Vətənə, xalqa xəyanət edənlər heç vaxt bağışlanmır

Prezident İlham Əliyev: Azərbaycan haqq yolundadır və bu yolun yolçuları həmişə qalib olurlar

{nl}


Azərbaycanın dünya birliyindəki mövqelərinin getdikcə möhkəmlənməsi və reytinqinin artması hər birimizdə qürur hissi yaradır. Müstəqillik tarixi cəmi 20 il olan ölkəmizin dünya birliyinə sürətli inteqrasiya etməsi, regionun lider dövlətinə çevrilməsi və bir sıra qlobal proseslərə təsir imkanı qazanması düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir. Müstəqil dövlətimizin iyirmi il ərzində qazandığı uğurlar təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Təkcə bir faktı qeyd edək ki, ölkəmiz iyirmi illik müstəqillik tarixində dünyanın ən nüfuzlu təşkilatlarından olan BMT Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü olmuş və bu ilin may ayında həmin quruma sədrlik etmişdir.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələ xüsusi vurğulanmış, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, nüfuzlu bir quruma sədrlik etməsi sürətli inkişafımızın təcəssümü kimi dəyərləndirilmşdir. Dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən demişdir:" Bu ilin may ayında Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu, tarixi hadisədir. Dünyanın bir nömrəli təşkilatına bir ay ərzində Azərbaycan sədrlik etmişdir və əlbəttə ki, bu dövr daim bizim tariximizdə qalacaqdır. Azərbaycanın artan nüfuzu, imici, imkanları, gücü bax, bu reallıqları mümkün etmişdir. Təhlükəsizlik Şurasının yeni üzvü kimi Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirir və bu mötəbər təşkilata üzv olduqda bəyan etdiyim kimi, Azərbaycan Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq hüququ müdafiə edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın qlobal məsələləri ilə bağlı çox fəal və geniş müzakirələr aparır, biz dünyanın aparıcı ölkələri ilə daim təmasdayıq və bizim prinsipial mövqeyimiz qiymətləndirilir".
Azərbaycanın siyasi xəttini dəstəkləyən, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə çoxalır. BMT Təhlükəsizlik Şurasında 155 ölkənin bizi dəstəkləməsi bunun əyani sübutudur. Bu fakt bir daha təsdiqləyir ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasət dünya birliyi tərəfindən qəbul edilir. Bütün bunlar prinsipial mövqeyimizlə qazanılıb. Hazırda dünyanın ən mötəbər qurumları öz tədbirlərini Azərbaycanda keçirməkdə maraqlıdırlar. Çünki ölkəmiz artıq belə tədbirlərin yüksək səviyyədə keçirilməsinə qadir olduğunu dəfələrlə təsdiqləyib. Bu gün respublikamız beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Belə tədbirlər xalqımız haqqında əsl həqiqətlərin dünya birliyinə olduğu kimi çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Həmin tədbirlərdə iştirak edən əcnəbi qonaqlar, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, həmçinin ictimai - siyasi xadimlər ölkəmizin inkişafının şahidi olurlar. Bu ilin may ayında Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyinin şahidi olduq. "Eurovision-2012" mahnı yarışması təkcə xalqımızın zəngin mədəniyyətinin, ölkəmizin füsunkar təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanlar açmaq baxımından deyil, həmçinin qısa müddət ərzində əldə etdiyimiz yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyətə malik olmuşdur.Təkcə Avropada deyil, hətta bütün dünyanın diqqət mərkəzində olan bu mahnı yarışmasının yüksək səviyyədə keçirilməsi, ölkəmizin sürətli inkişaf yolunda inamla irəliləməsinin təzahürüdür. Avropanın böyük mədəni tədbirinin yüksək səviyyədə keçirilməsində Təşkilat Komitəsinin - Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri yüksək qiymətə layiqdir.
"Eurovision - 2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya olduğu kimi təqdim edilməsində böyük rol oynadı. Təəssüf edirik ki, sadəcə mahnı yarışması olan bu tədbiri siyasiləşdirmək istəyən qüvvələr tapıldı və Azərbaycana qarşı çirkin kampaniya başlandı. Hətta adını müxalifət qoyan bəzi qaragüruhçu ünsürlər mahnı yarışmasından öz mənafeləri naminə istifadə etmək üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmədilər. Ölkəmizin beynəlxalq aləmdə reytinqinin artmasından, əlaqələrinin getdikcə genişlənməsindən sevinmək, fərəhlənmək əvəzinə qısqanclıq odunda alışıb - yanan belələri Azərbaycanın nüfuzuna xələl gətirmək üçün min oyundan çıxdılar. Xəbis niyyətlilər gah piket, gah qanunsuz mitinq, gah da aclıq aksiyası keçirməklə ölkəmizə gələn qonaqların diqqətini özlərinə cəlb etmək istəyirdilər. Lakin buna nail ola bilmədilər. Çünki ölkəmizə gələn minlərlə xarici qonaq təşkilati məsələləri yüksək qiymətləndirdi və bütövlükdə şəhərimizə, ölkəmizə heyran oldular. Mahnı müsabiqəsinin iştirakçıları və bütün qonaqlar adət - ənənəmizə uyğun olaraq yüksək qonaqpərvərliklə qarşılandılar. Onlar üçün çox gözəl şərait yaradılmışdı. Qonaqlar özləri də etiraf etdilər ki, Azərbaycanda keçirilən mahnı müsabiqəsi hər bir cəhətdən yadda qaldı və əvvəlki ölkələrdə keçirilən yarışmalardan tamamilə fərqləndi. Ona görə də müxalifət adı ilə təxribat törətmək istəyənlərin arzuları ürəklərində qaldı. Ölkəmizə gəlmiş əcnəbilər də bildilər ki, mitinq keçirmək istəyənlərə mövcud qanunvericiliyə uyğun olaraq meydan ayrılmış, hətta onların təhlükəsizliyi dövlət tərəfindən təmin olunmuşdu. Müxalifət isə həmin meydana tərəfdaş toplaya bilmədiklərini gördükdə şəhərin mərkəzi küçələrində icazəsiz aksiyalar keçirməklə ictimai - siyasi sabitlyi pozmağa cəhd göstərdi.
Təbii ki bütün qeyri - qanuni aksiyaların qarşısı qanunamüvafiq surətdə alındı. Antiazərbaycan qüvvələrin bütün cəhdləri həmişəki kimi bu dəfə də iflasa uğradı.
Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində də bu məsələni bir daha diqqətə çatdıraraq dedi: "Bakıda keçirilmiş "Eurovision" müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər. Ancaq bununla bərabər, biz gözlənilməz kampaniya ilə də üzləşdik. Bu, bizim üçün gözlənilməz idi. Çünki yenə də deyirəm, "Eurovision"un tarixində heç vaxt siyasi məqamlar olmamışdı. Burada antiazərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə getmişdir. İlk növbədə, erməni lobbisi və bu məsələ ilə bağlı mən əvvəllər də demişəm, bu gün də deyirəm, "Eurovision" müsabiqəsi bir daha mənim sözlərimi təsdiqləyir ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar və bütün maliyyə-siyasi qüvvələrini səfərbər edirlər ki, təki Azərbaycana zərbə vursunlar. Erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Bunu da mən təəssüf hissi ilə deyə bilərəm. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Bu, əlbəttə ki, çox məyusedici bəyanatlardır. Düzdür, belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə olan siyasətçilər əfsuslar olsun ki, vardır" .
Möhtərəm Prezidentimiz bildirdi ki, antiazərbaycan kampaniyası aparanlar sırasında üçüncü qüvvələr də var idi. Üçüncü qüvvələr sadəcə olaraq Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Onları qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran, hər yerdə problem, nümayişlər, polis ilə əhalinin toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi hal almışdır, - ancaq burada sakitlik, rahatlıq, inkişaf və xoş ovqat hökm sürür. Təbbi ki, bu gün Azərbaycanın inkişafından sevinməyən, bunu görməməzliyə vuran qüvvələr, insanlar, qruplaşmalar var. Artıq onları hamı tanıyır. Bunlar yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və xarici himayədarlarının çirkli pulları hesabına Azərbaycana qarşı xəyanətkar kampaniya aparan qüvvələrdir. Əslində belələrinə qüvvə demək də düzgün deyil. Çünki onlar heç nəyə qadir deyillər. "Eurovision - 2012" mahnı müsabiqəsi ərəfəsində belə antimilli qruplar bir araya gələrək Azərbaycana qarşı çox çirkin, yalan və böhtanla dolu kampaniya aparmağa başladılar. Həm xarici, həm də yerli kütləvi informasiya vasitələrinə müsahibələr verərərk və ya ölkəmiz əleyhinə məqalələr dərc etdirərək çaşqınlıq yaratmaq istədilər.
Müsabiqə zamanı müəyyən təxribatların baş verməsini də onlar təşkil etmişlər. Dövlətimizin başçısı belə antimilli qüvvələrin xəyanətkar əməllərinə layiq olduqları qiyməti verərək dedi: "Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada, ümumiyyətlə, özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar, doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində. Çünki Azərbaycanın inkişafı bu günün işi deyil. Bu, ardıcıllıqla gedən bir inkişafdır. 1990-cı illərin ortalarından bu günə qədər hər il inkişaf, gözəllik, abadlıq - indi Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bunu biz demirik, xarici qonaqlar deyirlər. Bunlar üçün bu, daimi stressdir və yəqin ki, onların məntiqsiz hərəkətləri illərcə yığılmış bu stressin təzahürüdür".
Ölkəmiz sürətli inkişaf yolunu davam etdirir. Antimilli qüvvələr nə qədər cəhd etsələr də, öz xəbis niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycan haqq yolundadır və bu yolun yolçuları həmişə qalib olurlar.

{nl}

Rüstəm XƏLİLOV, Milli Məclisin deputatı

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında