə xidmət edən təşəbbüslərin davam etdirilməsi ilə paralel olaraq bölgədə tam və əhatəli normallaşma yönündə cəhdlərini müxtəlif platformalarda davam etdirməyə qərarlı olan Türkiyə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin növbəti dəfə pozulması mənasına gələn bu addımı pisləyir. Rəsmi Ankara qeyri-legitim saydığı və heç bir hüquqi qüvvəsi olmayan bu "prezident seçkisi"nin nəticələrini tanımadığını xüsusi bəyan edib. Eyni açıqlama ilə İslam Əməkdaşlıq Təşkilatı da çıxış edərək bildirib ki, təşkilat Azərbaycan və Ermənistan arasında münaqişənin dövlətlərin vahidliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət etməklə sülh yolu ilə və ədalətli həllinin tapılmasına dəstək verməkdə davam edir. İslam Əməkdaşlıq Təşkilatı Cənubi Qafqazda sülhün təmini üçün danışıqlar prosesinin davam etdiyi bir vaxtda ermənilərin bu cür təxribat xarakterli addımlar atmasını qətiyyətlə pisləyib.
Bütün bunlar bir daha göstərir ki, Ermənistanın işğalçılıq siyasəti ilə yanaşı, sülh prosesini pozmaq istiqamətində həyata keçirdiyi bütün cəhdlər iflasa məhkumdur. Azərbaycanın dünya birliyi tərəfindən dəstəklənən mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulan azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin edilməsindən sonra keçirilə bilər. Bu mənada, status-kvo qəbuledilməzdir və dünya birliyi, beynəlxalq ictimaiyyət də Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə tutduğu qətiyyətli mövqeyi dəstəkləyərək dəfələrlə bəyan edib ki, status-kvo dəyişməlidir. Lakin Ermənistan heç nəyə əhəmiyyət vermir, üçüncü qüvvələrə arxalanaraq işğalçılıq siyasətini davam etdirir. Bununla da kifayətlənməyib beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərində belə "seçkilər" təşkil edir. Ermənistan öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə köklü zərbə vurur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər də keçirdiyi bu cür qondarma "seckiləri" heç vaxt tanımayıb və bu gün də tanımır.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında