Azərbaycan ilə əlaqələrin inkişafı Tacikistanın xarici siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycana rəsmi səfəri çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmon iyulun 11-də Milli Məclisdə olmuşdur. Parlamentin binası önündə Tacikistan Prezidentini Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.
Emoməli Rəhmon əvvəlcə parlamentin iclas zalları ilə tanış olmuş, deputatların fəaliyyəti üçün yaradılmış şərait, burada tətbiq olunan müasir texnologiya, qanun yaradıcılığı prosesi ilə maraqlanmışdır.
Parlamentlə tanışlıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov Azərbaycan-Tacikistan münasibətlərindən danışaraq əlaqələrimizin dərin tarixi kökləri olduğunu bildirmişdir. Sədr demişdir ki, müstəqilliyimizi bərpa etdikdən sonra əlaqələrimiz yeni müstəvidə inkişaf etmişdir. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolu böyükdür. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri zamanı 20-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayan O.Əsədov hər iki ölkənin qanunverici orqanındakı dostluq qruplarının fəaliyyətindən razılığını bildirmişdir. Beynəlxalq qurumlarda birgə əməkdaşlığın səmərəsindən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri Azərbaycanın haqq işini müdafiə etdiyinə görə Tacikistan tərəfinə təşəkkürünü bildirmişdir.
Prezident Emoməli Rəhmon demişdir ki, Azərbaycan ilə əlaqələrin inkişafı Tacikistanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçmişdir. Mən sonuncu dəfə Bakıda 5 il əvvəl olmuşam. Ötən müddət ərzində Bakı şəhəri əsaslı şəkildə dəyişmiş və gözəlləşmişdir.
Tacikistan dövlətinin başçısı qazanılan böyük uğurlara görə Azərbaycan xalqını təbrik etmişdir.
İkitərəfli əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan danışan Prezident demişdir: "Tacikistanın Azərbaycanın təcrübəsini öyrənməsinə böyük ehtiyac vardır. Əminəm ki, bu səfər əməkdaşlığımızı daha da inkişaf etdirəcəkdir. Təqdirəlayiq haldır ki, Bakı ilə Düşənbə arasında birbaşa aviareys açılmışdır. İnanırıq ki, yeni aviareys ölkələrimiz arasında iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına, yeni layihələrin reallaşdırılmasına geniş imkanlar açacaqdır".
Tacikistan Prezidenti iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı sərmayə qoyuluşuna, ticarət dövriyyəsinin artmasına şərait yaradan 500-dən çox investisiya layihəsinin mövcudluğunu bildirmiş və hər iki ölkənin iş adamları üçün biznes forumların, "dəyirmi masa"ların keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Sonda Tacikistan Prezidenti Azərbaycan parlamentinin fəaliyyətinə uğurlar arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında