1993-cü ilin yayında Azərbaycanda sosial, iqtisadi və siyasi sahələrdə gərginlik son həddə çatmışdı. AXC - Müsavat iqtidarının dövlət idarəçiliyindəki səriştəsizliyi, bir-birinin ardınca buraxdığı kobud səhvlər yenicə qazanılmış müstəqilliyimizi məhvə yaxınlaşdırırdı. Bir tərəfdən Ermənistanın torpaqlarımızı işğal etməsi, qaçqın və məcburi köçkün soydaşlarımızın sayının sürətlə artması, digər tərəfdən isə AXC - Müsavat cütlüyünün hakimiyyətdə birinciliyi ələ kerçirmək uğrunda daxili didişmələrinin silahlı münaqişəyə çevrilməsi vəziyyəti daha da ağırlaşdırmışdı.
Dövlət və iqtisadiyyat strukturlarında qarşılıqlı əlaqələrin pozulması, hərc-mərcliyin həyatın demək olar ki, bütün sahələrinə sirayət etməsi mövcud olan böhranı getdikcə dərinləşdirirdi. Torpaqları işğal olunan Azərbaycan, bununla bərabər daxili siyasi çəkişmələrin nəticəsində bir dövlət olaraq dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənilərin hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması siyasi böhran həddinə çatmışdı.
1993-cü ilin iyununda Azərbaycanda daxili çəkişmələr pik nöqtəsinə çatdı. Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr hökumətə tabe olmur, prezidentin, baş nazirin və Ali Sovetin sədrinin istefasını tələb edirdi. Münaqişəni dinc yollarla nizamlamaq əvəzinə, Gəncəyə qoşun yeridildi və qardaş qardaşla üz-üzə dayandı.
Hökumət qoşunlarının Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirdiyi əməliyyat uğursuz oldu. Azərbaycanda qardaş qanı axıdıldı və ölkəmiz vətəndaş müharibəsinə sürükləndi. Hər iki tərəfdən itki oldu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldülər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı son həddə çatdırdı.
İyunun 8-də S.Hüseynovun tabeliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladı. Hakimiyyətə gəlmək istəyən S.Hüseynov xarici havadarlarının diqtəsi ilə öz təsirini bütün ölkəyə yaymaq üçün fəaliyyətə başladı. Bu məqsədlə ona tabe olan hərbi qüvvələr Bakı istiqamətində hərəkətə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə üz tutdu. Belə ağır şəraitdə xalqı yalnız müdriklik, siyasi iradə, dövlət idarəçiliyində zəngin təcrübə xilas edə bilərdi. Belə bir şəxsiyyət isə ulu öndər Heydər Əliyev idi. Xalqın tələbi ilə o zaman hakimiyyətdə olan Xalq Cəbhəsinin rəhbərliyi Heydər Əliyevlə əlaqələr yaratmağa başladı.
1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən xüsusi prezident təyyarəsi Binə hava limanında yerə endi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi.
Hakimiyyətin artıq əllərində olduğunu görən və qələbələrini bayram edən qiyamçılar isə xəbəri eşidərkən şok vəziyyətinə düşdülər. Bütün planları alt-üst olan cinayətkarlar uzun müddət necə hərəkət etmək, hansı addımları atmaq barədə qərara gələ bilmədilər. Bu ana qədər addım-addım qurulmuş planı uğurla reallaşdıran və rayonları ələ keçirib, paytaxtın 100 kilometrliyinə gəlib çıxan qiyamçılar nə edəcəklərini bilmirdilər.
1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başladı.Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri vəzifəsini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşdü.
Parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməyərək heç nədən çəkinmədən Gəncəyə yola düşən Heydər Əliyev öz həyatını çox böyük təhlükə altında qoydu. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin olması faktları aşkarlandı. Hərçənd ki, qorxulu səfərə yola düşərkən ona qarşı qəsdlərin olacağını Heydər Əliyev yaxşı bilirdi. Ancaq böyük siyasi xadim onu da yaxşı bilirdi ki, xalqın məhəbbəti onu qoruyacaq və cinayətkarlar son məqamda bu addımı atmağa cəsarət etməyəcəklər.
Heydər Əliyev o ağır, məşəqqətli günlərdə Gəncəyə səfər etməsi barədə ona verilən sualları cavablandırarkən demişdir: "Əvvəla, mən Surət Hüseynovu tanımırdım, heç vaxt onun hətta üzünü də görməmişdim. Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhramanıdır, respublika baş nazirinin müavini, Azərbaycan Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıvanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim... Mən onu yenə də tanımırdım. Sonra iyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli, aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin olmasından söhbət gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, ta Bakıya gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir dostluq əlaqəsi olmamışdır".
İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Səsvermədən sonra Heydər Əliyev parlamentdə çıxışında dedi: "Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geri qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır.
Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Ona görə də bu məsələ əsas məsələlərdən biridir. Bundan sonra da bu məsələlər Ali Məclisin diqqət mərkəzində olmalıdır. Sizi bu barədə tam əmin edirəm.
Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə aparıb, ümumdünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin.
Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm də müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq.
Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək".
Heydər Əliyevin parlamentin sədri seçilməsi Azərbaycanda sözün əsl mənasında dövlət quruculuğuna, iqtisadi inkişafa aparan yolun başlanğıcı idi. Məhz bu gün Azərbaycanın indiki reallıqlarının, yəni həqiqi dövlətçiliyinin, iqtisadi inkişafın, beynəlxalq aləmdə imicinin formalaşmasının təməli qoyulub.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.