Şriftin ölçüsü:
08.07.2012 05:58 | Oxunma sayı: 590
Sessiyada Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlamentin bir qrup deputatı iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, regional məsələlər komitəsi sədrinin müavini Fəttah Heydərov, deputatlar Azay Quliyev və Ağalar Vəliyev daxildirlər.
İyulun 5-də ATƏT Parlament Assambleyasının illik sessiyası daimi komitənin iclası olmuşdur.
Tədbirdə ATƏT PA-nın praktiki və prosedur məsələləri və təşkilatın xüsusi nümayəndələrinin fəaliyyətləri və seçkiləri müşahidə missiyaları haqqında hesabatlar dinlənilmişdir.
Albaniya parlamentinin spikeri J.Topalli ATƏT PA-nın növbəti payız sessiyasını ölkəsində keçirilməsini təklif etmişdir.
Azərbaycanın ATƏT PA-nın tədbirinə ev sahibliyi etmək məsələsi ölkəmizin nümayəndə heyətinin səyləri nəticəsində ATƏT PA-nın bu il Vyanada keçirilmiş qış sessiyası zamanı müzakirə olunmuşdur. Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın rəhbərliyinə bu təklif ilə müraciət etmişdir. ATƏT PA-nın yaz sessiyası zamanı Batumidə bu dəvət beynəlxalq katibliklə razılaşdırılmış və indiki sessiyanın gündəliyinə salınmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri B.Muradova daimi komitənin iclasında 2014-cü ilin yay sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat etmişdir və bu təklif hamılıqla bəyənilmişdir.
Həmin gün yay sessiyasının plenar iclasının təntənəli açılışında Monako Knyazlığının dövlət naziri Mişel Roje, Monako Knyazlığı Milli Şurasının sədri Jan Fransua Robiyon, ATƏT sədrinin müavini, Monakonun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Jan Şarl Qardetto, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya Baş nazirinin müavini İmon Qilmor çıxış etmişlər.
Fasilədən sonra AŞPA-nın sədri Jan Klod Minyon, qurumun Baş katibi Lamberto Zaniyer və ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Hedi Fray çıxış etmişlər. İngiltərə, Fransa və Hollandiya nümayəndələri ATƏT-in yerlərdəki missiyaları, seçkiləri müşahidə missiyaları, ATƏT-lə ATƏT-in Vyanadakı ofisi, eləcə də Avropa Şurası arasında əlaqələrin möhkəmləndirilməsinə onun verə biləcəyi töhfəyə dair suallarla müraciət etmişlər.
Cənubi Qafqazdakı vəziyyətlə bağlı L.Zanyer demişdir ki, Qafqazda narahatlıq doğuran məsələlər mövcuddur. Biz insidentlərin sayının çoxaldığını görürük. Mənim Azərbaycana, Ermənistana, Gürcüstana səfərlərim zamanı bir sıra müzakirələr aparacağıq.
İyulun 6-da siyasi məsələlər və təhlükəsizlik komitəsi öz işinə başlamışdır. Komitəyə sədrlik edən S.Bratli ATƏT PA-nın Belqrad Bəyannaməsindən irəli gələn tövsiyələrin həyata keçməsinə dair fikirlərini söyləmişdir.
Sonra komitənin məruzəçisi Vilya Aleknaite Abramkiene hesabatı təqdim etmişdir. Hesabatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bölmə öz əksini tapmışdır.
Hesabat ətrafında müzakirələrdə Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev əhatəli sənəd hazırladığına görə litvalı məruzəçi xanım V.A.Abramkieneyə təşəkkür etmişdir. Bildirmişdir ki, məruzəçi ATƏT regionunda bugünkü reallığın çoxlu aspektlərini, xüsusilə də bölgədə hələ də davam edən, təhlükəsizliyə və sabitliyə ən böyük təhlükələrdən biri olan həll olunmamış və ya həlli uzadılmış münaqişələri əhatə etmək üçün xeyli iş görmüşdür. A.Abramkiene düzgün olaraq qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təmas xətti boyunca hələ də insanların həyatına son qoymaqda davam edir və regionda gərginlik yüksək olaraq qalır.
A.Quliyev həm də münaqişə ilə bağlı insidentlərin baş verdiyi zaman onun tam araşdırılmasının vacibliyini qeyd edərək demişdir ki, Azərbaycan təmas xəttində insidentlərin araşdırılma mexanizminin yaradılmasına razıdır. Lakin biz hesab edirik ki, birinci növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmalıdır. Digər tərəfdən, məruzəçi aydınlaşdırmalıdır ki, erməni snayperləri Azərbaycan ərazisindən keçən təmas xəttində nə edirlər? Buna görə hesab edirəm ki, ATƏT PA Ermənistana aydın bildirməlidir ki, nə status-kvo qəbul olunmazdır, nə də ki, işğalın davam etməsi. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdardır və qarşı tərəfdən də həmin münasibəti gözləyirik.
Sonra söz alan Ermənistan nümayəndə heyətinin üzvü A.Qeqamyan Azərbaycanı güc tətbiq olunmaması və millətlərin öz müqəddəratını təyinetmə prinsipinə əməl etməməkdə günahlandırmış və komitənin qətnamə layihəsinin 12-ci bəndinə həmin prinsipləri əlavə etmək təklifini irəli sürmüşdür.
Azərbaycan nümayəndə heyətinin rəhbəri B.Muradova bu təklifin əleyhinə çıxış etmiş və Ermənistan nümayəndə heyətinin düzəlişi rədd edilmişdir.
B.Muradova münaqişələrə və qarşılıqlı etimada dair digər bəndə düzəliş təqdim etmişdir. Məruzəçinin də fikirləri və şifahi əlavəsi nəzərə alınmaqla, düzəliş kompromis variant şəklində konsensusla qəbul olunmuşdur.
Daha sonra müzakirələr 21-ci bəndin 2-ci hissəsinin çıxarılması ilə əlaqədar verilən düzəlişlər ətrafında aparılmışdır. Azərbaycan tərəfinin münaqişəli məsələlərin müzakirəsi istisna olmaqla, ATƏT-in konsensus prinsipinin saxlanması ilə əlaqədar təklif etdiyi düzəlişi Belarus və Rusiya nümayəndə heyətlərinin üzvləri dəstəkləmişlər. Düzəliş qəbul olunmuşdur.
İqtisadi və ətraf mühit komitəsinin iclasında bu qurumun məruzəçisi T. Lloyd məruzəsini və qətnamə layihəsini təqdim etmişdir.
Sonra məruzə ətrafında müzakirələr keçirilmişdir. Fransa, Almaniya, Kanada və digər ölkələrin nümayəndələri ölkələrindəki vəziyyətlə bağlı məlumat vermişlər.
Nümayəndə heyətimizin üzvü Eldar İbrahimov bildirmişdir ki, Azərbaycanda səmərəli və xarici təsirlərə davamlı siyasət aparıldığına görə dünyada baş verən iqtisadi və maliyyə böhranı ölkə iqtisadiyyatına təsir göstərmir. 2003-cü ildən başlayaraq Azərbaycanda bir milyondan artıq iş yeri açılmış, işsizlik 5,4 faiz təşkil etmişdir. Ətraf mühitin qorunması və təbii sərvətlərin səmərəli istifadəsi məqsədilə ölkəyə yatırılan sərmayələrin həcmi ildən-ilə artır. Ölkədə alternativ enerji mənbələrinin istifadəsinə dair müəyyən tədbirlər görülür. Bu sahənin inkişafına 90 milyon dollar ayrılmışdır. Bəzi regionlarda müasir texnologiyalar əsasında alternativ enerji mənbələrindən yararlanan "yaşıl" evlər yaradılmışdır. Bu yaxınlarda Sumqayıt şəhərində günəş panelləri və LED lampaları istehsal edən müəssisə açılmışdır. Bu istiqamətdə işlər davam etdiriləcək və Azərbaycan Avropa dəyərlərinin qorunmasında fəal iştirak edəcəkdir.
Demokratiya və insan hüquqları komitəsində bu qurumun sədr müavini A.Neri tərəfindən gələcək fəaliyyətə dair məruzə təqdim edilmişdir. Gündəlikdə duran Belarus ilə bağlı qətnamə layihəsi ətrafında müzakirələr aparılmışdır.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.