Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcəkdir. Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaqdır. Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında artıq dünya birliyi rəsmi Bakının mövqeyini dəstəkləyir. Hadisələrin gedişi təsdiqləyir ki, vaxt Azərbaycanın xeyrinə işləyir. Münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində göstərilən təşəbbüslərdən də bunu aydın hiss etmək mümkündür. ABŞ Dövlət katibi Hillari Klintonun bu yaxınlarda Cənubi Qafqaza səfəri zamanı problemin sülh yolu ilə həllinə üstünlük verdiyini bəyan etməsi birbaşa Azərbaycanın mövqeyinin dəstəklənməsi demək idi. Dünyanın tanınmış ictimai-siyasi xadimləri və ekspertləri status-kvonun qəbul edilməz olduğunu vurğulayıblar.
{nl}
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də keçirdiyi bütün görüşlərdə status-kvonun saxlanılmasının qeyri-mümkün olduğunu bəyan edib. Göründüyü kimi, dövlətimizin başçısının mövqeyi ilə dünya birliyinin mövqeyi üst-üstə düşür. ATƏT-in Minsk qrupunun həmsədr dövlət başçılarının bu yaxınlarda verdikləri birgə bəyanatda da bu həqiqətlər öz əksini tapıb. Prezidentlər Barak Obama, Fransua Oland və Vladimir Putin Meksikanın Los-Kabos şəhərində "Böyük iyirmiliyin" sammitində qəbul etdikləri birgə bəyanatda ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olduqlarını təsdiqləyib. Sənəddə qeyd olunur ki, tərəflər uzunmüddətli və dinc nizamlanmaya nail olmaq üçün zəruri olan mühüm qərarların qəbulunu təxirə salmamalıdırlar. Onlar Ermənistan və Azərbaycan liderlərini öz öhdəliklərini yerinə yetirməyə və 2012-ci il yanvarın 23-də Soçidə qəbul etdikləri bəyanatda əksini tapdığı kimi Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə çağırıblar. Bildirilib ki, Helsinki Yekun Aktının prinsiplərinə, əsasən güc tətbiq etməmək və ya güc barədə hədələrə yol verməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi, 2009-cu ildə Akvildə, 2010-cu ildə Muskokda ölkələrimizin qəbul etdikləri bəyanatlarda müəyyən olunmuş nizamlanma elementlərinə əsaslanmalıdırlar. Ermənistan tərəfinin atəşkəs rejimini mütəmadi pozması və hərbi gücdən istifadə etməsi də narahatlıqla qarşılanıb. Bu məsələyə birgə bəyanatda da eyham vurulub: "Hərbi gücdən istifadə münaqişənin həllinə gətirib çıxarmayacaq, yalnız bu, regionda yaşayan xalqların uzun zamandır düçar olduqları əzab və fəlakətləri artıracaq. Yalnız danışıqlar yolu ilə dinc nizamlanma yaranmış vəziyyətdən çıxış yolunu tapacaq və regionun təhlükəsiz gələcəyini və çiçəklənməsini təmin edəcək". Rəsmi İrəvanın qeyri-konstruktiv mövqedən çıxış etməsi səbəbindən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hələ də ciddi nəticə qeydə alınmayıb. Ötən il və ondan əvvəlki illərdə keçirilən görüşlərdə Ermənistan tərəfi qeyri-səmimi davranmış, müxtəlif vasitələrlə danışıqların pozulmasına çalışmışdır. 2011-ci ildə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyərək status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Dünya birliyinin rəsmi Bakını dəstəkləməsi artıq Ermənistanda ciddi narahatlıq doğurmağa başlayıb. İrəvandakı narahatçılığın digər səbəbi Azərbaycanın Cənubi Qafqaz regionunda ən güclü orduya malik olmasıdır.
Təkcə bunu demək kifayətdir ki, 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdisə, 2012-ci ildə Azərbaycanın hərbi xərclərinə 3 milyard 600 milyon dollar ayrılmışdır. Bu gün ölkəmizin hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Qürurla qeyd etməliyik ki, Azərbaycanda 665 adda hərbi məhsul istehsal edilir. Dövlətimiz getdikcə daha da güclənir, işğalçı Ermənistan isə ildən-ilə zəifləyir. Ötən hər il və hər ay bizi qələbəyə daha da yaxınlaşdırır.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Sovet dövründə Dağlıq Qarabağın müəyyən ölçüdə muxtariyyatı olmuşdur, muxtar vilayət idi, ancaq yenə də Azərbaycan Respublikasının tərkibində. Bu gün də dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul edir, tanıyır və bu, belə də olmalıdır. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Qarabağ sözü Azərbaycan sözüdür. Dövlət başçımız qətiyyətlə bildirmişdir: "Ermənistan işğalçı qüvvələri torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır ".
Bu il yanvarın 23-də Soçidə, "Qrand Polyana" mehmanxanasının "qəbullar evi"ndə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan prezidentinin əvvəlki görüşlərə nisbətən daha yumşaq mövqedən çıxış etməsi, ölkəmizin beynəlxalq aləmdə yüksələn nüfuzunun təsirindən və dövlətimizin başçısının mövqeyinin dünya birliyi tərəfindən dəstəklənməsindən irəli gəlirdi. Hər dəfə görüşlərdə qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan prezidenti bu dəfə sanki irəli sürülən təkliflərlə razılaşmağa meyilli idi.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Soçidə qəbul etdikləri birgə bəyanatda bildirilirdi: "Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri sülh sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq indiyə qədər görülmüş iş hesaba alınmaqla Əsas Prinsiplər barədə razılaşma əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildirmişlər ". Həmçinin hər iki ölkənin prezidentləri, ziyalılıarın, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər. Əvvəlki illərdə keçirilən görüşlərdə isə Ermənistan Prezidenti müxtəlif vasitələrlə danışıqlar prosesini pozmağa çalışır, təklif olunan variantlara laqeyd münasibətini gizlətmir və əvvəllər razılığa gəlinən məsələləri yenidən gündəmə gətirirdi.
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə 1999-cu ilin aprelindən başlayaraq yeni formatda addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun aparılması olmuşdur. Həmin vaxtdan bugünə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Kişinyovda, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sürixdə, Praqada, Münhendə, Soçidə, Sankt-Peterburqda və iki respublikanın sərhədində - Sədərəkdə 40-dan çox görüş keçirmişlər. Bu il yanvarın 23-də iki ölkə prezidentinin Soçidəki görüşünü də nəzərə alsaq, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar 10-cu dəfə idi ki, bir masa arxasında əyləşirdilər.Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmişdir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyini təsdiqləyir. Möhtərəm Prezidentimiz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmiş, beynəlxalq təşkilatların bu sahədə səylərinin gücləndirilməsinin zəruriliyini bəyan etmişdir.
Münaqişənin nizama salınmasına dair aparılan danışıqların "Praqa prosesi" adını almış variantının əsas elementləri ondan ibarətdir ki, burada nizamlanmanın "mərhələli həll" variantının detalları müzakirə obyektinə çevrilmişdir. Ermənistanın münaqişənin "mərhələli həll" variantı ilə razılaşmaq məcburiyyətində qalması təbii ki, Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nailiyyətlərindən biridir. Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalana dirənməsinə gətirib çıxardı. Buna baxmayaraq, münaqişənin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri arasında daha on görüş keçirilmişdir. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, "Praqa prosesi" çərçivəsində işlənilməsinə başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşmalar əldə olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar masası arxasında hər zaman bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışının vacibliyini bildirmişdir. Dövlətimizin başçısı demişdir ki, nə bu gün, nə on il, nə də yüz il bundan sonra Dağlıq Qarabağ müstəqil olmayacaq. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır və bütün təzyiqlərə baxmayaraq sonadək öz mövqeyimizi müdafiə edəcəyik.
2009-cu il iyulun 10-da "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə etmişlər. Sonda hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanat açıqlanmışdır. Bəyanatda həmsədrlərə, Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etmək tapşırılmışdır. Bununla yanaşı həmin sənəddə ABŞ, Rusiya və Fransa prezidentlərinin Azərbaycan və Ermənistan prezidentlərinə fikir ayrılıqlarını aradan qaldırmaq və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərini razılaşdırılmasını başa çatdırmaq çağırışı öz əksini tapmışdır. Eyni zamanda, bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına uyğunlaşdırılması qeyd olunmuşdur. Helsinki Yekun Aktında hərbi gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ öz əksini tapır. Qeyd edək ki, bundan sonra da ATƏT-in Minsk qrupu həmsədrləri, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar imzaladıqları bütün birgə bəyanatlarda problemin dövlətlərin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə üstünlük verilir. Belə ki, 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyanatda, həmçinin 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəddə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2010-cu il iyunun 26-da Muskokda ATƏT-in Minsk qrupu həmsədr dövlətlərin prezidentlərinin verdikləri bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal olunmuş ərazilər kimi göstərilib. Həmin bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan da imzalayıblar.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirilən bütün tədbirlərdə, həmçinin görüşlərdə mühitin yaxşılaşdırılması və sülh yolu ilə həllə doğru irəliləmək üçün danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu beynəlxalq qurumların tədbirlərində, həmçinin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində mövcud vəziyyətin qəbuledilməz olduğunu bildirərək demişdir ki, münaqişənin həllinin yalnız iki yolu vardır. Bunlardan biri problemin beynəlxalq hüquqa əsaslanan qarşılıqlı məqbul həlli yolunu tapmaq cəhdidir. Digəri isə, yenə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində başqa vasitələrdən istifadə edilməsidir. Azərbaycan bu variantlardan başqa həll yolu görmür: "Üçüncü yol yoxdur və bunu hamı başa düşməlidir - həm qarşı tərəf, həm də, əlbəttə, əminəm ki, vasitəçilər də bunu başa düşürlər. Üçüncü yol - staqnasiya, konservasiya, dondurulma yoludur. Bu, mümkün deyil və elə şey yoxdur. Bu gün biz Minsk qrupunun həmsədr ölkələrinin, - bunlar isə Təhlükəsizlik Şurasının üç daimi üzvüdür, - rəhbərlərinin ən yüksək tribunalardan çıxışlarında eşitdiyimiz status-kvonun qəbuledilməz olması barədə fikirlər belə ümid doğurur ki, siyasi tənzimləmə yolları vardır. Biz bu yolun tərəfdarıyıq. Əks halda Azərbaycan 20 ilə yaxın müddətdə, 1992-ci ildən danışıqlar prosesində olmazdı".
Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin yerinə yetirilməsi təmin edilməlidir. Həmin qətnamələr isə Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələrində də bu, öz əksini tapmışdır. Onların hamısı eyni şeyi tələb edir - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq məsələni sülh yolu ilə həll etməyə üstünlük verir. Biz mübarizəmizi bundan belə 155 dövlətin dəstəyi ilə seçildiyimiz BMT-nin Təhlükəsizlik Şurasında davam etdirəcəyik. Azərbaycan artıq bu mötəbər qurumda qeyri-daimi üzv kimi fəaliyyətə başlayıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin bu mötəbər qurumda təmsil olunmaq imkanı əldə etməsi müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbəsidir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə, gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləmişdir. Dövlət başçısı xüsusi vurğulamışdır ki, Azərbaycan yüksək ənənələrinə sadiq qalaraq bu mötəbər qurumda Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı digər qlobal məsələləri də diqqət mərkəzində saxlayacaq, sülhün, təhlükəsizliyin qorunması istiqamətində səylərini əsirgəməyəcəkdir.
Prezident İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində və Azərbaycanın milli maraqlarına uyğun həlli istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Beynəlxalq qurumların qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyinə üstünlük verilir. Azərbaycan diplomatiyasının məqsədyönlü fəaliyyəti nəticəsində dünya ictimaiyyəti qarşısında Ermənistanın işğalçı, qeyri-konstruktiv siması ifşa olunmuşdur. Dövlətimizin başçısı qətiyyətlə bildirmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına dövlətimiz və xalqımız heç vaxt imkan verməyəcək. Azərbaycanın mövqeyinin getdikcə güclənməsi də buna rəvac verir. Dövlətimizin başçısı bu il mayın 25-də "Buta" sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda bu məsələyə münasibət bildirərək demişdir: "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər vacib amillər də mövcuddur və bu amillər də Azərbaycanın mövqeyini gücləndirir. İqtisadi gələcəyimiz. Biz dəqiqliklə bilirik ki, gələcəkdə bizi nələr gözləyir. Çünki gələcəyimizi biz özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən, yaxud da veriləcək və ya verilməyəcək ianələrə bağlayır. Belə olan halda uzunmüddətli inkişafı proqnozlaşdırmaq mümkün deyildir. Uzunmüddətli inkişafa nail olmaq üçün biz nə qədər işləmişik, nə qədər səfərbərlik işləri aparmışıq, proqramlar qəbul etmişik, layihələr icra etmişik. Yəni, uzunmüddətli inkişafa nail olmaq üçün bir neçə il vaxt lazımdır. Bu gün yaranmış bu müsbət inersiya bizi qabağa aparır. Ona görə mən tam məsuliyyətlə deyə bilərəm ki, on il bundan sonra Azərbaycanın iqtisadi durumu təxminən necə olacaqdır. Amma Ermənistana gəldikdə, orada ümumiyyətlə iqtisadiyyat iflic vəziyyətindədir və heç bir iqtisadi perspektiv yoxdur. Ölkədən kütləvi şəkildə miqrasiya baş verir və əlbəttə, bu, məsələnin - yəni, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz rolunu oynayacaqdır".
Bu günlərdə Paris şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Cak For (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Həmsədrlər təmas xəttində baş verən insidentlərdən dərin narahatlıqlarını bir daha ifadə edərək atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulayıblar. Bu, Ermənistan tərəfinin atəşkəs rejimini mütamadi olaraq pozmasına işarə idi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin iyunun 25-də növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdəki nitqində qətiyyətlə bildirmişdir: "Mən hərbi hissələrdə tez-tez oluram. Cəbhə xəttində də tez-tez oluram. Döyüşçülərlə səngərlərdə görüşürəm, söhbət aparıram. Görürəm ki, həqiqətən Azərbaycan əsgərinin Vətənə çox böyük bağlılığı vardır. Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır".
{nl}
Əliqismət BƏDƏLOV, Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.