Avropa Parlamentinin və Almaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyəti Şamaxıdan xoş təəssüratlarla ayrılmışdır

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin, Almaniya Federativ Respublikası Bundestaqının üzvlərindən və Almaniya Sənaye Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Şamaxıya səfər etmişdir.
Nümayəndə heyəti ilə rayon icra hakimiyyətində keçirilən görüşdə qonaqlara Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxının tarixi, iqtisadi, sosial-mədəni həyatı barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi bölgədə iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin, kənd təsərrüfatının dinamik inkişafını təmin etmişdir. Belə bir şəraitdə rayonda əsas diqqətin insanların həyat səviyyəsinin yüksəldilməsinə, sosial şəraitin daha da yaxşılaşdırılmasına yönəldildiyi vurğulanmışdır.
Şamaxının böyük turizm potensialına malik olduğu, son illər bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyi, hazırda burada 24 turizm mərkəzinin fəaliyyət göstərdiyi, Pirqulu yaylasında yeni turizm bazasının yaradılması istiqamətində tədbirlər görüldüyü qonaqların diqqətinə çatdırılmışdır.
Almaniya Bundestaqının və AŞPA-nın keçmiş üzvü Eduard Lintner səmimi görüş üçün təşəkkürünü bildirmişdir.
Görüşdə E.Lintner, Almaniya Sənaye Nazirliyinin əməkdaşları Tim Brauckmüller, Dimos Qatidis, AŞPA-nın üzvləri Markus Ferber, Almaniya Bundestaqının üzvü Tankred Schipanski Şamaxıda sənaye və kənd təsərrüfatının konkret sahələri, istehsal olunan məhsulların ixracı ilə bağlı suallarına ətraflı cavablar almışlar. Dimos Qatidis bölgədə iqtisadiyyatın çoxsahəli inkişafından, xüsusilə turizmin potensial imkanlarından danışaraq bu sahədə Almaniya Sənaye Nazirliyi ilə əməkdaşlığın hər iki tərəf üçün əlverişli olacağını bildirmişdir.
Sonra qonaqlar böyük mütəfəkkir şair S.Ə.Şirvaninin abidəsini ziyarət etmiş, 743-cü ildə inşa edilən və hazırda əsaslı təmir olunan Cümə məscidində, Şamaxı Müalicə-Diaqnostika Mərkəzində, tarix-diyarşünaslıq muzeyində olmuşlar.
Şəhərlə tanışlıqdan məmnun qalan qonaqlar hər addımda tikinti-abadlıq və quruculuq işlərinin şahidi olmuşlar.
Sonda Şamaxıya səfərləri ilə bağlı jurnalistlərə müsahibə verən Markus Ferber paytaxt Bakı və Azərbaycanın bu qədim diyarı ilə bağlı təəssüratlarından heyranlıqla danışmışdır. Bildirmişdir ki, Bakı gözəldir, əsl Avropa şəhəridir. Bu gün ölkənizin bir şəhəri ilə də tanış olduq. Böyük inkişaf gördük. Avropanı iqtisadi böhran bürüdüyü bir vaxtda burada gördüklərimizə heyrətlənməmək olmur. Şamaxının yüksək turizm potensialı vardır. Təmiz, saf hava, dağlar, meşələr, qədim tarixi abidələr hamı üçün cəlbedicidir. Azərbaycanın Avropa ilə münasibətləri intensiv inkişaf etməlidir. Bu, hər iki tərəf - həm Avropa, həm də Azərbaycan üçün çox faydalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında