Azərbaycan dövləti öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə nüfuz qazanıb

Respublikamız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm verən dövlət kimi Avropaya və dünya birliyinə sürətlə inteqrasiya etməyə başladı. Biz dünyanın qədim və zəngin mədəniyyətinə malik ölkələrdən biri kimi, Avropa sivilizasiyasının tərkib hissəsi, demokratiya yolu ilə inkişaf edən, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını prioritet vəzifə kimi qarşıya qoyduq.
Müstəqilliyinin ilk illərindən dünyanın inkişaf etmiş ən nüfuzlu təşklatları ilə sıx əməkdaşlıq quran dövlətimiz bu gün həmin qurumların ən fəal üzvlərindəndir. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirir və yalnız öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Ölkəmizdə vətəndaş cəmiyyəti institutları müstəqil, sərbəst fəaliyyət göstərir, fikir plüralizmi, söz azadlığı və müstəqil mətbuatın inkişafı üçün hər cür şərait yaradılımışdır. Təbii ki, bütün bunlar beynəlxalq aləmdə yüksək dəyərləndirilir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.
Azərbaycanda insan hüquq və azadlıqlarının əsaslı şəkildə müdafiəsinin, insanların öz fikirlərini sərbəst ifadə etmələrinin təməli ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra qoyuldu. 1993-cü ildə ölüm hökmünün icrası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tam ləğv olunmasını xüsusi qeyd etmək lazımdır. Ölüm hökmünün ləğvi ilə ulu öndər bir daha təsdiqlədi ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.Bununla yanaşı, ölkəmizin demokratik prinsiplərə sadiqliyi də beynəlxalq aləmdə öz təsdiqini tapdı. Çünki ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapmışdır. Bu cəzanın ləğvi, nüfuzlu qurumun insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Ulu öndərin insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirdiyi tədbirlər bu dəyərləri özündə yüksək səviyyədə əks etdirmişdir.
Bütün siyasi fəaliyyəti humanizm prinsiplərinə əsaslanan ümummilli lider Heydər Əliyev 1995-ci ildə Azərbaycanda əfv və amnistiya institutunu təsis etdi. Ümumiyyətlə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv sərəncamı imzalandı. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 3 mindən çox şəxs isə bağışlanaraq cəzadan azad edilib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm ənənələri bu gün də yüksək səviyyədə davam etdirilir. Ulu öndərin yarımçıq qalmış ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyevin humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb. Tarixi şəxsiyyət Heydər Əliyevin humanist prinsiplərinin davam etdirilməsi istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın atdığı qətiyyətli addımlar da xüsusilə qeyd edilməlidir. M. Əliyevanın təşəbbüsü ilə 2007-ci il mayın 8-də Milli Məclis "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar qəbul etdi. Ulu öndərin anadan olmasının 84 illiyi ilə əlaqədar amnistiya qərarından 9 min 877 məhkum bəhrələnmişdir. Mehriban xanım Əliyeva Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək demişdir: "Hər bir amnistiya humanizm ideyasının qələbəsidir. İndi həyat hər şeydən üstündür. Hər bir insan layiqli həyat sürmək hüququna malikdir və amnistiya aktını qəbul edərkən biz insanlara öz səhvlərini anlamaqda, cəmiyyətə qayıtmaqda və düzgün yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və rəhmlilik - ən yüksək insani keyfiyyətlərdir".
Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Bir hüquq eksperti kimi qeyd etmək istərdim ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdəndir. Bunu dünyanın tanınmış ekspertləri də təsdiqləyirlər.
Müasir dövrdə hər bir müstəqil dövlətin nüfuzu və qüdrəti həm də onun xarici siyasət sahəsində qazandığı nailiyyətlərlə ölçülür. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, enerji asılılığının azaldılması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan yaşayışının təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Xarici siyasət və diplomatiya eyni zamanda hər bir dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlir. Bu gün Azərbaycanın xarici siyasətinin prioritetləri Avropaya və Avratlantik qurumlara inteqrasiyadır.
Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini dahi siyasət və dövlət xadimi Heydər Əliyev müəyyənləşdirmişdir. O, 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minilliyin başlaması münasibəti ilə Azərbaycan xalqına müraciətində vurğulamışdır: "Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır... Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir".
Hazırda regionun geosiyasi mühitinin formalaşmasında Azərbaycanın oynadığı fəal rol ümummilli lider Heydər Əliyevin ifadə etdiyi xarici siyasət prinsiplərinin konstruktiv və müasir tarixi şəraitə tam uyğun olduğunu təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya nəticəsində bu gün region ilə bağlı heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşdırıla bilmir və bilməz. Dünyanın enerji təhlükəsizliyi sisteminin formalaşdırılması ilə bağlı bütün proqram və layihələrdə Azərbaycan əsas iştirakçılardan biri kimi nəzərdə tutulur. Hətta bu layihələrin Azərbaycanın iradəsi olmadan baş tutmayacağı hamıya məlumdur.
Müstəqilliyimizin 20-ci ili ərəfəsində Azərbaycanın BMT kimi çox nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına üzv olması və bu ilin may ayından Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksək səviyyədə artmasını təsdiqləyən faktdır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçkilərində 155 dövlətin dəstəyini qazanması çox böyük etimad idi. Bu, Azərbaycanın dünya birliyində qazandığı inamın nəticəsi idi. Buna qədər isə dünyanın mötəbər qurumlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də ölkəmizə olan etimadın bariz nümunəsi idi.
Bu günlərdə başa çatmış "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda çox yüksək səviyyədə keçirilməsi bir daha təsdiqlədi ki, ölkəmiz yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsində hətta inkişaf etmiş dövlətlərə də nümunə göstərdi. Təbii ki, bütün bu uğurların qazanılması cəmi 20 illik müstəqillik tarixi olan bir dövlət üçün böyük tarixi qələbə hesab edilir. Ona görə də bizə düşmən olan qüvvələr hər vasitə ilə müxtəlif təxribatlar törətməklə ölkədə çaxnaşma salmağa cəhd göstərir, yalan və böhtanla dolu olan hesabatlar hazırlayır, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin qarşısını almaq üçün ən çirkin vasitələrə əl atırlar. Son vaxtlar İran tərəfinin belə təxribatlar törədilməsində xüsusi fəallıq göstərməsi də başadüşüləndir. Görünür Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması bu ölkənin maraqlarına uyğun deyilmiş. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının ayıq - sayıqlığı, peşəkarlığı və hadisələrə dəqiq yanaşmaları nəticəsində İran İslam Resbublikasındakı bəzi dairələrin hazırladıqları terror aktlarının qarşısı vaxtında alınmış və onların bəd niyyətləri ürəklərində qalmışdır. Xüsusilə də "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində böyük bir terror qrupu ifşa olunaraq zərərsizləşdirilmiş, həyata keçirilən antiterror əməliyyatları kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər terror-təxribat əməllərinin qarşısının vaxtında alınması ilə nəticələnmişdir.
Təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri "Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olmuşdur. Lakin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş qabaqlayıcı antiterror tədbirləri, onların peşəkarlığı və həyatları bahasına göstərdikləri şücaət kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər terror-təxribat əməllərinin qarşısının vaxtında və qətiyyətlə alınması ilə nəticələnmiş, Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi nüfuzu qorunub saxlanılmışdır. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və müstəqil siyasət yeridir. Heç bir dövlətin də ölkəmizin daxili işlərinə qarışmasına hüququ yoxdur. Beynəlxalq hüququn norma və prinsipləri də bir dövlətin başqa bir dövlətin daxili işlərinə qarışmasını qadağan edir. Bu gün Azərbaycanda hakimiyyət çox etibarlı əllərdədir. Bunu xalq da çox yaxşı bilir və ona görə də dövlət başçımız İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmləndirilməsi üçün bütün qüvvəsindən istifadə edir.

{nl}

İsmayıl ZALOV, hüquq eksperti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında