ABŞ Senatının xarici əlaqələr komitəsi Riçard Morninqstarın Azərbaycanda səfir vəzifəsinə namizədliyini müzakirə etmişdir

İyunun 13-də ABŞ Senatının xarici əlaqələr komitəsində senator xanım Cin Şahinin sədrliyi ilə keçirilən dinləmələr zamanı ABŞ-ın Azərbaycan Respublikasında, Niderland Krallığında və Surinam Respublikasında səfir postuna namizədləri nəzərdən keçirilmişdir.  
Xarici əlaqələr komitəsinin sədri demokrat senator Con Kerri hər üç diplomatı təqdim edərək Azərbaycanda səfir postuna namizəd Riçard Morninqstar haqqında danışaraq demişdir ki o, həmin vəzifəyə tələb olunan meyarlara, məsuliyyətə, bölgə barədə dərin biliyə və geniş təcrübəyə malikdir. "Bu namizədlik olduqca vaxtında irəli sürülmüşdür", - deyən senator Kerri ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli yolunun tapılması ABŞ üçün bölgədə üzləşdiyi ən vacib məsələdir. Komitə sədri həmkarlarını səfir postuna namizədləri dəstəkləməyə və onların təsdiqi prosesini tezliklə yekunlaşdırmağa çağırmışdır.
Dinləmələrdə sədrlik edən Nyu-Həmpşir ştatından demokrat senator Cin Şahin də müzakirələrdə çıxış edərək Azərbaycanı strateji əhəmiyyətli Xəzər bölgəsində ABŞ-ın vacib tərəfdaşı adlandırmışdır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edildiyini diqqətə çatdıran xanım Şahin xatırlatmışdır ki, hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan bu yaxınlarda NATO-nun zirvə toplantısında Alyansın "sülh tərəfdaşı" kimi iştirak etmişdir. Bildirilmişdir ki, İraqda, Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verən Azərbaycan bu gün Əfqanıstana koalisiya qüvvələrinin təchizatında mühüm keçiddir. Nəhəng enerji ehtiyatları olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayaraq həm də Şərq dəhlizinin aparıcı hissəsidir. Senator Şahin Ermənistan ilə Azərbaycan arasında təmas xəttində son günlər artan gərginlikdən narahatlığını bildirmiş, hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə çağırmışdır. O demişdir: "Münaqişənin hərbi həlli yolu yoxdur, davamlı zorakılıq hər iki tərəf üçün fəlakətli ola bilər. Uzunmüddətli həll yolunun tapılması üçün Minsk qrupunun diplomatiyası vacibdir".
Daha sonra dinləmələrdə ABŞ-ın Azərbaycana səfir postuna namizədliyi bu il aprelin 27-də Prezident Barak Obama tərəfindən irəli sürülən, hazırda Dövlət Departamentində Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışan Riçard Morninqstar çıxış etmişdir. O qeyd etmişdir ki, Birləşmiş Ştatlar dinc, demokratik, inkişaf edən, ABŞ və Avropaya strateji şəkildə bağlı olan Azərbaycandan yalnız faydalana bilər. Azərbaycanın olduqca böyük potensialı vardır. Bu il ABŞ Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd etmişdir. Bu təqvim təkcə əlaqələrimizin dərinliyini qiymətləndirməyə, həm də təhlükəsizlik, enerji sahələrində əməkdaşlıqda, demokratik və iqtisadi islahatların reallaşdırılmasında hansı yolu keçdiyimizə nəzər salmağa imkan verir. ABŞ hakimiyyəti bu sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi zərurətinə inanır və birgə işləyərək bölgənin qarşılaşdığı çətinlikləri aradan qaldırmağa ehtiyac görür. Riçard Morninqstar onu da bildirmişdir ki, ABŞ Azərbaycanı beynəlxalq təhlükəsizliyin təmin edilməsində artıq uzun müddətdir ki, etibarlı tərəfdaş hesab edir. O demişdir: "Biz, sentyabrın 11-dən sonra Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyevin çətin vaxtda ABŞ-a ilk dəstək verənlərdən biri olduğunu və ölkəsinin terrorla mübarizədə yaxın əməkdaşlığını təklif etdiyini xatırlayırıq. Həmin əməkdaşlıq Kosovoda, İraqda özünü göstərmiş, bu gün isə Əfqanıstanda davam edir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) dəstək olan minlərlə təyyarə Azərbaycanın hava məkanından Əfqanıstana keçmiş, minlərlə konteyner Bakıdan yola salınmışdır. ABŞ Azərbaycan ilə BMT Təhlükəsizlik Şurası çərçivəsində də yaxından və səmərəli şəkildə işləyir". R.Morninqstar daha sonra ABŞ-ın Azərbaycan ilə enerji sahəsində uğurlu əməkdaşlığından, demokratik və iqtisadi islahatların həyata keçirilməsi üzrə aparılan birgə işlərdən bəhs etmişdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomat vurğulamışdır ki, bölgənin daha təhlükəsiz və rifahlı gələcəyinin təmin edilməsi üçün problemin dinc yolla həlli ən yüksək prioritetdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar Helsinki Yekun aktının güc tətbiqindən çəkinmə, ərazi bütövlüyü, hüquq bərabərliyi və insanların öz müqəddəratını təyin etməsi kimi prinsiplərinə əsaslanaraq uzunmüddətli həll yolunun tapılmasını dəstəkləyir. R.Morninqstar Senat üzvlərinə bildirmişdir ki, Azərbaycana səfir təsdiq olunacağı təqdirdə haqqında danışdığı bütün istiqamətlərdə irəliləyişin əldə olunması üçün çalışacaq və ABŞ-ın bu ölkədə maraqlarının təmin edilməsi məqsədi ilə əlindən gələni əsirgəməyəcəkdir.
ABŞ-ın Azərbaycana, Niderlanda və Surinama səfir postuna namizədlərin çıxışları dinlədildikdən sonra diplomatlar komitə üzvlərinin suallarını cavablandırmışlar.
Dinləmələrdə sədrlik edən xanım Şahin müzakirələri yekunlaşdıraraq rəsmi protokolun hələ növbəti iki gün ərzində açıq qalacağını bildirmişdir. Bu müddət ərzində komitə üzvləri Azərbaycanla bağlı suallarını Riçard Morninqstara ünvanlayıb Dövlət Departamentindən rəsmi cavablar ala biləcəklər. Daha sonra komitə üzvləri namizədə səsvermə vasitəsi ilə münasibətini bildirəcəklər.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında