Barak Obamanın Azərbaycan Prezidentinə göndərdiyi məktub əməkdaşlığın yeni perspektivlərindən xəbər verir
{nl}
"...Çox istərdik ki, Amerika Birləşmiş Ştatlarının həm ictimaiyyəti, həm də kütləvi informasiya vasitələri Ermənistan ilə Azərbaycan arasında münaqişənin səbəbləri və indiki vəziyyəti barədə, Azərbaycandakı real vəziyyət barədə obyektiv informasiyaya malik olsunlar... Azərbaycan ilə ABŞ arasında bütün istiqamətlərdə və bütün sahələrdə münasibətlərin möhkəmlənəcəyinə əmin olduğumu bildirirəm".
Ümummilli lider Heydər Əliyevin ABŞ-ın Kolumbiya Universitetinin Harriman İnstitutundakı çıxışından 28 sentyabr, 1994-cü il
{nl}
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın ötən həftənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub barədə söz açarkən 16 il əvvəlki çıxışdan sitat gətirdik. Məqsədimiz cənab Obamanın da səmimi şəkildə etiraf etdiyi bəzi məqamları yada salmaqdır.
Ulu öndərimiz hələ 1994-cü ildə ABŞ rəsmilərinin diqqətinə çatdırırdı ki, bu ölkədə Azərbaycan həqiqətləri barədə obyektiv məlumatlar yoxdur. Həm ictimaiyyətə, həm də kütləvi informasiya vasitələrinə yanlış məlumatlar sırınır, bunun nəticəsində isə həm qanunverici orqanın, həm də dövlətin Qafqaz siyasətində axsamalar yaranır. Yəni, ABŞ-dakı erməni diasporu və ermənipərəst siyasətçilər ABŞ-Azərbaycan münasibətlərinin məhz tərəflərin hər ikisi üçün səmərəli olan məcraya yönəlməsinə əngəl törədirlər.
Nəticədə Birləşmiş Millətlər Təşkilatının üzvü olan bir ölkənin ərazisinin 20 faizini işğal etmiş, on minlərlə insanı öldürmüş, yüz minlərlə insanı deportasiya etmiş Ermənistanın ABŞ-dan maddi yardım almasına şərait yaradılır, Azərbaycana isə "907-ci düzəliş" adlı bədnam sanksiya tətbiq edilir. Bu, ABŞ kimi demokratik dövlət üçün rüsvayedici bir faktdır. Belə çıxır ki, dünyanın hər yerində haqqı-ədaləti bərpa etməyə, demokratik dəyərlərin bərqərar olunmasına çalışan Ağ ev öz Qafqaz siyasətində terrorçuları, separatçıları, işğalçıları dəstəkləyir. Doğrudur, prezidentlər başda olmaqla ABŞ rəsmilərinin hamısı, üstəlik dəfələrlə bəyan ediblər ki, biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həll edilməsinin tərəfdarıyıq. Bu, tarixi sənədlərdə öz əksini tapan tarixi faktlardır. Hətta, məsələni daha da konkretləşdirən ABŞ rəsmiləri dönə-dönə deyiblər ki, ABŞ Dağlıq Qarabağ adlı bir dövləti tanımır və heç zaman tanımayacaq.
Bütün bu faktlarla yanaşı, başqa bir tarixi fakt da mövcuddur. Belə ki, ABŞ-ın maliyyə qurumları Dağlıq Qarabağa ayrıca bir ölkə kimi maddi yardım göstərirlər. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlar Dağlıq Qarabağ adlı ölkə tanımırsa və qeyd edilən münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həllinə tərəfdardırsa, onda Dağlıq Qarabağa birbaşa yardım ayrılmamalı, oraya maddi kömək Azərbaycanın vasitəsilə göndərilməlidir. Bu addım əsl demokratik düşüncə tərzi və əsl insani yardım olardı. Çox təəssüf ki, ABŞ-dakı erməni lobbisi Vaşinqtonu ənənəvi ədalətli addımlar silsiləsindən sapındıra bilir. Cənab Obama həmin təsir və təzyiqlərin yaratdığı fəsadları, həmin fəsadların ABŞ-ın xarici siyasətinin uğurları qarşısında əngələ çevrilməsini heç şübhəsiz ki, aydın görür.
Birləşmiş Ştatlar Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan və bizimlə hərtərəfli əməkdaşlığa ilk cəhd edən ölkələrdən biridir. Həm 1993-cü ilin yayından sonra, həm də 2003-cü ilin oktyabrından etibarən Ağ ev rəsmi Bakını özünün sədaqətli tərəfdaşı və etibarlı müttəfiqi kimi daim yanında görüb. Hətta qanlı 11 sentyabr hadisələrindən dərhal sonra yaradılmış Beynəlxalq Antiterror Koalisiyanın ilk üzvlərindən biri məhz Azərbaycan olmuşdu. Azərbaycan sülhməramlıları NATO-dakı həmkarları ilə birlikdə Əfqanıstanda, İraqda və Kosovoda sülhyaratma proseslərində iştirak etmişlər. Həmin vaxta qədər isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək hasil edilməsində, hasilatın pay bölgüsündə və əldə olunmuş enerji resurslarının dünya bazarına çıxarılması üçün ixrac marşrutlarının müəyyən edilməsində ABŞ-ın maraqları yüksək səviyyədə təmin edilmişdi. Bütün bunların müqabilində Azərbaycanın Ağ evdən gözlədiyi bir addım var idi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Vaşinqtonun ədalətli mövqe tutması. Lakin təəssüf ki, bu ilin yazında ABŞ-da keçirilən nüvə sammitinə işğalçı Ermənistanın əli on minlərlə azərbaycanlının qanına bulanmış prezidenti dəvət edildi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyəti olan Azərbaycanın Prezidenti isə yox. Dünya ekspertlərinin fikrincə, cənab Obama Azərbaycan Prezidentinə göndərdiyi məktubda məhz həmin məqamların peşmançılığını çəkir: "...əminəm ki, biz onları həll edə bilərik".
Bütün bunlarla yanaşı, ABŞ Prezidentinin məktubunda başqa etiraflar da vardır. Məsələn: "Enerji sahəsində Cənub dəhlizinin inkişafında Azərbaycanın liderliyi həmçinin regionun çiçəklənməsini gücləndirdi və qlobal enerji təhlükəsizliyini möhkəmləndirdi". Ekspertlərin fikrincə, bu, ulu öndər Heydər Əliyevin işləyib hazırladığı neft diplomatiyasının nəticələrinin dünya liderləri və aparıcı dövlətlərin başçıları tərəfindən yüksək qiymətləndirilməsidir. Yeri gəlmişkən, ABŞ Prezidenti də öz məktubunda həmin məqamı xüsusilə qabardır: "Azərbaycan müstəqilliyini qazandıqdan sonra ölkənizlə əməkdaşlığımız atanızın rəhbərliyi altında başlamışdır. Ümidvaram ki, biz gələn aylar və illər ərzində münasibətlərimizi genişləndirməyə və dərinləşdirməyə qadir olacağıq".
Bir sözlə, təməlində ulu öndər Heydər Əliyevin siyasi-diplomatik əməkdaşlıq prinsipləri duran Azərbaycan-ABŞ əməkdaşlığı daha uğurlu perspektivlər ərəfəsindədir. ABŞ rəhbərliyinin həmin perspektivləri reallaşdırmaq üçün yeni təşəbbüslər göstərməsi bu fikri bir daha sübut edir. Əminik ki, belə də olacaqdır. Çünki Ağ ev özünün hərtərəfli maraqlarını, strateji tərəfdaşı olan ölkələrlə münasibətlərini erməni lobbisinin istəyinə qurban verə bilməz.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.