Son illər bu ölkədə uşaqlar arasında ölüm halları xeyli artıb
{nl}
Əvvəlki illərdə olduğu kimi, Ermənistanda sosial-iqtisadi böhran və siyasi gərginlik hələ də yaşanmaqdadır. Ötən ilin sonlarında Ermənistanda vəziyyətin ağır olacağı, inflyasiyanın yüksələcəyi barədə cari il üçün verilən proqnozlar öz təsdiqini tapmaqdadır. Yerli informasiya mənbələrinin verdiyi məlumatlara görə, artıq 2011-ci ildə müşahidə olunan bahalaşma bu il də davam edərək daha da dərinləşib.
"Aravot" qəzetində iqtisadçı Artur Samvelyanın verdiyi açıqlamalara görə əvvəlki illərlə müqayisədə vəziiyyət daha da pisləşib. O bildirib ki, əgər yaranmış vəziyyət bu cür davam edərsə, yaxın vaxtlarda bahalaşmanın total xarakter alacağı gözlənilir. A.Samvelyan deyib: "Aydın məsələdir ki, istehlak qiymətlərinin artması və inflyasiyanın dərinləşməsi fonunda maaşların artmaması yoxsulluğun səviyyəsinin yüksələcəyini deməyə əsas verir. Elə Dünya Bankının Ermənistanla bağlı verdiyi açıqlamada da işğalçı ölkədə yoxsulluğun səviyyəsinin artacağı göstərilmişdi. Dünya Bankının Avropa və Mərkəzi Asiyada yoxsulluğun azaldılması və iqtisadi siyasət departamentinin direktoru İvonna Sikata bildirib ki, regionun 5 ölkəsində yoxsulluğun səviyyəsinin xeyli yüksəlməsi mümkündür. Bunlardan birincisi Ermənistandır. Bu ölkədə əhalinin yoxsul hissəsi yüksək inflyasiyadan, ərzaq və enerji daşıyıcılarının qiymətinin yüksək olmasından əziyyət çəkir. Erməni iqtisadçısı bildirib ki, proqnozlar artıq özünü büruzə verir.
Ağır iqtisadi vəziyyət, həyat şəraiti, yoxsulluğun səviyyəsinin yüksəlməsi, inflyasının sürətlənməsi Ermənistanda sosial qiyamın baş verməsinə zəmin yaradıb. Yerli əhalinin böyük əksəriyyəti Ermənistana verilən ianə və yardımların bir qrup adamın cibinə axdığına ciddi etirazını bildirərək ölkəni tərk edir. Beynəlxalq ekspertlər də bu ölkəyə ayrılan yardımların təyinatı üzrə xərclənmədiyini, korrupsiyanın baş alıb getdiyini bildirir. Məsələn, Avropa Şurası Parlament Assambleyasının Ermənistan məsələləri üzrə Monitorinq Komitəsinin həmməruziçələri Con Preskott və Aksel Fişer Ermənistan hökumətini ölkədə "islahatlar proqramları"nı həyata keçirməyə çağırıb. Onların sözlərinə görə, əks halda ölkədə sosial, siyasi vəziyyət üsyanlara gətirib çıxara bilər. AŞPA-nın rəsmi internet saytında yerləşdirilmiş bəyanatda deyilir ki, Ermənistan iqtidarının polis, hüquq-mühafizə, məhkəmə və seçki sistemlərində islahatlar aparmaq təşəbbüslərini "bəyənən" həmməruzəçilər təşəbbüslərin reallaşdırılmasının vaxtının gəlib çatdığını bildiriblər. Həmməruzəçilərin hesabatından belə məlum olur ki, qanunvericilikdə təşəbbüslərin olması yetərli deyil, bütün bunlar qüvvədə olan siyasət və təcrübədə nümayiş etdirilməlidir. Ermənistanda isə bütün məsələlər yalnız kağız üzərində "həllini" tapır.
Ermənistanda insan hüquq və azdlıqlarının müdafiəsi istiqamətində heç bir iş görülmədiyi də beynəlxalq qurumların narahatlığına səbəb olub. 2008-ci il martın 1-də baş vermiş hadisələr zamanı bir neçə insanın həbsdə olması, bu hadisədə 10 nəfərin ölüm faktının lazımınca araşdırılmaması Ermənistanın siyasi mühitinə hələ də mənfi təsir etməkdədir. Məlum olduğu kimi, həmin vaxt Ermənistanda keçirilmiş prezident seçkilərində yol verilmiş saxtakarlığa etiraz edən əhali hakimiyyət dairələrinin göstərişi ilə gülləboran edilmişdi. Bütün bunlar Ermənistanda yaxın vaxtlarda keçirilmiş parlament seçkilərində də özünü büruzə verdi. Əhali seçki saxtakarlığına ciddi etirazını bildirsə də, Serj Sarkisyan iqtidarı öz çirkin əməllərini hələ də davam etdirir.
Ermənistanda iqtisadi tənəzzülün getdikcə dərinləşməsi, yerli əhalinin ölkəni sürətlə tərk etməsi beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkə əhalisinin böyük əksəriyyətinin oğurluq və xuliqanlıqla məşğul olması artıq kütləvi hal alıb. İndi erməni oğrularının və talançılarının səs- soraqları xarici ölkələrdən də gəlməkdədir. Öz ölkələrində oğurlamaq üçün qiymətli əşyalar tapa bilməyən ermənilər çirkin əməllərini xarici ölkələrdə davam etdirirlər. Bu yaxınlarda Fransada belə bir cinayət hadisəsinin üstü açılıb. Fransa polisinin Limoj şəhəri və ətraf ərazilərdə keçirdiyi əməliyyatlar zamanı mütəşəkkil cinayətkarlıqda təqsirləndirilən 21 nəfər saxlanılmışdır. Həbs edilənlərin hamısı Ermənistan vətəndaşlarıdır. Axtarış zamanı onların qaldığı evlərdən oğurladıqları qızıl zinət əşyaları, elektrotexnika və bahalı geyimlər aşkar edilmişdir. Fransa polisinin verdiyi məlumatda bildirilir ki, cinayətkar dəstə Limoj və ətraf şəhərlərdə iki yüzdən çox mənzildən oğurluq edib. Əhaliyə vurulan ziyan yüz min avrodan çoxdur. Dəstə üzvləri günorta saatlarında əhalinin işdə olduğu vaxt evlərə girərək bütün qiymətli əşyaları oğurlamışlar. Cinayətkarlar oğurladıqları malları satılmaq üçün Ermənistana göndərirmişlər. Bir neçə gün davam edən əməliyyatlarda İnterpol və Avropol kimi beynəlxalq polis təşkilatları da yaxından iştirak etmişlər.
Yeri gəlmişkən, deyd edək ki, Fransada Ermənistandakı sosial-iqtisadi vəziyyətin, əhalinin həyat səviyyəsinin dözülməz həddə çatdığını əks etdirən daha bir məlumat da yayılmışdır. Fransada erməni lobbisinin hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" ("Les Nouvelles de l' Armenie") jurnalında dərc olunan bir məqalədə bildirilir ki, Ermənistan rəhbərlərinin apardıqları siyasət ölkəni uçuruma sürükləyərək tənəzzülə uğradıb və əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasına gətirib çıxarıb. Ölkədə yaranmış acınacaqlı vəziyyət bütün sahələrdə özünü göstərir. Artıq uşaqlar arsında ölüm halları artmaqdadır. Doğum faizinin də ildən-ilə azalmasına, insanlar, xüsusilə uşaqlar arasında ölüm hallarının artmasına əsas səbəb kimi iqtisadi böhranın getdikcə dərinləşməsi göstərilir.
Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına əsaslanan müəllif qeyd edir ki, yeni doğulan uşaqlar arasında ölüm hallarının artması ölkə üçün əsl faciəyə çevrilib.
Məqalədə göstərilib ki, təkcə 2010-cu ildə uşaqlar arasında 804 ölüm hadisəsi qeydə alınmışdır. Bu vəziyyət son illərdə də davam etmişdir. Ekspertlər Ermənistanda uşaqlar arasında ölüm hallarının ildən-ilə artmasının səbəbini dünyaya körpə gətirən anaların ölkəni bürüyən aclıq və səfalət üzündən doyunca qidalanmamaları, həddindən artıq yoxsul həyat tərzi keçirmələri ilə əlaqələndirirlər.
Mövcud status-kvonu saxlamaq və Dağlıq Qarabağın müstəqil olmasına nail olmaq ümidi ilə Ermənistan əsas kapitalını, xüsusilə də insan kapitalını sürətlə itirir. Ermənistan əhalisinin artıq yarısı acından ölməmək üçün xarici ölkələrə köçüb. Rəsmi rəqəmlərə görə, ötən 3 il ərzində 100 minə yaxın insan ölkəni tərk edib. QHT-lərin hesablamalarına görə isə bu göstərici bir neçə yüz mindir. Ötən 4 ay ərzində isə 45 min insanın ölkəni tərk etməsi iddia olunur.
Bu rəqəmlərin hansı səviyyədə olmasından asılı olmayaraq, münaqişənin başladığı iki onillik ərzində əhalinin Ermənistanı kütləvi şəkildə tərk etməsi açıq şəkildə görünür. İnsanlar özlərinə iş və yaşayış yeri axtarırlar. Çünki bunlar Ermənistanda yoxdur. Ən əsası isə budur ki, ölkəni tərk edənlər içərisində yüksək ixtisaslı insanlar, cəmiyyətin yüksək təbəqəliləri üstünlük təşkil edir.
Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistan regionun əsas qüvvələri olan Türkiyə və Azərbaycanla iqtisadi-ticarət əlaqələri saxlaya bilmir. Məlumdur ki, bu iki ölkə bütün sahələr üzrə regionun inkişaf etmiş dövlətləridir. Ermənistan işğalçılıq siyasətindən əl çəkmədiyinə görə hazırda bütün infrastruktur layihələrdən kənarda qalıb. İşğalçı dövlətin yeganə itkisi təkcə Türkiyə ilə əlverişli ticarət əlaqələri saxlaya bilməməsi deyil. Ermənistan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi bir sıra mühüm layihələrdən kənarda qalıb. Bu da Ermənistan iqtisadiyyatı üçün çox böyük itkidir.
Hazırda Ermənistan dünyanın ən pis iqtisadiyyatına malik dövlətlərdəndir. Bunu aparılan sorğuların nəticələri də təsdiqləyir. Məsələn, Amerika Birləşmiş Ştatlarının "Forbes" jurnalının yaxın vaxtlarda açıqladığı "Dünyanın ən pis iqtisadiyyatları" hesabatında Ermənistan ikinci yer tutur. Təbii ki, bu göstərici Ermənistanda sosial-iqtisadi durumun hansı vəziyyətdə olmasını təsdiqləyən təkzibolunmaz faktdır.
Dünya ölkələrinin avrozonada meydana gələn və daha da dərinləşən iqtisadi böhranın təsirlərinə məruz qalmamaq üçün tədbirlər gördüyü bir vaxtda bəzi qüvvələr tərəfindən Ermənistana xoşməramlı və əsaslı kömək göstərilməsinə baxmayaraq, işğalçı dövlət növbəti iqtisadi böhranın təsirlərindən kənarda qala bilməyəcək. Bunu hadisələrin gedişi də təsdiqləyir.
Mövcud status-kvonu saxlamaq və Dağlıq Qarabağın müstəqil olmasına nail olmaq ümidi ilə yaşayan Ermənistan bu gün bütün layihələrdən kənarda qalıb. Bunun nəticəsidir ki, işğalçı dövlətin iqtisadiyyatı uçurumun bir addımlığındadır. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu ökəyə daha çox zərər gətirəcək və yaxın gələcəkdə işğalçı dövlət bütün imkanlarını itirəcək.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.