Şriftin ölçüsü:
08.06.2012 11:22 | Oxunma sayı: 565
Almaniya Federativ Respublikası (AFR) Bundestaqının deputatları, parlamentin iqtisadi əməkdaşlıq və inkişaf, habelə turizm komitələrinin üzvü xanım Helqa Daub və Bundestaqda Almaniya-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Yohannes Kars Azərbaycana səfərləri çərçivəsində AzərTAc-a məxsusi müsahibə vermişlər. Müsahibəni təqdim edirik.
- Almaniya-Azərbaycan əlaqələrinin dərin tarixi kökləri vardır. Hələ ötən əsrin əvvəllərində Almaniya şirkətləri Azərbaycanda fəaliyyət göstərmişdir. Azərbaycanda almanların məskunlaşdığı qəsəbələr indi də mövcuddur. Ölkələrimizin əlaqələri siyasətin, iqtisadiyyatın və mədəniyyətin geniş spektrini əhatə edir. Təəssüf ki, son zamanlar Almaniyanın bəzi siyasi dairələri, bu dairələrin himayəsində olan mətbuat orqanları Azərbaycan haqqında qeyri-obyektiv fikirlər səsləndirirlər. Bu məsələyə sizin münasibətinizi bilmək istərdik.
Xanım Helqa Daub:
- Bizi Azərbaycan Prezidenti cənab İlham Əliyev qəbul etdi. Görüşdə bu məsələ geniş müzakirə olundu. Əlbəttə, Azərbaycana qarşı ədalətsizliyə yol verilmişdir. Mətbuatda məsələlər bəzən çox şişirdilir, bizim ölkədə də buna rast gəlmək olar. Dünyada problemsiz dövlət yoxdur. Üstəlik, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi çox ağrılı bir problemi vardır. Zənnimcə, Azərbaycan bu ədalətsiz tənqidlərə "Eurovision" mahnı müsabiqəsinə görə məruz qaldı. Çünki "Eurovision" mahnı müsabiqəsi ərəfəsində bütün dünyanın diqqəti Azərbaycana yönəldiyindən haqsız tənqidlər də ortaya çıxdı. Mən ümid edirəm ki, hər şey yaxşılığa doğru inkişaf edəcəkdir. Bizim tərəfdən buna əmin ola bilərsiniz. Mən Bundestaqda Almaniya-Qafqaz dostluq qrupunun üzvüyəm, cənab Yohannes Kars isə Almaniya-Türkiyə parlamentlərarası dostluq qrupunun sədridir. Biz heç nəyə baxmadan əlaqələrimizi davam etdirəcəyik, Almaniyada Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdıracağıq.
Biz yaxşı bilirik ki, Qərb ilə Şərqin qovuşuğunda yerləşən Azərbaycan bu coğrafiyada Almaniyanın ən vacib tərəfdaşıdır. Almaniya-Azərbaycan əlaqələrinin 200 ilə yaxın bir tarixi vardır. Azərbaycan haqqında dolğun təsəvvür yaratmaq üçün şəxsi təşəbbüs göstərərək Azərbaycana səfər etmək qərarına gəldim. Bütün bu yanlışlıqlara son qoymaq üçün, sadəcə Azərbaycana gəlmək və burada baş verən irəliləyişi, inkişafı öz gözlərinlə görmək kifayətdir.
Səfər çərçivəsində müxtəlif nazirliklərdə maraqlı görüşlərimiz oldu. Ölkəniz haqqında geniş məlumat əldə etdik. Azərbaycanın inkişafı həqiqətən məndə böyük təəssürat yaratdı. Bu, təkcə mənim fikrim deyil, hesab edirəm ki, digər həmkarlarım da bu fikirdədirlər, bunu təsdiqləyərlər. Azərbaycanda mövcud olan müsbət dinamika barədə Almaniyada fikir formalaşdırmaq üçün müəyyən dairələrə bu barədə məlumat verəcəyik. Təbii ki, Almaniyada da hər şey yüz faiz mükəmməl deyildir. Bir-birimiz haqqında danışmaqdansa, aramızda dialoqa başlamaq daha məqsədyönlü olardı.
Yohannes Kars:
- Alman mətbuatında dərc olunan materiallar diqqəti tamam başqa səmtə yönəltdi. Ən önəmlisi ondan ibarətdir ki, vəziyyətlə məhz yerində tanış olmaq lazımdır. Yalnız bundan sonra hər hansı bir ölkədəki vəziyyət barədə fikir yürütmək, mətbuatda səsləndirilən yanlış fikirləri düzgün istiqamətə yönəltmək olar. Bizim nümayəndə heyətinə tanınmış siyasi xadim, sabiq xarici işlər naziri cənab Hans-Ditrix Genşer başçılıq edir. Onun bizim aramızda olması da çox böyük əhəmiyyət daşıyır. Mən Azərbaycanda dörd il bundan əvvəl olmuşam. Azərbaycanın ötən müddət ərzində bu dərəcədə inkişaf etməsi məndə həqiqətən böyük heyranlıq doğurdu. Səfər çərçivəsində Milli Məclisin deputatları ilə görüşümüz oldu və bu ilin sonunda üç ölkə parlamentlərinin deputatlarının görüşünü keçirmək qərarına gəldik. Azərbaycan-Almaniya-Türkiyə arasında üçtərəfli əlaqələri daim gücləndirməliyik və hər zaman ünsiyyət saxlamalıyıq.
- İqtisadi və maliyyə böhranı Avropa demokratiyası üçün təhlükə yaratmışdır. Böhran dərinləşdikcə ekstremizm, neofaşizm, nasizm halları artır. Ekspertlər avrozonanın parçalanacağı ehtimallarından danışırlar. Bu baxımdan Avropa İttifaqının gələcəyini necə görürsünüz?
Yohannes Kars:
- Almaniya Avropa İttifaqına lazımi kömək göstərir və eyni zamanda, Aİ ölkəmizə öz töhfəsini verir. Bu çox vacib amildir. Almaniyada iqtisadi inkişaf bir az fərqlidir. Almaniyada işsizlik problemi mövcuddur, vergilərdə və yanacağın qiymətlərində artım müşahidə olunur. Bu, digər Avropa ölkələrində də özünü göstərir. Bu çağırışların öhdəsindən gəlmək kimi vəzifələr qarşımızda durur. Maliyyə sektorunu tənzimləməyə çalışırıq. Eyni zamanda, Avropa ölkələri dövlət büdcələrini yaxşılaşdırmaq istiqamətində də səylərini davam etdirməlidirlər.
- Azərbaycan Düsseldorfda qazandığı möhtəşəm qələbədən bir il sonra Avropanın ən məşhur musiqi yarışmasına ev sahibliyi etdi. Siz özünüz bu yarışmanı izlədinizmi və təəssüratlarınız necədir? Müsabiqə ilə bağlı Azərbaycana çox təpkilər oldu. Hətta boykot etmək çağırışları da eşidildi. Ancaq Bakı çox fərqli bir yarışma keçirdi. Sonda isə Avropa mətbuatı etiraf etdi ki, Bakı səhnəsi olduqca möhtəşəm idi. Bəs siz necə düşünürsünüz, bu belə idi?
Yohannes Kars:
- Mən şəxsən bu möhtəşəm şounu izlədim. Həqiqətən Bakı səhnəsi heyranedici idi. Mahnı yarışması yüksək səviyyədə təşkil olunmuşdu. Bu barədə yarışmanın iştirakçıları və qonaqlarının dilindən təriflər eşitmək çox xoş idi.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.