Azərbaycan - Tacikistan münasibətlərinin inkişafı yeni mərhələyə qədəm qoyur

Tacikistan Prezidentinin rəsmi səfəri bizim ikitərəfli münasibətlərin tarixində mühüm hadisədir. Bu, Tacikistan Prezidentinin ikinci rəsmi səfəridir. Özlüyündə bu fakt ölkələrimiz arasında münasibətlərin səviyyəsinin göstəricisidir. Bizi tarix birləşdirir, bizi bu günümüz birləşdirir. Mənə çox xoşdur ki, müstəqillik illəri ərzində ölkələrimiz böyük dostlara, tərəfdaşlara çevrilmişlər, beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayır, konkret siyasi və iqtisadi əməkdaşlıq məsələlərini həll edirlər.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}


Azərbaycana budəfəki səfərin yekunları çoxəsrlik dostluq telləri və ümumi mədəni dəyərlərlə, qədim ənənələrə malik mehriban münasibətlərlə bir-birinə bağlı olan iki dövlətin, tacik və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin inkişafında daha bir addımdır... Düşünürəm ki, bu səfər bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığımıza yaxşı təkan verəcəkdir.
Emoməli RƏHMON Tacikistan Prezidenti

{nl}


Azərbaycan sürətli inkişaf mərhələsində öz mövqelərini qoruyub saxladıqca dünya birliyindəki əlaqələri daha da genişlənir, reytinqi getdikcə artır. Son illər ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, inkişaf etmiş dövlətlərlə imzalanmış sənədlər və digər amillər respublikamızın nüfuzunun yüksəlməsinin nəticəsidir. Artıq müstəqil dövlətimizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artmaqdadır. Biz ötən ilin sonunda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilən zaman dünyanın 155 dövlətindən dəstək alması zamanı da bunun şahidi olduq. Bu fakt ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsindən xəbər verir. Müstəqilliyimizin 20 illik tarixi ərzində siyasi, iqtisadi və mədəni sahələrdə aparılan əsaslı islahatlar ölkəmizi inkişaf etmiş dövlətlər sırasına qoşmaqdadır. Bütün bu uğurlar dünya birliyinin diqqətindən yayınmır.
Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri, iki ölkə arasında imzalanan sənədlər qarşılıqlı münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək. Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da yaradılmışdır. Dost və qardaş ölkə olan Tacikistanla müstəqil dövlətimiz arasında münasibətlərin təməli Azərbaycan Prezidenti Heydər Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən qoyulmuşdur. Bu gün uğurla inkişaf edən münasibətlərimizin əsası məhz onların rəhbərliyi ilə yaradılmışdır. Həmin vaxtdan başlayaraq xalqlarımız arasında dostluq və qardaşlıq ənənələri davam edir, möhkəmlənir, yeni mərhələyə qədəm qoyur. Artıq beynəlxalq qurumlarda da hər iki ölkənin nümayəndələri fəal əlaqə saxlayır, bir-birlərini qarşılıqlı şəkildə dəstəkləyirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən onun namizədliyini dəstəkləyən ölkələrdən biri də məhz Tacikistan olmuşdur. Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatla çıxış edən zaman Prezident İlham Əliyev bu məsələni diqqətə çatdıraraq dedi: "Mən bu gün Emoməli Şərifoviçə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən onun namizədliyini dəstəklədiyinə görə artıq təşəkkür etmişəm, Tacikistan Prezidentinə hamınızın qarşısında bir daha təşəkkür etmək istəyirəm. Biz bu dəstəyi çox yüksək qiymətləndiririk, bu dəstək bizə çox kömək etdi. Mən onu da demişəm ki, biz Təhlükəsizlik Şurasının üzvü kimi Tacikistan tərəfindən irəli sürüləcək bütün təşəbbüsləri dəstəkləyəcəyik. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edirik, MDB-də, İƏT-də bir-birimizi dəstəkləyirik. Başqa sözlə desək, beynəlxalq baxımdan harmoniya və qarşılıqlı dəstək vardır".
Qeyd edək ki, bu, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə artıq ikinci səfəridir. Əvvəlki səfərlər zamanı da bir sıra sənədlər imzalanmış, iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətləri bir qədər də yaxşılaşmışdır. Dost ölkənin Prezidenti bu əməkdaşlıqdan məmnun qaldığını bildirdi və Azərbaycanın bütün sahələr üzrə inkişafını yüksək dəyərləndirdi. Tacikistan dövlətinin başçısı qazanılan böyük uğurlara görə Azərbaycan xalqını təbrik etmişdir.
İkitərəfli əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan danışan Prezident demişdir: "Tacikistanın Azərbaycanın təcrübəsini öyrənməsinə böyük ehtiyac vardır. Əminəm ki, bu səfər əməkdaşlığımızı daha da inkişaf etdirəcəkdir. Təqdirəlayiq haldır ki, Bakı ilə Düşənbə arasında birbaşa aviareys açılmışdır. İnanırıq ki, yeni aviareys ölkələrimiz arasında iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına, yeni layihələrin reallaşdırılmasına geniş imkanlar açacaqdır". Prezident Emoməli Rəhmon demişdir ki, Azərbaycan ilə əlaqələrin inkişafı Tacikistanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçmişdir. Mən sonuncu dəfə Bakıda 5 il əvvəl olmuşam. Ötən müddət ərzində Bakı şəhəri əsaslı şəkildə dəyişmiş və gözəlləşmişdir. Tacikistan Prezidenti 2007-ci il martın 15-də iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında imzalanmış müqavilədə təsbit edilmiş prinsiplər əsasında Azərbaycan ilə çoxplanlı əməkdaşlığın inkişafına ölkələrində prioritet əhəmiyyət verildiyini bildirdi və dedi ki, Azərbaycana budəfəki səfərin yekunları çoxəsrlik dostluq telləri və ümumi mədəni dəyərlərlə, qədim ənənələrə malik mehriban münasibətlərlə bir-birinə bağlı olan iki dövlətin, tacik və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin inkişafında daha bir addımdır.
Azərbaycan və Tacikistan prezidentlərinin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərindən beş il keçir. Bu müddət ərzində iki ölkə arasında dostluq münasibətləri daha da inkişaf etmişdir. Budəfəki səfər zamanı qarşılıqlı münasibətlərin 2007-ci ildə yaradılmış müqavilə-hüquqi baza əsasında keçdiyi yola yekun vurulmuş və əsas diqqət müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın yeni, hələ istifadə edilməmiş imkanlarını gerçəkləşdirməyin yolları və üsulları üzərində cəmləşdirilmişdir. Dövlət başçıları qarşılıqlı faydalı və konstruktiv danışıqlar aparmış, bu danışıqların gedişində ikitərəfli xarakter daşıyan məsələlərin geniş dairəsi müzakirə olunmuş, ölkələrimizdə və regionlarımızda vəziyyət, hər iki tərəfi narahat edən beynəlxalq problemlər barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev danışıqların yekununu yüksək qiymətləndirmiş və iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. Dövlətimizin başçısı demişdir: "Bu gün konkret iqtisadi əməkdaşlıq layihələri müzakirə edilmiş, iqtisadi əlaqələrin fəallaşdırılmasına dair yeni təşəbbüsləri və təklifləri qısa müddətdə hazırlamaq üçün nümayəndə heyətlərinin müvafiq üzvlərinə tapşırıqlar verilmişdir. Bunlar energetika, iqtisadiyyat, sənaye, habelə investisiya məsələlərinə aiddir. Yəni, bütün müvafiq göstərişlər verilmişdir və mən əminəm ki, bu göstərişlər həyata keçiriləcək, görülən tədbirlər nəticəsində ölkələrimiz arasında əmtəə dövriyyəsini qısa müddətdə xeyli, ola bilsin ki, dəfələrlə artırmağa nail olacağıq. İqtisadi əməkdaşlıq məsələlərini fəal həll etmək üçün yaxşı imkanlar, ən başlıcası, siyasi iradə vardır. Bunların köməyi ilə ölkələrimiz bir-birinə daha yaxın olacaq, daha sıx qarşılıqlı fəaliyyət göstərəcəklər, beləliklə mövqelərimiz möhkəmlənəcəkdir. Mərkəzi Asiyada Tacikistan, Xəzər və Qafqaz regionunda Azərbaycan regional məsələlərdə mühüm rol oynayır və biz səylərimizi birləşdirməklə daha böyük uğurlar qazana bilərik".
Azərbaycan və tacik xalqlarının mədəniyyəti, adət-ənənələri, həyat tərzi bir-birinə çox yaxındır. Ona görə də mədəni sahədə əməkdaşlıq və mübadilə xüsusi əhəmiyyət kəsb edir. Bu səfər zamanı iki ölkə arasında imzalanmış, o cümlədən humanitar xarakterli - təhsil, mədəniyyət sahəsində mühüm sənədlər xalqlarımızı daha da yaxınlaşdıracaq və dostluq əlaqələrini daha sıx tellərlə bağlayacaq. Bu münasibətlərin inkişafında iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşunun, ticarət dövriyyəsinin artmasına şərait yaradan 500-dən çox investisiya layihəsinin mövcudluğunun və hər iki ölkənin iş adamları üçün biznes forumların, "dəyirmi masa"ların keçirilməsinin əhəmiyyəti qeyd edilmişdir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin bir sıra aktual aspektlərinə dair çox faydalı və konstruktiv fikir mübadiləsi aparılmış, 2007-ci ildə dostluq və əməkdaşlıq haqqında əsas müqavilə və daha 20 sənəd imzalandıqdan sonrakı dövrdə toplanan qarşılıqlı fəaliyyət təcrübəsi nəzərə alınmaqla Tacikistan ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, möhkəmlənməsi və genişlənməsi istiqamətləri və formaları konkretləşdirilmişdir. Tacikistan Prezidenti Azərbaycana səfəri zamanı Milli Məclisdə olmuş, Dövlət Bayrağı Meydanı və "Baku Crystal Hall" ilə də tanış olmuşdur. Səfər çərçivəsində həmçinin Azərbaycan - Tacikistan sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyanatı"nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon imzaladılar. Sonra bir sıra sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə əlaqədar sənədlər imzalanmışdır.
Azərbaycan - Tacikistan sənədlərinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir.
Prezident İlham Əliyev Tacikistan dövlətinin başçısına Azərbaycanın ali mükafatı - "Heydər Əliyev" ordenini, Prezident Emoməli Rəhmon isə Azərbaycan dövlətinin başçısına Tacikistanın ali mükafatı - "İsmoili Somoni" ordenini təqdim etmişdir.
Bütün bunlar deməyə əsas verir ki, Tacikistan və Azərbaycan arasında ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyur və xalqlarımızın mənafeyi naminə daha da genişlənəcək.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında