Prezident İlham ƏLİYEV: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Cari ilin altı ayının yekunları göstərir ki, bütövlükdə 2012-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacaqdır. Bu fikir Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qətiyyətlə səsləndi. Ölkə başçısı həm giriş, həm də yekun nitqində bunun üçün vacib olan işlərin həyata keçirilməsini vurğulamaqla yanaşı, dəyərli tapşırıq və tövsiyələrini verdi. Əvvəllər olduğu kimi, budəfəki iclasda da insan amili ön plana çəkildi, əhalinin sosial problemlərinin vaxtında həllinə hər yerdə ciddi fikir verilməsi bir nömrəli vəzifə olaraq qarşıya qoyuldu.
Bu, hansı zərurətdən irəli gəldi? İkinci rübdə ölkənin şimal-qərb bölgəsində güclü zəlzələ baş verdi, minlərlə ev uçub dağıldı, yararsız vəziyyətə düşdü, məktəblər, tibb ocaqları, digər sosial infrastruktur obyektləri yerlə-yeksan oldu. Xoşbəxtlikdən insan tələfatı baş vermədi. Dövlətin operativ tədbirlər görməsi nəticəsində təbii fəlakətin fəsadları aradan qaldırılır. Prezidentin Ehtiyat Fondundan və ölkə büdcəsindən operativ qaydada lazımi miqdarda əlavə vəsaitin ayrılması evini, əmlakını itirən insanlarda dövlətə qarşı böyük inam, gələcəyə ümid yaratdı.
Prezident İlham Əliyev giriş nitqində dedi ki, mən zəlzələ bölgəsində vəziyyətlə tanış olarkən sakinlərə bildirdim ki, qısa müddət ərzində onlar üçün daha da gözəl evlər tikiləcək, bütün sosial infrastruktur yenilənəcək, tikiləcək və onların yaşayış şəraiti daha da yaxşı olacaqdır.
Yəni, birinci dəfə deyil ki, biz təbii fəlakətlərlə üzləşirik. İki il əvvəl böyük daşqına məruz qaldıq. O, sınaqdan da şərəflə çıxdıq. Minlərlə ev tikilmişdir, kompensasiya ödənilmişdir və bu proses hələ də davam edir. Əlavə vəsaitin ayrılmasına da biz müsbət baxdıq. Zəlzələ bölgəsində də eyni yanaşma tətbiq olundu. Çünki ilk növbədə, biz Azərbaycan vətəndaşlarının normal, rahat yaşamasına çalışmalıyıq və bütün evlər dövlət hesabına yenidən tikiləcəkdir.
Mən daşqından sonrakı dövrdə bu məsələ ilə bağlı fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə dövlət öz üzərinə bu maliyyə öhdəliyini götürmür. Çünki orada bütün evlər sığortalanıb. Hər bir vətəndaş öz evini gedib sığorta şirkətində sığortalayır və təbii fəlakət baş verdikdə sığorta şirkəti kompensasiyanı ödəyir. Bizdə, əlbəttə ki, vəziyyət fərqlidir. Ancaq biz çalışmalıyıq ki, bu sığorta sisteminə keçidi daha da sürətləndirək. Amma hələ ki, bu, mümkün deyildir. Dövlət bu vəzifəni öz üzərinə götürür.
Onu da deyə bilərəm ki, dünyada çox nadir hallarda belə məsələyə rast gəlmək olar ki, dövlət bütün maliyyə yükünü tamamilə, yəni, 100 faiz öz üzərinə götürür. Ancaq bu bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, yeni tikiləcək evlər, məktəblər, sosial infrastruktur əvvəlkindən qat-qat keyfiyyətli və rahat olacaqdır.
Keçən rübdə Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının birinci ilinə yekun vuruldu, geniş müşavirə keçirildi. Birinci ildə görülən işlər təhlil edildi, gələn il üçün qarşıya vəzifələr qoyuldu. Bütövlükdə bir il ərzində Bakıda və onun qəsəbələrində çox böyük quruculuq və abadlıq işləri aparılıb. Bu işlər davam edir. Yaxın zamanlarda biz bu işlərin məntiqi, yəni, real nəticələrini görəcəyik. Onlarla məktəb tikilir, bərpa edilir. Uşaq bağçaları, tibb ocaqları tikilir, yollar salınır, qazlaşdırma prosesi gedir. Su, kanalizasiya layihələri icra edilir. Bakı qəsəbələrində, ümumiyyətlə, heç vaxt kanalizasiya sistemi olmamışdır. Qəsəbədaxili yollar tikilir. Yəni, bu məsələyə kompleks şəkildə yanaşılır. Eyni zamanda, qəsəbələrdə yeni iş yerlərinin açılması məsələləri də öz həllini tapır. Bakı qəsəbələrində fəaliyyət göstərən iş adamlarına da Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi prosesi başlanmışdır. Beləliklə, gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinə dair ikinci Dövlət Proqramı uğurla icra ediləcəkdir.
Bununla bərabər, bölgələrdə regional inkişaf proqramı icra edilir. Ötən dövr ərzində, yəni, ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki, demək olar ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır. Eyni zamanda, əmək bazarına nəzarət daha da güclənir. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Əfsuslar olsun ki, Azərbaycanda hələ də bu sahədə dəqiq sistem tətbiq edilməyibdir. Gizli məşğulluq halları kifayət qədər çoxdur, xarici miqrantların ölkəmizə qanunsuz gəlməsi və qanunsuz fəaliyyət göstərməsi halları aşkarlanır və bu meyillər güclənir. Bu da təbiidir. Çünki xüsusilə, son 4 il ərzində Avropada iqtisadi-maliyyə böhranı davam edir, Azərbaycan nadir inkişaf templərini nümayiş etdirir. Əlbəttə ki, buraya gəlmək, işləmək istəyənlərin sayı artır, Dövlət Miqrasiya Xidməti bütün lazımi tədbirləri görür. Bu tədbirlər daha da səmərəli olmalıdır ki, ilk növbədə, Azərbaycan vətəndaşlarının əmək bazarında işlə təmin edilməsi məsələləri öz həllini tapmalıdır. Baxmayaraq ki, Azərbaycanda işsizlik aşağı səviyyədədir, - keçən ilin yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də işsizlik var və bəzi hallarda bu işsizlik reallığı əks etdirmir. Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni, belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin. Ölkə büdcəsinə daha da böyük vəsait daxil olsun, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə.
Regionlarda gedən quruculuq-abadlıq işləri artıq ənənəvi xarakter daşıyır. Prezident qeyd etdi ki, mən bölgələrdə mütəmadi qaydada oluram və hər dəfə yenilikləri görəndə çox sevinirəm. Deyə bilərəm ki, rayonlar arasında sağlam rəqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət, əlbəttə, hər bir rayon sakini istəyir ki, onun rayonu daha da gözəl, abad və inkişaf etmiş olsun. Biz də bu meyilləri gücləndiririk və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin mütləq əksəriyyəti bölgələrin inkişafına yönəldilibdir.
Sosial məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Bu ilin yaddaqalan əlamətlərindən biri də sovet dövründən qalmış, yəni, batmış əmanətlərin kompensasiyasıdır. Yenə də demək istəyirəm ki, Azərbaycan dövləti o əmanətlərə görə heç bir hüquqi, yaxud da ki, mənəvi məsuliyyət və öhdəlik daşımır. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan müstəqil dövlət kimi bütün öhdəliklərini yerinə yetirir.
Ancaq nəzərə alsaq ki, sovet dövründə 2 milyon 400 min əmanətçi var idi və insanlar bu əmanətlərin qaytarılmasını, kompensasiyasını gözləyirdi, yenə də siyasətimizin sosial xarakterini və sosial ədalət prinsiplərini daha da gücləndirmək üçün belə qərar qəbul edildi. Deyə bilərəm ki, postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variant məhz Azərbaycanda tətbiq edilib. Həm müddət baxımından- çünki cəmi 2 il ərzində bütün kompensasiyalar ödəniləcək, - eyni zamanda, verilən məbləğ baxımından. Əgər biz sovet rublunu manatla deyil, dollarla müqayisə etsək, kompensasiyalar təqribən birə-beş, birə-altı əmsalı əsasında ödənilir. Bu da postsovet məkanında ən yüksək əmsaldır. Artıq proses başlanmışdır. Minlərlə, on minlərlə insan artıq müraciət etmişdir. Minlərlə insan öz əmanətlərini almışdır və bu proses 2013-cü ilin sonuna qədər başa çatmalıdır.
Müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, cari ilin altı ayında dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 400 milyon manat, o cümlədən "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin imzaladığı tarixi fərmanın icrası olaraq 300 milyon manat vəsait ayrılmışdır.
Qeyd olunan fərmanın icrası olaraq cari ilin iyunun 1-dən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılmış, 10 iyul tarixə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilmiş, onun 156 mini üzrə isə 86 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilmişdir.
Ölkə vətəndaşları xalqın rifahı naminə imzalanan bu fərmanı Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü kimi qiymətləndirirlər.
S.Şərifov Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə danışarkən dedi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 74 nəfər hərbi qulluqçuya Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Abşeron, Sumqayıt, Gəncə, Naxçıvan, İsmayıllı, Mingəçevir, Lənkəran və digər rayon və şəhərlərdə dövlət vəsaiti hesabına mənzillər təqdim edilmişdir.
Son illərdə Azərbaycanda milli mədəniyyətin və turizmin inkişafı sahəsində mühüm nailiyyətlərin əldə edildiyini bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, bu gün ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin ölkəmizin təbliği baxımından vacib rola malik olduğunu vurğulayan nazir dedi: - May ayında Bakıda keçirilən "Eurovision-2012" mahnı yarışması təkcə xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanlar açmaq baxımından deyil, həmçinin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyətə malik olmuşdur. "Eurovision" musiqi yarışması nə qədər iri mədəniyyət layihəsi olsa da, yeganə misal deyildir. Ötən ayın sonunda Şəkidə keçirilən "İpək yolu" Beynəlxalq musiqi festivalı, yaxın günlərdə Qəbələ şəhərində keçiriləcək Beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç adına Beynəlxalq musiqi festivalları nəinki Bakıya, həm də Azərbaycanın regionlarına dünyanın ən nüfuzlu musiqi ustaları və həvəskarlarının böyük axınına səbəb olmuşdur. Qarşıdakı aylarda da ölkənin mədəni həyatında nüfuzlu, dünya miqyaslı professional incəsənət layihələri üstünlük təşkil edəcəkdir.
İclası yekunlaşdıran dövlətimizin başçısı qeyd etdi ki, iqtisadiyyatda baş verən müsbət meyillər ilin sonuna qədər daha da güclənəcəkdir. İlin sonuna qədər hələ görüləsi işlər çoxdur. Biz infrastruktur layihələrini başa çatdırmalıyıq. Eyni zamanda, əminəm ki, makroiqtisadi vəziyyət ilin sonuna qədər sabit olaraq qalacaqdır. Çünki altı ayda inflyasiyanın cəmi 2,2 faiz səviyyəsində olması belə deməyə əsas verir. Əlbəttə, bu, çox müsbət göstəricidir. Qeyd etdiyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı 10 faizdən çox üstələyir. Şübhəsiz ki, bu dinamika və bu göstəricilər hər bir vətəndaşın həyatında, onun maddi rifahında öz izlərini buraxmalıdır.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında