Azərbaycan dünya mediasında: yüksələn nüfuzun mənzərəsi

(əvvəli qəzetin 3 iyun 2012-ci il tarixli sayında)
Dövlət tərəfindən mətbuatın inkişafına göstərilən dəstək, söz və fikir azadlığının tam təmin edilməsi istiqamətində atılan addımlar, ölkədə yüzlərlə mətbu orqanın fəaliyyət göstərməsi, azad internetin mövcud olması bu xarakterli məlumatların həqiqəti əks etdirmədiyini bir daha sübut edir.
Hələ 14 il bundan qabaq - 1998-ci ildə senzuranın ləğv olunması haqqında ümummilli lider Heydər Əliyevin imzaladığı Fərman, "Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması haqqında" 2001-ci il tarixli Fərman, Prezident İlham Əliyevin 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il tarixli Sərəncamı dövlətin söz, fikir, məlumat azadlığının təmin edilməsində maraqlı olmasını və bu sahənin kompleks şəkildə inkişaf etdirilməsinə dəstəyin mütəmadi şəkildə həyata keçirildiyini sübut edir. Bununla yanaşı, "Məlumat azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi söz, fikir azadlığı və plüralizmin təmin edilməsində, bu yöndə zəruri qanunvericilik bazasının təkmilləşməsində diqqətəlayiq addımlar olmuşdur.
Dünya informasiya məkanının bir parçası olan milli mətbuatımızın davamlı inkişafı onun beynəlxalq nüfuzunun yüksəlməsində və qlobal miqyasda rəqabət qabiliyyətli media resurslarının formalaşmasında əsas rol oynayır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasında bu fəaliyyətin əsas istiqamətləri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin, azərbaycançılıq ideyasının təbliği sahəsində müvafiq proqram və layihələrin həyata keçirilməsinin dəstəklənməsi göstərilmişdir.
Azərbaycan reallıqlarının dünya mətbuatında işıqlandırılmasında, əlbəttə, xaricdə yaşayan həmvətənlərimizin də rolu böyükdür. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin taleyüklü problemlərinin həllində onların vahid mövqedən çıxış etmələri Azərbaycan həqiqətlərinin, tarixinin, mədəniyyətinin dünya miqyasında tanıdılmasında, erməni lobbisinin Azərbaycana qarşı apardığı qərəzli kampaniyalara qarşı əks tədbirlərin görülməsində əvəzsiz rola malikdir. Xüsusilə, son dövrlər milli diaspor təşkilatlarının sayının əhəmiyyətli dərəcədə artması Azərbaycan haqqında daha dolğun informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına yeni imkanlar açmaqdadır. Azərbaycan-türk diaspor təşkilatlarının dəstəyi ilə xarici dövlətlərdə təbliğat işinin həyata keçirilməsi, informasiya xarakterli internet saytlarının yaradılması ölkəmiz haqqında məlumatlandırmanın daha səmərəli şəkildə aparılmasına zəmin yaratmışdır. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayında vurğuladığı kimi, "dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir". Diaspor quruculuğunun dövlət tərəfindən daim diqqət mərkəzində olması, xaricdə yaşayan hər bir azərbaycanlının dövlət dəstəyini hiss etməsi bu prosesə daha da stimul verir.
Digər dövlətlərin diaspor təşkilatları və lobbi qurumları ilə sıx əməkdaşlığın qurulması da Azərbaycanın beynəlxalq tərəfdaşlarının artmasına və ölkəmiz haqqında məlumatlandırma işinin daha da səmərəli şəkildə aparılmasına öz töhfəsini verməkdədir. Xüsusilə, türk diasporu ilə ortaq layihələrin, tədbirlərin həyata keçirilməsi, xarici dövlətlərin mediasında, internet mənbələrində mütəmadi olaraq ölkəmizlə bağlı obyektiv informasiyaların yerləşdirilməsi məlumatlandırma işinin daha sistemli və təsirli şəkildə aparılmasını təmin edir.
Azərbaycan həqiqətlərinin, onun tarixi və mədəni irsinin geniş miqyasda tanıdılmasında Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusilə önəmlidir. Əsas vəzifələrindən birinin Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsindən, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan və mədəniyyətimizin geniş təbliğinə, sağlam mənəvi dəyərlərin qorunmasına yönəlik işlərə kömək etməkdən ibarət olan Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə geniş miqyaslı fəaliyyətlərin xarici dövlətlərin kütləvi informasiya vasitələrində işıqlandırılması Azərbaycan haqqında obyektiv ictimai rəyin formalaşmasında xüsusi rol oynayır. Bu məlumatlar təkcə Qərb mediasında deyil, bir çox yaxın və uzaq Şərq dövlətlərinin kütləvi informasiya vasitələrində də öz əksini tapır.
Məsələn, "Pakistan Observer" qəzetində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən ölkə təhsilinin, mədəniyyətinin, səhiyyəsinin inkişafı istiqamətində atılan addımlardan bəhs edilməklə yanaşı, ölkə sərhədlərindən kənarda həyata keçirilən xeyriyyə tədbirlərinə də geniş şəkildə nəzər salınır. Fondun fəaliyyət dairəsinin getdikcə genişlənməsi ölkəmizin beynəlxalq arenada daha yüksək və keyfiyyətli şəkildə tanınmasına şərait yaradır. Bu çərçivədə, Fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərinin fəaliyyətə başlaması faktı da dünya mediasında, eləcə də beynəlxalq humanitar təşkilatların informasiya vasitələrində öz əksini tapmışdır.
Heydər Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Ermənistanın işğalçılıq siyasətinin doğurduğu nəticələr barədə dünya ictimaiyyətinin dolğun şəkildə məlumat əldə etməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Fondun Rusiya Nümayəndələyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının üzv qurumu olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" kompaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müvafiq tədbirlər keçirilməklə yanaşı, həmin ölkələrin kütləvi informasiya vasitələrində bu qanlı hadisənin əhatəli şəkildə işıqlandırılması da mümkün olmuşdur. Bunun nəticəsi olaraq, Pakistan, Kolumbiya və Meksika Parlamentləri Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyan aktlar qəbul etmişdir. Göründüyü kimi, məlumatlandırma işinin müntəzəm və əhatəli şəkildə aparılması siyasi-hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edən qərarların qəbul edilməsində də vacib rol oynayır.
Hazırda dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan haqqında məlumatların əhatəli şəkildə işıqlandırılması davamlı hal almışdır. Amerikanın "CNN International" kanalında son iki ildə ölkəmiz, onun tarixi, mədəniyyəti, turizm potensialı, Dağlıq Qarabağ problemi və bu problemin bütün regionun təhlükəsizliyinə yaratdığı təhdidlər barədə silsilə proqramlar yayımlanmaqdadır. Hələ 2010-cu ilin avqust ayında üç gün davamlı şəkildə sözügedən kanalın "World view" proqramında Xocalı faciəsinə, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin bu soyqırım olayını dünya ictimaiyyətinə fədakarcasına çatdırmasına həsr olunmuş reportaj nümayiş etdirilmişdi. Həmçinin, 2011-ci ilin noyabr ayında "CNN International" kanalında Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, ölkədə həyata keçirilməkdə olan yeni layihələr haqqında ardıcıl reportajlar yayımlandı. Müxtəlif ölkələrdə milyonlarla tamaşaçısı olan bu məşhur telekanalda Azərbaycan həqiqətlərinin geniş şəkildə işıqlandırılması, ölkəmizin ədalətli mövqeyi barədə dünya ictimaiyyətinin dolğun şəkildə məlumatlandırılması və şübhəsiz, Azərbaycanla beynəlxalq birlik arasında humanitar münasibətlərin dərinləşdirilməsi üçün daha münbit şərait yaratmışdır.
Azərbaycanın sürətli iqtisadi inkişafa nail olması, dünyanın enerji təhlükəsizliyində təkcə tədarükçü dövlət kimi deyil, həm də regionda bu sahədə əsas söz sahibi olması da dünya mediasında ətraflı şəkildə işıqlandırılan mövzulardan biridir.
"The Guardian" qəzetində post-sovet ölkələrinin SSRİ-nin dağılmasından sonrakı dövrdə hansı səviyyədə inkişafa nail olmaları barədə yazıda Azərbaycanın bu məkanda ən güclü iqtisadiyyatlardan birinə malik olması vurğulanır və əhalisinin daha yüksək templərlə artması qeyd olunur ("The Guardian", 2011, 17 august). Bütövlükdə, ölkəmizin kompleks inkişafına yönəlmiş sistemli və ardıcıl şəkildə həyata keçirilən siyasətin uğurlu nəticələrinin dünya mediasında öz əksini tapması Azərbaycanın əldə etdiyi uğurların qlobal miqyasda tanıdılmasında və xarici sərmayədarlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsində mühüm rol oynayır.
Vurğuladığımız kimi, müstəqillik tariximizin ən önəmli uğurlarından biri Azərbaycan Respublikasının 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu. Bu uğurun əsasında Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş imicinin formalaşması, düzgün və sistemli şəkidlə həyata keçirilən xarici siyasət platforması dayanırdı. Bu tarixi hadisə də dünyanın nüfuzlu mətbuat orqanlarında geniş şəkildə işıqlandırılmışdır. "Washington Post" qəzetində Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə dair məqalədə gərgin keçən səsvermə raundlarından sonra Azərbaycanın əhəmiyyətli səs üstünlüyü ilə bu yerə sahib olması qeyd edilir və Şuraya üzvlüklə beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində həlledici səs hüququna malik olmanın önəmi vurğulanır ("Washington Post" qəzeti, 2011, 24 October). "Amerikanın səsi" radiosunda Azərbaycanın əldə etdiyi bu uğura geniş şəkildə yer verilmiş, nüfuzlu informasiya agentliklərindən hesab edilən "Associated Press" agentliyi Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyün üstünlüklərindən ətraflı bəhs etmişdir. Qonşu ölkələrdən Türkiyə və Rusiyanın kütləvi informasiya vasitələrində də bu mövzu uzun müddət əsas xəbər mövzularından biri olmuşdur. Beləliklə, Azərbaycanın beynəlxalq siyasi arenada əhəmiyyətli oyunçulardan birinə çevrilməsi bundan sonrakı müddətdə də ölkəmizin beynəlxalq medianın diqqət mərkəzində olacağına əsas verir.
2011-ci ildə keçirilmiş Avroviziya mahnı müsabiqəsində Azərbaycanın uğuru, şübhəsiz ki, ölkəmizin tarixində ən önəmli mədəniyyət hadisəsi idi. Ölkəmizin əldə etdiyi bu nailiyyət dünyanın ən məşhur kütləvi informasiya vasitələrində - "The Washington Post", "The New York Times", "Daily Mail", "The Guardian" kimi mətbuat orqanlarında, eləcə də digər çoxsaylı informasiya vasitələrində ən çox haqqında bəhs edilən mövzulardan birinə çevrilmişdi. Bu, həm də Azərbaycanın daha geniş spektrdə tanıdılması üçün yeni imkanlar açmış oldu. Sözügedən uğur kontekstində ölkəmiz, onun tarixi, mədəniyyəti, insanları haqqında ətraflı məlumatlar dünyanın bir çox mətbu orqanlarında və çoxsaylı internet şəbəkələrində geniş şəkildə işıqlandırılmağa başlandı. Növbəti Avroviziya müsabiqəsinə Azərbaycanın qalib kimi ev sahibliyi etməsi isə ölkəmizin yenidən beynılxalq miqyasda diqqət mərkəzində olmasına və kütləvi informasiya vasitələrində bu hadisənin geniş şəkildə işıqlandırılmasına əsas yaratdı.
Son zamanlar, çoxsaylı regional və qlobal əhəmiyyətli tədbirlərin Azərbaycanda təşkil olunmasının şahidi oluruq. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyasının, Beynəlxalq Humanitar Forumun, Avronest Parlament Assambleyasının ikinci sessiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə regional konfransının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək iqtidarında olduğunu göstərməklə yanaşı, ölkənin yüksələn nüfuzunun təkzibolunmaz faktı kimi də beynəlxalq diqqəti cəlb edir. Bu kimi tədbirlərin keçirilməsinə dünya mediasında ətraflı şəkildə yer verilməsi Azərbaycana onun tanıdılması baxımından və müstəqil dövlət olaraq beynəlxalq hüququn önəmli subyektlərindən biri olduğunu vurğulamaq baxımından əlavə imkanlar yaradır.
Azərbaycanın yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən biri də, təbii ki, dövlətlərlə diplomatik münasibətlərin dərinləşdirilməsindən ibarətdir. Bunun həm də dövlətimizin beynəlxalq tərəfdaşlarının artmasında və öz milli maraqlarının beynəlxalq səviyyədə müdafiə edilməsində önəmli rolu vardır. Həmçinin, hər bir ölkə ilə diplomatik əlaqələr sıxlaşdıqca, bu prosesin tərkib hissəsi olaraq Azərbaycan haqqında informasiyanın əhatə dairəsi daha da genişlənir. Hazırda Azərbaycanın dünyada 65 səfirlik və konsulluğu fəaliyyət göstərir ki, bu da həmin dövlətlərlə olan münasibətlərimizin şaxələndirilməsinə, dünya ictimaiyyətinin ölkəmiz barədə məlumatlılıq səviyyəsinin artırılmasına və dolğun informasiyanın formalaşmasına sağlam əsaslı zəmin yaradır. Artıq xarici mediada diplomatik nümayəndəliklərimiz tərəfindən təşkil olunmuş tədbirlərdən bəhs edən, regional və qlobal əhəmiyyətli məsələlər üzrə Azərbaycanın siyasi mövqeyinin işıqlandırılmasına dair xəbərlərə, analitik materiallara tez-tez rast gəlirik. Bu mövzuda Böyük Britaniyanın nüfuzlu "Diplomat" jurnalında, eləcə də jurnalın internet səhifəsində Azərbaycan iqtisadiyyatı, ölkənin xarici siyasətinin əsas istiqamətləri, Dağlıq Qarabağ münaqişəsi, Avro-Atlantik məkana inteqrasiya üzrə atılan addımlar, uğurla həyata keçirilən enerji siyasəti barədə silsilə yazılar dərc olunmasını qeyd etmək olar. Beləliklə, Azərbaycanın apardığı uğurlu xarici siyasətin düzgün istiqamətli informasiya siyasəti ilə ahəngdar şəkildə yürüdülməsi Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən qəbul olunmasına və beynəlxalq siyasi arenada tərəfdaşlarımızın sayının artmasına səbəb olan pozitiv mövqeləri möhkəmləndirir.
Maraqlı bir müqayisə üzərində diqqətimizi cəmləyək: əgər müstəqilliyimizin ilk illərində beynəlxalq jurnalistlər Azərbaycanı kifayət qədər tanımadan, qeyri-obyektivliyə yol verirdilərsə, indi isə bəzi hallarda ölkəmizin yüksələn nüfuzunu bu və ya digər formada sarsıtmaq istəyən qüvvələr bilərəkdən, məqsədəyönlü şəkildə Azərbaycan haqqında hər hansı bir dezinformasiyanı proqramlaşdırırlar. Bu qüvvələr əksər hallarda "demokratiya müdafiəçiləri" adı altında, guya ölkəmizdə insan hüquqlarının qorunmasından narahat olduqlarını hay-küylə nümayiş etdirirlər. Ancaq əsas məqsədləri dövlətimizi və bütövlükdə regionu daim asılı vəziyyətdə, diktə altında saxlamaqdır. Bütün bunlara baxmayaraq Azərbaycan demokratiyasının varlığı və qələbələri beynəlxalq birlik tərəfindən etiraf edilməkdədir. Bu həqiqətə heç cür göz yummaq olmaz: əgər Azərbaycanda demokratiya yoxdursa, onda belə bir sürətli inkişaf hansı ictimai-siyasi dayaqlar üzərində baş verir?! Axı, beynəlxalq nüfuz birbaşa daxili stimullardan gəlir!
Biz bütün ciddiyyəti ilə nəzərə almalıyıq ki, Azərbaycanın coğrafi baxımdan əhəmiyyətli bir geostrateji məkanda yerləşməsi onun qlobal miqyasda daim müxtəlif və hətta zidd maraqlar dairəsində olmasını və bu kontekstdən bizə baxılmasını şərtləndirir. Bu amil xarici mediada Azərbaycan barədə müfəssəl təhlillərlə müşayiət edilən analitik materialların da geniş şəkildə əks olunmasına əsas verir. Çox hallarda Azərbaycanın mürəkkəb geosiyasi məkanda uğurlu və balanslaşdırılmış siyasət yürütməsi barədə yazılara rast gəlsək də, bəzi hallarda ölkəmizin, xüsusilə onun qonşu dövlətlərlə münasibətlərinin mövcud vəziyyətini düzgün formada əks etdirməyən materiallarla da rastlaşırıq. Məsələn, bir müddət öncə "Foreign Policy" jurnalında İsrailin hərbi təyyarələrinin Azərbaycanın ərazisindən istifadə etməklə İrana zərbə endirilməsi mümkünlüyünə dair provokativ məqalə dərc olunmuşdu. Məqalədə qeyri-müəyyən mənbələrə istinad edilərək və konkret faktlara əsaslanmadan yanlış nəticələrə gəlinir və müəllif tərəfindən belə bir təəssürat formalaşdırılmağa cəhd olunur ki, guya Azərbaycanın İsraillə yaxın münasibətləri onun ərazisindən qonşu dövlətə qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə şərait yaradır. Bunu "sübut" etmək üçün tərəflər arasında hərbi əməkdaşlığın getdikcə dərinləşməsi qeyd edilir və bəzi "ekspertlərin" mülahizələrinə istinad olunur ("Foreign Policy", 2012, March). Lakin dəfələrlə ölkə rəhbərliyi tərəfindən bəyan edildiyi kimi, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini hər an verməyə hazır olan Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı hücum məqsədi daşıyan hərəkətlərin edilməsinə imkan verməmiş və verməyəcəyi də bəllidir. Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti bəzi xarici mətbu orqanlarda Azərbaycana qarşı informasiya təxribatlarına münasibət bildirərkən vurğulayır: "Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcəkdir. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir". Real durumu əks etdirməyən, yayındırıcı və provokasiya xarakterli belə yazıların bəzi hallarda dünya ictimaiyyətində yanlış təsəvvürlər formalaşdırmaq ehtimalı da vardır. Bu baxımdan, Azərbaycan və onun milli maraqları əleyhinə yönəlmiş yazılara qarşı dövlət və ictimaiyyət tərəfindən çevik münasibətin bildirilməsi və müvafiq xarici media qurumları tərəfindən yayılmış qeyri-obyektiv məlumatlara görə təkzib verilməsinə nail olunması bu cür materialların Azərbaycan barədə doğura biləcəyi düzgün olmayan təəssürat və mövqenin qarşısının alınmasına xidmət etmiş olar. Bir sözlə, xarici mediada Azərbaycan haqqında səhih və obyektiv informasiyanın yayılması ölkəmizin milli maraqlarına uyğun olmaqla yanaşı, onun qlobal arenada real nüfuzunun daha da yüksəlməsində önəmli rol oynayır.
Azərbaycanın qonşu dövlətlərlə informasiya münasibətlərinin genişlənməsi xalqlar arasında daha sıx əlaqələrin qurulmasına və mehriban qonşuluq praktikasının daha da dərinləşməsinə təkan verir. Xüsusilə hərtərəfli əməkdaşlığın strateji səviyyəyə yüksəldiyi Türkiyə ilə informasiya sahəsində də işbirliyinin gücləndirilməsi hər iki dövlətin ortaq maraqlarının beynəlxalq miqyasda müdafiə edilməsində ciddi faktor olmaqla, xarici media qurumları vasitəsilə dünya ictimaiyyətinə çatdırılan informasiyanın daha da keyfiyyətli, əhatəli və müntəzəm xarakter almasına müsbət təsirini daim göstərməkdədir. Azərbaycan və Türkiyə arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqaviləyə diqqət yetirdikdə qeyd olunan sahənin tərəflər üçün xüsusi önəm kəsb etdiyinin şahidi oluruq. Belə ki, sözügedən Müqavilənin 17-ci maddəsi tərəflər arasında rabitə və informasiya texnologiyaları sahəsində, eləcə də kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin təşviqindən bəhs edir. Bu əməkdaşlığın genişləndirilməsi - həm də Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında təcrübəli Türkiyə mediasının imkanlarından istifadə olunmasına geniş imkanlar açır. Türkiyənin nüfuzlu mətbu orqanlarından olan "Hürriyyət", "Zaman", "Milliyyət", "Today's zaman" və digər kütləvi informasiya vasitələrində mütəmadi olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərindən bəhs edən yazılar yer alır. Xüsusilə, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Türkiyə Cümhuriyyətində genişmiqyaslı tədbirlərin təşkili və bu soyqırım aktının qardaş ölkənin mediasında ətraflı işıqlandırılması ortaq maraqlara malik olan dövlətlərimizin bütün strateji əhəmiyyət kəsb edən məsələlərdə birgə hərəkət etmək bacarığına malik olduğunu bir daha sübut edir.
Gördüyümüz kimi, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, beynəlxalq arenada mühüm dövlətlərdən birinə çevrilməsi dünya mediasında ölkəmiz haqqında informasiyanın daha sürəkli və əhatəli şəkildə işıqlandırılmasına səbəb olmaqla, ölkəmizin qlobal miqyasda artan nüfuzunun göstəricilərindən biri kimi çıxış edir. Şübhə yoxdur ki, bundan sonrakı dövrdə də həyata keçirilən məqsədəyönlü siyasətin nəticəsi olaraq Azərbaycanın əldə etdiyi nailiyyətlər davamlı xarakter daşıyacaq və paralel olaraq bu nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasında əsas vasitəçi kimi çıxış edən kütləvi informasiya vasitələrində ölkəmiz barədə məlumatlara daha geniş yer veriləcəkdir. Bu halda Azərbaycan haqqında yayılan informasiyanın düzgünlüyünün, keyfiyyətinin, əhatəliliyinin və obyektivliyinin təmin edilməsi üçün həyata keçirilən informasiya siyasətinin tərkib hissəsi kimi ölkəmizin daxilində peşəkar milli jurnalistikanın formalaşması və etibarlı informasiya yayıcısı qismində çıxış edən informasiya agentliklərinin, media qurumlarının təsis edilməsi və onların yaradıcı potensialının artırılmasının təşviq edilməsi zərurəti yaranır. Xarici medianın istinad etdiyi əsas informasiya mənbələrindən biri kimi milli kütləvi informasiya vasitələrinin çıxış etdiyini nəzərə alsaq, bu problemin nə qədər əhəmiyyət kəsb etdiyi özünü göstərmiş olur.
Beləliklə, əminliklə qeyd etmək olar ki, milli informasiya siyasətimizdə ölkə daxilində medianın təkmilləşməsinin və keyfiyyətcə yeni mərhələyə daxil olmasının, Azərbaycan haqqında dünya ictimaiyyətinin obyektiv və dolğun informasiya ilə təmin olunmasının hədəf olaraq müəyyən edilməsi Azərbaycanın milli maraqlarına cavab verməklə bərabər, həm də beynəlxalq informasiya subyektlərinin etibarlı qaynaqlardan məlumat əldə etmək imkanlarını da genişləndirir. Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, siyasi və iqtisadi qüdrəti artdıqca, onun informasiya siyasətinin dəyişən situasiyalara paralel olaraq yeni çalarlar əldə etməsi və sistemli şəkildə həyata keçirilməsi ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsinə və Azərbaycan həqiqətlərinin dünya mediasında daha ətraflı şəkildə işıqlandırılmasına öz faydasını verəcəkdir.

{nl}

Cavanşir FEYZİYEV, Milli Məclisin deputatı, fəlsəfə doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında