Şriftin ölçüsü:
10.06.2010 07:56 | Oxunma sayı: 399
Avropa Şurası Parlament Assambleyasında 2005-ci ilin yanvarında Dağlıq Qarabağ üzrə qəbul edilmiş 1416 saylı qətnamə bu qurum çərçivəsində Ermənistanın əsas məğlubiyyətlərindəndir. Həmin qətnamənin icrasına nəzarət məqsədilə yaradılmış alt komitənin fəaliyyətini əngəlləmək üçün ermənilər dəridən-qabıqdan çıxırlar. Elə Azərbaycanın bu mötəbər qurumdakı daimi nümayəndəliyinin üzvü Rafael Hüseynovun hazırladığı yeni sənəd də qeyd olunan məsələ ilə bağlıdır. Artıq deputatımızın Hüquqi işlər və insan hüquqları, həmçinin Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitələrinin sessiya ərəfəsindəki Paris toplantıları əsnasında apardığı intensiv iş sayəsində sənədə 20-yə yaxın ölkədən 36 assambleya üzvü imza atmışdır. Halbuki sənədin nəşr edilməsi üçün 20 imza yetərlidir.
Sənədin mahiyyəti və yaranma səbəbləri ilə əlaqədar Rafael Hüseynov deyir: "Avropa Şurasının yeni sədri Mövlud Çavuşoğlu Parlament Assambleyasının yaz sessiyası zamanı çoxdan bəri sükunətdə olan Dağlıq Qarabağ üzrə alt komitəni hərəkətə gətirmək üçün əməli addım atmış, Azərbaycan və Ermənistanın Avropa Şurasındakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirmiş, sessiyadan az sonra Yerevana səfəri zamanı da bu səylərini davam etdirəcəyini açıqlamışdır. Ermənistan isə bu təşəbbüs və bəyanatı hikkə ilə qarşılayır. Ermənistanı birbaşa işğalçı, Dağlıq Qarabağ rejimini separatçı adlandıran 1416 saylı qətnamə, münaqişə ilə bağlı müzakirələri Avropa Şurasının daimi diqqətində saxlayacaq alt komitə danışıqlar prosesini hər addımda pozan, vəziyyəti gərginləşdirməyə can atan Ermənistanı müvazinətdən çıxarmışdır. Onlar AŞPA sədrini tərəfkeşlik etməkdə günahlandırır, məhz Türkiyədən olduğu səbəbi ilə bu qərara gəldiyini iddia edirlər. Əlbəttə ki, bu xəstə məntiqin nəticəsi olan cəfəngiyyatdır. Avropa Şurasının qətnaməsi mövcuddur, bununla bağlı yaradılmış alt komitə vardır və quruma kimin başçılıq etməsindən, bu şəxsin hansı ölkədən çıxmasından asılı olmayaraq həmin tədbirlər gerçəkləşdirilməlidir.
Təbii ki, Ermənistanın sülh prosesinə və məsələnin diplomatik vasitələrlə nizamlanmasına zidd olan bu cəhdləri, tam qanuni məsələlərə irqçi yanaşması sənədləşdirilməli idi ki, bunu da etdik. Müraciət etdiyimiz əksər AŞPA üzvləri sənədi tərəddüdsüz dəstəklədilər. Elə bu fakt Ermənistanın Avropa Şurasında necə gözdən düşməsinin daha bir əyani sübutudur".
"Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətlərinin intensivləşdirilməsi zəruriyyəti" adlanan sənəddə göstərilir: "Son illərdə Avropa Şurasında əsas irad doğuran cəhətlərdən biri qəbul edilmiş qətnamələrin işləməməsi və onların icrasına nəzarətin zəif olmasıdır.
Assambleyanın yeni rəhbərliyinin qətnamələrin tətbiqini izləməkdən ötrü yaradılmış alt komitələrin işini canlandırmaq səmtində təşəbbüsləri təqdirəlayiqdir.
AŞPA-nın 2005-ci il 25 yanvar tarixli 1416 saylı qətnaməsi Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu ilə nəticələnmiş münaqişəni diplomatik vasitələrlə həll etməyə çağırır.
Bu, şərt, həm də hər iki dövlətin Avropa Şurasına üzv qəbul edilərkən götürdükləri və indiyədək yerinə yetirilməmiş başlıca öhdəliklərdəndir.
Assambleyada, tərkibinə münaqişə tərəflərini təmsil edən deputatların daxil olduğu Dağlıq Qarabağ üzrə alt komitə həmin qətnamənin tələblərinin yerinə yetirilməsini araşdırmaq, tərəflər arasında Avropa Şurası çərçivəsində daimi dialoqu təmin etmək məqsədi ilə yaradılmışdı və bir neçə il Rassel Constonun rəhbərliyi altında konstruktiv fəaliyyət göstərdi.
ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün təsis edilmiş Minsk qrupu qətiyyən AŞPA-da yaradılmış Dağlıq Qarabağ üzrə alt komitənin əvəzedicisi sayıla bilməz. Hədəfləri eyni olsa da, onların yerinə yetirdiyi funksiyalar fərqlidir və hər biri problemin həllinə öz töhfəsini verməyə qadirdir.
İndiyədək yeni rəhbər təyin edilməməsi səbəbindən fəaliyyətinə fasilə vermiş alt komitəni yenidən hərəkətə gətirmək məqsədilə AŞPA prezidentinin səylərini yüksək qiymətləndirir, Avropa Şurasının təməl prinsiplərinə xidmət edən bu səylərə qarşı atılan hər hansı addımı sülh prosesinə zidd olan cəhdlər kimi yolverilməz hesab edirik".
Böyük Britaniya, Almaniya, Finlandiya, İrlandiya, İtaliya, Yunanıstan, İspaniya, Fransa, Norveç, Bolqarıstan, Lüksemburq, Monako və digər ölkələrdən olan deputatların həmfikir çıxdıqları bu vacib sənəd ingilis və fransız dillərində artıq nəşr edilmiş, iyunun 21-də AŞPA yay sessiyasının ilk iş günündə isə yazılı bəyannamələrlə bağlı qəbul edilmiş qaydalara görə, həm də Avropa Şurası Parlament Assambleyasının rəyasət heyəti tərəfindən elan ediləcəkdir. Digər deputatlar da həmin sənədi imzalamağa dəvət olunacaqlar.{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.