Avropa Şurasının tribunasından Ermənistanın müstəqil dövlət olmadığı bəyan edildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə keçirilən sərbəst debatlarda 30-dan artıq deputat çıxış etmiş, Avropada siyasi həyatın bir sıra aktual məsələlərinə toxunulmuşdur. 
Assambleyada müzakirələr adətən irəlicədən hazırlanmış məruzələr ətrafında aparılsa da, yeni tətbiq olunan sərbəst debatların xüsusiyyəti bundan ibarətdir ki, hər çıxışçı öz istədiyi problemi qaldıraraq bu barədə düşüncələrini bölüşmək imkanında olur. Müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü N. Zohrabyan irəlicədən öz ölkəsinin mətbuatında elan etdiyi kimi, Azərbaycanı guya atəşkəs rejimini pozmaqda ittiham etmiş, həmin heyətin digər üzvü D. Harutunyan isə AŞPA-dakı Dağlıq Qarabağ üzrə alt komitəyə diqqət yönəldərək Assambleya rəhbərliyinin həmin qurumun fəaliyyətini dirçəltmək cəhdlərini pisləmiş, bu alt quruma ehtiyac olmadığını bildirmişdir.
Sərbəst debatlarda çıxış edən Azərbaycan nümayənədə heyətinin üzvü Rafael Hüseynov erməni deputatların danışığındakı məqamlara tutarlı cavab vermiş, Ermənistan dövlətinin apardığı daxili və xarici siyasəti ifşa edən ciddi problemləri Assambleya üzvlərinin diqqətinə çatdırmışdır. R.Hüseynov Ermənistanın Azərbaycana təcavüzü, son aylarda mütəmadi olaraq atəşkəs rejimini pozması ilə bağlı demişdir : "Son dövrlərdə Cənubi Qafqaz regionunda gedən proseslərin bütün Avropada sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilməsi Assambleya tərəfindən təxirə salmadan tədbirlər görülməsi ehtiyacını yaratmışdır. Başlıca təhlükə nədən ibarətdir? Azərbaycan ərazilərinin 20 faizini bir sıra xarici qüvvələrin köməyi ilə zəbt edən və 20 ilə yaxın bir müddətdə bu əraziləri nəzarətdə saxlayan Ermənistan son aylarda intensiv şəkildə atəşkəs rejimini pozmağa başlamışdır. Dağlıq Qarabağ problemini danışıqlar vasitəsilə həll etmək işğalçı Ermənistanın, o cümlədən işğala məruz qalmış Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü əsas öhdəliklərindən biridir. Ermənistanın atəşkəs rejimini sistemli şəkildə pozması və gizlətmədiyi müharibə niyyətləri bu dövlətin problemi sülh yolu, diplomatik vasitələrlə həll etmək fikrindən uzaq olduğunu bir daha aşkar nümayiş etdirməkdədir. Bu nəticəyə gəlməyə əsas verən digər amil isə ondan ibarətdir ki, Ermənistan Avropa Şurası Bürosunun qərarı ilə yaradılmış Dağlıq Qarabağ üzrə müvəqqəti komitənin fəaliyyətini Assambleya rəhbərliyinin bütün səylərinə baxmayaraq, mütəmadi olaraq pozmaqdadır. İndiki vəziyyətdə genişmiqyaslı müharibənin başlanması son dərəcə real görünməkdədir. Ermənistan və Azərbaycanın insan resurslarını, iqtisadi vəziyyətini, hərbi gücünü müqayisə edərkən son dərəcə böyük fərqlər hər kəsə aydın olar. İqtisadi cəhətdən tənəzzül içərisində olan və bu böhranlı vəziyyəti hər gün daha da dərinləşən Ermənistanın bütöv dövlət büdcəsi Azərbaycanın yalnız müdafiə xərcləri üçün nəzərdə tutulmuş xərclərindən də azdır. Ağır siyasi, iqtisadi, mənəvi şərait üzündən ölkədən çıxmaq imkanı olan bütün vətəndaşların kütləvi şəkildə Ermənistanı tərk etməsi nəticəsində əhalinin sayı 2 dəfədən artıq azalmışdır. İndi Azərbaycan əhalisi Ermənistandakından 4 dəfə çoxdur.
Bəs bütün müqayisələrin əleyhinə olmasına baxmayaraq, Ermənistan niyə inadla müharibəyə can atır? Bunu 2 səbəblə izah etmək mümkündür. Ölkə hazırda elə bir iqtisadi və siyasi fəlakət vəziyyətindədir və əhalinin narazılığı də elə yüksək həddə çatmışdır ki, çıxılmaz vəziyyət yaranmışdır. Yalnız işğal etdiyi qonşusuna deyil, öz xalqına da düşmən kimi yanaşan Ermənistan rəhbərliyi bu halda diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün bütün imkanlardan istifadə etməyə hazırdır. Yaxşı, bəs başlaya biləcək müharibədə qələbə şansı olmadığını anladığı halda Ermənistan niyə fəlakətə doğru can atır? Çünki Ermənistan yenə ümidini xarici qüvvələrə bağlamışdır. Bu ölkə demək olar ki, formal müstəqil dövlət sayıla bilər. Ölkə ərazisindəki xarici hərbi bazaların miqdarına görə Ermənistanı Avropa Şurası üzvü olan heç bir dövlətlə müqayisə etmək mümkün deyildir. Kənar qüvvələrin iki ölkə arasında münaqişəyə qatılması isə müharibənin ağlasığmaz faciəli miqyaslar almasına, zəncirvarı reaksiya ilə hərbi əməliyyatların nəhəng coğrafiyanı əhatə etməsinə gətirib çıxara bilər. Qaynama həddinə yetişən su mütləq daşmalıdır. Hadisələrin son aylardakı axarı, Ermənistan günbəgün şiddətlənən təhrikedici əməlləri isə açıqca söyləyir ki, qəfil qaynama anı uzaqda deyildir. O an yetişəndən sonra isə əhatə dairəsi çox iri ola biləcək faciələrin qarşısını almaq mümkünsüzləşəcəkdir. Ona görə də nə qədər ki, həmin qaynama anı, partlayış məqamı yetişməyibdir, təcili və təxirsiz addımlar atılmalıdır.
Avropa Şurasında, elə bu sessiyadaca, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə çərçivəsində müzakirələri təşkil edilməlidir. Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi bütün səlahiyyətlərindən və təsir imkanlarından yararlanaraq atəşkəs rejiminin pozulması hallarının qabağının dərhal alınmasını tələb etməlidir.
Bu müharibə nə erməni, nə Azərbaycan xalqına, nə regiona, nə demokratik Avropaya lazımdır. Bəs kimə lazımdır? Bu sualın cavabı ətrafında düşünək və bunu da bircə an belə unutmayaq ki, böyük müharibə təhlükəsi artıq son dərəcə realdır! Ayıq olun!"
Avropa Şurası Parlament Assambleyasının sədri Jan-Klod Minyon deputat Rafael Hüseynovun çıxışına reaksiya verərək söyləmişdir ki, AŞPA Bürosunun qərarı ilə yaradılmış Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyəti dayandırılmayıb, əksinə bu qurumun fəaliyyətini gücləndirmək üçün ciddi iş aparılır. O, bir vaxtlar intensiv fəaliyyətdə olmuş alt komitəni dirçəltməyin zəruriliyini qeyd edərək elə cari sessiyada Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini dəvət edəcəyini, məsələ ilə əlaqədar müzakirələr aparacağını bildirmişdir. Assambleya sədri Dağlıq Qarabağ üzrə alt komitənin işlək orqanizmə çevrilməsi ilə əlaqədar məsələni yenidən Büronun gündəliyinə çıxaracağını da vəd etmişdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında