Avropa Parlamentinin üzvləri Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasını tələb edirlər

Avropa Parlamentinin (AP) üzvləri Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasını tələb edərək Dağlıq Qarabağdakı mövcud status-kvonun dəyişdirilməsi üçün Avropa İttifaqını (Aİ) tədbir görməyə çağırmışlar. 
AP-nin təhlükəsizlik və müdafiə alt komitəsinin iclasında deputatlar bildirmişlər ki, bu istiqamətdə tədbir görülməsə Cənubi Qafqazda sabitlik üçün təhlükə yarana bilər. Onlar, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılması ilə bağlı Aİ-ni aydın mövqe nümayiş etdirməyə çağırmışlar.
AP-nin üzvü Milan Kabrnox bildirmişdir ki, Dağlıq Qarabağın ətrafındakı rayonların qaytarılması ilk addım olmalıdır. Digər deputat İvo Vayqlın sözlərinə görə, Aİ Ermənistanı başa salmalıdır ki, qurum mövcud status-kvonu qəbuledilməz, işğal faktını isə qeyri-qanuni hesab edir. Azərbaycan torpaqları işğal altında qalmaqda davam edir, beynəlxalq konvensiyalara isə məhəl qoyulmur.
Deputat Vitautas Ləndsbyarqis Azərbaycan ərazilərinin mübahisəli deyil, işğal edilmiş ərazilər olduğunu bildirmiş, buna görə də terminlərin düzgün işlədilməsinin vacibliyini vurğulamışdır.
Deputat Anna İbrisaqiç isə demişdir: "Azərbaycan əraziləri işğal edilmişdir və biz işğalçı tərəfə cəsarətlə deməliyik ki, bu, səhv addımdır. İşğala son qoyulmalı, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar". A.İbrisaqiç Avropa İttifaqını ötən ay Dağlıq Qarabağda Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə qeyri-qanuni paradın keçirilməsinə reaksiya verməyə çağırmışdır.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktının prinsiplərinə əməl edilməsinin zəruriliyini vurğulamışdır. F.Lefort münaqişə ilə bağlı hazırkı status-kvonun Aİ üçün qəbuledilməz olduğunu bildirmişdir.
İclasda iştirak edən tanınmış ekspert, London Kral Kollecinin müdafiə məsələləri üzrə bölməsinin baş mühazirəçisi xanım Treysi Qerman bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir, problemin həlli ilə bağlı fundamental məsələlər həll edilməmiş qalır. Məsələn, Azərbaycan əraziləri hələ də işğal altındadır.
T.Qerman Ermənistanın iqtisadi vəziyyətinin ağır olduğu bir vaxtda hərbi büdcəsini artırmasını yanlış addım kimi qiymətləndirmiş, çətin sosial şəraitlə üzləşən əhalinin ölkəni tərk etdiyini diqqətə çatdırmışdır.
Polşada fəaliyyət göstərən Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Adam Eberhardt demişdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O, Ermənistanın münaqişənin həlli istiqamətində Azərbaycan ilə kompromisə getməməsinin təəssüf doğurduğunu qeyd etmişdir. Ermənistan dövlətinin Dağlıq Qarabağdakı rejimi siyasi, iqtisadi və hərbi cəhətdən dəstəklədiyini deyən A.Eberhardt burada keçirilən təxribat xarakterli paradı da pisləmişdir.
Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) AP üzvlərinin münaqişə ilə bağlı çağırışlarını alqışlamışdır. TEAS-ın Brüsseldəki nümayəndəliyinin rəhbəri Roman Huna ümidvar olduğunu bildirmişdir ki, Aİ bu çağırışlara cavab verərək tezliklə müvafiq addımlar atacaqdır. R.Huna demişdir: "Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsi nəticəsində Avropanın sərhədlərində bu münaqişənin həll edilməmiş qalması qəbuledilməzdir. Biz inanırıq ki, Aİ və bütövlükdə beynəlxalq ictimaiyyət Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlı konkret mövqe nümayiş etdirəcəkdir".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında