Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur

Ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet imperiyasının çökməsi nəticəsində keçmiş postsovet məkanında birləşən müttəfiq respublikalar özlərinin dövlət müstəqilliklərini elan etdilər. Bu dövlətlərin hər biri, o cümlədən Azərbaycan o vaxtadək mövcud olan tənzimlənən, sərt planlaşdırılmış təsərrüfat sistemindən imtina edərək, yeni şəraitə uyğun əsaslı islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçidə qərar verdi. 
SSRİ-nin dağılması ərəfəsində bir sıra tanınmış mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğu barədə proqnoz vermişdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş Sovet İttifaqında yalnız 2 respublika tam müstəqil şəkildə öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri Azərbaycan idi.
Halbuki, vaxtilə, daha doğrusu, keçən əsrin 60-cı illərinin sonlarına qədər Azərbaycan Sovetlər Birliyindəki müttəfiq respublikalar arasında ən geridə qalanlardan biri idi. Onu bu vəziyyətdən məhz xalqımızın böyük oğlu, XX əsrin ən məşhur siyasət və dövlət xadimlərindən biri olan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev çıxartdı və Azərbaycan keçmiş Sovet İttifaqının ən qabaqcıl sənaye və aqrar respublikasına çevrildi. Ümumiyyətlə, Azərbaycanın yüksəliş və inkişafı həmişə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə düşür.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" əsərində həmin dövrdən bəhs edərkən yazır: "1969-cu il Azərbaycanın ən yeni dövrü tarixində dönüş ili oldu. Respublikanın dinamik inkişafının təmin edilməsinə dair kompleks planlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət sayəsində 1970-1985-ci illər baş vermiş dəyişikliklər vüsəti, rifahın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəfli tərəqqisi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır".
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi, tükənməz enerjisi və misilsiz təşkilatçılıq və idarəetmə qabiliyyəti nəticəsində həmin dövrdə respublika sənayesində əmək məhsuldarlığı 2,1 dəfə, kənd təsərrüfatında isə 1,8 dəfə artdı. Sənayenin ümumi məhsul həcmi ümumilikdə götürəndə 1921-ci ildən 1970-ci ilə qədərki bütün dövr ərzində buraxılmış məhsuldan ikiqat çox olmuşdu. 1970-1985-ci illər ərzində 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi. Ümumiyyətlə, Heydər Əliyevin birinci hakimiyyəti illərində respublikada istehsal olunmuş sənaye məhsulları öz həcminə görə, əvvəlki 50 ildəkinə bərabər idi. Kənd təsərrüfatında isə bu artım 2,7 dəfə olmuşdu... Şübhəsiz, bu cansız rəqəmlərin arxasında müdrik dövlət xadimi Heydər Əliyevin misilsiz təşkilatçılıq və idarəetmə bacarığı dayanırdı.
Azərbaycanın rəhbəri vəzifəsində qazandığı möhtəşəm uğurları nəzərə alaraq 1982-ci ilin sonlarında Heydər Əliyevi Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkdilər. Bu yüksək vəzifədə ona böyük səlahiyyətlər verilmişdi: nəhəng bir ölkənin 14 nazirliyinə, o cümlədən maşınqayırma, nəqliyyat, yüngül sənaye, mədəniyyət və təhsil kimi çox mühüm sahələrə nəzarət Heydər Əliyevə tapşırılmışdı. Bu qədər ağır işin öhdəsindən o, çox böyük məharətlə gəlir, öz işgüzarlığı, bacarığı ilə hamını heyrətdə qoyurdu. Hətta o vaxtlar belə deyirdilər ki, Heydər Əliyev təkbaşına Siyasi Büronun bütün qalan üzvlərindən çox iş görür. Bunu gözügötürməyənlər də olurdu. Xüsusən, Mixail Qorbaçov Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi seçiləndən sonra onun Heydər Əliyevə qarşı qərəzli münasibəti açıq kampaniya şəkli aldı. M. Qorbaçov Heydər Əliyevin durmadan artan şöhrətinə qısqanclıqla yanaşır, onu özünə potensial rəqib sayırdı. Şübhəsiz, belə bir şəraitdə işləmək qeyri-mümkün idi. Kremlin o vaxtkı sahibi tərəfindən ona qarşı başlanmış qarayaxmalar, məkirli, iyrənc kampaniyalar Heydər Əliyevin istefa ərizəsi yazması ilə nəticələndi.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev SSRİ rəhbərliyində ən yüksək vəzifələrdən birinə dəvət alanda tikili-qurulu, abad, qabaqcıl bir respublika qoyub getmişdi. Fabrik və zavodlar gecə-gündüz işləyir, 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunur, aqrar sahədə ilbəil daha yüksək zirvələr fəth edilir, insanların güzəranı durmadan yaxşılaşır, bir sözlə, Azərbaycanın nəbzi, sözün həqiqi mənasında, ahəngdar vururdu. Lakin çox təəssüflər olsun ki, həmin dövrdə yaradılmış o böyük potensial hərc-mərclik illərində talan edildi, dağıntılara məruz qaldı.
Ulu öndər hakimiyyətə qayıtmaqla çox ağır bir vəzifəni üzərinə götürdü və elə ilk gündən böyük əzmkarlıqla işə başladı. Ölkədə baş alıb gedən xaosun, hərc-mərcliyin, qanunsuzluğun qarşısını almaq, sabitlik yaratmaq üçün lazımi tədbirlər gördü. İlk növbədə, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibənin qarşısını almaq məqsədilə atəşkəsə nail oldu. Bu, ölkə iqtisadiyyatını böhrandan çıxarmağa, nizami ordu quruculuğuna başlamağa, cəmiyyətdə siyasi sabitlik yaratmağa imkan verdi. Doğrudur, bundan sonra da Azərbaycanın müstəqilliyini gözü götürməyən daxili və xarici bədxahlar, pozucu qüvvələr geri çəkilmədilər, hər vəchlə ölkədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa, təxribatlar törətməyə çalışdılar, hətta ümummilli liderin özünə qarşı dəfələrlə sui-qəsd planları işlənib hazırlandı və buna cəhdlər edildi...
Lakin bunlar "heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olum yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm", - deyən böyük şəxsiyyət Heydər Əliyevi yolundan döndərə bilməzdi. Məhz ümummilli liderimizin qətiyyəti, hünəri, yüksək əzmkarlığı və müdrikliyi sayəsində ölkədə sabitlik bərpa edildi, böhranın qarşısı alındı, aparılan köklü islahatlar nəticəsində iqtisadiyyatda və digər sahələrdə inkişaf meyilləri yarandı, ən başlıcası isə xalqın itirilmiş ümidi, sabaha inamı yenidən özünə qayıtdı.
Dövlət quruculuğunun mahir ustası olan Heydər Əliyev ölkəni dərin böhrandan çıxarmaq və güclü inkişafa nail olmaq üçün bütün mövcud imkanlardan istifadə etdi. Ölkədə demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması yolunda gərgin iş aparıldı, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq referendumu yolu ilə qəbul olundu. Ümumiyyətlə, 2000-ci ilədək 900-ə yaxın qanun qəbul edildi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk beynəlxalq neft kontraktının imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Bundan sonra Azərbaycana yatırılan xarici sərmaya axınının qarşısı açıldı. Azərbaycan iqtisadiyyatına on milyardlarla dollar xarici investisiya yatırıldı. 1995-2003-cü illərdə ümumi daxili məhsul (ÜDM) 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz xarici ticarət dövriyyəsi və o cümlədən ixrac 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər endirilmiş, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir...
Görülən işlərin hələ çox az qismini sadalamaqda məqsəd Azərbaycanın bugünkü inkişafının təməlində böyük öndər Heydər Əliyevin misilsiz xidmətlərinin durduğunu diqqətə çatdırmaqdır. Bir sözlə, ümummilli liderimiz milli dövlətçiliyi itirməkdə olan Azərbaycanı, nəinki təhlükədən xilas etdi, həmçinin onu davamlı inkişaf yoluna çıxartdı və ölkənin etibarlı tərəqqi istiqamətini göstərən strategiya işləyib hazırladı. Təsadüfi deyil ki, xalq Heydər Əliyevin cismani yoxluğundan sonra onun siyasi kursuna alternativ görməyərək, bu siyasətin ən layiqli davamçısı cənab İlham Əliyevi özünə rəhbər seçdi. Xalq bununla da yeganə düzgün qərar qəbul etdi. Bunu ötən illərin təcrübəsi də təsdiqlədi. Hakimiyyət sükanını ələ alarkən möhtərəm Prezidentimiz İlham Əliyev bəyan etdi: "Bu gün Heydər Əliyevin cismani yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır. Yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq və Vətənimizi bu yolla irəli aparaq. Bu, hamımız üçün, onu tanıyanlar və sevənlər, onunla birlikdə işləyən bütün insanlar üçün böyük sınaqdır. Azərbaycanda bu siyasətə alternativ yoxdur. Bu siyasət Azərbaycana böyük uğurlar gətirib və əminəm ki, daha yeni-yeni uğurlar gətirəcəkdir".
Prezident İlham Əliyev, şübhəsiz, öz fəaliyyətini möhkəm zəmin, etibarlı təməl üzərində qurdu. Eyni zamanda o, Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirmədi, yeni şəraitin, müasir dünyamızda gedən proseslərin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirdi.
Dövlət başçımızın apardığı ardıcıl və məqsədyönlü siyasət ölkənin inkişafını daha da sürətləndirdi. Bütün ölkə ərazisində gedən tikinti-quruculuq işləri, zavodların, fabriklərin, istehsal sahələrinin, aeroportların, vağzalların, minlərlə müasir təhsil səhiyyə, mədəniyyət obyektlərinin, idman komplekslərinin, istifadəyə verilməsi, avtomobil və dəmir yollarının, körpülərin salınması, transmilli neft-qaz kəmərlərinin çəkilməsi, əhalinin güzəranının daha da yaxşılaşdırılması... hansını sayasan, bitib-tükənmək bilmir.
Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etmişdir. Dünyanın aparıcı ölkələrində gedən kəskin maliyyə böhranına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi ilbəil davam edir.
Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Məhz bunun sayəsində qlobal maliyyə böhranı şəraitində də Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyası neftdən əldə olunan gəlirləri qeyri-neft sektoruna, sahibkarlığın inkişafına, özəl sektorun ÜDM-də xüsusi çəkisinin artırılmasına yönəltməklə kompleks inkişafa gətirib çıxarmışdır.
Ölkədə qeyri-neft sektorunun inkişafı çoxşaxəli inkişaf siyasətinin məntiqi davamı olmuşdur. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən dövlət başçısı İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı ardıcıl tədbirlər görmüşdür. Bu məsələ regionların sosial-iqtisadi inkişafı dövlət proqramının birinci və ikinci mərhələsində yetərincə əksini tapmışdır.
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunduğu kimi, bu ilin altı ayı ərzində respublikanın qeyri-neft iqtisadiyyatı 11,3 faiz artmışdır. Bu, dünya miqyasınıda ən yüksək göstəricidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin iclasdakı yekun nitqində ölkənin inkişafından bəhs edərkən demişdir: "Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir... Beynəlxalq təşkilatlar, yəni mötəbər beynəlxalq maliyyə təşkilatları bizim uğurlarımızı qeyd edir. Dünyanın üç aparıcı reytinq agentliyi - "Standard and Poors", "Fitch" və "Moodys " Azərbaycanın kredit reytinqini artırmışlar. Baxmayaraq ki, Avropa ölkələrinin və Avropa banklarının reytinqləri eyni agentliklər tərəfindən aşağı salındı. Azərbaycanın kredit reytinqi qalxdı".
Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və yaradıcı sürətdə davam etdirilməsinin məntiqi nəticəsidir.

{nl}

Fikrət MÜTƏLLİMOV, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkim-ekspert terapevti

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında