Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 6-da Azərbaycanda səfərdə olan Avropa Parlamentinin və Almaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra mövzularla bağlı fikir mübadiləsi aparılmışdır.
Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışan komitə sədri vurğulamışdır ki, ölkəmizdə son 20 ildə onların problemlərinin həllinə 5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 1 milyard 300 min dolları Dövlət Neft Fondunun, 1 milyard dolları isə beynəlxalq humanitar təşkilatların, qalanı isə büdcə vəsaitidir. Bundan əlavə, indiyədək Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün 71 müasir qəsəbə salınmışdır.
Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini Almaniyanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
Almaniya Bundestaqının və Avropa Şurası Parlament Assambleyasının sabiq üzvü Eduard Lintner demişdir: "Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu mövqe daimidir və dəyişməzdir".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda nizamlanmasının vacibliyini vurğulayan E.Lintner qeyd etmişdir ki, bu problem həll olunmadan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyildir.
Qonaq vurğulamışdır ki, Almaniya Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirir.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk təqdim olunmuşdur.
Sonra qonaqlar Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksində məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında