Prezident İlham ƏLİYEV: Ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur
{nl}
Bu gün dünyanın aparıcı dövlətləri sırasında dayanan, BMT Təhlükəsizlik Şurası kimi mötəbər quruma sədrlik edən, "Böyük iyirmilər"in qəbul etdiyi iqtisadi qərarların müzakirəsində fəal iştirak edən gənc müstəqil Azərbaycan dövləti geridə qalan 20 ildə çox mürəkkəb bir yol keçmiş, iti sürətli inkişaf müstəvisinə çıxmışdır. Dövlət başçımızın qeyd etdiyi kimi, 1993-2003-cü illərdə dövlətçiliyimizin möhkəm siyasi, iqtisadi və ideoloji əsasları qoyulmuş, iqtisadi islahatlar başlanmış, demokratiya inkişaf etdirilmiş, Azərbaycan böyük beynəlxalq təşkilatların üzvü olmuş, dünya birliyinə inteqrasiya sürətləndirilmişdir.
Ulu öndər Heydər Əliyevin hələ 90-cı illərin birinci yarısında səsləndirdiyi " Müstəqil Azərbaycanın müstəqil siyasəti olmalıdır" - tezisi daim gündəlikdə saxlanılmış və ölkəmizə möhtəşəm bir beynəlxalq nüfuz qazandırmışdır. Bizim üçün fəxr edilməli məqam ondan ibarətdir ki, ümummilli liderimizin həmin çağırışı dünyanın çevik siyasətçilərindən biri kimi qəbul edilən Prezident İlham Əliyev tərəfindən bu gün də qətiyyətlə davam etdirilir.
Dünya siyasətçiləri və ekspertləri məxsusi olaraq qeyd edirlər ki, Azərbaycan rəhbərliyinin müstəqil siyasət yeritməkdə tutduğu yol cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Rəsmi Bakı xarici siyasətdə balanslaşdırıcı və tarazlaşdırıcı diplomatik xətti əsas götürərək tam müstəqil, öz xalqının və dövlətinin mənafeyinə uyğun kurs icra edir. Bu kursun müəyyən edilməsində ən yaxın dostumuz və ya müttəfiqimizlə dünyanın başqa bir ölkəsi arasında fərqin qoyulmaması əsas götürülüb. Yəni, "dostumun dostu mənim də dostumdur", və ya, "dostumun düşməni mənim də düşmənimdir" - tezisləri Azərbaycanın xarici siyasəti üçün qəbuledilməzdir. Bizim üçün əsas olan milli mənafe və dövlətçilik maraqlarımızdır ki, 1993-cü ildən bəri bu siyasəti uğurla davam etdiririk.
Azərbaycan ordu quruculuğu siyasətində özünəməxsus bir nümunə formalaşdırıb. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev ordunun təşkilatlandırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətlərinin peşəkarlığının dünya standartları səviyyəsinə çatdırılması, Silahlı Qüvvələrimizi təmsil edən istənilən fərdin Vətənə və dövlətə sədaqətinin ən ali səviyyəyə qaldırılması üçün lazım olan bütün addımları atıblar. Heydər Əliyev Azərbaycan Ordusunun möhkəmləndirilməsi üçün həm cəbhədə atəşkəs haqqında sənədin imzalanmasına nail olmuş, həm də Milli Ordumuzun NATO-nun "Sülh naminə Tərəfdaşlıq" Proqramına qoşulmasını təmin etmişdir.
Prezident İlham Əliyev isə dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsaiti ildən-ilə artıraraq bizim hərbi xərclərimizin Ermənistanın icmal büdcəsindən də çox olmasını günün reallığına çevrilmişdir. Dövlət başçısı 28 May - Respublika Günü münasibətiylə Bakıdakı "Buta" sarayında keçirilən ümumrespublika tədbirində həmin məqama toxunaraq demişdir: "Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır".
Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritdiyini növbəti dəfə dilə gətirən Prezident xatırladır: "Biz gələcəyimizi özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən ianələrlə bağlayır. Ermənistan iqtisadiyyatı iflic vəziyyətindədir, onun heç bir iqtisadi perspektivi yoxdur. Ona görə də Azərbaycanda əhali artır, Ermənistan isə, əksinə, azalır". Yada salaq ki, ölkəmizdə cəmiyyət həyatının bütün sahələrini inkişaf etdirmək üçün elmi şəkildə əsaslandırılmış, dünya təcrübəsinə söykənən, milli maraqları təmin edən, mentalitetimizə uyğun olan onlarla Dövlət Proqramı icra olunur.
"Biz hansı dövlət proqramının haradan başlanıb nə ilə nəticələnəcəyini dəqiq müəyyən etdikdən sonra proqramın icrasına başlayırıq" - deyən Prezident İlham Əliyev dönə- dönə xatırladır ki, bu proqramları icra etməkdə məqsədimiz Azərbaycanın 30, 40, 50 ildən sonrakı sosial- iqtisadi durumu üçün zəmin yaratmaqdır. Müqayisə üçün yada salaq ki, Ermənistanda isə 30, 40, 50 gündən sonrakı vəziyyəti nəzərə alaraq ianə toplayırlar.
Məhz ölkəmizin on illər sonrakı həyatını düşünən Prezident İlham Əliyev ordu quruculuğundan sonra ən çox dövlət vəsaitinin milli təhsilin inkişafına istiqamətləndirilməsini tövsiyə edir və buna nail olur. 2004-cü ildən sonra təhsil sistemi ilə bağlı 16 Dövlət Proqramının imzalanması və icra olunması bu sahəyə dövlət qayğısının miqyasından xəbər verir. Təhsillə birlikdə elmin də kompleks şəkildə inkişaf etdirilməsini qarşıya məqsəd kimi qoyan Prezidentin çox aydın bir mövqeyi vardır: "Növbəti illərdə Azərbaycanın elmi potensialı gənclərin hesabına daha da güclənəcəkdir. Azərbaycanda güclü gənc elmi elita yaradılmalıdır ki, ölkəmizi bundan sonra uğurla idarə etsin".
Bu qısa yazıda əsasən iki məqama toxunmaq istədik: - Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsi və dövlətin bir neçə on il sonranı nəzərdə tutan fəaliyyət istiqamətləri. Prezident İlham Əliyevin fikirincə, biz gələcəyimizi o zaman etibarlı hesab edə bilərik ki, ölkədə sabit ictimai-siyasi vəziyyət olsun, vətəndaş cəmiyyəti daha da möhkəmləndirilsin, demokratik dəyərlər daha dərindən tətbiq olunsun, insan üçün mövcud olan bütün hüquqlar qorunsun. Ona görə də Prezident İlham Əliyev öz çıxışlarında dönə-dönə qeyd edir: "Biz demokratiyanın inkişafına böyük əhəmiyyət veririk. Hüquqi dövlət quruculuğu prosesi uğurla gedir, ciddi siyasi islahatlar aparılır və sariə. Dünyanın bu sahədə böyük təcrübəyə malik olan ölkələrinin müsbət təcrübəsi öyrənilir və Azərbaycanda tətbiq edilir".
Məhz bu fəaliyyətin nəticəsidir ki, bu gün ölkəmizdə xalqla iqtidar arasında mükəmməl bir vəhdət vardır. Ölkə əhalisi nəinki ümummilli problem hesab olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə, eləcə də dövlət və cəmiyyət həyatının bütün sahələrində iqtidarla eyni mövqedən çıxış edir. Nəinki respublikamızdakı 9 milyon əhali, eləcə də dünyadakı soydaşlarımız Prezident İlham Əliyevin siyasətini bəyənir, dəstəkləyir və onun ardınca gedirlər.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.