Prezident İlham ƏLİYEV: Enerji siyasəti ölkələri ayırmamalıdır, birləşdirməlidir

Ölkələrimiz arasında diplomatik münasibətlərin iyirminci ildönümünü qeyd etdiyimiz ötən il Azərbaycan üçün mühüm il oldu. Çünki həmin il ərzində ölkənizin beynəlxalq siyasi, təhlükəsizlik və iqtisadi işlərdə iştirakı artdı. Qazın satışına və tranzitinə dair Azərbaycan ilə Türkiyə arasında saziş Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına yol açır və Avropanın eneji təhlükəsizliyinin təminatında mühüm rol oynaması üçün zəmin yaradır.
Barak OBAMA Amerika Birləşmiş Ştatlarının Prezidenti

{nl}


Artıq dalbadal 19-cu ildir ki, iyun ayının ilk günlərində dünya ictimaiyyətinin diqqəti neft və milyonlar səltənəti olan Bakı şəhərinə yönəlir. Bu günlərdə dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən iri, transmilli şirkətləri beynəlxalq "Xəzər neft-qaz, neftayırma, və neft kimyası" sərgi və konfransında iştirak etmək üçün Azərbaycan paytaxtına toplaşırlar.
İlk dəfə 1994-cü ildə müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni neft strategiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu möhtəşəm beynəlxalq tədbirdə iştirak edən əcnəbi və yerli şirkətlərin nümayəndələri, eləcə də bir sıra xarici ölkələrin dövlət və hökumət üzvləri, diplomatik korpusların nümayəndələri Xəzər regionunda həyata keçirilən neft-qaz layihələrinin icra vəziyyəti, həmçinin enerji təhlükəsizliyi ilə bağlı geniş fikir mübadiləsi aparır, bir-birlərinin potensial imkanları və nailiyyətləri barədə zəngin məlumat əldə edirlər. Bununla da, Azərbaycan paytaxtı bir neçə günlüyə beynəlxalq görüş və iqtisadi əməkdaşlıq məkanına çevrilir.
Dünyanın transmilli neft şirkətlərinin Azərbaycanın neft sənayesinə marağının artmasında Xəzər neft-qaz sərgi və konfransının böyük əhəmiyyəti olmuşdur. Belə ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizi üzləşdiyi çətinliklərdən, dərin iqtisadi tənəzzüldən xilas etmək üçün çıxış yolunu, ilk növbədə, neft amilində gördü. Ancaq Azərbaycanın o zamankı məhdud maliyyə imkanları Xəzər dənizinin ölkəmizə aid sektorunda yerləşən zəngin karbohidrogen ehtiyatlarının işlənməsi üçün yetərli deyildi. Bunun üçün Azərbaycanın neft sənayesinə xarici sərmayələrin cəlb edilməsi zəruri idi. Həmin məqəsədə nail olmaq üçün isə xarici sərmayədarlarda ölkəmizə xüsusi maraq yaratmaq tələb olunurdu. Onları Azərbaycanda siyasi sabitliyin və əlverişli biznes mühitinin mövcudluğuna inandırmaq son dərəcə vacib idi. Azərbaycanı etibarlı tərəfdaş, siyasi risk tələb etməyən bir olkə kimi tanıtmaq üçün isə, ilk növbədə, xarici sərmayədarları ölkəmizə dəvət etmək lazım idi. Məhz bu məqsədlə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin iyun ayının ilk günlərində Bakıda birinci beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı keçirildi. Həmin möhtəşəm tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına gələn neft nəhəngləri ölkəmizin karbohidrogen ehtiyatları ilə zənginliyinə, burada əlverişli biznes mühitinin mövcudluğuna tam əmin oldular. Bununla da, Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın iqtisadi güclərinin maraq dairəsinə daxil oldu. Təsadüfi deyil ki, iyunun 5-də Bakı Sərgi Mərkəzində 19-cu beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışı mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: " Buraya gələrkən mən birinci sərgini xatırlayıram. O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı".
Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və dövrün reallıqlarını tam əks etdirən yeni neft strategiyasının həqiqiliyi dünyanın transmilli şirkətlərini Azərbaycanın neft sənayesinə sərmayə yönəltməyə sövq etdi. Bunun nəticəsi olaraq Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş-"Əsrin müqaviləsi" imzalandı. Növbəti illərədə isə hasilatın pay bölgüsü tipli çoxsaylı sazişlər imzalandı və Azərbaycanın qapıları xarici sərmayədarların üzünə açıq elan olundu. Ötən müddətdə ölkəmizin neft sənayesinə təqribən 50 milyard dollar sərmayə yönəldildi.
"Əsrin müqaviləsi" çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində Azərbaycan dünyanın potensial neft ixrac edən dövlətinə çevrildi. Neftin dünya bazarına əlverişli marşrutlarla nəqlini təmin etmək üçün alternativ ixrac boru kəmərləri çəkildi. Azərbaycan neftinin dünya bazarına çatdırılmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın nəql imkanlarının bir neçə dəfə artırılması ilə yanaşı, ölkəmizin siyasi nüfuzunun və iqtisadi müstəqilliyinin güclənməsinə səbəb oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kəmər bütövlükdə bölgənin və bəlkə də qitənin enerji xəritəsini əsaslı şəklidə dəyişdirdi. Məhz bunun nəticəsi olaraq Azərbaycan öz qazını müstəqil şəkildə dünya bazarına ixrac etmək üçün geniş imkanlara malik yeni qaz boru xəttinin çəkilişinə də nail oldu. Yeri gəlmişkən, "Əsrin müqaviləsi"nin imzalanmasından iki il sonra Azərbaycan özünün qaz potensialını bütün dünyaya nümayiş etdirmək məqsədilə böyük bir uğura imza atmağa müvəffəq oldu. 1996-cı ilin iyun ayının ilk günlərində Bakıda keçirilən 3-cü beynəlxalq Xəzər neft-qaz, neftayırma və neft kimyası sərgi və konfransının keçirildiyi zaman xarici neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Üç il sonra "Şahdəniz" yatağında ilk kəşfiyyat quyusunun tamamlanması buradakı qaz ehtiyatlarının1 milyard 200 milyon kubmetrdən artıq olduğunu sübuta yetirdi. 2006-cı ilin sonlarında isə "Şahdəniz" yatağından ilk quyunun istismara verilməsi ilə ölkəmizdə böyük qaz hasilatının əsası qoyuldu. Beləliklə də, Azərbaycan dünyanın potensial qaz ixrac edən dövlətinə çevrildi. Hazırda "Şahdəniz" qazı Gürcüstan, Türkiyə, Yunanıstan və bir sıra Şərqi Avropa ölkələrinə ixrac olunur. Bununla yanaşı, vaxtilə Rusiyadan qaz alan Azərbaycan indi bu ölkəyə, eləcə də qonşu İrana "mavi yanacaq" satışını həyata keçirir. Təsadüfi deyil ki, sərginin açılışında Prezident İlham Əliyev bu barədə demişdir: "Bu gün biz dostlarımız üçün, Avropa istehlakçıları üçün etibarlı tərəfdaş qismində çıxış edirik. Bu rol getdikcə artır. Biz, eyni zamanda, neftlə, qazla zəngin olan hər bir ölkə qarşısında duran digər məsələni də icra etdik. Bu da ixrac imkanlarımızın şaxələndirilməsi məsələsidir. Hazırda bizim yeddi neft və qaz kəmərimiz vardır ki, resurslarımızı bütün istiqamətlərə ixrac edir. Biz bir marşrutdan, bir yoldan asılı deyilik".
Sirr deyil ki, enerjiyə olan tələbatın getdikcə artdığı müasir dövrdə dünyanın neft və qaz ehtiyatlarından mümkün qədər daha çox bəhrələnmək üçün kəskin rəqabət gedir, geniş müzakirələr aparılır. Artıq özünün enerji təhlükəsizliyini tam edən Azərbaycan Respublikası dünyanın istənilən ölkəsi ilə bu sahədə əlverişli şərtlərlə əməkdaşlıq etməyə hazırdır. Bu da ölkəmizin dünyanın siyasi arenasındakı yerini və rolunu əhəmiyyətli dərəcədə artırır. Neft-qaz sərgisinin açılış mərasimində bu mühüm məqama toxunan dövlətimizin başçısı İlham Əliyev demişdir: " Neft-qaz sahəsində istehsalçılar, tranzit ölkələr və istehlakçılar bir yerdə olmalıdırlar. Burada rəqabətə, yaxud da ki, qarşıdurmaya yol vermək olmaz. Əksinə, burada maksimum əməkdaşlıq olmalıdır. Çünki əməkdaşlıq olduqda hər üç tərəf öz mənfəətini götürür. Biz bu məsələyə bu fəlsəfə ilə yanaşırıq. Bütövlükdə bizim enerji siyasətimiz çox açıqdır, xoşniyyətlidir. Biz hesab edirik ki, enerji siyasəti ölkələri birləşdirməlidir, ayırmamalıdır... Biz bəzi hallarda bəzi ölkələrin çətinliklərini nəzərə alaraq onlara yardım etmək üçün əlimizi uzatmışıq. Həm dostluğumuzu möhkəmləndirmişik, həm də iqtisadi və siyasi maraqlarımızı təmin edə bilmişik". Göründüyü kimi, ötən müddətdə Avropanın, həmçinin dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr vermiş Azərbaycan iqtisadi və siyasi baxımdan böyük uğurlar əldə etmişdir. Ötən illərdə enerji müstəqilliyinin təmin olunması, həm də Azərbaycanın iqtisadi müstəqilliyinə böyük töhfələr vermişdir. Təsadüfi deyil ki, indi ölkəmizin razılığı olmadan regionda heç bir enerji və digər qlobal layihələrin reallaşdırılması mümkün deyil. Bu isə o deməkdir ki, hazırda Azərbaycan tam müstəqil siyasət yürütməyə qadir hərtərəfli inkişaf edən bir ölkədir. İndi bunu dünyanın əksər inkişaf etmiş ölkələri də birmənalı olaraq qəbul edir, Azərbaycanın regiondakı nüfuzunu yüksək qiymətləndirirlər. 19-cu beynəlxalq Xəzər neft,qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərən Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama qeyd edir: "Ölkələrimiz arasında diplomatik münasibətlərin iyirminci ildönümünü qeyd etdiyimiz ötən il Azərbaycan üçün mühüm il oldu. Çünki həmin il ərzində ərzində ölkənizin beynəlxalq siyasi, təhlükəsizlik və iqtisadi işlərdə iştirakı artdı. Qazın satışına və tranzitinə dair Azərbaycan ilə Türkiyə arasında saziş Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına yol açır və Avropanın eneji təhlükəsizliyinin təminatında mühüm rol oynaması üçün zəmin yaradır". Həmçinin "Şahdəniz" qaz layihəsinin reallaşdırılmasından müsbət dəyişiklikləri gözləyən cənab Obama Azərbaycan hökuməti, eləcə də onun tərəfdaşları ilə birgə "Şahdəniz" qazının Avropaya nəqli marşrutunu seçməklə "Cənub" qaz dəhlizi vasitəsilə Avropa ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, müasir şaxələndirilmiş iqtisadiyyatın inkişafını təmin etməklə artıq güclü olan tərəfdaşlığımızı irəliyə aparmağa əminliyini ifadə etmişdir.
Ənənəvi neft-qaz sərgi və konfrans münasibətilə Azərbaycan rəhbərini və xalqımızı təbrik edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron da öz növbəsində Azərbaycanın gələn illər ərzində dünya iqtisadiyyatında mühüm rol oynayacaq enerji resursları ilə seçilən regionun mərkəzində yerləşdiyini vurğulamaqla yanaşı, ötən ilin sonunda əldə edilmiş mühüm hökumətlərarası sazişin "Şahdəniz" qazının Avropaya nəqli məqsədilə Transanadolu boru kəmərinin çəkliməsi istiqamətində işin başlanmasını "Cənub" qaz dəhlizinin reallığa çevrilməsinə yardım edəcəyinə əmin olduğunu bildirir. Göründüyü kimi, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatındakı rolunun getdikcə artması ölkəmizə olan inam və etimadın daha da güclənməsinə səbəb olur. Bu isə Azərbaycana əlavə siyasi dividendlər qazandırır, ölkəmizin siyasi arenadakı nüfuzunu getdikcə artırır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında