Dünya siyasətində qütbləşmə

Dünya siyasətində yaranmış ilk qütbləşmə prosesi, əslində, I Dünya müharibəsində başlamışdı. 1914-1918-ci illərdə dünyanı bürüyən müharibə xaosunu hərəkətə gətirən dövlətlər iki qütbdə - Antanta və Üçlər İttifaqında birləşdilər. Belə ki, İngiltərə, Fransa, Avstriya, Rusiya başda olmaqla bir sıra dövlətlər Antantanı, Almaniya,Yaponiya, Osmanlı imperiyası əsas olaraq bəzi ölkələr isə Üçlər İttifaqında birləşdilər. Hər iki ittifaq Yer üzündə daha çox ərazini, maddi resursları ələ keçirmək, bir sözlə dünyanı idaretmə sükanı uğrunda amansız müharibəyə girişdi. Bundan əvvəl tarix hələ belə dağıdıcı müharibə görməmişdi. Heç bir müharibədə bu qədər insan məhv edilməmişdi. Lakin böyük dövlətlər gözlərini belə qırpmadan bu amansız müharibəyə imza atdılar. Müharibədən Antanta siyasi-hərbi bloku qalib çıxsa da nəticədə on milyonlarla insan öldürüldü, şəhərlər dağıdıldı, dövlətlərin iqtisadiyyatı çökdü və bir çox maddi və mədəni infrastruktur məhv edildi.
1936-cı ildən etibarən yenidən dünya dövlətləri arasında intriqaya meyl getdikcə artmağa başladı və onlar siyasi və hərbi nüfuz dairələrini genişləndirmək uğrunda mübarizəyə başladılar. Bütün bu gərgin proseslər və imperiaslist maraqların kəskin toqquşması İkinci dünya müharibəsinə gətirib çıxardı. 1939-1945 illər ərzində bu günə qədər bəşəriyyətin son dərəcə acı xatirələrlə yaşatdığı və tarix boyu insanlığın bəlkə də ən böyük imtahanı sayılan II Dünya savaşı baş verdi. Bir tərəfdə Hitler Almaniyası, Mussolini İtaliyası və Kvantun Yaponiyası, digər tərəfdə isə SSRİ, İngiltərə, ABŞ və qeyriləri. Dünyanın böyük siyasətçiləri İ.Stalin SSRİ-yə, U. Çörçil İngitərəyə, F. Ruzvelt isə ABŞ-a rəhbərlik edirdi. Bu amansız müharibə nəticəsində dünyada 60 milyondan artıq insan məhv edildi, maddi-mədəniyyət nümunələri dağıdıldı, şəhərlər, kəndlər yerlə-yeksan oldu.
Məhz siyasi qütbləşmənin təsiri ilə bir-birilə toqquşan o dövrün fövqəl dövlətləri dünyanı öz nüfuz dairələrinə daxil etmək, imperialist maraqlarını bütün qitələrdə həyata keçirmək üçün birləşmişdilər. O dövrün siyasi hadisələrinin ana xəttini, eyni zamanda, milli və irqi ayrı-seçkilik təşkil etdiyindən kiçik millətlərə xüsusi ilə amansız yanaşılır, onların yer üzündən silinməsi üçün planlar cızılır, vəhşi aktlar həyata keçirilirdi. Hər halda, bəşəriyyət XX əsrdə iki dəfə siyasi qütbləşmənin acı təsirini yaşasa da, təəssüf ki, dünyanın böyük dövlətləri bu siyasəti bu gün də davam etdirirlər.
Dünyanın böyük bir sosialist blokunu yaradan və idarə edən SSRİ 1991-ci ildə dağıldıqdan sonra qütbləşmə formasını və mahiyyətini nisbətən dəyişdi. İttifaqın dağılması Sovetlər Birliyinin timsalında sosializmin o qədər də uğurlu inkişaf yolu olmadığını bir növ təsdiqlədi. Təsadüfi deyildir ki, vaxtı ilə Moskvanın bilavasitə göstərişləri ilə idarə olunan Şərqi Avropanın kommunist idarəsi altında olan ölkələri Qərbə üz tutaraq kapitalizm yolunu seçdilər. Əgər II Dünya müharibəsindən sonra konkret olaraq kapitalizm və sosializm cəbhəsində birləşən dövlətlərin qütbləşməsi baş vermişdisə, indi vəziyyət bir qədər dəyişmiş, inkişaf modelləri əsas götürülmədən dövlətlərin geosiyasi maraqları aparıcı müstəviyə keçmiş və xüsusilə qlobal etno-tarixi mahiyyət xarakteri almışdır.
Hazırda geostrateji maraqları yaxın olan və bu yaxınlığın sayəsində regionlarda söz sahibi olmaq istəyən qruplaşmış dövlətlər mövcuddur. Müxtəlif iqtisadi-siyasi səbəblər bu dövlətlərin vaxtı ilə aralarında olmuş konfliktləri kənara atmaları və yaxınlaşmaları üçün imkan yaratmışdır. Məsələn, Rusiya və İranın arasında tarixən mövcud olmuş ədavəti indi iqtisadi-siyasi tərəfdaşlıq əvəz etmişdir. Və ya Çinin Rusiya ilə əvvəllər olduğu "sosializm qardaşlığı"nı hazırkı rus kapitalizmi həzm edə bilmişdir. Çünki NATO-nun və Avropa Birliyinin Şərqə doğru genişlənməsindən narahat olan kapitalist Rusiyanı nəhəng insan resursları və sənaye gücünə malik sosialist Çinlə yaxınlaşdırır. Bundan savayı, əvvəllər sırf Qərbyönümlü siyasət yeridən Türkiyə indi də bu siyasətə sadiq qalmaqla yanaşı, həm də Rusiya və İran kimi Qərblə çətin uzlaşan dövlətlərlə sıx əməkdaşlıq edir. Və yaxud ABŞ-ın vaxtilə Rusiyaya qarşı, indi isə Yaxın və Orta Şərqlə (İraq, İran, Suriya, Əfqanıstan, Pakistan, Qırğızıstan) bağlı əsas strateji müttəfiq hesab etdiyi Türkiyə ilə yaxınlığı və hətta bəzi Qərb ölkələrinin kəskin etirazına baxmayaraq, bu dövlətin Avropa Birliyinə üzvlüyünü birmənalı şəkildə dəstəkləməsi və s. dünyada iqtisadi və siyasi maraqları qruplaşdıran amillərdəndir.
Lakin dünyada qütbləşmə bununla bitmir. Əsl qütbləşmənin mahiyyəti isə yuxarıda qeyd etdiklərimizdən daha dərin mətləblərə bağlıdır. Müasir dünyamızda qütbləşmə sinfi mübarizədən nisbətən milli və dini,dil-tarix körpüləri üzərinə keçid etmişdir. Yəni bu günün böyük dövlətləri güclü olmalarına baxmayaraq,daimi siyasi tərəfdaş axtarışına çıxmış və nəticədə qütbləşmənin yeni mənzərəsi görünməyə başlamışdır.
Hələ min il bundan əvvəl guya "müqəddəs torpaqların xilası üçün uzun məsafələri qət edərək Yaxın Şərqə yürüşə çıxan avropalılar bu bölgədə möhkəmlənmək istəmişdilər. Bu ideya onları fərqli dil, mədəniyyət daşıyıcıları olmalarına baxmayaraq, bir məqsəd uğrunda cəmləşdirə bilmişdi. Düzdür, tarixi türk əmirliklərinin şiddətli hücumları qarşısında avropalılar bu torpaqlarda uzun müddət möhkəmlənə bilmədilər. Əksinə, türk orduları Avropa ərazisində Vyana şəhərinə qədər olan əraziləri fəth edərək orada uzun əsrlər boyu möhkəmləndilər. Lakin Avropa xalqları hər zaman aralarında olan müharibələri kənara atmaq və türklərə qarşı birləşmək, Şərqə doğru yürüşlər etmək üçün xeyli səy göstərmiş, tarixin müəyyən dönəmlərində bu birliyin müsbət nəticəsini də görmüşlər.
Müasir Avropada isə siyasi mənzərə xeyli dəyişmişdir. Artıq onlar başa düşürlər ki, öz aralarında olan milli və dini konfliktləri tamamilə kənara qoymaq, bir dövlətin imperialist maraqları çərçivəsindən çıxış etməmək, əksinə zaman-zaman onları Şərqə doğru birləşdirən cəhətləri bir araya gətirərək, hədəflərə ümumavropa konteksindən yanaşmaq və düşünmək gərəklidir. Bu baxımdan sayca çoxlu dövlətlərə bölünən, əksəriyyətinin ayrı dilə sahib olduğu, ayrı mədəniyyət daşıyıcısı olduğu, demək olar ki, fərqli adətlər sisteminə malik, hətta xristianlığın müxtəlif cərəyanlarının belə dini mənzərədə hakim olduğu Avropa ərazisində indi qlobal güc hesab edilən Avropa Birliyi yaranmışdır.
Yarandığı ilk vaxtlarda cəmi altı dövlətdən Belçika, Qərbi Almaniya, İtaliya,Fransa ,Niderland və Lüksemburqdan ibarət olan Avropa Birliyi hazırda 27 dövləti öz ətrafında birləşdirir. Ümumiyyətlə, son iyirmi il ərzində bu birlik Şərqə doğru xeyli genişlənmiş və bir vaxtlar Sovet İttifaqının təsiri altında olan Şərqi Avropa dövlətlərini də öz sıralarına cəlb etmişdir. Avropa Birliyi hazırda dünyada yeganə birlikdir ki, həm beynəlxalq təşkilata, həm də müstəqil dövlətə məxsus bir çox əlamətləri özündə daşıyır. Bu əlamətlər birliyin dünyada böyük iqtisadiyyat payına və siyasi nüfuz çəkisinə sahib olmasını bir növ reallaşdırır.
Avropa İttifaqı iqtisadi,sənaye,siyasət,vətəndaş haqları və beynəlxalq münasibətləri tənzimləyən çoxsektorlu bütünləşmənin ən üstün formasıdır. Bu gedişlə birlik dünyada böyük siyasi bütünlüyə malik bir qütb olmasını əsas hədəf olaraq götürmüşdür. Bu zirvəyə çatmaq üçün ortaq bazarın və gömrük birliyinin qurulması xüsusi plan kimi götürülür. Amma dünyada baş verən hadisələr xüsusi ilə "ərəb baharı" adı ilə tarixə düşən son inqlablar silsiləsi onu göstərdi ki, Avropa Birliyi artıq siyasi proseslərə təsir rıçaqlarına malik olan güc mərkəzlərindən birinə çevrilmişdir. Birliyin təsiredici imkanlarını şərtləndirən amillərdən biri də NATO kimi hərbi-siyasi blokun bu quruma bilavasitə xidmət etməsidir. Doğrudur, NATO, ABŞ-ın hərbi-siyasi maraqları əsasında yaranmış bir təşkilat olsa da bu günün reallığı onu göstərir ki, keçmiş SSRİ-nin varisi olan Rusiyaya, gələcəyin qlobal Çin təhlükəsinə və İslam ölkələrinə, xüsusilə nüvə dövlətinə çevrilməyə çalışan İrana qarşı Avropa Birliyi ilə maraqları üst-üstə düşür və bu böyük müdafiə blokunun birgə inkişafı vacibliyini ortaya qoyur.
Dünyada qütbləşmənin daha bir nümunəsini Ərəb Dövlətləri Liqasının (ƏDL) fəaliyyətində də görmək mümkündür. 22 ərəb ölkəsinin birləşdiyi bu təşkilat milli və tarixi birliyi əsas götürərək qruplaşmış, öz aralarındakı iqtisadi və siyasi vəziyyəti nizamlamaq, daxili intiriqaları minimuma endirmək, əsas diqqəti İsrail və qismən də İran üzərində cəmləşdirmək xətti götürmüşdür. Baxmayaraq ki, neft hasilatının böyük bir qismi ərəb ölkələrinin payına düşür, Avropa Birliyi ilə müqayisədə ƏDL-in dünya iqtisadiyyatında çəkisi yüksək olsa da, siyasi məsələlərdə təsiri olduqca aşağıdır. Hələ 1967-ci ilə İsrail-Misir müharibəsi zamanı İsrailin qarşısında aciz qalan Ərəb Dövlətləri Liqasının birləşmiş qüvvələri bu birliyin tam formalaşmadığını və mütəşşəkil olmadığını üzə çıxarmışdı. Bununla belə, bu gün sayca dünyanın ən böyük etnoslarından olan, lakin aralarında hələ də tayfalararası mübarizə gedən ərəbləri bir araya gətirmək üçün Ərəb Dövlətləri Liqası mühüm işlər görür.
Bundan savayı, Afrika qitəsində yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə Afrika Birliyi Ölkələri adı altında qurum təsis edilmiş, zəif fəaliyyət göstərməyinə baxmayaraq, bir sıra müştərək problemlərin həllində başlıca rol oynamağa başlamışdır. Bu birliyin əsas prinsiplərindən biri də Ərəb Dövlətləri Liqasına alternativ olaraq imperializmə qarşı xüsusilə Qərb dövlətlərinin bu nəhəng bölgəni öz siyasi nüfuz dairələrinə salmaq istəklərinin əksinə olaraq qlobal güc vəziyyətinə gəlməkdir. Lakin Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın bir sıra Afrika ölkələri üzərində hazırki təsiri danılmazdır. Bu, xüsusilə daha çox kapitalın qoyulduğu dövlətlərə aiddir. Məsələn Cənubi Afrika Respublikası qitənin ən inkişaf etmiş dövləti olmasına baxmayaraq, istər-istəməz ABŞ meylli siyasət yürütməkdə davam edir.
Hazırda Rusiya Federasiyasının slavyan ölkələri ilə sıx əməkdaşlığa can atması, rus ideoloqlarının slavyan birliyinin qurulması vacibliyini ara-sıra irəli sürmələri, Rusiyanın digər tərəfdən rəsmi şəkildə MDB-yə xüsusi önəm verməsi, Çinin dünyanın ayrıca insan ehtiyatı və sənaye qütbünü təşkil etməsi və bu göstəricilərin hesabına getdikcə lider dövlətlərdən birinə çevrilməsi Qərbə qarşı alternativ qütblərin meydana gəlmək istəyinə işarədir.
Bəzi analitiklər türk dövlətlərinin son illər daha da yaxınlaşmasını əsas gətirərək gələcəyin daha bir qütbləşmiş hissəsinin məhz Türk Dövlətləri Birliyi olacağına şübhə etmirlər. Hər halda Türk Dövlət və Hökumət Başçılarının Zirvə toplantılarının böyük təntənə ilə keçirilməsi, Türk Dövlətləri Parlament Assambleyasının yaradılması, Dünya Türk Gəncləri Birliyinin təsis edilməsi və s. əlamətdar hadisələr bu birliyin də dünya siyasətində böyük rollardan birini oynayacağı ehtimalını artırır. Qərbdən Amerika-Avropa Birliyinin sürətlə böyüməsi və inkişaf etməsi, şimaldan Rusiyanın ənənəvi olaraq hegemon siyasət aparmaq cəhdləri, Şərqdən Çinin Orta Asiya ölkələri üzərində qədimdən mövcud olan geopolitik maraqları, cənubdan İranın güclənməsi, Ərəb Birliyinin bir çox məsələlərdə öz maraqlarını diktə etdirmə cəhdləri Türk dövlətlərinin qarşılıqlı inteqrasiyasını qaçılmaz prosesə çevirir. Görünür, eyni dil, tarix, mədəni bağlılıq və s. xüsusiyyətləri özündə birləşdirən türk xalqları getdikcə anlayırlar ki, bu birliyin yaradılmasında digər qurumlarda birləşən xalqlar kimi onların da haqları vardır.
Bu gün Türkiyənin xarici siyasətində digər türk dövlətləri ilə qarşılıqlı iqtisadi müqavilələrin imzalanması, ictimai-siyasi, mədəni tərəfdaşlığın sürətlənməsi açıq-aşkar hiss olunur. Bundan savayı, hazırda Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası bu sahədə daha da irəli gedərək nəinki türk ölkələri həm də digər müsəlman xüsusi ilə ərəb ölkələri ilə əməkdaşlığı yüksək səviyyəyə çatdırmış, bəzi analitiklərin "Türk-İslam Birliyi" adlı ideoloji-strateji plan adlandırdıqları bu qeyri-rəsmi layihənin yaxın gələcəkdə həyata keçirilməsi üçün gərgin əmək sərf etmişdir. Türkiyə bu birliyi təmin etməklə dünyada Avropa Birliyinə alternativ iqtisadi güc halqasını yaratmaq və ayrıca siyasi qütb formasına çevrilməkdə maraqlıdır.
Beləliklə, dünya siyasətində qütbləşmə getdikcə daha çox hiss edilməyə başlayır. Bu siyasət bəzi ölkələr tərəfindən milli və dini mənsubiyyət birliyi, bəziləri tərəfindən isə böyük bir regionun bütövlüyünü təmin etmək və iqtisadi asılılığı aradan qaldırmaq məqsədi ilə aparılır. Bütün prizmalardan yanaşıldıqda dünyada qütbləşmənin bəşəriyyət üçün o qədər də yaxşı nəticə verəcəyinə ümid etmək olmaz. İqtisadi və mədəni baxımdan böyük layihələri həyata keçirmək üçün əlverişli üsul olsa da, birgə hərbi-müdafiə sistemlərinin qurulma cəhdləri dünyada müharibə təhlükəsini və onun coğrafi arealını genişləndirir. Bu da kütləvi insan tələfatı ilə nəticələnən, mədəniyyət nümunələrinin dağıdıldığı, iqtisadiyyatların çökdürüldüyü yeni böyük müharibələrin, bəlkə də, yeni dünya müharibəsinin meydana çıxmasına zəmin yaradır.

{nl}

ANAR TURAN

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında