Azərbaycan dünya birliyinin layiqli üzvlərindən birinə çevrilir

Bakıda keçirilən nüfuzlu Krans Montana Forumu da bunu təsdiqlədi

{nl}

Mən şəxsən hesab edirəm və böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 1993-cü ildən etibarən - Prezident Heydər Əliyev bu ölkəyə rəhbərliyə gələndən sonra Azərbaycanda böyük inkişaf başlamışdır. Həmin vaxtlardan etibarən mən, həmçinin gördüm ki, o, çox böyük müdrikliyə, uzaqgörənliyə malik bir şəxsiyyətdir. Çox şadam ki, cənab Prezident, mənə belə bir fürsət qismət oldu. Biz Heydər Əliyev Mərkəzində, yeni binada bu cür nüfuzlu, mühüm, mötəbər iclasımızı keçirəcəyik və gələn iki gün ərzində müzakirələrimizi aparacağıq... Biz bu gün görürük ki, Azərbaycanda nələr baş verir. Biz bilirik ki, ölkəniz xüsusi əhəmiyyət kəsb edən bir oyunçuya çevrilir. Həm sosial, həm mədəni, həm də humanitar sahələrdə siz get-gedə dünyaya daha çox açılırsınız.

{nl}

Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol KARTERON

{nl}

Azərbaycanın 20 illik müstəqillik tarixinin hər bir səhifəsi bütün zənginliyi ilə hər birimizin yaddaşına əbədi həkk olunub. Təbii ki, 20 il zaman baxımından o qədər də böyük dövr deyil. Ancaq müstəqil dövlətimiz bu müddət ərzində bütün sahələrdə çox mühüm uğurlara imza atmış, dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Ölkəmizin müstəqillik tarixində böyük uğurlara imza atması ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı illərə təsadüf edir.

{nl}

1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycan beynəlxalq aləmə fəal inteqrasiya yoluna qədəm qoydu. Müstəqil dövlətimiz dünyada böyük nüfuz sahibi olan beynəlxalq qurumlarla əlaqələrini genişləndirdi və getdikcə həmin qurumların ən fəal üzvünə çevrildi. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən biri mötəbər beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirməkdən ibarət idi. Bu istiqamətdə həyata keçirilən mühüm əhəmiyyətli tədbirlər artıq öz bəhrəsini verib. Azərbaycan bu gün dünya birliyinin fəal üzvlərindəndir. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi müstəqillik tariximizdə qazanılan uğurların ən yüksək zirvəsidir. Xarici siyasət sahəsində bir-birinin ardınca həyata keçirilən uğurlu islahatlar ölkəmizin adının daha yüksək zirvələrdən eşidiləcəyindən xəbər verir. Bu ilin may ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi də bunu bir daha təsdiqləyir.

{nl}

Azərbaycan xarici siyasət sahəsində olduğu kimi, sosial-iqtisadi inkişafda da misli görünməmiş uğurlar nümayiş etdirir. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və mədəniyyət sahəsində sanballı qələbələr qazanılmış və ölkəmiz regionda şəksiz liderə çevrilmişdir. Hazırda müstəqil dövlətimizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də sürətlə artan iqtisadi və siyasi mövqeyimizin dünya birliyində möhkəmlənməsinin, reytinqinin getdikcə artmasının təsdiqidir.

{nl}

Artıq dünyanın ən nüfuzlu beynəlxalq qurumları öz tədbirlərini məhz Azərbaycanda keçirməyə üstünlük verirlər. Bu vaxta qədər ölkəmizdə çoxlu sayda beynəlxalq əhəmiyyətli tədbirlərin müvəffəqiyyətlə keçirilməsi bu sahədə böyük təcrübəyə malik olmağımızdan xəbər verir. Artıq Azərbaycan dünya miqyaslı tədbirlərin keçirilməsinə qadir olan dövlət kimi tanınıb. Hazırda Bakıda öz işini böyük müvəffəqiyyətlə davam etdirən Krans Montana Forumunun 23-cü illik toplantısı da bundan xəbər verir. Bu gün dünyanın mühüm dairələrinin Azərbaycana toplaşması ölkəmizin nüfuz sahibi olmasının bariz nümunəsidir. Bu, bir daha təsdiqləyir ki, 1993-cü ildən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən və bu gün uğurla davam etdirilən proseslər ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmşdur. Bakıda keçirilən Krans Montana Forumu çox böyük əhəmiyyət kəsb edir. Forum 1986-cı ildə Krans-Montanada (İsveçrə) yaradılmış beynəlxalq təşkilatdır. Krans Montana Forumu BMT, UNESCO, UNIDO, Avropa İttifaqı və digər təşkilatlarla sıx əməkdaşlıq edir.Bu qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan etmişdir. Forumda qlobal və regional xarakter daşıyan aktual siyasi və sosial-iqtisadi problemlər qeyri-rəsmi formada müzakirə edilir. Bakıda keçirilən tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.

{nl}

Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karterondur. Beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində Azərbaycan da yaxından iştirak edir.
Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin yüksək səviyyəli fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Krans Montana Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Krans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın ən ali mükafatına - "Prix de la Fondation" mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın forumun Qızıl medalına layiq görülmələri bunun əyani nümunəsidir. Krans Montana Forumunun bu il Bakıda keçirilməsinə qərar verilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir.

{nl}

Krans Montana Forumunun Bakıda keçirilməsi beynəlxalq aləmin diqqət mərkəzindədir. Dünyanın tanınmış ictimai - siyasi xadimləri belə mötəbər bir tədbirin məhz Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirir və bunu ölkəmizin bütün sahələr üzrə sürətli inkişafı ilə əlaqələndirirlər. Məsələn, Bakıda keçirilən Krans Montana Forumunun iştirakçısı, ATƏT nümayəndəsi Paskal Heyman demişdir:"Krans Montana Forumunun Bakıda keçirilməsi çox böyük məna kəsb edir. Forumda enerji siyasəti və təhlükəsizliyi, həmçinin digər aktual məsələlərlə bağlı müzakirələr aparılır.Enerji siyasəti və təhlükəsizliyi vacib məsələdir. Forumda bu vacib və aktual məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaq imkanı qazanırıq. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Azərbaycan maraqlı və gözəldir. Hər dəfə buradan vətənimə döndükdən sonra yenə də Azərbaycana qayıtmaq istəyirəm".

{nl}

Forumun iştirakçısı, Fransanın Sorbonna Universitetinin professoru Jan Dupranın da fikirləri çox maraqlı olmuşdur. O demişdir:"Bakıda keçirilən Krans Montana Forumu çox maraqlıdır. Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə müzakirələr apara bilirik. Forum zamanı Azərbaycandakı dinamik inkişaf barədə də məlumat aldıq. Təqdirə layiqdir ki, ölkənizin inkişafı bütün sahələri əhatə edir. Neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı sübut edir ki, Azərbaycan uğurlu strateji kurs seçmişdir". Bütün bunlar ölkəmizin dünya birliyindəki mövqeyinin möhkəmlənməsindən, nüfuzunun artmasından xəbər verir.

{nl}

Hələ ötən ilin iyununda Belçika Krallığında keçirilən Krans Montana Forumunun 22-ci illik toplantısında qurumun növbəti toplantısının Azərbaycanda keçirilməsi qərara alınmışdı. Bu da təsadüfi deyildir. Həmin tədbirdə mərasimi açan Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verərkən müasir Azərbaycanın sürətli inkişafının ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə sayəsində mümkün olduğunu əsaslandıraraq demişdir: "Mən tam əminliklə deyə bilərəm ki, sizlərdən çox az bir qismi hələ ki, Azərbaycana səfər edibdir. Mən sizə demək istəyirəm ki, bu ölkədə çox böyük dəyişikliklər baş verib. Mən təbii ki, burada güclü iradəyə əsaslanan baxışlar haqqında danışmaq istərdim. Bu, əslində Heydər Əliyevin ölkədə hakimiyyətdə olduğu vaxtdan başlayır. O, Azərbaycan üçün bir çox işlər gördü, Azərbaycanda yüksək makroiqtisadi göstəricilərin təmin edilməsinə nail oldu və bu, dünya səviyyəsində tanındı. Hətta mən sizə deyərdim ki, ötən illər ərzində bir çox ölkələr müflisləşməyə doğru gedərkən, Azərbaycanda yenə də artım 5 faiz olmuşdur. Təbii ki, bu, möcüzədir".

{nl}

Jan Pol Karteron ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayaraq tədbirdə iştirak edən dövlətimizin başçısını ölkəmizdə iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər münasibətilə təbrik edərək demişdir: "Cənab Prezident, Siz bu regionda öz rəhbərlik məharətinizlə seçilərək, əslində bir kapitan rolunu oynayaraq tam şəkildə, tam surətdə ölkənizin nüfuzunu artırırsınız. Siz islahatlar, struktur islahatları həyata keçirdiniz, bir çox xarici sərmayədarları ölkənizə cəlb etdiniz və fiskal siyasəti düzgün apardınız."

{nl}

Jan Pol Karteron ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığını xüsusi vurğulamış və Avropa İttifaqı ilə əlaqələri genişləndirdiyini diqqətə çatdıraraq demişdir: "Bu gün Azərbaycan Yaxın Şərqə, Mərkəzi Asiyaya çıxışdır. Azərbaycanda son illər ərzində baş verən hadisələr əsl möcüzədir". Sonra Forumun ən ali mükafatı "PRIX DE LA FONDATION" Prezident İlham Əliyevə təqdim olunmuşdu.

{nl}

Forumun yaradıcısı ölkəmizdə müşahidə olunan sürətli inkişafın, xalqımızın qonaqpərvərliyinin şahidi olması üçün hamını Azərbaycana dəvət etmişdi. Bu dəvət Krans Montana Forumunun 23-cü tədbirinin Bakıda keçirilməsi ilə təsdiqləndi. 23-cü dəfə keçirilən Krans Montana Forumunda Gürcüstan, keçmiş Yuqoslaviya Respublikası, Makedoniyanın və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edərək ölkəmizin beynəlxalq forumların keçirilməsi məkanına çevrildiyini diqqətə çatdırdı və dedi: "Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir, eyni zamanda, bu, ölkəmizin tarixi irsidir."

{nl}

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olub.Biz həmişə öz işimizlə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük veririk və bunun gücləndirilməsinə çalışırıq. Çünki qloballaşan bugünkü dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub.

{nl}

Azərbaycan Prezidenti ölkəmizin müstəqillik tarixinin cəmi 20 il olduğunu vurğulayaraq bu müddət ərzində qazanılan uğurlardan da söhbət açdı və bildirdi ki, müstəqillikdən sonra bizdə siyasi müstəvidə dəyişikliklər, transformasiya baş verdi. Dövlətçiliyimizin qurulması bizim üçün çox böyük önəm daşıyırdı, bizim üçün böyük imkanlar yaratmışdı. Ancaq çoxlu çətinliklər də oldu. Lakin buna baxmayaraq, biz müstəqilliyimizin qazanılması ilə artıq möhkəm dövlətçiliyimizi yarada və iqtisadi-siyasi sahələrdə güclü transformasiyaya malik ola bildik. İndi demokratik prosesiləri inkişaf etdirir, gücləndiririk. Biz qanunun aliliyi, insan haqlarının müdafiəsi və qorunması sahələrinə çox böyük önəm veririk. Azərbaycanda bütün siyasi qurumlar, tərəflər öz fəaliyyətini uğurla davam etdirirlər.

{nl}

Forumun iştirakçılarının diqqətinə çatdırıldı ki, son on il ərzində Azərbaycanda iqtisadi inkişaf dünyada ən sürətli olub, iqtisadiyyatımız üç dəfə artıb. Sənaye istehsalı da üç dəfə artıb. Eyni zamanda, sosial problemlərin həllinə çox böyük önəm verilib. Azərbaycanda yoxsulluğun səviyyəsi son səkkiz il ərzində beş dəfə azalaraq 7 faizə enib. Azərbaycan sabit iqtisadiyyata malik olan bir ölkədir. Bizdə işsizlik səviyyəsi 5,4 faizdir.

{nl}

Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini vurğulayaraq bunun regionun təhlükəsizliyinə, əməkdaşlığına çox böyük zərbə olduğunu dedi. Bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış tarixi ərazisidir və Ermənistan bu torpaqları işğal etmişdir. Dövlətimizin başçısı Ermənistanın işğalçı dövlət olmasının beynəlxalq aləmdə də təsdiqini tapdığını və bununla əlaqədar nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş qətnamələri bir daha xatırlatdı. O, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamənin hələ də icra olunmadığıni diqqətə çatdırdı. Dövlətimizin başçısı forumun gündəliyinin çox geniş olduğunu və mühüm məsələləri əhatə etdiyini qeyd etdi. O, əminliklə bildirdi ki, tədbirdə iştirak edənlərin fikirləri yeni ideyaların, yeni yanaşmaların ortaya çıxmasına xidmət edəcəkdir.

{nl}

Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron bildirdi ki, forumun ən ali mükafatı olan "Prix de la Fondation" mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. Bu sırada qadınlar olanda isə mükafat daha böyük məna və mahiyyət kəsb edir. O dedi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır. Bu irs Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdən miras qalmışdır. İndi bu böyük insanın adını daşıyan fond regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman və təbii ki, qadın hüquqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir.

{nl}

Krans Montana Forumunun ən ali mükafatı -"Prix de la Fondation" Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim olundu.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında