Şriftin ölçüsü:
29.06.2012 04:08 | Oxunma sayı: 555
Avropa Şurasında müxtəlif ölkələrdən qeyri-hökumət təşkilatları təmsilçilərinin, insan hüquqlarının müdafiəsi ilə məşğul olanların görüş və toplantılarının keçirilməsi hər sessiyada müşahidə olunan haldır. Lakin yay sessiyasının gündəliyinə "Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin vəziyyəti" adlı məruzə də daxil edilmişdir. Estoniyalı deputat Mailis Repsin hazırladığı məruzədə problemin müxtəlif aspektləri işıqlandırılmışdır.
Azərbaycan nümayəndə heyətinin iki üzvü həmin müzakirələrdə iştirak etmişdir. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Demokratları Qrupu adından çıxış etdiyindən onun yalnız problemin ümumi tərəflərindən və məruzənin məziyyətlərindən danışmaq imkanı olmuşdur. Nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə məruzəyə tənqidi yanaşmış, onun bir sıra məqamlarının obyektivlikdən uzaq olduğunu bildirmişdir. Deputat insan hüquqları müdafiəçiləri ilə bağlı məruzənin hazırlanmasını təqdir etməklə yanaşı, belə hesabatlarda faktlara münasibətdə son dərəcə diqqətli olmağın vacibliyini vurğulamışdır. R.Hüseynov demişdir: "İnsan hüquqlarının qorunması yarandığı gündən Avropa Şurasının başlıca fəaliyyət istiqamətlərindən olmuşdur. Bu nəcib iş bu gün də davam edir və hüquq müdafiəçiləri ilə bağlı müzakirələr də əslində həmin vacib problemin tərkib hissələrindən biri sayılmalıdır. Təxminən 15 il əvvəl ilə müqayisədə hüquq müdafiəçilərinin və bu sahədə fəaliyyət göstərən təşkilatların sayının bir neçə dəfə artdığını görərik. Bu, xüsusən yeni müstəqillik əldə etmiş ölkələrə aiddir. Məhz gənc demokratik dövlətlərin möhkəmlənib inkişaf etməsi üçün bu institutun həmin ölkələrdə bərqərar olması, cəmiyyət həyatında daha fəal mövqe tutması zəruridir. İnsan hüquqları müdafiəçilərindən danışarkən, iki mühüm nüansa da diqqət yetirilməlidir. Kifayət qədər çətin missiyanı yerinə yetirən hüquq müdafiəçilərinin özlərinin hüquqlarının qorunması ilə bağlı vəziyyət nə yerdədir? Mənfi fəaliyyətlərini hüquq müdafiəçisi pərdəsi arxasında gizlədən bəzi insanlardan necə qorunmalı? Özünü hüquq müdafiəçisi elan edən hər kəsə bu missiyanı həvalə etmək düzgün deyildir. Bu cür məsələlərə aydınlıq gətirmək üçün belə müzakirələr gələcəkdə də keçirilməlidir. Lakin məruzədə bir sıra məqamlar vardır ki, onların dəqiqləşdirilməsinə, obyektivlik naminə bir daha nəzərdən keçirilməsinə ehtiyac duyulur. Parlament Assambleyasının təqdim etdiyi məruzədə bir-iki nəfərin imzası olsa da, bu, bütövlükdə Assambleyanın mövqeyi, baxışı kimi qəbul edilir. Ona görə də burada bəhs edilən hər məsələ, hər fakt diqqətlə yoxlanılmalı, dəqiqliyə əməl olunmalıdır. Bu məruzədə də bir tərəfin iddiaları əsasında elə məqamlar yer almışdır ki, burada mütləq balans gözlənilməli, qarşı tərəfin də mövqeyi öyrənilməli idi. İnsan hüquqları müdafiəçilərindən, bütövlükdə insan hüquqlarının qorunmasından söhbət gedən məruzədə faktların özlərinin də hüququ qorunmalıdır. Çox vaxt insan haqları ilə bağlı ən böyük pozuntu elə sadə faktların təhrif edilməsindən yaranır".
Məruzədə Azərbaycan ilə bağlı bir sıra ciddi təhriflərə yol verildiyini, faktların saxtalaşdırıldığını bildirən R.Hüseynov konkret bəndlərlə əlaqədar iradlarını diqqətə çatdırmışdır. R.Hüseynov demişdir: "Azərbaycanla bağlı məruzədə yer alan mülahizələrlə razılaşmaq çətindir, bu fikirlərin hamısı mütləq dəqiqləşdirilməlidir. Çünki burada həqiqətə uyğun olmayan məlumatlar mövcuddur. Məruzənin 23-cü bəndində 2011-ci ilin martında Bakıda İnsan Haqları Evi Assosiasiyasının bağlandığı bildirilir. Azərbaycan ölkədə ən müxtəlif beynəlxalq təşkilatların fəaliyyət göstərməsində maraqlıdır, onlar üçün hər cür şərait yaradılır. Adı çəkilən təşkilatın fəaliyyətini dayandırması isə çox sadə səbəblə bağlıdır. Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı qanunvericilikdə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatının ölkənin Ədliyyə Nazirliyi ilə müvafiq müqaviləsi olmalıdır. Bu adi prosedur qaydasıdır. Bu, son dərəcə aydın təfərrüat açıqlanmayanda həqiqətən də Azərbaycan haqqında mənfi təəssürat yarana bilər. Lakin bu fakt bəlli olanda ölkəyə münasibətdə qeyri-obyektiv, müəyyən mənada qərəzli mövqe aşkarlanır. Yaxud məruzədə 2011-ci ilin avqustunda Bakıda guya hüquq müdafiəçisinin ofis kimi istifadə etdiyi binanın buldozer ilə uçurulduğu göstərilir. Bu da yarımçıq informasiyanın yaratdığı yanlış təsəvvürdür. Bakının mərkəzindəki köhnə bir məhəllə sökülərək orada şəhər sakinlərinin istirahəti üçün müasir kompleks salınır. Bu məqsədlə orada müasir şəhərə yaraşmayan yüzlərlə köhnə bina sökülmüş və mindən artıq ailəyə kompensasiyalar ödənilmişdir. Bu, o qədər mürəkkəb prosesdir ki, təbii olaraq bir-iki nəfər narazı qalan, yaxud bu hadisələrdən xüsusi əks-təbliğat üçün istifadə etmək istəyən tapıla bilər. Real vəziyyəti nəzərə almadan belə məqamları məruzədə xüsusi qabartmaq yolverilməzdir".
Azərbaycanlı deputat gələcəkdə insan hüquqları müdafiəçiləri institutunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə Avropa Şurasının həyata keçirə biləcəyi təkliflər irəli sürmüşdür: "Hüquq müdafiəçilərinin daha mütəşəkkil bir gücə çevrilməsi, gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi üçün Parlament Assambleyasının kömək etmək imkanları çoxdur. Mən təklif edərdim ki, Avropa Şurasında təcrübəli siyasətçilərin cəlb edilməsi ilə hüquq müdafiəçiləri üçün vaxtaşırı təlimlər keçirilsin, mühazirələr oxunsun. Belə kurslar üzv ölkələrdəki hüquq müdafiəçilərinin daha yüksək peşəkarlıq əldə etməsinə və daha uğurlu fəaliyyətinə layiqli töhfə olardı".
Azərbaycanlı deputatın çıxışı, təklifləri və haqlı iradları Assambleya üzvləri tərəfindən rəğbətlə qarşılanmışdır.
{nl}
Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.