TACİKİSTAN: dünən və bu gün

Tacikistan Respublikasının Prezidenti EMOMALİ RAXMON 1952-ci il oktyabrın 5-də Kulyab vilayətinin Danqara qəsəbəsində anadan olmuşdur. 1971 - 1974-cü illərdə Sakit Okean Donanmasında xidmət etmişdir. 1977 - 1982-ci illərdə Tacikistan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil almışdır. 1990-cı ildə Tacikistan SSR Ali Sovetinin xalq deputatı, 1992-ci ildə Kulyab Vilayət Xalq Deputatları Sovetinin sədri seçilmişdir.
1992-ci ilin noyabrında Tacikistan Ali Sovetinin sədri seçilən Emomali Raxmon respublikanın faktiki rəhbəri olmuşdur. 1994-cü ilin noyabrında prezident seçkilərində qalib gəlmiş, 1999-cu ilin noyabrında yenidən yeddi il müddətinə Tacikistan Prezidenti seçilmişdir. 2003-cü ilin iyununda keçirilmiş referendumda ölkə konstitusiyasına edilən dəyişikliklərə uyğun olaraq, Emomali Raxmon daha iki dəfə prezident seçilmək hüququ qazanmışdır.
2006-cı il noyabrın 6-da Emomali Raxmon seçkilərdə səslərin 79,3 faizini toplayaraq üçüncü dəfə prezident seçilmişdir.

{nl}

Tacikistan Mərkəzi Asiyada Pamirin dağətəyi hissəsində yerləşir. Qərbdə və şimal-qərbdə Özbəkistanla, şimalda Qırğızıstanla, şərqdə Çinlə, cənubda Əfqanıstanla həmsərhəddir. Paytaxtı Düşənbə şəhəridir. Ölkə təbii sərvətlərlə zəngin olsa da, ərazisinin 93 faizi dağlıq zonada olduğundan hasilat sənayesi problemlərlə üzləşir. Ərazisi 144,2 min kvadratkilometr, əhalisi 7,6 milyon nəfərdir (2010).

{nl}

SİYASİ QURULUŞ: Tacikistan 1994-cü il konstitusiyasına görə prezidentli respublikadır. Qanunverici hakimiyyət parlamentə - Ali Məclisə (Məclisi Oli) məxsusdur. Tacikistan Prezidenti 1994-cü ildən Emomali Raxmondur.
Ölkədə fəaliyyət göstərən əsas siyasi partiyalar:
- Xalq-Demokratik Partiya (hakim partiya)
- Tacikistan Kommunist Partiyası
- Aqrar-Partiya
- İqtisadi İslahatlar Partiyası
- Sosialist Partiyası
- Tacikistan Demokrat Partiyası
- Tacikistan Sosial Demokrat Partiyası
- İslam Dirçəliş Partiyası

{nl}

İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ. Ölkənin inzibati ərazi bölgüsü 1995-ci il 4 noyabr tarixli konstitusiya qanunu ilə müəyyənləşdirilmişdir. Bu qanuna əsasən, Tacikistan Respublikası Dağlıq Bədəxşan Muxtar Vilayəti, Soğd Vilayəti, Xatlon Vilayəti, 17 şəhər, 62 rayon, 55 qəsəbə və 368 kənd icmasından (camaat) ibarətdir.

{nl}

ƏHALİ. Tacikistanın əhalisi 2010-cu il siyahıyaalınmasına görə 7,6 milyon nəfərdir. Ölkə əhalisinin artım sürəti yüksəkdir. 1959-cu ildə respublika əhalisinin sayı 1 milyon 981 min nəfər, 1989-cu ilə 5 milyon 109 min nəfər olmuşdur. Son illərdə miqrasiya axınına baxmayaraq artım prosesi davam edir. SSRİ-nin dağılmasından sonra əhalinin milli tərkibi xeyli dəyişmişdir. Əhalinin 80 faizindən çoxunu taciklər, 16 faizini özbəklər təşkil edirlər.

{nl}

TƏBİƏT. Tacikistan ərazisinin 93 faizi dağlıqdır. Ölkənin şimalında Kurama silsiləsi və Moqoltau dağları (Qərbi Tyanşan) ilə Türküstan silsiləsi arasında Fərqanə vadisinin qərb hissəsi yerləşir. Mərkəzi hissəni Hissar-Alay dağ sistemi tutur. Türküstan və Zərəfşan silsilələri arasında Zərəfşan çökəkliyi yerləşir. Respublikanın şimal hissəsi Pamir dağ sisteminə daxildir. Cənubdakı dağ silsilələri (Qaratau, Cilantau və s.) tədricən Pənc və Amudərya çayları boyunca uzanan düzənliklərə tərəf alçalır. Yüksək seysmikliyə malikdir.
Tacikistan ərazisi əlvan və nadir metallarla, kömür, neft, təbii qaz, tikinti materialları ilə zəngindir.
Çoxlu mineral bulaqlar var. İqlimi kontinentaldır. Yanvar ayında havanın orta temperaturu müsbət 2 dərəcə C-dən mənfi 2 dərəcə C-dək, Pamirdə mənfi 20 dərəcə C və daha aşağı olur (mütləq minimum temperatur mənfi 63 dərəcə C). İyulda temperatur 30 dərəcə C (maksimum 48 dərəcə C), Pamirdə 0 dərəcə C olur.
Tacikistanın əsas çayları Amudərya, Sırdərya və Zərəfşandır. Ölkə hidroenerji ehtiyatlarına görə keçmiş SSRİ-də Rusiya Federasiyasından sonra ikinci yeri tuturdu.

{nl}

QISA TARİXİ OÇERK. Tacikistan qədim insan məskənlərindəndir. Şimali və Cənubi Tacikistanda Aşağı Paleolitə aid yaşayış düşərgələri və əmək alətləri aşkar olunmuşdur. Paleolit , Mezolit və Tunc dövrü abidələri bu ərazinin qədim mədəniyyət mərkəzlərindən biri olduğunu göstərir. Eradan əvvəl X-VI əsrlərə aid yazılı və arxeoloji abidələr zəngin tarixi mənbədir. Tacikistan ərazisi qədim Soğd və Baktriyanın tərkibinə daxil idi. Ölkə eramızdan əvvəl 329-cu ildə Makedoniyalı İsgəndərin hücumuna məruz qalmışdır. Tacikistanın bir hissəsi sonralar Selevkilər dövlətinin (e.ə. 312-64) və Yunan - Bəlx padşahlığının (e.ə.250 - 130) tərkibinə daxil olmuşdur. Zərdüştilik, manilik geniş yayılmışdı.
Tacik xalqının etnogenezində soğdlar, ustruşanalılar, baktriyalılar, toxarıstanlılar və sak tayfaları iştirak etmişlər.
IX əsrin sonunda Samanilər dövləti (892 - 999) yarandı. Rafi ibn Leysin başçılığı ilə ərəblərə qarşı qalxan üsyanın yatırılmasında göstərdiyi köməyə görə Bəlx yaxınlığındakı Saman - Xudatdan olan Saman, oğulları və nəvələri 872-ci ildə Mavəraünnəhrin əsas hissəsinin idarəçiliyinə sahib oldular. 892-ci ildə Samanilər dövlətinin əsasını qoyan İsmayıl Samani Mavəraünnəhr və Xorasan taciklərinin torpaqlarını vahid mərkəzləşmiş dövlətdə birləşdirdi. Sonralar Ərəb xilafətinin nəzarətində olan Xorasan da Samanilər dövlətinə birləşdirildi. 875-ci ildən sonra Samanilər Bağdaddan asılılığı tamamilə aradan qaldıraraq müstəqil oldular. Qaraxanilərin və Qəznəvilər dövlətinin hücumları nəticəsində Samanilər dövləti süqut etdi. Samanilər dövründə taciklərin mədəniyyəti, elmi və ədəbiyyatı sürətlə inkişaf edirdi. Tacik dili ərəb dilini sıxışdıraraq dövlət dilinə çevrildi. Tacik və fars klassik ədəbiyyatının banisi Rudəki, "Şahnamə"nin müəllifi Firdovsi, ensiklopedist alim İbn-Sina, şairlər Ömər Xəyyam, Hafiz, Cami və başqaları bu dövrdə geniş şöhrət qazandılar.
Samanilərin süqutundan xeyli sonra, XII əsrin ortalarında Suri nəslindən olan Qur sultanları Hərirud və Gilmənd çaylarının yuxarı axarlarında, Qur torpaqlarında yeni dövlət - Qurilər dövlətini təsis etdilər (1148 - 1215-ci illər). Sülalənin banisi Qəznəvilər dövlətinin hacibi İzzəddin Hüseyn ibn Sam idi. 1150-ci ildə Qurilər dövlətinin əsasını qoyan Əlaəddin Hüseyn Cahansuzun rəhbərliyi ilə Qəznəvilər dövləti məğlub edildi, Qəznə və Xorasan ələ keçirildi. Qəznə dövlətin paytaxtı elan olundu. 1186 - 1187-ci illərdə Qurilər Şimali Hindistan torpaqlarını fəth etməyə başladılar və Hindistandakı Lahor şəhəri dövlətin daha bir paytaxtı oldu.
Qiyasəddin Məhəmmədin (1163 - 1203) və Şihabəddinin (1203 - 1206) sultan olduqları dövrdə dövlət özünün yüksək inkişaf mərhələsinə çatmışdı. Onlar indiki Əfqanıstanın bütün ərazisini, Hindistanın Sind, Pəncab, Benares və s. vilayətlərini, şəhərlərini işğal etmişdilər.
Daxili çəkişmələr nəticəsində zəifləyən Qurilər dövləti Xarəzmşahlarla müharibədə məğlubiyyətə uğradı və süqut etdi. Sonrakı illərdə Tacikistan ərazisi müxtəlif feodal dövlətlərinin tərkibinə daxil olmuşdur.
XIX əsrin ikinci yarısında Rusiyanın işğalçılıq siyasəti nəticəsində Tacikistanın şimalı və Pamirin çox hissəsi Türküstan general-qubernatorluğuna, mərkəz və cənub torpaqları isə Buxara əmirliyinə daxil edildi.
1917-ci ilin sonu - 1918-ci ilin əvvəllərində Tacikistanın şimal rayonlarında və Pamirdə sovetlər hakimiyyəti ələ keçirdilər. Orta Asiya respublikalarının milli dövlət sərhədlərinin müəyyənləşdirilməsi ilə əlaqədar 1924-cü il sentyabrın 27-də Özbəkistan daxilində Tacikistan MSSR yaradıldı. 1925-ci ildə Şimali Pamir ərazisi Dağlıq Bədəxşan Muxtar Vilayəti kimi Tacikistan MSSR-ə birləşdirildi.
1929-cu il oktyabrın 16-da Tacikistan MSSR-in Tacikistan SSR-ə çevrilməsi haqqında bəyannamə qəbul olundu. SSRİ Mərkəzi İcraiyyə Komitəsi 1929-cu il dekabrın 5-də bu qərarı təsdiq etdi və Tacikistan müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil oldu.
1930-cu illərdə Tacikistanda aqrar sahənin inkişafı ilə yanaşı, çoxsahəli sənaye yaradıldı, savadsızlıq ləğv olundu, milli ziyalı kadrları yetişdirildi.
Böyük Vətən müharibəsi dövründə tacik xalqının övladları bəşəriyyətin faşizm taunundan xilası naminə cəbhədə qəhrəmanlıqla vuruşmuşlar. Cəbhədəki qəhrəmanlığına görə Tacikistandan 49 nəfər döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 14 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə, 50 min əsgər və zabit orden və medallarla təltif olunmuşdur.
Müharibədən sonrakı dövrdə Tacikistanda ağır sənaye, energetika, mədən, əlvan metallurgiya, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi inkişaf etdirildi.

{nl}

ENERGETİKA. Tacikistanın hidroenerji resursları 527 milyard kilovatt-saat həcmində dəyərləndirilir. Texniki cəhətdən istifadəsi mümkün həcm 202 milyard kilovatt-saata, iqtisadi cəhətdən əlverişli həcm 172 milyard kilovatt-saata bərabərdir. Ümumiyyətlə, Tacikistan bu bərpa olunan enerji hasilatı potensialına görə dünyada 8-ci yeri tutur. Bu göstəriciyə görə, ölkə MDB dövlətləri arasında Rusiyadan sonra 2-ci yerdədir.
Respublika mövcud hidroenergetika obyektlərinin yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisinə dair iri layihələr işləyib hazırlamışdır. İranla birgə Sanqtudin HES-2 (220 MVt) inşa edilir. Gücü 3600 MVt olan Roqun HES-in və gücü 4000 MVt olan Daşticum HES-in Tacikistan hökumətinin, yerli və xarici investorların iştirakı ilə inşası nəzərdə tutulur.

{nl}

XARİCİ TİCARƏT. Ölkənin ixrac etdiyi məhsulların siyahısında əsas yeri alüminium, qurğuşun, sink, nadir metallar, vanadium, uran oksid, pambıq, ipək parça, kənd təsərrüfatı malları mühüm yer tutur. İxrac məhsulları əsasən Hollandiya (36,7%), Türkiyə (26,5%), Rusiya (8,6), İran (6,6%) və Çinə (5,7 %) göndərilir.
İdxal edilən məhsulların həcmi 2008-ci ildə 3,7 milyard dollar olmuşdur. İdxal məhsulları Rusiya (32,3%), Çin (12%), Qazaxıstan (8,8%), Özbəkistan (4,7%) və digər ölkələrdən gətirilir. Son illərdə Çinlə əlaqlər sürətlə artır və bu ölkə Tacikistanın əsas tərəfdaşına çevrilir. Halbuki, ötən əsrin 90-cı illərində sərhəd məsələsinə görə Çinlə münasibətlər xeyli gərginləşmişdi.
Rusiya və Britaniya imperiyaları arasında Bədəxşan bölünərkən imzalanmış müqaviləyə əsasən, şimal hissə Rusiyaya verilmişdi. Həmin vaxt sərhəd müqavilə ilə müəyyənləşdirilməmişdi və hər iki tərəfin faktiki nəzarət xəttinə əsaslanırdı. Bu xətt təqribən Pənc və Tarım çökəkliyi hövzələri arasında suayrıcından keçirdi.
SSRİ-nin süqutundan sonra Çin Dağlıq Bədəxşan Muxtar Vilayətinin şərq hissəsinin ona məxsus olması ilə bağlı iddia qaldırdı. Bu ərazinin sahəsi 28,5 min kvadratkilometr idi. Lakin Tacikistan bu iddianın qarşısında mətinliklə dayandı. 1999-cu ildə "Tacikistan - Çin dövlət sərhədi" haqqında müqavilə imzayalan tərəflər üç mübahisəli sərhəd zonasının ikisinə dair razılaşma əldə etdilər.
Sazişə əsasən, Tacikistan Karzak aşırımı yaxınlığındakı mübahisəli rayonu öz nəzarəti altında saxlaya bildi, lakin Markansu çayı yaxınlığındakı digər mübahisəli ərazinin bir hissəsi (400 kvadratkilometr) Çinə verildi. 2002-ci ilin mayında Tacikistan Prezidenti Emomali Raxmonun Çinə səfəri zamanı ikitərəfli protokol imzalandı, sərhədlərin demarkasiyası üzrə qarışıq ikitərəfli komissiya yaradılmasına dair razılaşma əldə olundu. Bu sənəd Tacikistan Ali Məclisi tərəfindən 9 il sonra 2011-ci il yanvarın 12-də ratifikasiya olundu və ikitərəfli protokola müvafiq olaraq, 1158 kvadratkilometr ərazi Çinə verildi.

{nl}

MÜSTƏQİL TACİKİSTAN
Tacik xalqı dövlətçilik ənənələrini və müstəqillik arzularını daim uca tutmuş və qəlbində yaşatmışdır. Tacikistan Ali Soveti 1991-ci il sentyabrın 9-da "Tacikistan Respublikasının dövlət müstəqilliyi haqqında" bəyanat və qərar qəbul etdi. 9 sentyabr hər il ölkənin müstəqillik günü, bayram kimi qeyd olunur. 
Müstəqillik qazandıqdan sonra bəzi qüvvələr ölkədə vəziyyəti gərginləşdirməyə başladılar. 1992-ci ilin mayında müxalifətçi qüvvələr Düşənbədə dövlət çevrilişinə cəhd göstərdilər. Müxalifət nümayəndələri "Milli barışıq hökuməti"nin tərkibinə daxil edilsələr də kommunist nomenklaturası ilə milli demokratlar və islamçı qüvvələr arasında mübarizə siyasi müstəvidən çıxaraq silahlı qarşıdurmaya çevrildi. 1992-ci ilin iyununda Tacikistanın cənubunda R.Nəbiyevin tərəfdarları ilə əleyhdarları arasında silahlı toqquşma baş verdi, ölkə vətəndaş müharibəsinə sürükləndi. Avqustun 31-də Prezident İqamətgahı tutuldu. Hökumət tərəfdarları "Konstitusiya qaydaları"nın bərpası məqsədilə hərbi-siyasi təşkilat - Tacikistan Xalq Cəbhəsi yaratdılar. 1992-ci ilin sentyabrında Xalq Cəbhəsi islamçıların ələ keçirdiyi Kurqan-Tübə və onun ətrafını tutdu. Oktyabrın 24-də Düşənbəni tutmaq cəhdi müvəffəqiyyətsizliyə uğradı.
1992-ci ilin 16 noyabr - 2 dekabrında Tacikistan Respublikası Ali Sovetinin Xocəntdə XVI sessiyası keçirildi, Prezident Rəhman Nəbiyev istefa verdi. Noyabrın 19-da Emomali Raxmon Ali Sovetin sədri seçildi. 1992-ci ilin dekabrında Xalq Cəbhəsi döyüşsüz Düşənbəyə daxil oldu. Lakin az sonra islamçılar xaricdən dəstək olaraq yenidən hərbi əməliyyatlara başladılar.
1994 - 1997-ci illərdə keçirilən səkkiz raunddan ibarət danışıqların yekunu olaraq Emomali Raxmon və birləşmiş tacik müxalifətinin rəhbəri Səid Abdulla Nuri 1997-ci il iyunun 27-də Moskvada "Tacikistanda sülh və milli barışıq haqqında ümumi saziş" imzaladılar.
Beləliklə 1992-ci ildə başlamış vətəndaş müharibəsi sona çatdı və Tacikistan Respublikasının Ali Məclisi iyunun 27-ni Milli Birlik Günü kimi dövlət bayramı elan etdi.
2000-ci ildə Tacikistan Respublikasının Ali Məclisinə seçkilər keçirilərək peşəkar parlament formalaşdırıldı.
2000-ci il noyabrın 30-dan milli valyuta - "somoni" dövriyyəyə buraxıldı. Həmin il Tacikistan Avrasiya İqtisadi Birliyinin təsis olunması haqqında müqaviləni imzaladı və 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına, 2002-ci ilin mayında MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil oldu.
Son illərdə iqtisadiyyatın inkişafı dinamik xarakter almış, xalqın həyat səviyyəsi xeyli yüksəlmişdir. Ümumi daxili məhsulun 19 faizi kənd təsərrüfatı, 22 faizi sənaye, 59 faizi xidmət sahələrinin payına düşür. İri müəssisələrin əksəriyyəti dövlət sektorundadır.

{nl}

MƏDƏNİYYƏT, ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT
Tacikistan qədim mədəniyyət və ənənələr ölkəsidir. 1999-cu ildə Samanilər dövlətinin 1100 illiyi geniş qeyd olundu. Düşənbədə, Sankt-Peterburqda, İranda və ölkənin müxtəlif bölgələrində "Samanilərin tarixi, sivilizasiyası və mədəniyyəti" mövzusunda konfranslar keçirildi. Milli tarix muzeyində Samanilər dövrünün maddi mədəniyyət nümunələrini, geyimlərini, musiqi alətlərini, məişət əşyalarını nümayiş etdirən sərgi salonları açıldı, kitab sərgiləri, "Əndəlib" xalq yaradıcılığı festivalı təşkil olundu.
Tacik-fars poeziyası, nəsr, miniatür sənəti əsrlər boyu böyük inkişaf yolu keçmişdir. Samanilər elmin və ədəbiyyatın, incəsənətin inkişafına xüsusi diqqət yetirirdilər. O dövrün böyük şairləri və alimləri Rudəki, Əbu Əli ibn Sina, Firdovsi, Unsuri, Dəqiqi Samanilər sarayında fəaliyyət göstərirdilər.
XX əsr tacik ədəbiyyatının inkişafı Əbülqasim Lahuti, Payrav Sulaymoni, Muxammedcan Pahimi, Calol İkrami, Suxayli Cavahirizadə, Muhiddin Aminzadə, Mirzo Tursunzadə, Rəhim Cəlil, Hakim Kərim, Mirsəid Mirşəkər kimi şair və yazıçıların adı ilə bağlıdır.
Tacikistan ərazisindəki ən qədim incəsənət abidələrindən biri Şərqi Pamirdə Şaxtı mağarasındakı qayaüstü rəsmlərdir. Amudərya dəfinəsi eramızdan əvvəlki dövrün sənət nümunələri haqqında zəngin təsəvvür yaradır. İslamın yayılmasından sonra məscid, minarə, məqbərə, xanəgah tikintisi ilə əlaqədar memarlıq sürətlə inkişaf etdi. Məhəmməd Bəşşar məqbərəsi, Mir Seyid Həmədani məqbərəsi tacik monumental memarlığının dəyərli nümunələrindəndir. Təsviri sənətdə ornamental kompozisiyalar, nəbati, həndəsi, epiqrafik motivlər geniş yayılmışdır.
Zəngin tacik mədəniyyəti, incəsənəti, elm və ədəbiyyatı qədim və müasir ənənələrə milli dəyərlərə söykənərək bu gün uğurla inkişaf etdirilir.
Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da notalar mübadiləsi yolu ilə qurulmuşdur. Azərbaycanın Tacikistanda səfirliyi 2007-ci il sentyabrın 22-də, Tacikistanın Azərbaycanda diplomatik nümayəndəliyi isə 2008-ci il martın 23-də açılmışdır.
Diplomatik münasibətlər qurulandan sonra Azərbaycan - Tacikistan ikitərəfli əlaqələri daha da genişlənmiş, qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq zəminində daha da genişlənmiş, siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu münasibətlər daim qarşılıqlı etimad ruhu, bir çox beynəlxalq və regional problemlər üzrə mövqelərin tamamilə üst-üstə düşməsi və yaxınlığı ilə səciyyələnir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ilin martında Tacikistana ilk rəsmi səfəri və həmin ilin avqustunda Tacikistan Respublikasının Prezidenti Emomali Raxmonun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açmışdır. Azərbaycanın dövlət başçısının səfəri zamanı sənədlər paketi, o cümlədən, Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, Tacikistan Prezidentinin səfəri çərçivəsində isə 9 hökumətlərarası və müəssisələrarası saziş imzalanmış və bunlar iqtisadi, siyasi, elmi-texniki və gömrük sahəsində əməkdaşlığa yeni impuls vermişdir.
İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasında 2007-ci il ərzində imzalanmış 21 sənəd mühüm yer tutur. Bu sənədlər Azərbaycanla Tacikistanın siyasi, iqtisadi, investisiya, vergi, bank və gömrük sahələrində ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsinin hüquqi bazasını təmin edir.
Ölkələrimiz arasında siyasi əlaqələr əvvəldən beləbir anlayış əsasında qurulub ki, yalnız sülh və əmin-amanlıq region dövlətlərinin inkişaf və tərəqqisinə münbit şərait yaradır. Mərkəzi Asiya və Qafqaz regionu dövlətlərinin arasında yaxınlaşma istiqamətində birgə addımların atılması, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, inteqrasiya prosesinə dəstək iki ölkə arasında siyasi əlaqələrin prioritetinə çevrilmişdir.
BMT, ATƏT və MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkənin xarici siyasət sahəsində səylərinin sıx koordinasiyası mövcuddur. Ölkələrimizin həmin təşkilatlardakı birgə fəaliyyətinin təhlili əsas beynəlxalq və regional məsələlər üzrə mövqelərimizin üst-üstə düşməsini və yaxınlığını nümayiş etdirir.
Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri əlvan metallurgiya, aqrar-sənaye kompleksi, energetika, yüngül sənaye, nəqliyyat və kommunikasiyalar, maliyyə sektorudur.
Ölkələr su ehtiyatları sahəsində də əməkdaşlıq edirlər. Azərbaycan Tacikistanın zəngin su-energetika ehtiyatlarına böyük maraq göstərir. Statistik göstəricilər iki ölkə arasında əmtəə dövriyyəsinin ildən-ilə artdığını göstərir. 2011-ci ildə yaradılmış ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya tərəfindən gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirilmişdir.
Ölkələrimiz arasında mədəni-humanitar istiqamətdə əlaqələr də geniş vüsət alır. Azərbaycanda Tacikistan mədəniyyəti və Tacikistanda Azərbaycan mədəniyyəti günlərinin böyük uğurla keçirilməsi buna dəlalət edir. İki ölkə arasında təhsil və elmi-texniki kadrların hazırlığı sahəsində də geniş əlaqələr mövcuddur.
Azərbaycan və Tacikistan dost və qardaş ölkələr olaraq xalqlarımızın xoşbəxt gələcəyi naminə əməkdaşlıq əlaqələrini bundan sonra da genişləndirəcək, dünya birliyində öz layiqli mövqelərini daha da möhkəmləndirəcəklər.

{nl}

Həsən HƏSƏNOV,
"Xalq qəzeti"nin baş redaktoru

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında