Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər və dərindən dərk edənlər üçün çox qiymətlidir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin canlı şahidi olan insanlar üçün 15 iyun müstəqil dövlətimizin xilaskarlıq tarixidir. Bu tarix Azərbaycanın müstəqilliyinin əbədi olmasında, inkişafında, dünya birliyinə inteqrasiyasında, nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin möhkəmləndirilməsində müstəsna rol oynayan, daim xalqına arxalanan müdrik şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin müstəqil, düşünülmüş və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının ona olan ümidlərini reallaşdırdı. O zaman hakimiyyətdə olan AXC - Müsavat iqtidarı müdrik şəxsiyyətin siyasətinə kölgə salmağa çalışır və Naxçıvan Muxtar Respublikasında qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Bu elə bir dövr idi ki, daşnaklarin "Böyük Ermənistan" yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Müstəqilliyini yenicə qazanmış ölkəmiz parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən ölkədə hakimiyyət uğrunda mübarizə getdikcə kəskin xarakter alırdı. Ə. Vəzirovdan sonra Kremlin diqtəsi ilə hakimiyyəti ələ alan Ayaz Mütəllibov ölkəni yenə köhnə qanunlarla idarə edir, özbaşınalığın və anarxiyanın qarşısını almaqda acizlik göstərirdi. Bundan istifadə edən hakimiyyət hərisləri ətaflarına qeyri - qanuni silahlı birləşmələr toplayarq ölkədə yaranmış qarşıdurmanı daha da gücləndirirdilər. Daxildəki çaşqınlıq və özbaşınalıq erməni silahlı birləşmələrinə torpaqlarımızı ələ keçirməyə, soydaşlarımızı öz ata - baba ocaqlarından didərgin salmağa imkan yaratmışdı.
Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə böhran və tənəzzül dalğasından hələ də xilas ola bilməmişdi.
Ayaz Mütəllibovdan sonra hakimiyyəti qeyri - qanuni yollarla ələ keçirən AXC - Müsavat iqtidarı ölkədə heç nəyi yaxşılığa doğru dəyişə bilmədi. Əksinə, talançılıq, xaos, anarxiya baş alıb gedirdi. Azərbaycan tədricən beynəlxalq aləmdən tədric olunurdu. Beynəlxalq təşkilatlarla əlaqə yox dərəcəsində idi. İqtidarda olan Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi. Artıq AXC - Müsavat iqtidarı dövlət idarəçiliyini tamamilə itirmiş və qarşıdurma kəskin xarakter almışdı. Hakimiyyətdə olanların başları talançılığa, ölkənin təbii sərvətlərinin dağıdılmasına, məhv edilməsinə qarışdığından sərhədlərimizin qorunması tamamilə unudulmuşdu. Ayrı - ayrı hakimiyyət nümayəndələrinə məxsus qeyri - qanuni silahlı dəstələr açıq şəkildə soyğunçuluq edir, dinc əhali arasında xof yaradırdılar.
1993-cü il iyunun əvvəllərində vəziyyət daha da ağırlaşdı. Hakimiyyəti ələ keçirmək istəyən qüvvələr artıq öz niyyətlərini açıq şəkildə ortaya qoydular. Azərbaycanın bölgələrində, xüsusilə Gəncədə vəziyyət daha ağır idi. Burada hökumətə tabe olmayan bir qrup zabit "hərbi birlik" yaratmışdı. Bu "birliyə" AXC - Müsavat iqtidarının Milli Qəhrəman zirvəsinə qaldırdığı Surət Hüseynov rəhbərlik edirdi. Onun tabeçiliyində olan 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar isə öz "qəhrəmanının" öhdəsindən gələ bilmirdi.
1993-cü il iyunun 4-də səhər hökümət Surət Hüseynovun rəhbərlik etdiyi hərbi qiyamı yatırmaq üçün Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. Artıq qardaş qırğını rellaşırdı. Gərgin döyüşlərdən sonra hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və güclü müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar. Çaşqınlıq içərisində qalmış AXC - Müsavat iqtidarı canını qurtarmaq üçün məqam axtarır, lakin vəziyyətdən çıxış yolu tapılmırdı. Belə bir vəziyyətdə xalqı öz arxasınca aparmağı bacaran, dövlət idarəçiliyində zəngin təcrübəsi olan, ölkəni anarxiya, xaos və parçalanmaqdan xilas etməyə qadir liderə böyük ehtiyac yaranmışdı. Xalq isə belə bir liderin yalnız ulu öndər Heydər Əliyevin olduğuna inanırdı.
Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Ona görə də nicat yolunu yalnız tarixi şəxsiyyət Heydər Əliyevdə görüb ona müraciər etdilər. Xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və böyük siyasi xadim Heydər Əliyevin ölkəyə rəhbərliyə dəvət olunmasını tələb edirdilər. Ziyalılar, tanınmış ictimai - siyasi xadimlər, elm, mədəniyyət, incəsənət adamları Naxçıvana gedib ümummilli lider Heydər Əliyevdən yenidən böyük siyasətə qayıtmasını xahiş edirdilər.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər Heydər Əliyevə rəsmi müraciət edib və ölkədə vəziyyətin dözülməz hala çatdığını bildirdilər. Müraciəti ünvanlayanlar Azərbaycanı bu ağır vəziyyətdən yalnız ulu öndərin xilas edə biləcəyini qeyd edirdilər.
AXC-Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Artıq vətəndaş müharibəsi üçün zəmin yaranmışdı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC - Müsavat iqridarı da son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.
Türk dünyasının görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da Azərbaycanın xilası, müstəqilliyimizin əbədi və daimi olması yolunda ilk addım atıldı. Heydər Əliyevin qayıdışı ilə xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Gəncədə vəziyyətin son dərəcə ağır olmasına baxmayaraq, Heydər Əliyev həyatını riskə qoyaraq hadisə yerinə getdi. Daha faciəli hadisələrin törədilməməsi üçün öz ağsaqqal sözünü dedi, müdriklik göstərdi. Ulu öndərin həyatını təhlükə altına qoyaraq Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı, insanların narahatlığına son qoydu. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: "Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar".
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul günlərindən biri yaşandı. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyev xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq həyata keçirdiyi şərəfli, müdrik xilaskarlıq missiyası nəticəsində respublikanı məhv olmaq təhlükəsindən xilas edib gələcəyə inamla baxan güclü və sabit bir dövlətə çevirdi.
Dahi öndərin ölkə rəhbərliyinə qayıdış günü Azərbaycan xalqının və müstəqil dövlətin qurtuluşunun başlanğıcı kimi qiymətləndirilərək bu tarixi hadisə ölkəmizdə ən əlamətdar bayramlardan olan Milli Qurtuluş Günü kimi elan edilmişdir. 1997-ci ilin iyununda Milli Məclis bu günü bayram elan etdi.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətlərindən biri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanın varlığının parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, gələcəyə olan inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi Azərbaycanın müstəqilliyini əbdiləşdirdi. Ulu öndər qətiyyətlə bidirdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Ulu öndər ölkə Prezidenti kimi Vətəni və xalqı naminə yenə əvvəlki coşqunluqla, əzm və mətanətlə, işgüzarlıqla gecə-gündüz yorulmadan çalışmağa başladı.
Ümummilli lider hakimiyyətə qayıdandan cəmi bir il sonra - 1994-cü ildə dərindən düşünülmüş neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi"nın imzalanmasına nail oldu. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq, dinamik inkişafın təməlini qoydu, ölkədə yeni inkişaf mərhələsinin əsası qoyuldu. Müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan sürətli davamlı inkişafına zəmin yaratdı.
Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu dərin izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı özünün dahi və əbədiyaşar oğlunun nurlu gələcəyimiz üçün açdığı yolla qətiyyətlə irəliləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin yaratdığı hazırkı monolit birlik nəticəsində ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan ulu öndərin layiqli varisi, praqmatik düşüncəli dövlət xadimi, dünya miqyasında böyük nüfuza malik Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan dünya birliyində söz sahibi olan dövlətə çevrilib.
Dövlətimiz və xalqımızın həyatı üçün böyük əhəmiyyət kəsb edən prinsipial məsələlərdə möhtərəm Prezidentimiz İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Dövlətimizin başçısının apardığı məntiqli, düşünülmüş daxili və xarici siyasət, xalqımız və Vətənimiz naminə səmərəli fəaliyyəti hər bir azərbaycanlıda qürur hissi yaradır. Məhz bu uğurlu siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, iqtisadiyyatın sürət tempinə görə dünyada öncül yerlərdən birini tutur. Son illər ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi Azərbaycan BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasının üzvüdür.
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Hazırda Azərbaycanın sürətlə inkişaf etməsi məhz Qurtuluş Günü ilə başlayıb və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Məhz ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildi. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı.
Bu gün ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir.Hazırda Azərbaycan Avropanın enerji təminatında aparıcı dövlətlərdən birinə çevrilib. Ölkəmizin razılığı olmadan regionda hər hansı bir layihənin reallaşdırılması mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, layihələr, Azərbaycanın yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə geniş imkanlar açıb. Bütün bunlar ulu öndər tərəfindən müəyyənləşdirilmiş strategiyanın uğurlu davamının nəticəsidir. Azərbaycanın yüksəlişi, dünya birliyində özünə layiqli yer tutması, söz sahibinə çevrilməsi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
{nl}
Mirkazım KAZIMOV, Milli Məclisin deputatı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.