Ombudsmanların X Bakı Beynəlxalq Konfransı öz işinə başlamışdır

İyunun 18-də "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusuna həsr olunmuş Ombudsmanların X Bakı Beynəlxalq Konfransı öz işinə başlamışdır. 
İki gün davam edəcək beynəlxalq konfrans 18 İyun - İnsan Hüquqları Günü, Ombudsman Aparatının fəaliyyətinin 10, Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyinə həsr edilmişdir.
UNESCO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 20 ölkəsindən 56 qonaq - ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edirlər. Meksika, Çin, Yaponiya, Koreya, Malayziya və Türkiyə nümayəndələri ilk dəfə olaraq konfransa qatılmışlar.
Açılış mərasimində insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirmişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış yeni inkişaf strategiyalarını Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmiz sürətlə inkişaf edir, son illərdə iqtisadiyyatımız üç dəfə, büdcə xərcləri 20 dəfə artmış, bir milyondan çox yeni iş yeri açılmışdır. Bununla da uğurlu, dayanaqlı, sürətli inkişaf təmin edilmiş və insan hüquqlarının müdafiəsi üçün münbit şərait yaranmışdır.
E.Sülleymanova bildirmişdir ki, müstəqil dövlətimizin 20 illik tarixində insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, yeni mexanizmlər yaranmış və mövcud olanları təkmilləşmişdir. Bu dövrdə aparılan sistemli, ardıcıl, əsaslı islahatlar nəticəsində ən əhəmiyyətli hadisələrdən biri Azərbaycanda Ombudsman təsisatının yaranması olmuş və artıq 10 ildir ki, bu institut ölkədə insan hüquqları və azadlıqlarının məhkəmədən kənar müdafiəsini həyata keçirən müstəqil bir qurum kimi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən ikinci dəfə akridasiya olunmuşdur.
18 İyun - İnsan Hüquqları Günü ərəfəsində Azərbaycanda ənənəvi olaraq elan edilən İnsan hüquqları aylığı çərçivəsində bütün ölkəni əhatə etməklə geniş tədbirlər həyata keçirilmişdir. İnsan hüquqları və azadlıqlarının müdafiəsi və təbliği sahəsində əldə olunmuş təcrübənin daha da təkmilləşdirilməsi, problemlərin müzakirəsi və bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Bakıda dünya ölkələri ombudsmanlarının iştirakı ilə ənənəvi olaraq hər il beynəlxalq konfrans təşkil edilir. Bu konfranslar insan hüquqlarının daha səmərəli müdafiəsi naminə qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün olduqca faydalı təcrübə mübadiləsinə imkan verir. Hazırda on bir ölkənin ombudsmanları ilə ikitərəfli müqavilələr əsnasında faydalı əməkdaşlığımız davam etdirilir.
Konfransın işinə uğurlar diləyən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd etmişdir ki, Bakı son zamanlar ən mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Ə.Həsənov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Azərbaycan ombudsmanının son on illərdə gördüyü işləri yüksək qiymətləndirən Baş nazirin müavini vurğulamışdır ki, bu qurum bir çox ölkələrin müvafiq təşkilatları ilə sıx əməkdaşlıq edir. Bildirilmişdir ki, bu təşkilat fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, Azərbaycanda tam müstəqil Ombudsman təsisatı mövcuddur. Əli Həsənov 18 iyun - İnsan Hüquqları Günü, Ombudsman Aparatının fəaliyyətə başlamasının 10-cu ildönümü və Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyi ilə əlaqədar keçirilən konfransın əhəmiyyətini diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə həyatının bütün sahələrində olduğu kimi, insan hüquqlarının qorunması istiqamətində də xüsusi rolu olmuşdur. Ulu öndər bu qurumu yaradarkən bütün dünyaya göstərmişdir ki, Azərbaycan demokratik prinsiplərə əməl edir, bu yolla irəliləyir və hüquqi dövlət qurur.
Prezident İlham Əliyevin də insan hüquqları sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edən Ə.Həsənov insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində Milli Fəaliyyət Proqramının təsdiq edildiyini bildirmişdir.
Baş nazirin müavini demişdir ki, Azərbaycana səfər edən bir çox ölkələrin ombudsmanlarının nümayəndələri hər dəfə respublikamızdakı sürətli inkişafın şahidi olduqlarını bildirirlər. Ölkəmiz qısa müddətdə genişmiqyaslı inkişafa nail olmuş, iqtisadiyyatın neftdən asılılığı azaldılmışdır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasındadır. Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti durur. Prezident İlham Əliyev isə bu yolu çox böyük müvəffəqiyyətlə davam etdirir. Bildirilmişdir ki, insan hüquqlarının qorunmasının beynəlxalq səviyyəyə çatdırılması dövlətimizin başçısının müəyyən etdiyi strateji istiqamətlərdən biridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının 20 ildir ki, bərpa olunmadığını qeyd edən Əli Həsənov vurğulamışdır ki, bu, münaqişəyə ikili standartlarla yanaşan beynəlxalq aləmin məsuliyyətsizliyidir. Ə.Həsənov əlavə etmişdir ki, Azərbaycanın üzləşdiyi bu problemlə bir çox beynəlxalq təşkilatlar məşğul olsalar da, hələ heç bir nəticə əldə edilməmişdir.
Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki vəziyyət təkcə region üçün deyil, bütün dünya üçün təhlükəlidir. Nəzarətsiz qalmış bu ərazilərdə beynəlxalq səviyyəli terror qrupları hazırlanır. Bütün bunlara baxmayaraq, Azərbaycan dəfələrlə bəyan etmişdir ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin beynəlxalq birlik bu münaqişəyə biganə münasibət göstərməyə davam etsə, Azərbaycanın başqa yolu qalmayacaqdır.
Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışan komitə sədri vurğulamışdır ki, ölkəmizdə son 20 ildə onların problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun üç milyard dolları büdcə, 1,4 milyard dolları Dövlət Neft Fondunun, bir milyard dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bundan əlavə, indiyədək ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 70 müasir qəsəbə salınmışdır. Qırx beynəlxalq humanitar təşkilat və 60 milli QHT bu problemin həlli istiqamətində fəaliyyət göstərir və hər il 25-30 milyon dollar dəyərində layihələr həyata keçirirlər.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirmişdir ki, bugünkü tədbir Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatı ilə UNESCO arasında mövcud olan əməkdaşlığın davamıdır. Azərbaycan mühüm layihələrə imza atmış, müxtəlif mötəbər tədbirlərə, forum və konfranslara ev sahibliyi etmişdir. Bu tədbirlərin bir çoxunda UNESCO əsas tərəfdaş kimi çıxış etmişdir. Bu, ölkəmizə olan etibardır. Artıq Azərbaycan UNESCO-nun fəal tərəfdaşıdır.
G.Əfəndiyeva Azərbaycan-UNESCO əlaqələrindən danışarkən Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban xanım Əliyevanın rolunu xüsusi vurğulamışdır. O demişdir ki, qurumun elm, təhsil, mədəniyyət və digər prioritet sahələrdə gördüyü çox əhəmiyyətli işlərdə Mehriban xanım Əliyevanın dəyərli xidmətləri vardır. "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusu insan hüquqları sahəsində həssas və spesifik önəm daşıyır. Sülh, əmin-amanlıq və sabitlik şəraitində insan hüquqlarının qorunmasından fərqli olaraq fövqəladə hallarda bu cür müdafiəni təşkil etmək daha gərgin fəaliyyət və əmək tələb edir.
Fövqəladə hallarda qadın və uşaqların hüquqlarının müdafiəsindən bəhs edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, hər bir dövrün özünəməxsus problemləri, çətinlikləri olur. Lakin baş verən hər bir münaqişədən, böhrandan, fəlakətdən birbaşa və ya dolayısı ilə daha çox əziyyət çəkən qadınlar və uşaqlardır. Təbii fəlakətlər, ekoloji problemlər, təmiz su, qida çatışmazlığı kimi problemlər son illər dünyada çox sayda insanların həyatını dəyişərək əlverişsiz hala salmışdır. Təbii fəlakətlər ölkəmizdən də yan keçməmişdir. Bunlardan əziyyət çəkən qadınların və uşaqların problemləri dövlətimizin diqqət mərkəzindədir və onların bütün ehtiyaclarının ödənilməsi üçün lazımi tədbirlər görülmüşdür.
Konfrans öz işini plenar iclasla davam etdirmişdir.
İclasda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycan Ombudsman təsisatının 10 illik fəaliyyəti barədə ətraflı məruzə etmişdir. Məruzədə bildirilmişdir ki, Azərbaycan Ombudsman İnstitutu həm Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası, həm də beynəlxalq Ombudsmanlar İnstitutunun üzvləri sırasında fəaliyyət göstərir. İnsan hüquqları sahəsində üç strateji sənədin - ilk Dövlət Proqramının, Milli Fəaliyyət Planının və Milli Fəaliyyət Proqramının həyata keçirilməsi nəticəsində Azərbaycanda mühüm nailiyyətlər əldə olunmuşdur. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də yeni icra mexanizmlərinin yaradılması nəticəsində hər bir dövlət qurumunda insan hüquqları üzrə struktur bölməsi və mütəxəssislər fəaliyyət göstərir.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "İnsan hüquqlarının təmin olunması və Ombudsan haqqında qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında müddəaların əsas hissəsi insan hüquqlarına aiddir. Ölkəmiz insan hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər qazanmış, cəmiyyətimizdə demokratiyanın inkişafı sahəsində böyük uğurlar əldə edilmişdir.
Azərbaycanda demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir. Vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmi təkmilləşdirilir. Bugünkü konfrans bunun bariz nümunəsidir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Fövqəladə hallar və onların nəticələrinin aradan qaldırılması" mövzusunda məruzə etmişdir. Məruzədə qeyd edilmişdir ki, ötən müddətdə nazirliyin fəaliyyətində operativliyin artırılması məqsədi ilə müvafiq struktur dəyişiklikləri aparılmış, regional mərkəzlərin fəaliyyəti təmin olunmuşdur. Ötən illər ərzində nazirliyin şəxsi heyəti respublikada baş verən genişmiqyaslı yanğınların söndürülməsi, bina uçqunları, partlayış, qəza, zəlzələ, torpaq sürüşmələri, sel və daşqınlar, digər təbii və texnogen fəlakətlər zamanı xilasetmə işlərini həyata keçirmiş, insanların təhlükəsizliyini təmin etmişdir. Təbii kataklizmlərdən olan daşqınlar əksər təbii fəlakətlər kimi əhaliyə və iqtisadi obyektlərə ciddi ziyan vurmuşdur. Azərbaycanda daşqınlar əsasən Kür və Araz çaylarının aşağı axarlarında baş verir. Nazir demişdir ki, 2010-cu ilin sentyabr ayından başlayaraq ziyan çəkmiş və bərpası mümkün olmayan fərdi evlərin sakinlərinə dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə beş rayonda - Sabirabad, Saatlı, Salyan, İmişli və Zərdabda müasir standartlara uyğun yeni qəsəbələr salınmışdır. Ümumilikdə yaşayış sahəsi 292 min kvadratmetrə yaxın olan 3 min 117 fərdi ev tikilib istifadəyə verilmiş, 415 evin inşasına başlanılmışdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev fövqəladə vəziyyətdə ekoloji hüquqların müdafiəsindən bəhs edərək bildirmişdir ki, "yaşıl iqtisadiyyat"a keçid mərhələsində ekoloji və iqtisadi tələblərə cavab verməyən çoxlu sayda müəssisələr bağlanır, digərləri yenidən qurularaq modernləşdirilir, yeni texnologiyalar tətbiq olunur.
Avropa Şurası İnsan Hüquqları və Ayrı-seçkiliklə Mübarizə üzrə Departamentinin direktoru Raif-Rene Veinqartner "Dəyişən dünyada insan hüquqlarının müdafiəsi və təbliği" mövzusu ətrafında danışmışdır.
Sonra "Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi" mövzusunda sessiya təşkil edilmişdir. Sessiyada fövqəladə hallarda məcburi köçkünlərin hüquqlarının müdafiəsi, insanların psixoloji və etik davranışı, Yaponiyanın şərqində baş verən böyük zəlzələ zamanı ombudsmanın qarşılaşdığı problemlər və sair məsələlər müzakirə olunmuşdur.
Beynəlxalq konfrans öz işini iyunun 19-da sessiyalarda davam etdirəcəkdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında