Milli Məclisin 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə 13 iclas keçirilmiş, 128 qanun və qərar qəbul olunmuşdur

Dünən Milli Məclisin 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründəki fəaliyyəti ilə əlaqədar mətbuat konfransı keçirilmişdir. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu tədbiri açıq elan etdikdən sonra Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründəki fəaliyyəti ilə əlaqədar məlumat verdi. O bildirdi ki, ötən il ölkəmizin yaddaqalan uğurlara imza atmasına Milli Məclis də öz töhfəsini vermişdir. Parlamentin 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin 13 iclası keçirilmiş, 128 qanun və qərar qəbul olunmuşdur. Bu sənədlər ölkə başçısı tərəfindən aparılan islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir.
Sədr müavini dedi ki, Milli Məclisin yaz sessiyasında (1 fevral - 29 may 2012-ci il) 11 iclas keçirilmiş, 85 qanun və qərar qəbul olunmuşdur. Onlardan 9-u qanun, 51-i qüvvədə olan qanunlara dəyişikliklər və əlavələr, 14-ü qərar, 11-i isə beynəlxalq müqavilələr və konvensiyalardır. Parlamentdə bu dövrdə bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Növbədənkənar sessiya (1 iyun - 29 iyun 2012-ci il) dövründə isə parlamentin 2 iclası keçirilmiş, 43 qanun və qərar qəbul olunmuşdur. Bunlardan 1-i Konstitusiya qanunu, 1-i qanun, 24-ü qanuna dəyişikliklər və əlavələr, 7-si qərar, 10-u isə beynəlxalq sənədlərdir.
Yaz və növbədənkənar sessiyalar ərzində Milli Məclis komitələrinin 68 iclası keçirilmiş, 157 qanun və 8 qərar layihəsinə baxılmışdır. Bütövlükdə, komitələrdə 184 məsələ müzakirə olunmuşdur.
Milli Məclisin yaz və növbədənkənar sessiyalar dövründəki fəaliyyətini məhsuldar hesab edən B.Muradova demokratiya, plüralizm, qanunun aliliyi prinsiplərinə əsaslanaraq qanunvericilik səlahiyyətinin tam həcmdə yerinə yetiridiyini diqqətə çatdırdı. Qeyd olundu ki, qanunverici orqanın fəaliyyətinin əsas istiqamətləri hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin davam etdirilməsi, ölkədə aparılan islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi, parlament diplomatiyası coğrafiyasının genişləndirilməsi olmuşdur.
Milli Məclis dünyada baş verən prosesləri diqqətlə izləmiş, lazım gəldikdə, ölkənin milli maraqları ilə bağlı məsələlərə öz münasibətini bildirmiş, qərarlar qəbul etmişdir. Bu dövrdə qanunverici orqanda Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsi ilə bağlı, Xocalı soyqırımının 20 illiyi, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar qərarlar və müraciətlər qəbul olunmuşdur.
Parlament ölkənin Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti ilə bağlı hesabatını dinləmiş, Hesablama Palatasının hesabatı haqqında qərar qəbul etmişdir.
B.Muradova xüsusi olaraq vurğuladı ki, bu dövrdə qəbul olunmuş ən mühüm sənədlərdən biri Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunudur. Bu qanun əvvəllər Azərbaycan Prezidenti seçilmiş şəxsin və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir. Sənəd Azərbaycanda dövlətçilik ənənələrinin və siyasi mədəniyyətin möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. Konstitusiya qanununda keçmiş prezidentin toxunulmazlığı ilə bağlı müddəalar, onun ailə üzvləri üçün pensiya, tibbi və digər təminatlar nəzərdə tutulmuşdur.
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın daha da inkişafı və ölkənin siyasi sisteminin təkmilləşdirilməsinin daim dövlətin diqqət mərkəzində saxladığını deyən B.Muradova parlamentin də bu istiqamətdə əhəmiyyətli işlər gördüyünu bildirdi. Belə ki, Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında qərar, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanun qəbul olunmuş, Seçki Məcəlləsində, "Konstitusiya Məhkəməsi haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Həmkarlar ittifaqları haqqında", "Siyasi partiyalar haqqında", "İnformasiya əldə etmək haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" sənədlərdə dəyişikliklər edilmişdir. "Siyasi partiyalar haqqında" Qanuna edilmiş dəyişikliklərdə partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələləri öz əksini tapmışdır."İnformasiya əldə etmək haqqında" Qanuna edilmiş dəyişikliklə bu sahədəki münasibətlər üçün yeni çərçivələrin müəyyənləşdirilməsi qanundakı boşluğu aradan qaldırmışdır. Natiq bu dövrdə hüquqi sahəyə aid bir sıra qanunlar qəbul edildiyini də diqqətə çatdırdı. İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, Mülki Məcəllədə, "Yol hərəkəti haqqında", "Prokurorluq haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə məlumat verildi.
B.Muradova dedi ki, parlamentdə iqtisadiyyata aid qəbul olunan qanunvericilik aktları bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsinə və ölkəmizin iqtisadi-ticari əlaqələrinin genişlənməsinə xidmət edir. Ötən dövrdə Milli Məclisdə 2011-ci il Dövlət büdcəsinin icrası haqqında qanun qəbul edilmiş, "Büdcə sistemi haqqında" sənədə dəyişikliklər olunmuşdur. Ölkə gəlirlərinin artması ilə bağlı olaraq parlament "2012-ci ilin Dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edərək təbii fəlakətlərdən ziyan çəkən bölgələrə xeyli miqdarda maliyyə vəsaiti ayırmışdır.
Ötən sessiyalarda parlamentdə qəbul olunmuş mühüm əhəmiyyətli sənədlərdən biri də Şəhərsalma və Tikinti Məcəlləsi olmuşdur. Sənəd Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin texniki yardımı ilə Milli Məclisdə hazırlanmışdır. Ölkədə tikinti işlərinin geniş vüsət alması bu sahədə yaranan münasibətlərin qanunla tənzimlənməsini günün tələbinə çevirmişdir. Tikinti fəaliyyətinin şəhərsalma ilə məntiqi bağlılığını nəzərə alaraq, Tikinti Məcəlləsi ilə Şəhərsalma Məcəlləsinin birləşdirilməsi zərurəti yaranmışdır. Sənəd üzərində işləyərkən işçi qrup bir sıra ölkələrin, o cümlədən Almaniyanın, Fransanın, Litvanın bu sahədəki təcrübəsini öyrənmişdir.
Həmişə olduğu kimi, yaz sessiyası dövründə də sosial məsələlər parlamentin diqqət mərkəzində olmuş, bununla əlaqədar bir sıra sənədlər qəbul olunmuşdur.
Müasir dövrdə dünyada baş verən sosial-mədəni proseslər fonunda yeni mədəniyyət formalarının meydana çıxması və inkişafı "Mədəniyyət haqqında" Qanuna yenidən baxılmasını labüd etmişdir. B.Muradova qeyd etdi ki, yeni qanun layihəsi hazırlanarkən dövlət mədəniyyət siyasətinə və mədəniyyətin formalarına müasir yanaşma ortaya qoyulmuşdur. Sənəd müvafiq dövlət orqanlarının və mütəxəssislərin iştirakı ilə ikinci oxunuş üçün hazırlanmışdır.
İdarəetmə sisteminin mühüm tərkib hissəsi olan bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi və bu yerli özünüidarəetmə institutunun qanunvericilik bazasının təkmilləşdirilməsi parlamentin daim diqqət mərkəzində olduğunu bildirən natiq ötən sessiyada bu sahəyə aid bir sıra qanun və qərarlar qəbul edildiyini vurğuladı.
Yaz və növbədənkənar sessiyalar dövründə bir sıra beynəlxalq sənədlər parlamentdə müzakirə edilərək qəbul olunmuşdur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında, "Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında", "Azərbaycan Respublikası hökuməti və İsrail Dövləti hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikası hökuməti və Litva Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlərin təsdiq edilməsi barədə sənədlər də bunu təsdiqləyir.
Ötən dövrdə Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq təşkilatların işində yaxından iştirak etmişlər. Belə ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Qazaxıstanda, Səudiyyə Ərəbistanı Krallığında, Türkiyədə və Qırğızıstanda səfərlərdə olmuşdur.
Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək parlamentin qarşıya qoyduğu prioritet vəzifələrdən olmuşdur. Bu barədə məlumat verən B.Muradova dedi ki, Milli Məclisin nümayəndə heyəti beynəlxalq təşkilatların tədbirlərində yaxından iştirak etmiş, milli maraqlarımızla bağlı məsələlərin müzakirəsində fəallıq göstərmişdir. Nümayəndə heyətimiz ATƏT PA-nın qış və yay sessiyalarında, təşkilatın Gürcüstanda keçirilmiş İqtisadi konfransında, NATO PA-nın yaz sessiyasında, Türkiyədə keçirilmiş XV Avrasiya İqtisadi Zirvə Toplantısında, AŞPA-nın yaz və yay sessiyalarında, MDB PA-nın, TürkPA-nın, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin və digər nüfuzlu qurumların tədbirlərində iştirak etmişdir.
Deputatlarımız ABŞ-da, Rusiyada, Türkiyədə, Böyük Britaniyada, Almaniyada, Fransada, Gürcüstanda, Ukraynada və digər ölkələrdə səfərlərdə olmuş, səfər çərçivəsində keçirdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında parlament diplomatiyasının incəliklərindən məharətlə istifadə etmişlər. Həmçinin ötən dövrdə bir sıra xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olmuşlar.
Vətəndaşların müraciətlərinə, ərizə və təkliflərinə diqqətlə yanaşılması həlli vacib məsələlərdən biri olmuşdur. Bu sahəyə parlamentdə daim diqqətlə yanaşılmışdır. Natiq dedi ki, 2012-ci ilin birinci yarısında Milli Məclisə vətəndaşlardan 2312 təklif, ərizə və şikayət daxil olmuş, parlamentdə 2201 vətəndaş qəbul edilmişdir. Milli Məclisin komitə və komissiya sədrlərinin, aparat rəhbərinin və şöbə müdirlərinin qəbuluna yazılmış şəxslərin qəbulu aylıq cədvələ əsasən vaxtında keçirilmişdir.
Yaz və növbədənkənar sessiyalar dövründə Milli Məclisdə 58 KİV akkreditə olunmuşdur. 14 televiziya və radio, 30 qəzet, 14 agentlik parlamentin fəaliyyətini işıqlandırmışdır.
Sonda jurnalistləri maraqlandıran sualları Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və parlamentin komitə sədrləri cavablandırmışlar.
Ümumilikdə, Milli Məclisin 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında